5 Dekabr 2025

Cümə, 23:58

"AĞ SÜVARİ" QANADLANIR

Heydər Əliyev sarayında Xalq artisti Firəngiz Əlizadənin "Intizar" operasının premyerası olub

Müəllif:

15.05.2010

Azərbaycanın mədəniyyət həyatında önəmli hadisə baş verib - xalq artisti Firəngiz Əlizadənin "İntizar" operasının premyerası təqdim olunub. Tədbir mayın 11-də Heydər Əliyev sarayında  Heydər Əliyev Fondunun beynəlxalq musiqi layihəsi çərçivəsində keçirilib. Libretto müəllifi ÜNS yaradıcılıq səhnəsinin bədii rəhbəri, Azərbaycan Yazıçılar İttifaqının üzvü, professor Nərgiz Paşayevadır. Operanın yeni quruluşu beynəlxalq yaradıcılıq heyəti tərəfindən verilib. 

Tamaşanın quruluşçu rejissoru Moskvadakı "Qelikon-Opera" teatrının bədii rəhbəri, Rusiyanın xalq artisti Dmitri Bertman, quruluşçu rəssam Hartmut Şorqhofer, dirijor  Vladimir Ponkin, xoreoqraf Edvald Smirnov, xormeyster xalq artisti Gülbacı İmanovadır. Premyerada Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak ediblər.  

Operanın yeni quruluşu çağdaş Avropa musiqili teatr rejissorluğu prinsiplərinə əsaslanır. Bütün əsər boyunca əsas vokal formalarının təqdimat manerasında, obrazların təsvirində ənənəvi vasitələrlə yanaşı, təsvir-yaradıcılıq komponenti kimi çağdaş səhnə plastikası və xoreoqrafiyası imkanlarından da geniş istifadə edilib. 

Kütləvi səhnələrin xoreoqrafik çevikliyi və gözəlliyi, hərəkətlərin harmonikliyi hadisələrin dramaturji axınına dinamiklik qatır. Tamaşanın bədii tərtibatında ən çağdaş bədii-texnoloji vasitələrdən - hərəkətli səhnədən, video-installyasiyadan, mürəkkəb işıq palitrasından geniş istifadə edilib. Yeni quruluşun əsas fərqləndirici cəhətlərindən biri ifaçı heyətin gənc olmasıdır. 

Opera Azərbaycanın yaxın tarixində baş vermiş faciəli hadisələr, Xeyir və Şərin əbədi mübarizəsi kimi ümumbəşəri mövzu kontekstində açılır. Satqınlıq və  hiylə yolu ilə qonaqpərvər diyara gəlmiş şər qüvvələr zorakılıqla bərəkətli torpağı dağıdır, insanlarını zülmlə məhv edir, onları doğma ocaqlarından qovur. Bu dəhşətli hadisələrin əks-sədası bir ailənin taleyində izlənilir. 

Əsər bir daha göstərir ki, şər qüvvələrin təzyiqi nə qədər dəhşətli və güclü olsa da, təmiz və inancla, doğma yurduna və ailəsinə sevgi ilə yaşayan insanların müqavimətini qırmağa, onların qəlbində olan mübarizə əzmini məhv etməyə qadir deyil. Hadisələrin faciəli axarına baxmayaraq, əsər xoşbəxtlik və ədalət gözləntilərini, gələcəyə inamı və ümidi, mübarizə ruhunu əks etdirən təsirli sonluqla başa çatır. Göylərdə "Ağ süvari"nin peyda olması gələcək qələbəni gözləyən bütün insanlar üçün ümid şüasıdır. Bu, hər şeyə dəyən ümid və inamdır.

Musiqi tənqidçiləri sanırlar ki, "İntizar" operasının əsas dəyəri milli intonasiyalar, düşüncə, hiss, əhval, ahəng zənginliyinə görə nadir olan  musiqisidir. Buna diqqət yetirən zal  Səbinə Vahabzadənin, İnarə Babayevanın, Eyvaz Abdullayevin, Ramilə Qasımovanın, Azər Rzayevin, İlhamə Nəzərovanın, Nəzrin Zərbəliyevanın, Məhsəti Cabbarovanın və başqa vokalçıların ifasındakı nəfis ariyalara heyranlıqla qulaq asaraq, son akkordlardan sonra sanki alqış dalğası ilə partladı.  Firəngiz Əliyevanın partiturasının musiqi materialı səhnə tərtibatının xüsusiyyətlərinə fərqli yanaşmaların yardımı ilə librettoda və musiqidə verilmiş hadisələrin interpretasiyası üçün imkanlar təqdim edir. 

Parlaq bir rejissor işi ərsəyə gətirilir. Teatr tənqidçiləri deyirlər ki, ikisaatlıq tamaşa boyunca  ixtisar etməyin mümkünlüyünü söyləməyə imkan verən ikicə dəqiqə belə tapmaq çətin idi. Bu, ifaçıların və rəqqasların səhnə hərəkətlərinə də aid idi - heç kim ümumi ansambldan kənara çıxmadı, hər şey nadir hallarda rast gəlinən sinxron və harmonik alındı. Hətta insan istəsə belə, truppanın səhnə quruluşuna irad tutmaq mümkün deyildi - bəzən səhnədə olan insanların ümumi sayı çox təsir bağışlasa da istənilən məqamda hər bir kəs öz yerində idi. 

Yada salaq ki, "İntizar" ilk dəfə Bakıda göstərilib. Onda Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində operanın birinci tamaşasına ictimai baxış olub. Daha sonra Azərbaycan Bəstəkarlar İttifaqının 75 illiyinə həsr edilmiş musiqi festivalı çərçivəsində elə Heydər Əliyev Sarayında operanın konsert ifası da baş tutub. Üç yüzdən çox adamın, o cümlədən, Üzeyir Hacıbəyov adına Dövlət Simfonik Orkestrinin və Dövlət Xor Kapellasının Gülbacı İmanova tərəfindən rəhbərlik edilən kollektivinin yer aldığı böyük meydanda operanın konsert formasında ifası möhtəşəm təsir bağışladı. 

"İntizar" operasının qoyuluşu Azərbaycanın musiqi həyatında və milli mədəniyyətində əzəmətli siyasi çəkisi olan hadisədir, çünki bu irimiqyaslı əsər vətənpərvərlik süjeti əsasında yazılıb, musiqisi isə xalq qəhrəmanlarını, onların vətən uğrunda mübarizəyə həyatlarını verməyə hazırlıqlarını vəsf etməklə xalq ruhunun yüksəldilməsinə xidmət edirdi. 



MƏSLƏHƏT GÖR:

565