Müəllif: Ənvər MƏMMƏDOV Bakı
İndiki sərgilərin əcdadı, sözsüz ki, yarmarkadır. Yarmarkalar ticarətin özünün tarixi qədər qədimdir. Orta əsrlər Avropasının tarixi salnamələrində qeydə alınmış ilk ticarət-sənətkarlıq yarmarkalarından biri bizim eranın 629-cu ilində Fransanın Sen-Deni şəhərində təşkil edilibmiş. Ancaq sənaye inqilabının başlanması və dünya ticarətinin qloballaşması üzrə ilk addımlar ilə bağlı olaraq, sərgi sahəsinin çiçəklənməsi də XIX əsrə təsadüf edib. Hazırda sərgi biznesi istənilən çağdaş, iqtisadi baxımdan inkişaf etmiş dövlətin ayrılmaz hissəsidir və çoxdan təsərrüfatın rentabelli, özünü dolandıra bilən sahəsinə çevrilib.
Yüz əlli ilin gur inkişafı nəticəsində beynəlxalq sərgilər çoxyönümlü marketinq alətinə çevriliblər. Hər şeydən öncə, bu, xarici şirkətlərlə ticari-iqtisadi inkişaf üçün, həmçinin, daxili bazarda satışların artırıması məqsədi ilə reklam və promouşn aksiyalarının keçirilməsi üçün ideal meydançadır. Bu axırıncı kiçik və orta biznes müəssisələri üçün çox önəmlidir, çünki özləri barədə məlumat vermək üçün reklama baxanda nisbətən ucuz üsuldur. Bu forumlarda istehsalçılar və potensial istehlakçılar arasında üz-üzə dialoq üçün optimal imkan yaranır, həmçinin bu qeyri-formal görüşlər yeni başlayan müəssisələr üçün gələcək uğurların əsasını qoyur. İri holdinq və korporasiyalar üçün isə hər şeydən öncə sərgi tədbirləri PR strategiyasının vacib elementidir.
Son illərdə geniş yayılmış, məhsul və xidmətlərin virtual məkanda verildiyi internet-ekspozisiyalardan fərqli olaraq sərgilər istehlakçılara yeni məhsullarla canlı tanış olmağa və hətta onu sınaqdan keçirməyə də imkan verir. Nəhayət, bir sıra sahələr üzrə, məsələn, avtomobil və telekommunikasiya sərgiləri çox sayda sıravi izləyiciləri cəlb edən şouya çevrilib, sadə izləyicilər burada dincəlmək, elmi və texniki nailiyyətlərlə tanış olmaq imkanı qazanırlar.
Təmiz kommersiya maraqları ilə yanaşı sərgilər iqtisadiyyatın güzgüsüdür, onlar təsərrüfat münasibətlərinin vəziyyətini və ölkənin ümumi inkişaf səviyyəsini dəqiq əks etdirir. Onlara baxaraq, investorların hansı sahələrə maraq göstərməsini, idxalı əvəzləyəcək yerli istehsalın hansı səviyyədə inkişaf etdiyini və nəhayət, elmtutarlı istehsalatın hansı səviyyədə olduğunu müəyyən etmək olar. Görəsən, Azərbaycan bu güzgüdən necə görünür?
Müstəqilliyin ilk illərində Azərbaycanın sərgi sahəsi birtərəfli inkişaf edirdi və sistemli xarkter daşımırdı. Yalnız 1994-cü ilin iyun ayında başlamış və hər il keçirilən "Xəzər neft və qaz" forumu istisnadır, çünki o, dərhal tutarlı beynəlxalq status qazandı. Amma həmin illərin bütün qalan sərgiləri nə iştirakçı sayı, nə də ekspozisiya həcminə görə tələb olunan səvviyyəyə qalxmamışdı. Neft-qaz forumu ilə yanaşı keçən yüzilliyin sonlarına kimi ölkədə hər il Azərbaycan Ticarət-Sənaye Palatasının təşəbbüsü altında ümumrespublika ticarət sərgisi keçirilib. Bunun üstünə Türkiyə və İran xidmət və məhsullarının göstərildiyi sərgilər də əlavə olunub. Özü də qonşu ölkələrin milli sərgiləri hadisələrlə əlaqədar olub və ona görə də hər il keçirilən sərgi statusuna qalxa bilməyiblər.
Vəziyyət 2000-ci ildə bizim bazara Britaniyanın "ITE Group PLC" şirkətinin və onun Azərbaycan üzrə eksklüziv tərəfdaşı "Iteca Caspian"ın gəlməsi ilə dəyişib. Elə həmin ildə milli iqtisadiyyatın bütün sahələrini özündə əks etdirən və ayrı-ayrı tematik forumlar keçirməyə imkan verən vahid ümumrespublika ticarət sərgisi formalaşdırmaq qərara alınıb. "ITE"nin bütün sərgiləri "Avropa" otelinin kiçik zalında keçirilib. Bu mini-format ixtisaslaşdırılmış forumların - tikinti, yeyinti, telekommunikasiya və səhiyyə forumlarının keçirilməsi təcrübəsinin əsasını yaratdı. Özü də əsas diqqət iqtisadiyyatın neftdənkənar bölməsinin uğurlarınını nümayişinə yönəldildi. Sonuncu təcrübə bu qərarın doğruluğunu təsdiqlədi: keçən səkkiz il ərzində ITE 23 sahədə ixtisaslışmış sərgilər ardıcıllığı təşkil edə bildi və demək olar ki, hər il də bir neçə beynəlxalq konfrans təşkil edir.
Daha sonra "ITE" neft qaz sərgisinin keçirilməsinə də qoşuldu və sərgi indi də xüsusi beynəlxalq iqtisadi və siyasi statusunu daşımaqdadır. Heydər Əliyev adına idman-konsert salonunun pavilyonlarında keçirilən sərgi hər il Xəzər regionunun neft və qaz sahəsində önəmli hadisəsinə çevrilir. Azərbaycan hökumətinin xüsusi dəstəyi və diqqəti ilə keçirilən sər-ginin açılışı ənənəvi olaraq dünyanın ABŞ, Böyük Britaniya, Rusiya kimi aparıcı dövlətlərinin rəhbərlərinin rəsmi təbrikini də qəbul edir.
Ancaq son illərdə neftdənkənar sektor üzrə sərgilər məsələn - telekommunikasiya, aqrar, tikinti, turizm sərgiləri də nisbətən daha yüksək siyasi-iqtisadi status əldə etməkdədir. Prezident İlham Əliyevin bir sıra sərgilərin açılışında şəxsən iştirak etməsi də bunun sübutudur. Statistikaya görə, 2005-ci ildən 2009-cu ilə kimi "Iteca Caspian" tərəfindən 6445 şirkətin iştirakı ilə 85 sərgi və 9 konfrans keçirilib, izləyicilərin toplam sayı 411,5 mini keçib. Bura qonaq qismində transmilli korporasiyaların və beynəlxalq dövlətüstü qurumların rəhbərləri, dünyada tanınan alimlər baş çəkib. Bu faktlar ölkənin iqtisadi həyatında marağın yavaş-yavaş dinamik inkişaf edən, önəminə görə artıq faktiki olaraq xammal bölməsinə bərabər tutulan neftdən kənar sahəyə tərəf yerdəyişməsinin sübutudur.
Maraqlıdır ki, tematik ekspozisiyaların potensialının ardıcıl açılışı zamanı yetərincə dəqiq xronoloji prinsip müşahidə edilir. Belə ki, 90-cı illərin sərgi prosesinin birmənalı lideri neft-qaz sərgisi olub: onun açılışı "Əsrin müqaviləsi"nin imzalanması və Xəzərin Azərbaycan sektorunda neft yataqlarının istismarı dövrünə düşür. Sonra 2000-2003-cü illərdə kənd təsərrüfatı və ərzaq sərgilərinin dinamik artımı müşahidə edilir - bu dövr aqrar islahatların və ölkənin regionlarında özəlləşdirilmiş emal müəssisələrinin işə başlamasının zirvəsinə təsadüf edir. Ötən illər ərzində "WorldFood Azerbaijan" sərgisinə 800-dən çox şirkət qatılıb, onların çoxu Azərbaycanda uğurlu biznes qura biliblər. Almaniyanın "Schaller" və "Seydelmann", Türkiyənin "Oztiryakiler", İtaliyanın "Tecnofood" və "SIPA" şirkətləri, Polşanın "InterMik" şirkəti və bir sıra başqa şirkətlər bu sərgi vasitəsi ilə əlverişli əlaqələr qurmağa və Azərbaycana avadanlıq satışı üzrə uğurlu sazişlər bağlamağa nail olublar.
2004-2008-ci illər infrastruktur layihələrinin büdcə maliyyələşdirilməsinin dəfələrlə artırılması, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının gerçəkləşdirilməsi və ölkədə tikinti bumuna təsadüf etdi: bunun nəticəsi isə tikinti sərgilərinin potensialının yüksək sürətlə artması oldu - böhrandan qabaqkı iki il ərzində onun artım templəri hər il 40% təşkil edib. 2008-ci ildə keçirilmiş tikinti forumu iştirakçıların sayına və ekspozisiya sahəsinə görə, hətta neft-qaz sərgisinin miqyasını da ötdü və bu gün Xəzəryanı bölgənin bu ən iri profilli forumuna dünyanın 27 ölkəsindən 268 şirkət qatılır. Müqayisə üçün, ilk dəfə 2001-ci ildə fəaliyyətə başlamış "BakuBuild" tikinti sərgisində cəmi 40 şirkət iştirak edirdi və onlardan yalnız 10-u yerli idi. 2010-cu ildə isə "BakuBuild" 10%-li artım gözləyir, Azərbaycanda əsaslı tikintinin büdcə maliyyələşdiriməsinin saxlanan həcmləri buna imkan verir.
Son dörd ildə isə "BakuTel" telekommunikasiya sərgisi yüksək inkişaf dinamikası göstərir. Burada həm dövlət başçısının, həm də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) fəaliyyəti də önəmli rol oynayır. Çünki forum beynəlxalq konfranslar və yeni regional layihələrin təqdimatı üçün meydana çevrilib. Belə ki, "BakuTel-2008" sərgisi çərçivəsində dünyanın 20 ölkəsinin rabitə nazirlərinin regional görüşü təşkil edilib və görüş Transavrasiya yüksək sürətli informasiya magistralının (TASIM) yaradılmasına həsr edilib.
Bu gün artıq ilyarım keçəndən sonra, telekommunikasiya sərgisində təqdim edilmiş "TASIM" layihəsi dünyanın bir sıra ölkəsinin sınağından çıxıb, həmçinin BMT Baş Assambleyasının 64-cü sessiyası tərəfindən bəyənilib. Bu ilin aprel ayında Şanxayda keçirilən "China EXPO-2010" beynəlxalq sərgisində təqdim edilən layihə Çin hökumətinin dəstəyini qazanıb, həmçinin ölkənin iri "China Telecom Corporation Limited" və "Huawei" şirkətləri onu maliyyələşdirməyə hazır olduqlarını bildiriblər. Maraqlıdır ki, bu ilin noyabr ayında növbəti dəfə keçiriləcək "Bakutel-2010" telekommunikasiya sərgisinin gedişində memorandum imzalanması və "TASIM" layihəsinin gerçəkləşdirilməsi üzrə beynəlxalq konsorsiumun formalaşdırılması gözlənilir.
Tanınmış şirkətlər "Gilat", "Hawker", "Huawei", "Karel", "Ness Technologies", "Softline", "Telesis", "Penki Kontinentai Group" və başqaları məhz telekommunikasiya sərgisində iştirak edəndən, onun vasitəsi ilə RİTN və Azərbaycan IT bazarınının iştirakçıları ilə əlaqələr qurandan sonra Azərbaycanda fəailyyətlərinə başlayıblar. Hazırda onlar birbaşa nümayəndəliklər və ya tərəfdaş şəbəkələr vasitəsilə fəal olaraq Azərbaycan bazarında irəliləyirlər. "Bakutel"in meydanından istifadə edən "CATEL" şirkəti 2007-ci ildə bazara yeni "Fonex" brendi ilə çıxıb və CDMA standartları ilə yeni mobil rabitə xidməti göstərməyə başlayıb. Elə həmin forumda iki il qabaq mobil operatorlar ilk dəfə olaraq sürətli 3G formatlı internet-texnologiyalar təqdim ediblər və artıq "Azerfon" şirkəti onun tətbiqinə başlayıb.
Son iki-üç ildə "AITF" turizm sərgisi yetərincə yüksək artım sürəti nümayiş etdirir. Bu il onun iştirakçılarının sayı 25% artıb, özü də bu dünya istirahət sənayesini bürümüş sərt böhran şəraitində baş verir. Azərbaycan iqtisadiyyatının sabit inkişafı və onun əhalisinin ödəniş qabiləyyətli tələbatının qorunması qlobal turizm bazarının yeni-yeni iştirakçılarını ölkəyə cəlb edir. "AITF-2010" sərgisinin daha bir yeniliyi ölkənin regionlarının iştirak miqyasının genişləniəsidir. Otel potensialının dörd dəfədən çox artaraq, mehmanxanatipli 370 obyektə çatması regional şirkətləri yerli bazarda ciddi oyunçulara çevirir. Sərgi çərçivəsində turizm sahəsi mütəxəssislərinin iki mindən çox önəmli beynəlxalq əlaqəsi qurulub ki, bu da Azərbaycanın dünyanın çox ölkələri ilə əlaqəsinin qurulmasına xidmət edir.
"Iteca Caspian" tərəfindən keçirilən başqa tematik sərgilər də - tibb, avtomobil, maliyyə, nəqliyyat sərgiləri də nəticəsiz qalmayıb. Bu sərgilərin gedişində yerli və xarici tərəfdaşların əməkdaşlığı barədə müxtəlif sazişlər bağlanıb, avadanlıq, mal göndərilməsi üzrə müqavilələr imzalanıb və yerli nümayəndəliklər açılıb.
Göründüyü kimi, Azərbaycanın sərgi bölməsi hələ formalaşma mərhələsindədir. Beynəlxalq ekspertlərin qiymətləndirməsinə görə, Azərbaycanın sərgi potensialı Ukrayna bazarına bərabərdir, Qazaxıstan səviyyəsinə çatmaq üzrədir və Gürcüstanın sərgi potensialını on dəfə üstələyir, ildə bir dəfə birləşmiş ticarət sərgisi keçirilən Ermənistandan isə danışmağa dəyməz.
Maraqlıdır ki, Qazaxıstanın və Ukraynanın bu ölkələrin iqtisadiyyatının baza bölmələri ilə möhkəm bağlı olan sərgi potensialı qlobal iqtisadi böhrandan güclü zərbə alıb, forumların həcmləri və cəlbediciliyi nəzərəçarpacaq dərəcədə azalıb. Amma dünya depressiyası Azərbaycan iqtisadiyyatına və uyğun olaraq sərgi fəaliyyətinə nisbətən az təsir göstərib. "Yaxın üç ildə sərgi tədbirlərinin templəri yalnız artacaq: paytaxtda yeni sərgi kompleksinin istifadəyə verilməsi ilə Bakının Xəzər regionunun mərkəzi sərgi evi kimi rolu artacaq", - deyə "Iteca Caspian" şirkətinin icraçı direktoru Fərid Məmmədov bildirir.
Burada söhbət Heydər Əliyev adına Beynəlxalq Hava Limanının yaxınlığında inşa edilmiş yeni "Baku Expo Centre" beynəlxalq sərgi mərkəzindən gedir. Xəzəryanı bölgənin ən çağdaş sərgi kompleksinin sahəsi 33 800 kv.m-dir. Burada əsas ekspozisiya meydanları ilə yanaşı, xüsusi olaraq konfransların, seminarların, təqdimatların keçirilməsi üçün təchiz edilmiş çağdaş konfrans-zallar da tikilib.
"Bu yeni meqa kompleksin divarları arasında keçiriləcək ilk sərgi "Caspian Oil&Gas-2010" forumu olacaq. Bütün dünyanın öz üzərində qlobal iqtisadi böhranın təsirlərini hiss elədiyi bu çətin zamanlarda Azərbaycan rəhbərliyi bu cür çağdaş sərgi kompleksinin işə salınması barədə qərar qəbul edib. Biz ümid edirik ki, yeni "Baku Expo Centre" sərgi kompleksinin işə salınması ilə Bakı Xəzəryanı regionun sərgi sənayesinin mərkəzi kimi öz mövqeyini möhkəmləndirəcək", - deyə Britaniyanın "ITE Group" şirkətinin icraçı direktoru Edvard Stroon bildirir.
Bakının regional sərgi mərkəzi kimi beynəlxalq statusunun möhkəmlənməsi yetərincə gerçək məsələdir.
Keçən yüzillikdə Avropa və Şimali Amerikanın iri sərgi tədbirləri elmi-texniki uğurların və dünyanın iri şirkətlərinin məhsullarının nümayiş etdirildiyi əsas meydanlar olub. Ancaq son onillikdə yeni meyil müşahidə edilir - inkişaf etməkdə olan ölkələrdə keçirilən regional sərgilər populyarlıq qazanır. Məhz bu sərgilərədə dinamik satış bazarları formalaşır. Buna görə də, transmilli korporasiyalar və dünya sənaye brendləri öz məhsullarını və xidmətlərini potensial istifadəçilərə yaxın nümayiş etdirməyə can atırlar. Bu baxımdan Azərbaycanın sərgi potensialı da sözügedən qlobal marağı tam mənada hiss edir. Statistika göstərir ki, keçən il "Iteca Caspian"ın sərgilərində 55,3 min izləyici olub, onların 30%-i və ya 16,5 mini xarici qonaqlar imiş.
Başqa tərəfdən, son illərdə ölkənin ayrı-ayrı regionlarında elə də böyük pay tutmayan, amma bununla belə Bakı sərgilərində iştirak edən orta səviyyəli kiçik şirkətlərin və sənaye müəssisələrinin sayı yetərincə artıb. Bu qurumların öz məhsullarını xarici sərgilərdə nümayiş etdirməsi hələ ki, yararlı deyil və ticari baxımdan özünü doğrultmur. "Iteca Caspian"ın tematik forumları isə öz məhsullarını nümayiş etdirmək və qarşılıqlı faydalı xarici əlaqələr qurmaq üçün əlverişli üsuldur. Sərgiyə çıxmaq istəyənlərin bu kateqoriyasının marağını dəstəkləmək üçün "ITE Group PLC" və onun azərbaycanlı tərəfdaşı buna paralel olaraq sərgi coğrafiyasını genişləndirir - artıq iki dəfə ölkənin ikinci şəhəri Gəncədə sərgi keçirib. "Gəncənin infrastrukturu" və "Qərb bölgəsinin tikinti sərgisi" forumlarının bu ilin payızında üçüncü dəfə də keçirilməsi düşünülür. Özü də əvvəlki illərdə olduğu kimi, bu regional sərgilərə yerli şirkətlərlə yanaşı, beynəlxalq şirkətlər də qatılacaq.
"Iteca Caspian" Azərbaycan şirkətlərinə daha bir sahədə də yardım edə bilər - bu, Britaniyanın "ITE Group PLC" şirkəti tərəfindən yaxın və uzaq xarici ölkələrdə keçirilən sərgilərdə iştiraka kömək etməklə bağlıdır. O cümlədən, Azərbaycan yeyinti sənayesinin "Azərsun Holdinq" kimi müəssisələri, şərabçılıq şirkətləri Rusiya, Qazaxıstan və Özbəkistanda keçirilmiş sərgilərə qatılıblar. Bir sıra tikinti şirkətləri və tikinti materialları iistehsalçıları isə Avropada ən iri olan Moskva tikinti sərgisində iştirak ediblər. Özü də "ITE Group PLC" bizim şirkətlərin öz məhsul və xidmətləriin xaricə nümayiş etdirməsinə kömək məqsədi ilə onlara ən çevik və əlverişli ticari şərtlər təqdim edib.
Azərbaycan iqtisadiyyatının dinamik artım göstəricilərinin gələcəkdə də saxlanacağı barədə proqnozları nəzərə alaraq ehtimal etmək olar ki, bu inkişafı əks etdirən sərgilərin də artım tempi aşağı olmayacaq. Bu, sənayenin, kənd təsərrüfatının və maliyyə bölməsinin artan rəqabət qabiliyyəti ilə yanaşı, yerli biznes subyektlərinin qlobal bazara inteqrasiyasına imkan verəcək.
MƏSLƏHƏT GÖR: