HƏR ŞEY BİR GÜNDƏ DƏYİŞDİ
Müxalifət lideri ətrafında yaşanan qalmaqal, demək olar ki, türkiyənin siyasi xəritəsini tam şəkildə dəyişdirib
Müəllif: Ramin ABDULLAYEV Bakı
Türkiyənin nəhəng müxalifət qüvvəsi - Cümhuriyyət Xalq Partiyasının (CXP) lideri Dəniz Baykal mayın 10-da vəzifəsindən istefa vermək məcburiyyətində qaldı. Onun son 18 ildə tutduğu postdan getməsinə səbəb, mətbuatda barəsində baş qaldırmış "seks qalmaqalı" oldu.
Qalmaqal İnternetdə 71 yaşlı siyasətçinin partiya üzvü olan Nesrin Baytokla intim səhnələrinin əks olunduğu görüntünün yayılması ilə baş verdi. Bundan qəzəblənmiş Baykal olayı "qanuna və mənəviyyata qarşı sui-qəsd" adlandırıb. Baykalı qəzəbləndirən həm də naməlum şəxslərin onun evinə soxularaq, oraya dinləyici və səsyazıcı qurğular yerləşdirməsi idi.
Siyasətçi bildirib ki, istefasına zəiflik və mövqelərini itirməsi kimi yox, şəxsiyyət hüquqlarının müdafiəsi və ictimai şüurda islahatlar tələbi kimi baxılmalıdır.
Bununla yanaşı, CXP lideri xüsusi olaraq vurğulayıb ki, hakim elitanın icazəsi olmadan hakimiyyətin opponentlərinə bu formada hücum mümkünsüzdür.
Müxalifət simasını itirir?
Baykal Türkiyə müxalifətinin simasına 2002-ci il noyabrın 3-də çevrilib. O zaman Baykalın rəhbərlik etdiyi partiya 19,4% səs toplayaraq, parlament seçkisində ikinci nəticə göstərmişdi. Həmin vaxt partiya daxilində yaranmış fikir ayrılıqlarına və İstanbulun Şişli bələdiyyəsinin rəhbəri Mustafa Sarıgülemin, faktik olaraq, ayrıca fraksiya yaratmasına baxmayaraq, Baykal postunu qoruya və partiyanı parçalanmaqdan xilas edə bilmişdi.
CXP tərəfdarları da bu kursa qiymət verərək, 2007-ci ilin seçkisində partiyaya dəstəyi artırdı. Nəticədə, 20,8% səs toplayan partiya yenə də parlament seçkisində ikinci oldu.
Son sorğular göstərirdi ki, Baykalın nüfuzunda azalma yoxdur. Lakin hər şey bir gündə dəyişdi.
Bunu anlayan siyasətçi partiyanın sədri postuna dönməyəcəyini bildirib. Amma o, siyasi meydanda qalacağını da istisna etməyib.
Nüfuzlu "Hürriyyət" qəzetinin Baykalın istefasından dərhal sonra keçirdiyi sorğu göstərib ki, qalmaqaldan cəmi 3 gün sonra respondentlərin 11,8%-i onun vəzifəsinə qayıtmasını istəyir.
Amma müxalifət tərəfdarlarının əksəriyyəti (300 min respondentin 60,1%-i) partiyanın başına yeni siyasətçinin keçməsini vacib sayır. Onların çoxu bu şəxsin CXP-nin parlament fraksiyasının rəhbəri Kemal Kılıçdaroğlu olmasını istəsə də, parlamentarinin özü hələ ki partiyaya rəhbərlik etmək istəmədiyini bildirir. Amma artıq bu, vacib deyil. Çünki Baykalın partiyasının imici xeyli korlanıb və bu, 2012-ci ildə keçiriləcək parlament seçkisi ərəfəsində CXP-nin elektoratının xeyli hissəsini itirməsi deməkdir.
Uzun illər ərzində Baykalın partiyası hakim Ədalət və İnkişaf Partiyasının (ƏİP) əksər təşəbbüslərinə sərt opponentlik edib və onları Türkiyənin dünyəvi düzəninə təhlükə adlandırıb. 2 il əvvəl Baykalın Konstitusiya Məhkəməsinə təqdim etdiyi iddia ilə hakim partiyanı buraxılmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Səbəb isə onun ictimai yerlərdə qadınların hicabdan istifadəsinə qoyulmuş qadağanı aradan qaldırmaq cəhdi idi.
Müxalifət, həmçinin, Dəniz Baykalın tərəfdarları hakimiyyətin konstitusiyaya dəyişikliklər təşəbbüsünə də etiraz edir. Onların fikrincə, nəzərdə tutulmuş dəyişikliklər yalnız hakimiyyətin mövqelərinin möhkəmləndirilməsinə hesablanıb. Hakim partiyanın təşəbbüsünün parlamentdə keçməsinə imkan verməyən müxalifət onu məsələni referenduma çıxarmağa məcbur edib. Ümumxalq səsverməsinin sentyabrın 12-də keçiriləcəyi yəqinləşib.
Baykal və onun partiyasına inamın xeyli azaldığı indiki dövrdə, hakim elitanın referendum vasitəsilə konstitusiya dəyişikliklərini qəbul etmək ehtimalı xeyli yüksəlib. Əgər yaxın həftələrdə CXP özünə kifayət qədər güclü lider xüsusiyyətinə malik sədr seçməsə, hakimiyyətin bu məsələdə uğur qazanacağı şübhə doğurmur.
Təbii olaraq, Dəniz Baykalla bağlı qalmaqal hakim ƏİP-in də mövqelərinə təsirini göstərib. Müxalifət sıralarında, həmçinin, ictimaiyyət arasında belə bir fikir yaranıb ki, CXP liderinin qürubu hakim elitanın KİV-də onun intim həyatından görüntülərin yayılmasına imkan verməsinin nəticəsidir.
Yəqin ki, bu qalmaqalın əsl sifarişçisi tapılmayacaq. Kasetin izi isə artıq gedib Kanadaya çıxır.
Bu vəziyyətdə baş nazir Rəcəb Tayyib Ərdoğan vətəndaşların şəxsi həyatının toxunulmaz olması prinsipinə sadiqlik nümayiş etdirməkdədir.
Hökumət düşərgəsində də bilirlər ki, müasir texnologiyanın inkişaf etdiyi dövrdə D.Baykalın başına gələnlər istənilən qütbə aid siyasətçinin də başına gələ bilər və heç kəs bundan sığortalanmayıb.
Əgər Ərdoğanın partiyası Türkiyənin siyasi xəritəsini, demək olar ki, dəyişmiş qalmaqalın arxasında dayananları üzə çıxara bilsə, o özünə qarşı olan şübhələri aradan qaldıracaq. Bu halda CXP baş verənlərin öhdəsindən təkbaşına gəlməli olacaq.
Amma qalmaqalın "izi" hansısa siyasi qüvvəyə gedib çıxsa, vəziyyət kökündən dəyişə bilər.
Türkiyənin digər müxalifət lideri, deputat mandatlarının sayına görə üçüncü olan Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı yaranmış vəziyyətdən yararlanmaq imkanını əldən verməyib. Partiyasının üzvləri qarşısında çıxışı zaman o, Dəniz Baykalın şəxsi həyatına müdaxiləni "utandırıcı" adlandırıb və hökuməti ölkənin siyasi həyatına düşmüş bu "qara ləkə"ni təmizləməyə çağırıb.
Analitiklər hesab edir ki, Türkiyədə hakimiyyəti dəyişməyə çalışan qüvvələrin 2012-ci ildə Ərdoğan hökumətinə qalib gələ biləcək yeni müxalifət qurmağa cəhd edəcəkləri istisna deyil. CXP-nin son 8 ildəki səyləri və hakim partiyanın daxildən parçalanmasına cəhdlərin nəticə vermədiyi də göz önündədir. Bu səbəbdən də reytinqi 20-30%-i aşmayan müxalifət strukturlarının formatının dəyişdirilməsi planı ortaya çıxıb.
Amma Türkiyə müxalifətinin "yeni dizayn"ı baş tutmaya da bilər. Məlum olub ki, Baykala əvəz tapılması o qədər də asan deyil. CXP lideri postunu artıq 10-dan çox namizəd gözaltı edib; bu isə o deməkdir ki, Ədoğanın opponentlərinin daxilində intriqalar baş qaldıracaq.
Bütün bunlar avtomatik olaraq, aparıcı müxalifət qüvvəsinin son dərəcə zəifləməsinə, hətta D. Baykalın partiyasının boşaltdığı yeri tutacaq yeni solçu cəbhənin formalaşmasına gətirib çıxara bilər.
MƏSLƏHƏT GÖR:

444

