Müəllif: Zeytulla CABBAROV Bakı
Aqrar sahədə intensiv aparılan islahatlar, effektiv güzəştlər və imtiyazlar sistemi son 10 ildə Azərbaycanın kənd təsərrüfatı məhsulları ilə özünü təmin etməsində ciddi irəliləyişə imkan verib. Bu dövrdə ölkədə yağ, yumurta, süd və süd məhsulları, meyvə və tərəvəz, kartof, duz və şəkər istehsalı demək olar ki, ölkənin daxili təlabatını ödəyəcək həddə çatıb. Bəzi hallarda isə istehsalın həcmi daxili tələbatı üstələyir. Bununla yanaşı, ərzaq zəmbilinin bir sıra vacib elementlərində ciddi çatışmazlıqlar da var. Onların arasında toxumçuluq xüsusilə əhəmiyyətlidir. Bu problemin aradan qaldırılmasında ümidlər iri fermer təsərrüfatlarınadır. Onlar artıq məhsuldarlıq baxımından yaxşı göstəricilərə nail olurlar.
Ekspertlərin fikrincə, aqrar sahədə köklü dəyişikliklərə nail olmaq üçün fermer təsərrüfatlarına dövlət dəstəyinin effektiv kombinasiyasına, müasir texnologiyalara və proqressiv idarəetmə sisteminə ehtiyac var. Bundan başqa, kənd təsərrüfatı üçün əlverişli torpaq sahələrindən effektiv istifadənin artırılması üçün lazımi addımlar atılmalı, buğda, meyvə və tərəvəz istehsalı genişləndirilməlidir. Bu məqamları Azərbaycan Prezidenti İlham Əliyev də dilə gətirib. Onun fikrincə, kənd təsərrüfatı məhsullarının istehsalı, daxili tələbatın ödənilməsi və vahid ixrac sistemi təşkil etməlidir. Bununla əlaqədar olaraq, artıq vurğulandığı kimi, böyük rol son illərdə fəal şəkildə yaradılan iri fermer təsərrüfatlarının üzərinə düşür. Yeni iri kənd müəssisələrinin təşkili və yaradılması prosesinin əsası Azərbaycan prezidenti tərəfindən hələ 2011-ci ildə qoyulub. Aparılan təhlillər göstərir ki, kiçik müəssisələr qeyri-effektiv işləyir və rentabelli deyil. Onlarda istehsal həcmi aşağıdır.
Məsələn, son məlumatlara görə, iri təsərrüfatlarda taxıl istehsalı orta məhsuldarlıqdan 2 dəfə artıqdır - 55 sentner. "Birinci mərhələdə 4 min 8 yüz hektar torpaq sahəsi əhatə edilib. İndi icra edilən layihələr çərçivəsində 30 min hektar torpaqda iri fermer təsərrüfatları fəaliyyət göstərəcək", - deyə İ.Əliyev bildirib. Bununla yanaşı, Taxtakörpü və Şəmkirçay su anbarlarının inşası hesabına onların artırılması çətinlik yaratmayacaq. Bu su anbarları 10 min hektarlarla torpaq sahəsinin dövriyyəyə daxil edilməsinə imkan verəcək.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin sözlərinə görə, hazırda Xızı rayonunda aqroparkların yaradılması məqsədilə baş plan hazırlanır, Bərdə və Xaçmazda da aqrar-sənaye kompleksləri yaradılır. Ümumilikdə 2015-ci ildə 12 rayonda 30 min hektardan çox sahədə 19 iri fermer təsərrüfatının yaradılmasına Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xəttilə 47 milyon manat güzəştli kreditlər verilib. Bu təsərrüfatlar ərzaq taxılının, həmçinin pambıq və heyvandarlıq məhsullarının istehsal həcminin artırılmasına yönəldiləcək. Bu cür iri təsərrüfatların fəaliyyəti növbəli əkinin aparılmasına, mövcud torpaq, su resurslarından effektiv istifadəyə, taxılçılıq və pambıqçılıq sahələrində məhsuldarlığın artırılmasına imkan verəcək.
Qeyd edək ki, bitkiçiliyin inkişafına birbaşa dəstək tədbirləri çərçivəsində 2014-cü ilin məhsulu üçün buğda və çəltik səpininə görə 20,1 milyon manat, əkin sahələrinin və çoxillik bitkilərin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə isə 51,8 milyon manat yardım verilib.
Qeyd olunan iri təsərrüfatlardan biri İmişli rayonunun uçcaq Ölcələr kəndində yaradılıb. Bu, ərzaq taxılı, pambıq, heyvandarlıq məhsulları istehsalına yönəldilmiş çoxtərəfli təsərrüfatdır. Orada təsərrüfatın 70 işçisi üçün qısa müddətdə inzibati və yaşayış binaları tikilib, süni suvarma qurğuları yaradılıb, traktorlar, yığım kombaynları, digər aqrar texnika maşınları alınıb. Fermer təsərrüfatının ümumi sahəsi 3,8 min hektardır. Mil düzündə yeni yaradılmış təsərrüfat isə otlaq sahədə yaradılıb. Orada torpağın suvarlanması işləri aparılıb, ötən ilin payızında isə həmin ərazilərə payızlıq taxıl səpilib. 452 hektar əraziyə ərzaq taxılı, 848 hektar əraziyə isə arpa əkilib. "Vaxtında aqrotexniki tədbirlər görmüşük, indisə 1250 hektarlıq ərazidə şumlanma işləri aparılır. Bu ilin yazında perspektivli pambıq növlərinin əkini aparılacaq", - deyə yeni təsərrüfatın rəhbəri Həşim Camalov "R+"a açıqlamasında bildirib.
Onun sözlərinə görə, SKMF fermer təsərrüfatına ilkin mərhələdə 5 milyon manat həcmində güzəştli kredit ayırıb. Yeni müəssisədə artıq onlarla insan çalışır, imkanların genişləndirilməsindən sornra isə müəssisədə yeni iş yerləri açılacaq.
Qonşu Saatlı rayonunda da anoloji fermer təsərrüfatları yaradılır. "MKT şirkəti 4015 hektarlıq təsərrüfat yeri alıb", - deyə rayon icra hakiminin aqrar məsələlər üzrə müavini Ağa Əsədov "R+"a açıqlamasında bildirib: "Baş nazirin qərarı ilə bu torpağın 3331 hektarı kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib. "Agro" ASC burada 1600 hektar ərazi alıb və orada meliorasiya işləri aparılır".
Bununla yanaşı, hökumət məhsulların tədarükü, saxlanılması və satışı üçün də infrastrukturun yaradılması istiqamətində işləri gücləndirib. Son illərdə 26 rayonda ümumi tutumu 290 min ton olan 48 logistik mərkəz, 14 rayonda isə tutumu 340 min ton olan 22 taxıl saxlama kompleksi istifadəyə verilib.
"Bundan başqa, Qazaxıstanın Aktau şəhərində logistik mərkəzin tikintisi bu il başa çatdırılacaq. Gələcəkdə digər ölkələrdə də mərkəzlərin yaradılması perspektivləri araşdırılır. Bu mərkəzlər ölkənin ixrac coğrafiyasının genişləndirilməsinə, ixracın həcminin artmasına müsbət təsir göstərəcək", - deyə iqtisadiyyat və sənaye naziri Ş. Mustafayev bildirib.
Onu da qeyd edək ki, prezident İ. Əliyev kənd təsərrüfatı sahəsində ölkənin ixrac potensialının təşviqinin vacibliyini də xüsusi vurğulayıb. "İndi isə ixrac potensialımız var, ona görə təşviq sistemi yaradılmalıdır. Mən İqtisadiyyat və Sənaye Nazirliyinə tapşırıram ki, bu mexanizmi işləyin. Yaxın vaxtlarda biz bunu müzakirə edəcəyik. Bu, sahibkarlara imkan verəcək ki, daha da maraqlı olsunlar və öz məhsullarını xaricə satsınlar. Beləliklə, onlar üçün əlavə güzəştlər olacaq", - deyə dövlət başçısı qeyd edib.
Bir sözlə, hökumət fermerlər üçün istər vacib aqrar məhsulların istehsalında, istərsə də onların saxlanılması və satışı işində əlverişli şərait yaratmağa hazırdır. Yəni, əslində riskli olan aqrar məhsul istesalı biznesinin kənd sakinləri üçün cəlbedici olmasından ötrü bütün işlər görülür.
MƏSLƏHƏT GÖR: