14 Mart 2025

Cümə, 21:42

UNUDULMAZ ŞOU

Azərbaycan Avropa Oyunlarına hazırlığı başa vurur, möhtəşəm açılış və bağlanış mərasimi vəd edir

Müəllif:

10.02.2015

Paytaxtımız Bakı iyunda keçiriləcək ilk Avropa Oyunlarının təşkilati işlərini davam etdirir. Artıq idman obyektlərinin inşası sona çatdırılır. Ölkəmizə gələcək idmançı və rəsmi şəxslərin siyahısı dəqiqləşdirilir. 

Bütün hazırlıq məsələləri Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının Bakıda keçirilən V iclasında müzakirə edilib.

Azərbaycanın birinci xanımı, "Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva iclasda yerinə yetirilən işlər və planlar barədə məlumat verib.

"Bir çox məkanlarımız hazırdır və oyunlar üçün sınaqdan keçirilir. Sınaq bu yay idmançıların yüksək səviyyədə çıxış etmələrinə imkan yaratmaq üçün hər bir detalın hazır olacağını təmin etmək məqsədilə təşkil olunur. İyunda oyunların açılışı olanadək 35 sınaq tədbiri və sınaq yarışması keçiriləcək. Gimnastika, boks və güləş üzrə növbəti sınaq tədbirlərimiz mart və aprel aylarında baş tutacaq. Fevralın sonunadək biz bütün məkanların daimi bazasının tikintisini başa çatdırmaq niyyətindəyik. Müqavilələrimizin 84 faizinin gecə-gündüz bizim komandamızla birgə çalışan Azərbaycan şirkətləri ilə bağlanması müsbət haldır. Bizim dünya standartlarına cavab verən atletlər kəndi 7300 çarpayısı olan 1000-dən artıq mənzildən ibarətdir", - deyə M.Əliyeva bildirib.

O, qeyd edib ki, birinci Avropa Oyunlarını 600-dən artıq beynəlxalq və yerli media nümayəndəsi işıqlandıracaq. Bu tədbiri 100-dən artıq ölkəyə yaymaq üçün 43 şirkətə yayım hüququ verilib və beləliklə, Oyunları Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerika və Avstraliyada izləyə biləcəklər. Bundan başqa, könüllülərdən indiyədək 16 mindən artıq müraciət daxil olub.

İlk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri hökumətin mövcud nəqliyyat infrastrukturuna böyük məbləğdə investisiya yatırdığını diqqətə çatdırıb və qeyd edib ki, açılış mərasimində unudulmaz şou keçiriləcək. Təşkilat Komitəsinin sədri deyib ki, bundan başqa, hər gün üçün xüsusi mədəni tədbirlər proqramı hazırlanıb, bağlanış mərasimi də yaddaqalan olacaq.

Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyası "Bakı-2015" birinci Avropa Oyunlarına hazırlığı yüksək qiymətləndirdi. 

Bakıda keçiriləcək ilk Avropa Oyunları özündə bir neçə qeyri-Olimpiya idman növünü - eləcə də aerobika gimnastikasını birləşdirməklə yadda qalacaq. Bu idman növünün yarış proqramında gimnastlar dinamik musiqi sədaları altında çətin əlaqələndirilən, mütəmadi birgə artistlik hərəkətləri, həmçinin müxtəlif çətin elementləri sərbəst hərəkətlərlə nümayiş etdirirlər.

Avropa Oyunlarının formatına əsasən, hər ölkəni 5 nəfərdən ibarət qrup və qarışıq cütlük təmsil edəcək. Qrupda və ya cütlükdə çıxış etməyin çətinliyini hər kəs təsəvvür edə bilməz - məhz belə halda onlar bir-birlərini hiss etməli və fikirlərini oxumalıdır.

"R+" bu oyunlarda ölkəmizi qarışıq cütlüyün tərkibində təmsil edəcək Anastasiya Koltunova və Vladimir Dolmatovla həmsöhbət oldu. 

Anastasiya Koltunova idmana gec başlasa da, sonradan aerobika gimnastikası onun həyat tərzinə çevrilib: "Mənim ailəmdə idmançı olmayıb, amma ailəm idmanda qazandığım uğurlarımla fəxr edir və seçimimdə məni dəstəkləyirlər. Bu, idman növü üçün çox gec olsa da, gimnastikaya 10 yaşımda gəlmişəm. Aerobika öz rəngarəngliyi ilə məni cəlb etdi, burada idman gimnastikası və bədii gimnastika, eləcə də akrobatika elementləri var. Bundan başqa, bütün proqram musiqi sədaları altında yüksək dinamika ilə yerinə yetirilir. İdmana gec gəlməyimə baxmayaraq, həvəslə məşq edirəm. Əgər istək varsa, istənilən idman növündə yüksək nəticələr əldə etmək olar. Buna görə qətiyyən narahat deyiləm".

Koltunovun həmkarı və tərəf-müqabili Vladimir Dolmatov hər yarışa özünəməxsus şəkildə hazırlaşdığını bildirdi: "Mən sadəcə təsəvvür edirəm ki, hazırda məşqdəyəm, məşqçi və məndən başqa zalda heç kim yoxdur. Öz çıxışımı yerinə yetirirəm. Çalışıram, səhvlər olmasın. İdmanda ən vacib qarşıya məqsəd qoymaq və bu məqsədə nail olmaq üçün çalışmaqdır. Ardıcıl məşqlərdən sonra yarışda uğur qazananda yorğunluq gözəl hisslərlə əvəz olunur. Hər idman növünün özünəməxsus təhlükəsi var. Amma işə ağılla yanaşsaq, onda zədələrsiz ötüşmək olar".

Oyunlarda duet kimi çıxış edəcək Koltunova və Dolmatov cütlüyü bütün fikirlərinin Avropa Oyunlarına yönəldiyini vurğuladı. Çətin kompozisiyalarda bir-birlərini tamamlamağa çalışacaq gənc cütlük hər gün məşqdə səylə çalışır. 

Anastasiya Koltunova mötəbər yarışı karyerasının ən böyük sınağı kimi qiymətləndirir: "Mənim üçün Avropa Oyunları ən əhəmiyyətli yarışdır, belə irimiqyaslı yarışlarda iştirak etmək şərəfdir. Üstəlik, turnir Bakıda keçiriləcək. Bu amil hər bir idmançının məsuliyyətini artırır. Arzum Avropa Oyunlarında layiqli çıxış etməkdir".

Vladimir Dolmatov isə Avropa Oyunlarında həyəcanlı olacağını etiraf edir. Bununla belə, atlet qitənin ən mötəbər yarışında uğur qazanmağın sirrini bildiyini deyir: "Oyunlar mənim üçün özümü göstərmək şansıdır. Səbrimi toplayıb, dişlərimi sıxaraq heç nəyə baxmadan hər şeyin 100 faiz olacağına ümid edirəm. Həyəcan olacaq. Lakin özünü toparlamaq çox vacibdir. Uğur qazanmaq istəyən idmançı hisslərinə sahib olmalıdır. Azərbaycan Avropa Oyunlarını yüksək səviyyədə keçirməyə qadirdir. Biz idmançılar həmin təşkilatçılıqla yanaşı, nəticələrin də yaxşı olmasına çalışmalıyıq. Ona görə mötəbər turnirdə iştirak edəcək hər bir idmançımıza inamım böyükdür".

Avropa Oyunlarında aerobika gimnastikası ilə yanaşı, bədii gimnastika, qadın və kişi idman gimnastikası, akrobatika və eləcə də batutda tullanma təqdim olunacaq. Məhz batutda Azərbaycanı iki oğlan və iki qız idmançı təmsil edəcək. İlya Qrişin Avropa Oyunlarında məşqçilərin ümid bəslədiyi idmançılar sırasındadır. "R+"a açıqlamasında Qrişin karyerasının ən böyük yarışına məşqçilərin proqramına əsasən hazırlaşdığını dedi: "Planda medal qazanmaqdır. Avropa Oyunlarına çox ciddi hazırlaşıram. Belə ki, bu mənim ən vacib yarışım olacaq. Xüsusən də, yarışlar burada - öz evimizdə keçiriləcək. Buna görə də hazırlıq maksimum ciddi şəkildə gedir. Gimnastikanın bütün təmsilçiləri Avropa Oyunlarında medal qazanmağı əsas məqsəd sayır. Bu yarış hamıya bayram ab-havası yaşadacaq. Uğur qazanmaqla biz sevincimizi artıra bilərik. Rəqabətin güclü olacağını hamı bilir. Avropanın ən güclü idmançıları Bakıya gələcək. Hər bir həmkarım medal qazanmağa çalışacaq. Çünki Avropa Oyunları ilk dəfə keçirilməklə tarixə düşəcək. Turnirdə medal qazanan idmançılar da adını tarixə yazacaq", - deyə İ.Qrişin bildirib. 

O qeyd edib ki, Avropa Oyunları onun üçün böyük sınaqdır: "Bütün komanda yoldaşlarıma uğur diləyirəm. Fikrimcə, ilk günlərdə yaxşı çıxış etsək, hamı üçün əlavə stimul olacaq. Bəzi idmançılar üçün bu, karyera yüksəlişində yeni pillə ola bilər. Getdikcə vaxt azalır. Ona görə hər bir məşq və ya hazırlıq turniri çox böyük önəm daşıyır".

Beləliklə, Azərbaycan birinci Avropa Oyunlarını Avropanın qürur duyacağı yüksək səviyyədə keçirəcək. Bu oyunlar Avropa idmanında tarixi hadisə olacaq. Azərbaycan üçün bu, ölkəmiz, ənənələrimiz, mədəniyyətimiz və tarixi köklərimizi daha çox tanıtmaq üçün yaxşı imkandır.



MƏSLƏHƏT GÖR:

780