"AZƏRBAYCANIN ÖZ YENİ ÇEMPİONU OLACAQ"
Vladimir Kramnik Harri Kasparovu onu çempion edən Azərbaycan şahmat məktəbinin imkanlarını kiçiltməməyə çağırıb
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Bakıda şahmatçıların Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan ənənəvi "Prezident Kuboku" turniri keçirilir. Bu dəfə yarışın iştirakçıları arasında rusiyalı dünya çempionu Vladimir Kramnik də var idi. Üç gün davam edən "Prezident Kuboku"nda rusiyalı qrossmeyster çətin qələbə qazanaraq fəxri mükafata sahib çıxdı. Onunla hələ turnir zamanı söhbət etmək istəyirdik. Nəhayət, yarışın son günü qələbə qazanan Vladimir Kramniklə maraqlı söhbətimiz baş tutdu.
- Vladimir, ilk olaraq sizi "Prezident Kuboku"nda qələbə münasibətilə təbrik edirəm. Deyəsən, Bakı şəhəri sizə düşərli oldu.
- Yenidən "Prezident Kuboku"nda çıxış etmək, Bakıya gəlmək mənim üçün xoşdur. Ötən il Bakıdakı yarışdan sonra karyeramda yüksəliş oldu. İndi də "Prezident Kuboku"nun qalibi oldum. Mənə dəvət gələndə dərhal qəbul etdim. Çünki Azərbaycanda şahmata olan maraqdan xəbərim var. Digər tərəfdən, hər il turnir yüksək səviyyədə təşkil olunur.
- Yarış zamanı şahmat lövhəsi arxasına əyləşdiyiniz azərbaycanlı şahmatçıları necə qiymətləndirirsiniz?
- Sizin kifayət qədər güclü şahmatçınız var. Yığmanız Avropa çempionatında da güclü qrossmeysterlərin sayəsində qələbə qazandı. Üç şahmatçınız dünyanın 20 ən güclü qrossmeysteri sırasına daxildir. Bu çox böyük nəticədir. Hər ölkə belə istedadlarla öyünə bilmir.
- Dediyiniz şahmatçılar Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Vüqar Həşimovdur. Onlardan hansına qarşı oynamaq daha çətindir?
- Ümumiyyətlə, dünya şahmat elitasının ilk onluğunda qərarlaşan hər bir şahmatçıya qarşı oynamaq çətindir. Hərəsi öz üslubunda yaxşıdır. Asan partiyalar olmur. Məmmədyarov, Rəcəbov və Həşimov özlərinə görə çox istedadlı gənclərdir.
- Sizcə, onlardan hansı dünya çempionu olmağa daha real namizəd sayıla bilər?
- Qalmaqallı suallar verirsiniz (gülür). Heç kimi fərqləndirmək istəməzdim. Əgər Rəcəbov, Məmmədyarov və Həşimov dünya reytinqinin ilk 20-nə düşürsə, deməli, onlar şahmat tacı barədə düşünə bilərlər. Dünya çempionu olmaq üçün, ilk növbədə, çox işləmək lazımdır. Şahmatdan əlavə psixoloci cəhətdən çətin duelə hazır olmalısan. Şahmatçının xüsusi komandası olmalıdır. Ona hər şeydə kömək lazım olur. Yalnız bundan sonra qrossmeysteri dünya çempionluğu uğrunda görüşə çıxarmaq olar. Sizin şahmatçılarda potensial böyükdür. Gərgin iş sayəsində bütün arzulara çata bilərlər.
- Məşhur şahmatçı Harri Kasparovun qrossmeysterlərimiz barədə bədbin fikirləri haqda nə düşünürsünüz?
- Düzünü desəm, Kasparovun fikirlərinə şərh vermək istəməzdim. O, Bakı şahmat məktəbinin yetirməsidir. Şahmatda böyük nüfuza malik qrossmeyster olub.
- Kasparovun fikrincə, azərbaycanlı şahmatçılar dünya çempionu ola bilməyəcək?
- Kasparov norveçli Maqnus Karlsenin məşqçisidir, ona görə belə danışır. Bu mənada Kasparovun fikirləri ilə razı deyiləm. Sizin şahmatçılar gəncdir. Onlar, ən azı, 10-15 il idmanın bu növündə ola bilər. Gənjlərə qarşı belə danışmaq düzgün deyil. Veselin Topalov karyerasının əvvəlində dünya çempionluğuna namizəd sayılmırdı. Amma sonradan şahmat tacı uğrunda ən real namizədə çevrildi. Rəcəbov, Məmmədyarov və Həşimovun 22-23 yaşları var. Onların parlaq gələcəyi hələ qarşıdadır. Kasparov elə danışır ki, sanki onların 40 yaşı var. Kasparov istəyər ki, yetirməsi çempion olsun. Bəlkə bununla psixoloji təzyiq etmək fikrindədir. Hər halda, məncə, Azərbaycanın yeni çempionu olajaq.
- Vladimir Kramnikin fikrincə, hazırda dünyanın ən güclü şahmatçısı kimdir?
- Belə suallara konkret javab vermək olmur. Hazırkı nəsildən Vişvanatan Anandı, Veselin Topalovu və təbii ki, özümü deyə bilərəm. Gənclər arasında isə Karlsen, Karyakin, eləcə də sizin şahmatçıların böyük potensialı var.
- Sentyabrda Beynəlxalq Şahmat Federasiyasına (FİDE) seçkilər olacaq. Siz hansı namizədi dəstəkləyəcəksiniz?
- Hələlik bu barədə danışmaq istəməzdim. Çünki bütün namizədlərlə tanış deyiləm. Onların platformasını oxuduqdan sonra fikrimi dəqiqləşdirərəm.
- FİDE-nin hazırkı prezidenti Kirsan İllümcinov da namizədliyini irəli sürəjək. Üstəlik, dünya çempionu Anatoli Karpov da bu posta iddialıdır. Siz hansı namizədi dəstəkləyəcəksiniz?
- Hər bir namizədin müsbət və mənfi cəhətləri var. Əsas yeni seçiləcək prezidentin kiminlə işləməsidir. Çünki FİDE-nin əsas işini digər insanlar görür. Prezident isə yalnız istiqaməti müəyyənləşdirir. İstənilən halda şahmatın inkişafı üçün çalışmağa hazıram.
MƏSLƏHƏT GÖR:

574

