5 Dekabr 2025

Cümə, 23:59

RUSİYA ilə TÜRKİYƏ QAFQAZDA İNQİLAB HAZIRLAYIR

və onu Ermənistandan başlamaq lazım gələcək

Müəllif:

15.05.2010

Türkiyə və Rusiya KİV-in prezident Dmitri Medvedevin Türkiyəyə "tarixi" səfərindən yazdığı bir vaxtda, Ermənistan mətbuatı "Rusiya ilə Türkiyə arasında uzunmüddətli siyasi əməkdaşlıq mümkün deyil", "Rusiya ilə Türkiyə arasında çoxsaylı ziddiyyətlər var", "Rusiya Türkiyənin Cənubi Qafqazdakı səylərinə mane olacaq" kimi başlıqlı yazılara üstünlük verdi.

"Azq" qəzeti yazır ki, "Ermənistan tərəfi Rusiya -Türkiyə münasibətlərinə dair hər hansı faktı ürək ağrısı ilə qəbul edir". 

Görəsən, niyə? Yerevanın strateji tərəfdaşının Ermənistanın özünün sərhədləri açmasına bu qədər ehtiyacı olan ölkə ilə münasibətləri yaxşılaşdırmasında pis nə var ki?

Medvedevin Ankaraya səfəri zamanı Rusiya və Türkiyə rəhbərlərinin verdikləri açıqlamaların səthi analizi belə göstərir ki, Yerevanı narahat edəcək məqamlar yox deyil. Söhbət heç də Ankara ilə Moskvanın 5 il ərzində ikitərəfli ticarət dövriyyəsini 100 milyard dollaradək artırmaq haqda razılaşmasından, 30 günlük səfər üçün viza rejimini ləğv etməsindən, Türkiyədə 20 milyard dollarlıq AES tikintisnə dair sənəd imzalamalarından, milli valyutalarla hesablaşmalara yol açmalarından getmir.

Ermənistanı qıcıqlandıran odur ki, əməkdaşlığın genişləndirilməsi Rusiya ilə Türkiyəni siyasi arenada daha fəal oyunçulara çevirir və bu, Cənubi Qafqaza da aiddir. Onlar mövqelərinin gələcəkdə daha da möhkəmlənməsi üçün regiondakı status-kvonun dəyişməsində maraqlı olacaqlar.

"Biz Qafqazın taleyini mütləq dəyişəcəyik. Qafqazda psixoloji inqilab edəcəyik. Bu siyasətin uğurla nəticələnməsi üçün, ilk növbədə, bu siyasəti aparanların inamı, daha sonra digərlərinin də buna inandırılması vacibdir. Biz buna  inanırıq", - deyə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Medvedevin Ankaraya səfərini şərh edərkən bildirib.

Ermənistan isə "digərləri"nin yerində olmaq istəmir. Məqsəd isə aydındır: vaxtı bacardıqca uzatmaq, bununla da dünyanın Yerevanın, demək olar ki, bütün qonşularına qarşı irəli sürdüyü ərazi iddiaları kimi şıltaqlıqları ilə barışmasına nail olmaq.

Bununla yanaşı, Yerevan hələ də Azərbaycanın daim barəsində danışdığı bir məqamı anlamaq istəmir. Halbuki bu məqamı artıq çoxdan bütün dünya qəbul edib və Ermənistanda da bu hiss edilir. "Məntiqi düşünsək, Ermənistan -Türkiyə münasibətlərinin normallaşdırılması prosesinin dondurulmasından sonra siyasi nöqteyi-nəzərdən Qarabağ münaqişəsi əsas müzakirə mövzusu olmalıdır. Amma bu iki problem əlaqəli proseslərdir və Dağlıq Qarabağ münaqişəsi çözülmədən Türkiyə ilə diplomatik münasibətlər qurmaq mümkün olmayacaq", - deyə "Noravank" fondunun direktoru Qagik Arutyunyan bildirib.

Görünən odur ki, Rusiya məhz Arutyunyanın dediyi məntiqlə hərəkət etmək niyyətindədir. Dmitri Medvedev Abdullah Gül ilə danışıqlardan sonra bildirib ki, Rusiya tərəfi bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişlərə səy göstərəcək. O, Moskvanın bu məsələdə Türkiyədən olan həmkarları ilə də məsləhətləşəcəyini söyləyib.

Bunun ardınca isə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Dmitri Medvedevlə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, əgər ATƏT-in Minsk qrupu Ermənistan - Azərbaycan münaqişəsinin həllində bundan sonra da uğurlu fəaliyyətini davam etdirərsə, Ankara da danışıqlar prosesində iştirakını nəzərdən keçirə bilər: "Hazırda bizim məqsədimiz Azərbaycan və Ermənistanı münaqişənin sülh yolu ilə həll prosesinin başlanğıcı sayılacaq nöqtəyə itələməkdir. Biz bu prosesin davam etdirilməsi üçün əlimizdən gələni edəcəyik".

Doğrudur, Türkiyənin Minsk qrupunun işində iştirakı məsələsinə əksər analitiklər müəyyən şübhə ilə yanaşır. Lakin hadisələrin inkişafı göstərir ki, artıq Ankaranın Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsində rolunun artması qaçılmazdır. Minsk qrupu formatında olmasa da belə.

Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimovun Türkiyənin münaqişənin həlli prosesində iştirakını nəzərdə tutan bəzi yeni detalları açıqlaması da təsadüf deyil. "İlkin mərhələdə Azərbaycan 5 rayonun azad edilməsini, Laçın yolunun qaytarılması və Ermənistan -Türkiyə sərhədlərinin açılmasını təklif edə bilər. Lakin bu yalnız o halda mümkündür ki, növbəti mərhələdə qalan ərazilərin, yəni Laçınla Kəlbəcərin nə vaxt qaytarılacağı dəqiqləşsin", - deyə A.Əzimov bildirib.

İstənilən halda, Rusiya və Türkiyə prezidentlərinin görüşü Dağlıq Qarabağ münaqişəsinin həll prosesinə təkan verə bilər. Moskva ilə Ankaranın birgə səylərinin ATƏT-in Minsk qrupunun digər həmsədrlərinin də, xüsusilə ABŞ-ın fəallaşmasına rəvac verməsi də mümkündür. Çünki Vaşinqton, çətin ki, təşəbbüsü əldən buraxmaq istəsin.


MƏSLƏHƏT GÖR:

468