Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Fransanın paytaxtı Paris şəhərində güləş üzrə Qran-Pri beynəlxalq turniri Azərbaycan idmanı üçün qələbə ilə yadda qaldı. Səfərə optimal heyətlə çıxan pəhləvanlarımız, ümumilikdə, 14 medal əldə etdi.
Turnirin ilk günündə 48 kq, 55 kq, 60 kq, 69 kq çəkidə qadın, 66 kq, 71 kq, 80 kq, 98 kq çəkidə yunan-Roma, 57 kq, 65 kq, 74 kq, 97 kq çəki dərəcələrində isə sərbəst güləşçilər mübarizə apardılar. Qadın güləşçilərimiz ilk yarış günündə 2 gümüş medal qazanmaqla liderlərsiz olduğunu elə də hiss etdirmədilər. Alyona Kolesnik (55 kq) və Nataliya Sinişina (60 kq) yalnız final görüşündə uduzaraq, fəxri kürsünün ikinci pilləsində qərarlaşdı.
Yunan-Roma güləşçilərimizə gəlincə, onlar ilk yarış gününü 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurdular. 80 kq-da mübarizə aparan Elvin Mürsəliyev bütün rəqiblərindən üstün oldu. Qazaxıstan, Litva, Polşa və İsveç təmsilçiləri üzərində qələbə güləşçimizə turnirin qızıl medalını qazandırdı. 66 kq-da yarışan Kamran Məmmədov finala qədər Portuqaliya, Macarıstan, Avstriya və Polşa güləşçilərini məğlub etdi. Təəssüf ki, Kamran final görüşündə Polşanın başqa bir təmsilçisi ilə görüşü məğlub başa vurdu və gümüş medalla kifayətləndi. Orxan Nuriyev (98 kq) mübarizəyə Avstriya güləşçisi üzərində qələbə ilə başlasa da, növbəti görüşdə estoniyalı rəqibinə uduzdu. Ancaq rəqibinin finala yüksəlməsi güləşçimizə bürünc medal şansı verdi. Həlledici görüşdə İsveç təmsilçisi Robert Avanesyanı vaxtından əvvəl üstələyərək bürünc medala sahib oldu.
Paris Qran Pri turnirinin ilk günündə sərbəst güləşçilərimiz 2 qızıl və 2 bürünc medal qazandılar. 65 kq çəkidə mübarizə aparan Məhəmməd Müslümov və 97 kq-da yarışan Olimpiya çempionu Şərif Şərifov bütün rəqiblərini mübarizədən kənarlaşdıraraq, turnirin qızıl medalına sahib oldu. Bürünc medalları yığmamıza Hacı və Yaşar Əliyev qardaşları qazandırdı. Hacı Əliyev (65 kq) həlledici görüşdə Macarıstandan olan rəqibini məğlub etdi. Yaşar Əliyev (57 kq) isə komanda yoldaşı Mircəlal Həsənzadədən üstün oldu.
Turnirin ikinci günüdə 53 kq, 58 kq, 63 kq, 75 kq çəkidə qadın, 59 kq, 75 kq, 85 kq, 130 kq çəkidə yunan-Roma, 61 kq, 70 kq, 86 kq, 125 kq çəki dərəcələrində isə sərbəst güləşçilər mübarizə aparıblar.
Qadın güləşçilərimiz günü 1 bürünc medalla başa vurub. 58 kq çəkidə İrina Netreba Polşa güləşçisi ilə bürünc medal uğrunda görüşdən qalib ayrılıb.
Yunan-Roma güləşçilərimiz ikinci yarış günündə 2 bürünc medal qazanıb. Murad Məmmədov (59 kq) Qazaxıstan və Polşa təmsilçilərini üstələsə də, yarımfinalda Fransa idmançısına uduzub. Güləşçimiz İsrail təmsilçisi ilə bürünc medal görüşündən qalib ayrılıb və fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb. Həlledici görüşdə Yunanıstan idmançısına qalib gələn İslam Abbasov (85 kq) bürünc medala sahib olub.
Sərbəst güləşçilərimiz turnirin ikinci günündə 1 gümüş və 1 bürünc medala layiq görülüb. Ən ağır çəkidə təmsilçimiz Cəmaləddin Məhəmmədov (125 kq) finala qədər inamla irəliləyib. Ardıcıl olaraq Macarıstan, ABŞ və Polşadan olan rəqiblərini mübarizədən kənarlaşdıran təmsilçimiz finalda Ukrayna güləşçisi ilə görüşdə məğlub olub və gümüş medalla kifayətlənib. 70 kq çəkidə mübarizə aparan Ruslan Dibirhacıyev ilk görüşdə məğlub olsa da, rəqibin finala yüksəlməsi ilə bürünc medal şansı əldə edib. Həlledici görüşdə ABŞ təmsilçisini üstələyən güləşçimiz turnirin bürünc medalına sahib olub.
Ümumilikdə, sərbəst güləşçilərimiz 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanmaqla komanda hesabında 1-ci nəticə göstərib. Yunan-Roma güləşçilərimizin hesabında isə 1 qızıl, 1 gümüş və 3 bürünc medal var. Bu nəticə ilə onlar komanda hesabında 2-ci yerdə qərarlaşıb. Qadın güləşçilərimiz isə turniri 2 gümüş və 1 bürünc medalla başa vurub. Bu nəticə ilə komanda hesabında 6-cı sırada qərarlaşıb.
Təəssüf ki, Fransa Qran Pri turnirində əvvəlki Toğrul Əsgərovu izləyə bilmədik. Uzun müddət beynəlxalq yarışlardan kənarda qalan olimpiya çempionu ikinci görüşdə uduzmaqla mükafatçılar sırasında yer almadı. Digər sevindirici olmayan məqam T. Əsgərovun 70 kq çəki dərəcəsində təsəlliverici görüşə çıxmaqdan imtina etməsidir. O, ayağının ağrıdığını səbəb göstərərək, millimizin digər güləşçisi Ruslan Dibirhacıyevlə qarşılaşmaq istəməyib. Amma həkim müayinəsi zamanı məlum olub ki, Əsgərovun heç bir zədəsi yoxdur. Onun imtinası səbəbindən Dibirhacıyev növbəti mərhələyə yüksəlib və yekunda bürünc medala yiyələnib.
Sərbəst güləş üzrə olimpiya çempionunun çıxışı barədə Azərbaycan millisinin böyük məşqçisi Firdovsi Umudov "R+"a açıqlama verib. Məşqçi Toğrul Əsgərovun Parisdə təsəlliverici görüşə çıxmamasının araşdırılacağını deyib: "Biz onu Bakıda da həkimə göndərəcəyik, ayağının rentgen çəkilişini çıxaracağıq və vəziyyətinə baxacağıq. Zədəli olmadığı sübuta yetirilsə, federasiya rəhbərliyi və məşqçilər heyətinin birgə qərarına əsasən, o, müəyyən qaydada cəzalanacaq. Hamı görməlidir ki, əsaslı səbəb olmadan güləşmək istəməyən şəxs cəzalandırılır".
Umudov onu da bildirib ki, nizam-intizama əməl etməyən güləşçi kimliyindən asılı olmayaraq, milli komandada yer almamalıdır: "Avropa, dünya və olimpiya çempionu olmusan, dövlətimiz və federasiya rəhbərliyi səni qiymətləndirib. Bu gün sən yeniyetmələrə, gənclərə nümunə olmalısan. Biz heç kimi məcbur etmirik. Güləşmək istəmirsənsə, de ki, karyeramı bitirdim, sağ olsun dövlətimiz, rəhbərlik, mən gedirəm. Yoxsa sən həm özünü, həm yığmanın məşqçilərini, həm federasiya rəhbərliyini, həm dövləti, həm də bütün idmansevərləri aldadırsan. Axı səndən hamı nəsə gözləyir. Şərif Şərifov da sənin kimi olimpiya çempionudur. Amma o çıxdı, güləşdi və qalib oldu. 3 il əvvəl Olimpiya çempionu olmusan.
Düşünməlisən ki, axı indi Olimpiya çempionu olmamışam? Toğrulun hərəkətləri bizə çox pis təsir edib. Ona görə araşdırılandan sonra daha dəqiq fikir söyləmək mümkün olacaq".
Bu mənada Toğrul üçün Parisdəki uğursuzluq son həyəcan siqnalı olmalıdır. Bu onun Olimpiya çempionu olandan sonra ikinci yarışı idi. İki illik fasilədən sonra çıxış etdiyi ilk yarış - dünya çempionatında da mübarizəni erkən mərhələdə dayandırmışdı. Hiss olunur ki, güləşçi əvvəlki formasını bərpa etməkdə çətinlik çəkir. Onun ümumilikdə karyerasını davam etdirəcəyi sual altındadır. Əgər Toğrul Əsgərov yaxın iki ay ərzində əvvəlki formasını bərpa etməsə onda onun Avropa Oyunlarında iştirakı mümkün olmayacaq.
Ümumilikdə, Azərbaycan güləş yığmalarının Paris turnirində 14 medal qazanması Avropa Oyunlarına hazırlığın proqram üzrə getdiyini təsdiqləyir. Qarşıda pəhləvanlarımızı Dünya Kubokunda mübarizə gözləyir. Bu turnirdən sonra məşqçilər heyəti Avropa Oyunlarında iştirak edəcək güləşçilərin adını dəqiqləşdirəcək.
MƏSLƏHƏT GÖR: