Müəllif: Valentina REZNİKOVA Bakı
Qobelen və ya şpaler dekorativ-tətbiqi incəsənət növü kimi çoxdan məşhurdur. Brokhauz və Efronun ensiklope-diyasında bu, "Üzərində rəngli yun və ya bəzən ipək iplərdən məşhur rəssamın əsəri işlənmiş, əldətoxunma xalça" kimi tərif edilir. Hətta bəzən ipəklə yanaşı, gümüş və qızıl iplərdən də toxunurdu. Müasir dövrdə isə sintetik və süni liflərdən az istifadə olunmur.
Orta əsrlərdə və İntibah dövründə qobelen estetik və praktik funksiya daşıyırdı. Estetik nöqteyi-nəzərdən bu, mifoloji, tarixi hekayələrin və qəhrəmanlıq olaylarının süjetlərini təcəssüm etdirən incəsənət əsəri idi. Praktiki cəhətdən isə onlarla, sadəcə, zəngin insanların evlərini isidirdilər, çünki bu şpalerlər ucuz deyildi. Xalça üzərində süjetlər çox vaxt diptix və ya triptix şəklində təsvir olunurdu. Bu janrda işləyən bugünkü rəssamlar ənənəvi qaydalara sadiq qalmaqla yanaşı, müasir texnologiya və materiallardan istifadə etməklə, tamaşaçı auditoriyası ilə özlərinin ünsiyyət dilini yaradırlar.
Almaniyadan olan rəssam Marqret Ayher Bakıya məhz belə xalça nümunələrini gətirib. Onun sərgisi "Yay Gallery"də təqdim olunub. Rəssamın qobelenləri - onun müasir dünyaya münasibətini metafora və rəmzlərin dili ilə ötürən kodlaşdırmış ismarışdır.
"Şərq idiliyası"
Ornamental simvolikadan ibarət çərçivədə - sağda və solda çiyinlərində göy qübbəsini saxlayan atlantlar (cüssəli kişi bədəni şəklində dayaqlar), yuxarıda o dünyadan görüntülər, şeypur çalan atlı və atın yüyənini tutan hərbçi təsvir olunub. Avropa və Şərqin münasibətlərinin, təxminən, 150 illik, bəlkə də daha qədim, tarixi keçmişini əks etdirən bir süjet. Təsvirə sanki ekrandan baxırsan. Bu da müasirliyə verilən bir töhfədir. Ekran - keçmişlə indini bağlayan vasitə və gələcəyə göndərilən xəbərdir. Şərqlə Qərb arasında münasibətlərin hazırkı mərhələsindən bəhs edən xəbərlər əsərin aşağısında sıraya düzülmüş kadrlarda əksini tapıb.
Budur, qədim şəhər üzərində hərbi təyyarələr uçur. Bu isə yer üzərində həyatı hədəfə almış hərbi silahın nişanı, özü də iri planda: memarlıq abidələri, insanlar, dağıntılar...
"Qəhrəman-2"
Ön planda Xodorkovskiyə bənzər birisi təsvir edilib. Arxasındakı əlvan göy qurşağında onun maddi arzuları əksini tapıb. Lakin alatoran hava onun fikirlərini, arzularını alqışlamır. O, uzaq keçmişin və bir az da indinin pastoral süjetlərini kədərlə seyr edir. Orada - ruh və qəlbin, insan və təbiətin vəhdəti haqqında ellinistik ideya var. Bu, həm də bərabərlik və qardaşlıq haqqında utopik ideyadır. İdeallar alt-üst olub. Onlar keçmişdə qalıb. Gələcək tutqun və ahəngsizdir. O, qeyri-müəyyəndir, etibarsızdır, sanki heç yoxdur da. Bəs nə qalır? O, bu dünyaya baxmır. Bu ona maraqlı deyil. Sağ əlin barmaqları - iri tapançanın tətiyindədir. O, döyüşə hazırdır. Həmişə hazırdır. Amma axı, nəyə görə?
"Qəhrəman-1"
Pəncərənin önündə - bir qrup insan dayanıb - oğlan və qızlar. Pəncərənin o tayında isə çoxsaylı məhəllələrdən ibarət şəhər. Budur, bu da sol küncdə yığılmış teatr pərdəsi. O, pəncərənin arxasında olan insanları bu dünyadan ayırır. Lap teatr səhnəsində olduğu kimi. Aydın olur ki, şəhər və onun sakinləri elə bir insan ömrü boyda pyesin iştirakşılarıdırlar. "Bütün dünya teatrdır! Orada bütün insanlar aktyorlardır: kişilər, qadınlar. Hərə öz rolunu oynayır...".
Sağ küncdə gözə meqapolisin cəngavər qadını dəyir. Hər iki əli ilə sıxdığı qılıncının ucu yerdə əyləşmiş gəncin dizinə dirənib. Onun baxışı istehzalı və bir qədər də həqarətlidir. O, özü üçün yaşayır. Onu uzunsaç, yalançı maçolar maraqlandırmır. Hərçənd, elə başqaları da. Sol küncdə isə balış və yerə çatan pərdənin ətəyində uzanmış müasir Danayanı görürük. O, yarıçılpaqdır. Baxışlarında bir həznlik, tərki-dünyalıq var. O da cəngavər qadındır. Amma tamam fərqli qəbildən. Onun üçün kişilər - məqsədə nail olmaq vasitəsidir. Və bu məqsədin nə olduğu mühüm deyil. Ətrafında dörd cür kişi var: qəddar, metroseksual, natural və romantik. O çılpaqdır və bu dünyada özünü rahat hiss etmədiyi açıq-aydın görünür. Onun müasir meqapolisin təklif etdiyi dağıdıcı ədəbsizliyə qarşı immuniteti yoxdur axı. Hə, əslinə baxılarsa, bütün dünyada ...
"Diana öyrəşdiyi şəraitdə"
Roma mifologiyasında o, bitki dünyası, ovçuluq, qadın və məhsuldarlıq ilahəsidir. Onu başında aypara, əlində məşəl və uzun geyimdə təsvir edərdilər. Diana müasir əsatirlərdə də ovçudur, lakin bir qədər fərqli sahədə. Şöhrət, populyarlıq, pul və kişi ovçusu. O, özünün və arzularının qədrini bilir. O, qırmızı çimərlik geyimindədir. Bu rəng təhlükə barədə xəbərdar edən, aqressiv rəngdir. O, doğrudan da silaha çevrilmiş, meydan oxuyan gözəlliyi ilə təhlükəlidir. Nə fotokameraların obyektivləri, nə də çimərlik geyimində ətrafına toplaşmış kişilər onu utandırmır. Bu onun üçün təbii mühitdir.
"Tələf edilmiş heyvanlar"
Dünyanın mükəmməlliyi nədədir? Onun gözəlliyində? Yoxsa başqa nədəsə? Məsələn, insanın heyvanları qırmaq həvəsində? İbtidai insan heyvanı öldürərək, onun dərisindən öz bədənini isidən geyim hazırlayırdısa, müasir insanlar heyvanları xəzinə görə qırırlar. Dünya gözəllərinin son dərəcə sevdikləri təbii kürklər axı heyvan dərisindəndir. Axı çiyinlərdən asılan zərif, su kimi süzülən xəz, qadın vücudlarını bürüyən canlı istilikdir. Bəs bu, bugünmü başlayıb? Və yenə də teatr pərdəsi və podium. Canlıların məhvi üzərində yaranan gözəllik nümayişə çıxarılır. Bu gün heyvanların bir çox növlərinin qorunması məsələsi çox kəskin qoyulur. Lap planetdə həyatın qorunub-saxlanılmasına qədər, insan və dünya arasında ahəngin, tarazlığın qorunması qədər kəskin.
"Oyunçular"
Bu qobelen televizor ekranını xatırladır. Diqqətlə baxsaq, oyunçuları üzlərindən tanıya bilərik. Çox güman ki, əsl futbol azarkeşləri üçün bu, çətinlik törətməz. Oyunçuların arxasında tribunalardakı azarkeşlər də eyni dəqiqliklə əks olunublar. Qobelenin ornamental hissəsindəki aşağı xətt boyunca öz oyunçularına ürəkdən azarkeşlik edən insanların iri planlarını görürük: kişilər, qadınlar... Oyun! İdman oyunu haradasa siyasi oyuna bənzəyir. Burada çox şey var: həm nəhənglərin maraqları, həm komanda məqsədləri, həm də oyunçu iddiaları. Oyun, ehtiras, emosiyalar, adrenalin, pullar.
"Təsvir rejimi" - Marqret Ayherin bu ekspozisiyasında işlər belə adlandırılıb. Rejim - nəyinsə mövcudluq şərtləri deməkdir. Məsələn, işin və ya fəaliyyətin. Marqret Aykerin fəaliyyəti - dünyanın yenidən yaranmasının qanunauyğun ardıcıllığını dərk etmək cəhdidir: mənəvi, maddi, fiziki, intellektual. Ayker, özünün bəşəriyyətə olan ismarışlarını bədii rəmzlər və metaforalarla kodlaşdıraraq, keçmişin irsini indiki zamanın təsviri incəsənəti ilə uzlaşdırır. Ən əsası isə bu, dünya ilə açıq dialoqa girmək və dağıdıcı proseslərin dönməzliyi barədə düşünməyə vadar etmək istəyidir...
MƏSLƏHƏT GÖR: