5 Dekabr 2025

Cümə, 23:58

MESSİ, YOXSA RONALDU?

Dünyanın ən bahalı futbolçusu kimdir?

Müəllif:

15.05.2010

"Futbol idmanın şahıdır", - deyənlər yanılmır. Milyonların sevimlisi olan bu idman növündə həm də milyonlarla pul dövr edir. Son illər bu idmanla məşğul olanların, yəni futbolçuların transfer qiymətləri də durmadan artır. Dünya mətbuatı mütəmadi olaraq məşhur futbolçuların qiymətini hesablayır. İspaniyanın nüfuzlu AS nəşrində yayılan futbolçuların illik qazanjına əsasən, hazırda dünyanın ən bahalı futbolçularının reytinqini hazırlamaq mümkündür. Beləliklə, başlayaq.

Son hesablamalara görə, hazırda dünyanın ən bahalı futbolçusu Lionel Messidir. Bəli, Kriştianu Ronaldu deyil, məhz balacaboy Messi. Son aylar meydanı qolsuz tərk etməyən argentinalı ulduz 80 milyon avro dəyərində qiymətləndirilir. "Barselona"nın döyünən ürəyi komandanın uğrunda da böyük pay sahibidir. Məhz onun ustalığı sayəsində kataloniyalıların əksər hücumları qolla nəticələnir. Messi sanki "Barselona" ansamblında "dirijor" rolunu həyata keçirir.

"Real"ın və ümumilikdə, dünyanın ən bahalı transferi - Kriştianu Ronaldu siyahıda ikinci yerdədir. Yayda "Mançester Yunayted"dən 95 milyon avroya "Real"a transfer olunan portuqal ulduzun qiyməti aşağı düşüb. Kral klubunun Avropada uğursuzluğu Ronaldunun da qiymətinə təsirsiz ötüşə bilməzdi. Hazırda Ronaldunun qiyməti 75 milyon avro dəyərində qiymətləndirilir. 

Üçüncü yerdə 65 milyon avro qiyməti olan "Barselona"nın futbolçusu Xavi qərarlaşıb. Əgər Messi "Barselona"nın döyünən ürəyidirsə, onda bu futbolçu kataloniyalıların düşünən beynidir. Matç zamanı əksər təhlükəli hüjumları məhz Xavi mərkəzləşdirir. Onun gözəl ötürmələrini qolla tamamlamamaq sadəcə günahdır. Bəlkə də elə buna görə futbol agentləri ona 65 milyon avro qiymət qoyub.

"Real"ın formasını geyinən Kakanı almaq istəyən klub 60 milyon avrosundan keçməlidir. Braziliyalı futbolçu uzun müddət zədədən əziyyət çəkməklə əsas heyətdən uzaq düşdü. Bəlkə də buna görə onun transfer qiymətində enmə müşahidə olunur. "Barselona"dan Andres İnyestanın da qiyməti 60 milyon avrodu. İnyesta istənilən komanda üçün əsl xəzinədi. Meydanı gözəl görmə qabiliyyətinə malik futbolçu bir neçə saniyəyə təhlükəli hüjum qurmağı bajarır. Adətən, Xaviylə gözəl kombinasiya quran İnyestanın rolu "Barselona"nın uğurlarında danılmazdı.

Altıncı pillədə 55 milyon avroya iş yerini dəyişə biləjək Sesk Fabreqasdır. 22 yaşlı yarımmüdafiəçi "Arsenal"ın əsas oyunçularındandır. Hələ yayda Avropanın aparıcı 2-3 klubu onu öz heyətində görmək üçün çalışırdı. Lakin topçulara xəyanət etməyən Fabreqas İngiltərədə qalmağı üstün saydı. 

"Mançester Yunayted"in vuran ayağı Ueyn Runi 53 milyon avroya bərabər tutulur. Amma futbol agentləri onun daha baha qiymətə satılmasını real hesab edir. Zarafat deyil, Runi cari mövsümü yüksək səviyyədə keçirdi. Yayda Cənubi Afrika Respublikasında keçiriləcək dünya çempionatında da parlayan isimlərdən biri Runi olacaq. Çox güman ki, mundialdan sonra hüjumçunun qiyməti qalxacaq. Amma tələsməyə dəyməz. "Mançester Yunayted" futbolçunu satmaq barədə düşünmür.

"Liverpul"un kapitanı Stiven Cerard səkkizinci pillədədir. 50 milyon avroya qiymət qoyulan 29 yaşlı yarımmüdafiəçi "Liverpul" üçün çox vacib oyunçudur. Onun əzmkar oyunu, liderlik mövqeyi hər zaman mersisaydlılara yardımçı olub. Əbəs yerə deyil, Jerard hər oyun azarkeşlərin alqışını qazanır. Hətta "Liverpul" uğursuz mövsüm keçirməsinə baxmayaraq, fanatlar daim Cerardı sürəkli alqışlarla yola salır. 

Doqquz və onuncu yerləri Frank Riberiylə Fernando Torres tutur. Onlarında transfer qiyməti Cerard kimi 50 milyon dəyərində ölçülür. 

Artıq Avropada futbol mövsümünün başa çatmasına baxmayaraq, aparıcı klublar transfer işlərini məhz dünya çempionatından sonra başlayacaq. İyundakı mundialda yeni isimlər meydana çıxacaq. Ulduzlar isə adlarını doğrultmağa çalışacaqlar. Sözsüz ki, Riberi, Cerard və Torres kimi oyunçuların qiyməti yarışdan sonra həm yüksələ, həm də enişə məruz qala bilər. 

İlk onluqda qərarlaşan futbolçulara, ümumilikdə, 598 milyon avro qiymət qoyulub. Bu oyunçulardan 4-ü İspaniya, 2-si İngiltərə yığmasının formasını geyir. Qalan 4 futbolçu isə Argentina, Braziliya, Fransa və Portuqaliya millisində çıxış edir. 

Bir futbolçu da var ki, onun sadəcə adı oyunundan bahadır. Düz tapdınız, bu - Devid Bekhemdir. "Milan"da ijarə əsasında çıxış edən ingilis oyunçu mundialı zədə ucbatından buraxacaq. Azarkeşlər yaxşı bilir ki, Bekhem adi reklamdan futbol oynamaqdan çox qazanır. Ona görə o, heç bu siyahıyla maraqlanmır. 



MƏSLƏHƏT GÖR:

569