
SƏYLƏRİ DAVAM ETDİRMƏLİ
Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid HARRİSİN "R+" jurnalına müsahibəsi
Müəllif: Fuad HÜSEYNZADƏ Bakı
Ötən həftə Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın ən qədim və nüfuzlu yəhudi təşkilatlarından olan Amerika Yəhudi Komitəsinin (AYK) icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı söhbət Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin inkişafından gedib, nümayəndə heyətinin səfərinin əməkdaşlığın genişləndirilməsinə dair məhsuldar danışıqların aparılması baxımından əhəmiyyəti vurğulanıb. D. HARRİS əməkdaşlığın genişləndirilməsi imkanları haqqında fikirlərini "R+" ilə də bölüşüb.
- Növbəti səfərinizə verdiyiniz qiymət və aparılmış danışıqların nəticələri haqqında fikirlərinizi bilmək maraqlı olardı...
- Bakı səfərimiz əla keçdi. Hər kəs bizi son dərəcə isti, mehriban və məhsuldar qarşıladı. Bu, 2008-ci ildən başlayaraq, AYK nümayəndə heyətinin Azərbaycana sayca 5-ci səfəridir. Bu səfərlərin hər biri zamanı iqtisadi və sosial sahələrdəki aşkar inkişaf nəzərə çarpır.
- Bu səfər zamanı yalnız prezidentlə və Azərbaycan rəhbərliyində təmsil olunan şəxslərlə görüşmədiniz. Bu dəfə ADA Universitetində oldunuz, gənclərlə söhbətləşdiniz. Bu mənada, münaqişələrlə dolu çətin regionda yerləşən Azərbaycanın gələcəyini necə görürsünüz?
- ADA Universitetinin, təxminən, 100 tələbəsi qarşısında çıxış etmək imkanı səfərimizin ən parlaq məqamlarından biri idi. Bütün səfərlərim zamanı tələbələrlə görüşməyə çalışıram. Azərbaycanda bu cür savadlı, məlumatlı, ingilis dilini mükəmməl bilən tələbələrə malik universitetin möhtəşəm korpusuna valeh oldum. Bu gənclərə baxdıqda, demək olar ki, Azərbaycan diplomatiyası hələ uzun illər ərzində etibarlı əllərdə olacaq.
- Azərbaycan diasporu ABŞ-ın yəhudi icması ilə sıx əməkdaşlıq edir. Diasporamızla AYK arasında əməkdaşlığın hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?
- Bizim aramızda yaxın, məhsuldar münasibətlər var. Açığı, ABŞ-dakı Azərbaycan diasporunun rəhbərlərindən biri bizim nümayəndə heyətimizdə də yer alırdı. Azərbaycana və Amerikaya olan məhəbbəti onu iki icma və iki ölkə arasında ideal körpüyə çevirir. Biz yaxın illərdə əlaqələrimizin daha da dərinləşməsini məmnuniyyətlə gözləyirik.
- Bununla yanaşı, bəzən ABŞ KİV-də qərəzli, Azərbaycan reallıqlarını əks etdirməyən məqalələrə rast gəlinir. Son zamanlar isə belə məqalələrin sayı nəzərəçarpacaq dərəcədə artıb. Onlar ABŞ-da Azərbaycan haqqında təsəvvürlərə ciddi təsir göstərirmi və belə halların qarşısını almaq üçün hansı addımları atmaq olar?
- Amerikada heç kəs kiməsə nəyisə yazmağa, nəşr etməyə qadağa qoya bilməz. Odur ki, fikrimizcə, belə hallara ən yaxşı cavab Azərbaycanın öz tarixini danışmağa, respublikanın həyatının Amerika auditoriyası üçün o qədər də əlçatan olmayan aspektlərini ortaya qoymağa daha çox cəhd göstərməsi olardı. Müasir dünyada müxtəlif rabitə vasitələrinin olması bu məsələnin həllini xeyli asanlaşdırıb. Məsələn, Azərbaycan sosial KİV vasitəsilə çoxmilyonlu auditoriya qazana bilər və buna çalışmalıdır.
- Azərbaycanın əsas problemi haqqında da fikrinizi bilmək maraqlı olardı. Söhbət Azərbaycan ərazisinin bir hissəsinin işğalından gedir. Azərbaycan hökuməti və diasporu bu məsələyə böyük diqqət ayırsa da, hələ də Qərb tərəfindən bu problemə yanaşmada ikili standartların şahidi oluruq. Hər halda, Ukraynada baş verənlərə münasibətə nəzər saldıqda, bunu görmək mümkündür. Əgər Rusiyaya qarşı sanksiyalar tətbiq olunursa, Ermənistana qarşı eyni addımların şahidi olmuruq. Eyni problemlərə yanaşmada bu fərq nə ilə izah oluna bilər? Gələcəkdə bu sahədə müsbət dəyişikliklərin olacağına ümid bəsləmək mümkündürmü?
- Mən bu suala sadə cavab vermək istərdim, lakin bacarmıram. BMT Təhlükəsizlik Şurası məsələ ilə bağlı 4 qətnamə qəbul edib. Lakin ciddi irəliləyiş görmürük. Üstəlik, gərginliyin arta biləcəyini göstərən bir çox narahatedici məqamlar da var. Azərbaycan öz ərazilərini itirmiş 4 postsovet ölkəsindən biridir. XXI əsrdə belə hallar birmənalı şəkildə mümkün olmamalıdır.
- Ümumilikdə, Azərbaycan-Amerika münasibətlərinin hazırkı durumunu qiymətləndirəriksə, onun tarixinin heç də ən yaxşı dövrünü yaşamadığı fikri ilə razısınızmı?
- Təəssüf ki, ikitərəfli münasibətlər arzu olunduğu qədər möhkəm deyil. Amma biz Azərbaycanın Amerikanın milli maraqları baxımından vacibliyini göstərmək üçün səylərimizi davam etdirəcəyik. Əhalisinin əksəriyyətini müsəlmanların təşkil edən bu dünyəvi dövlətə müsbət baxış vacibdir. O, terrorla mübarizədə ABŞ-ın yanındadır, regional sabitliyin təminində əsas amildir, nəhəng neft və qaz ixracatçısı, həmçinin dinlərarası münasibətlər baxımından bir modeldir. Bütün bunlara müsbət yanaşmaq, bu münasibətlərdə hələ çox işlər görmək lazımdır.
MƏSLƏHƏT GÖR: