14 Mart 2025

Cümə, 21:42

ASALA MÜXALİFƏT ROLUNDA

Siyasətçi cildinə girmiş terrorçular Serj Sarqsyan üçün nə dərəcədə ciddi təhlükədir?

Müəllif:

10.02.2015

Son günlər Ermənistan ictimaiyyətinin diqqət mərkəzində olan əsas hadisə Gümrüdəki faciə idi. Orada Rusiyaya məxsus 102-ci hərbi bazadan qaçan hərbçi Valeri Permyakov Avetisyan ailəsinin 7 üzvünü güllələyərək qətlə yetirmişdi. İndi isə erməni siyasətçiləri və ekspertləri, əslində, bir o qədər də faciəvi olmayan yeni insidenti müzakirə edirlər. Yanvarın 31-də Laçın dəhlizində "Təsis parlamenti"nin üzvləri döyülüb. Onlar işğal altındakı Qarabağda "avtoyürüş" təşkil etmək niyyətində idilər.

"Hüquq və yardım" fondunun həmtəsisçisi Syuzan Simonyanın Ermənistan KİV-ə verdiyi məlumata görə, "orada mülki geyimdə kifayət qədər sayda adam yolu bağlayıb. Yuxarıda - başımızın üzərində üzlərində maska, əllərində snayper olan silahlılar dayanmışdı. Biz bir-birimizə çox yaxın düzülmüşdük və insident qurbansız ötüşübsə, bu, yalnız komandir Jirayr Sefilyanın ağıllı taktikası üzündən mümkün olub. Çünki biz hələ oraya çatmamış o, bizə maneə ilə qarşılaşacağımız təqdirdə, maşınları tərk etməməmizi tapşırmışdı. Jirayr Sefilyan bir neçə yoldaşla maşından çıxaraq oraya toplaşmış qrupa yaxınlaşdıqda, biz cərgəyə düzüldük. Əraziyə polis və xüsusi təyinatlılar da gəldi. Sanki oraya desant yeridilmişdi. Sefilyan danışıqlardan sonra yolun bağlı olduğunu anladıqda, qarşı tərəflə razılığa gələ bilmədikdə geri qayıtdı, avtomobil karvanının yanı ilə sonadək hərəkət edərək hər kəsi geri dönməyə səslədi. Bu anadək hər şey sanki dinc şəkildə baş verirdi. Amma Sefilyan maşınımıza çatdığı anda, bandit dəstəsi bizə hücum çəkdi".

İnsanlara polis əməkdaşları və xüsusi təyinatlı formada olan şəxslər zərbələr endirməyə başlayıblar. "Bütün bunlar yüksəklikdə dayanmış silahlıların atəşi altında baş verirdi", - deyə marşın iştirakçısı olmuş şəxs danışır: "Onun sözlərinə görə, "döyülənlər arasında Jirayr Sevilyan, onun həyat yoldaşı və oğlu, Pavlik Manukyan, Varujan Avetisyan, İqor Muradyan, Alek Yeniqomşyan və daha 10-15 nəfər var. Onların hamısının cibindən telefonları, pulları və pasportları götürülüb". Hadisələrin şahidi baş verənlərdən gəldiyi qənaəti də söyləyib: "Hadisəyə siyasi nöqteyi-nəzərdən yanaşsanız, Qarabağ nümayəndələri Ermənistanla aralarında sərhədin olduğunu, Ermənistan sakinlərinin Qarabağa getmək hüququnun olmadığını göstəriblər".

Dağlıq Qarabağdakı separatçı rejimin isə öz versiyası var. Separatçıların başçısı Bako Saakyan insidentlə bağlı xüsusi toplantı keçirib və lazımi araşdırmaların aparılması ilə bağlı tapşırıqlar verib. O bildirib ki, müxalifətçi "Təsis parlamenti" vətəndaş təşəbbüsünün Qarabağda avtoyürüş təşkil etmək təşəbbüsü guya əvvəlcədən narazılıq yaradıbmış. Nəticədə yüzlərlə insan yürüşə mane olmaq üçün əraziyə toplaşıb, polis isə toqquşmanın qarşısını almaq məqsədilə yürüş iştirakçıları ilə qarabağlıların arasına girməli olub.

"Avtoyürüş" iştirakçılarının sərt şəkildə dağıdılmasının bir sıra QHT-lərin Qarabağdakı işğalçı rejimin "demokratikliyi"lə bağlı dediklərinə nə qədər uyğun gəlib-gəlmədiyi ilə maraqlanmaq da olar. Amma, cənab Saakyanın artıq rəsmi versiyanı dilə gətirməsindən sonra araşdırmaya ehtiyac qalırmı?

Fikrimizcə, bütün bu yaşananlarda ən vacib amil "Təsis parlamenti"nin Ermənistanda "Predparlament"" müxalifət strukturunu əvəzləyəcək növbəti müxalifət birliyi kimi ortaya çıxmasıdır. Oradakı insanlar da eynidir, "şüarlar" da. "Təsis parlamenti"nin fəalları bunun xalqın iradəsini ifadə edəcək alternativ orqan olduğunu bildirirlər. Onlar qurumun yarandığı gündən üzərlərinə bəzi öhdəliklər götürdüklərini bəyan ediblər: milli maraqlara əsaslanan xüsusi dövlət idarəçilik sisteminin yaradılması, demokratik dövlətin qurulması, işğal edilmiş Qarabağın de-yure Ermənistana birləşdirilməsi və ölkənin müstəmləkədən xilas olması yolunda keçid prosesinin təşkili... Əsas məqsəd kimi isə "erməni soyqırımı"nın 100-cü ildönümünü "hazırkı rejim olmadan" keçirmək vədi verilib.

Əksər ekspertlərin sözlərinə görə, bu gün Ermənistan müxalifətində müxtəlif tipli strukturların sayı həddini aşır - parlament, qeyri-parlament və s. Onların fonunda "Təsis parlamenti", əslində, o qədər də diqqət cəlb etməzdi. Amma bir məqam olmasaydı: yeni strukturun "onurğasını" sabiq (onların sabiqi olurmu?) peşəkar erməni terrorçuları təşkil edir. Söhbət Yaxın Şərqdə döyüş təcrübəsi qazanmış, daha sonra Ermənistana və Qarabağa gəlib çıxmış şəxslərdən gedir. Jiprayr Sefilyan bunlardan biridir. Alek Yeniqomşyan isə ASALA terror təşkilatının başçılarından biridir. O, terrorçuluqda təqsirli bilinərək, İsveçrə həbsxanasında kifayət qədər uzun müddət həbsdə olub.

İrəvanın hökumətpərəst KİV-ə inansaq, "Təsis parlamenti" xalq arasında hər hansı dəstəyi olmayan, ümumiyyətlə, bu qədər ciddi diqqətə dəyməyən strukturdur. Amma Ermənistan hakimiyyətinin - sağlam düşüncəli insan üçün onların Qarabağdakı əlaltılarının İrəvandan asılı olmadığına inanmaq çətindir - avtoyürüşün qarşısını hansı qəddarlıqla aldığına nəzər yetirdikdə ortaya tamamilə fərqli mənzərə çıxır: rəsmi İrəvan "Təsis parlamenti"ni özünə birbaşa və əsas təhlükə sayır. Bu, heç də təəccüblü deyil. "Təsis parlamenti" ilk növbədə sərt qərbpərəst mövqedən çıxış edir. Üstəlik, bu gün Ermənistanda anti-Rusiya əhvalının güclənməsi üçün bütün şərait var. İlk növbədə Gümrüdə baş vermiş faciə ictimai rəydə anlaşılan qəzəbə səbəb olub. Bundan başqa, Ermənistan 2015-ci il yanvarın 1-dən, nəhayət, Avrasiya İqtisadi İttifaqının üzvüdür. Lakin məlum olduğu kimi, o, bu quruma Qarabağsız qoşulmaq məcburiyyətində qalıb. Bu, İrəvanda tamamilə haqlı olaraq, siyasi iflas kimi qiymətləndirilir. Özünü qərbpərəst kimi təqdim edən qüvvələr isə bundan istifadə etməyə çalışır, NATO-nun Uels sammitində bundan az önəm daşımayan iflasın yaşandığı haqqında isə susmağa üstünlük verirlər. Xatırladaq ki, həmin sammit iştirakçıları Azərbaycanın ərazi bütövlüyünə açıq dəstək veriblər. Və ən başlıcası, Serj Sarqsyanın "yaxın ətrafı" indi bir şeyi yaxşı anlayır: "Təsis parlamenti"ndə istənilən problemi tərəddüd etmədən "cəhənnəm maşını" və "Kalaşnikov" avtomatları ilə həll etməyə hazır olan siyasətçilər toplanıb. Buraya 70-ci illərdə terrorçuların sevimli silahı olmuş çex "Əqrəb"ini də aid etmək olar. Hər halda, 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində baş verənlər hələ yaddaşlardan silinməyib.



MƏSLƏHƏT GÖR:

713