5 Dekabr 2025

Cümə, 23:59

AZƏRBAYCAN AVROPANI FƏTH ETDİ

Bakıda keçirilən güləş üzrə Avropa çempionatı milli güləş məktəbinin gücünü dünyaya nümayiş etdirdi

Müəllif:

01.05.2010

Bakıda təşkil edilən güləş üzrə Avropa Çempionatı Azərbaycan idmanının tarixinə qızıl hərflərlə yazıldı. Ölkədə ən çox sevilən idman növü - güləş məktəbimiz bir daha bütün dünyaya gücünü göstərdi. Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil edilən qitə birinciliyinin təntənəli açılış mərasimində ölkə prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev də iştirak etdi. Avropa Çempionatının açılış mərasimində milli kolorit, gözəl rəqslər, məşhur xanəndəmiz Alim Qasımovun ecazkar ifası zövq oxşadı. 

37 ölkədən 450 pəhləvanın iştirak etdiyi Avropa Çempionatında ilk olaraq sərbəst güləşçilər mübarizəyə qoşuldular. Ən yüngül çəkidə Mahmud Maqomedov azarkeşlərimizi sevindirdi. Yığmamızda debüt edən Maqomedov ilk görüşdə Almaniya təmsilçisi Marsel Evalda şans vermədi. Pəhləvan hər iki hissədə 2:0 hesablı qələbə qazanmaqla iddiasını nümayiş etdirdi. Onun 14 finaldakı rəqibi moldovalı Aleksandr Çirtoaça oldu. Güləşçimiz yarışa bu mərhələdən başlayan həmkarını Bakıya gəlməyə peşman etdi. Yarımfinalda rumın Andrey Dukovla qurşaq tutan Mahmud əvvəljə rəqibə xal versə də, hissənin sonunda hesabı bərabərləşdirdi. 2-ci hissə rumın idmançının xeyrinə başa çatdığından, finalçı son həlledici hissədə məlum oldu. Burada əzmkar mübarizə sayəsində pəhləvanımız adını finala yazdırdı. Qızıl medal uğrunda görüşdə Mahmud Maqomedov Radoslav Velikovdan üstün oldu. Artıq ilk hissədə 7:0 hesablı qələbədən sonra rəqibin heç bir şansı olmadığı üzə çıxdı. İkinci hissədə də Mahmud 4:1 hesablı qələbə əldə etdi. Bununla da təmsilçimiz Avropa Çempionatında ilk qızıl medalımızı qazandı. 

66 kq-da Azərbaycan Bayrağını Cəbrayıl Həsənov ucaltdı. Milli güləş məktəbinin yetirməsi olan Cəbrayıl ardıcıl olaraq britaniyalı Ceyms Roberts, moldovalı Vladimir Qotsianı, polyak Henrik Sobierailı üstələməklə finala adladı. Həmyerlimizi qızıl medal uğrunda görüşdə 2008-ci ildə dünya birinciliyinin qalibi rusiyalı Maqomedmurat Qaçiyevlə çətin mübarizə gözləyirdi. Amma Cəbrayıl ona olan ümidləri doğrultdu. İlk hissə həmyerlimizin minimal hesablı qələbəsiylə yekunlaşdı. Növbəti hissədə Rusiya təmsilçisi 3:0 hesablı uğurla görüşün taleyini əlavə vaxta daşıdı. Əsas mübarizə də elə üçüncü hissədə baş tutdu. Cəbrayıl əsl xarakter nümayiş etdirməklə, rəqibindən güclü olduğunu sübut etdi və fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. 

Mahmud Maqomedovla Cəbrayıl Həsənov kimi Şərif Şərifov da çempion ola bilərdi. 84 kq-da ölkəmizi təmsil edən pəhləvan ardıcıl üç qələbədən sonra finalda yarışmaq imkanı əldə etdi. Amma burada Rusiya təmsilçisi Anzor Urişevlə bajarmadı. Hər iki hissədə uduzan Şərifov qitə birinciliyinin gümüş medalıyla kifayətləndi.

Son Avropa Çempionatının qızıl mükafatçısı Çamsulvara Çamsulvarayev (74 kq) yarımfinalda uduzmaqla ötənilki uğurunu təkrarlaya bilmədi. Təsəlliverici görüşdə alman Georg Hartı üstələyən idmançımız bürünc medala layiq görülüb. 

Avropa çempionumuz Xetaq Qazyumov (96 kq) isə ikinji dəfə qitənin ən güclü pəhləvanlarından biri olduğunu isbatladı. Finalda gürcü Georgi Qoqşelidzenin kürəyini yerə vuran Xetaq karyerasında ikinci dəfə Avropa Çempionluğunun sevincini yaşadı. Yekunda sərbəst üsulla yarışan pəhləvanlarımız 3 qızıl, 1 gümüş və 1 bürünc medalla tarixin ən uğurlu yarışlarından birini müsbət nəticəylə başa vurdu.

Sərbəst güləşçilərimizin qələbəsini qadın pəhləvanlar da davam etdirdilər. Zərif cinsin nümayəndələri Azərbaycan azarkeşini 2 qızıl medalla sevindirdi. 59 kq-da Sona Əhmədli bütün görüşlərini qələbəylə başa vurmaqla adını çempionlar sırasına daxil etdi. Son illər karyerasında yüksəliş dövrünü yaşayan Sona finalda Bolqarıstan təmsilçisi Taybe Mustafa Yusenti 4:0 hesabıyla məğlub etdi. İkinci qızıl medal Nadejda Semençovanın adıyla bağlıdır. 67 kq-da yarışan xanım güləşçi finalda ukraynalı Katerina Burmistrovaya şans vermədi. Əlbəttə, qadın güləşində medalımız daha çox ola bilərdi. İkiqat Avropa və dünya çempionu Mariya Stadnik, eləcə də Yuliya Radkeviç analıq məzuniyyətində olduğuna görə, qitə birinciliyinə qatılmadı.

Yunan - Roma güləşçilərimiz də Avropa Çempionatında medal ümidimizi doğrultdu. Qitə birinciliyi ərəfəsində hamı ikiqat dünya və olimpiya çempionu Fərid Mansurovdan qızıl medal gözləyirdi. Bu da əbəs deyildi. Titullu pəhləvanımızın karyerasında yalnız Avropa çempionluğu yox idi. Təəssüf ki, Fərid bu dəfə də arzusuna çatmadı. Təmsilçimiz ispan rəqibi ilə görüşdə effektli fəndlə 4 xal qazansa da, ağır zədə alaraq azarkeşləri həyəcanlandırdı. Çənəsinin iki yerdən sınmasına baxmayaraq, Mansurov 2-ci görüşə çıxmağa özündə güc tapdı. Qoruyuju maskayla isveçli rəqibin önünə çıxan Fərid arenaya toplaşanları növbəti qələbəsiylə ayağa qaldırdı. Dözülməz ağrılarla 18 final görüşündən qələbəylə ayrılan yığmanın lideri həkimlərin məsləhətiylə Avropa çempionatında çıxışını dayandırdı. İnsan sağlamlığının hər şeydən üstün olduğunu yaxşı başa düşən tibb işçiləri Fərid Mansurova 14 final görüşünə çıxmağa icazə vermədi. Arenada ciddi zədəyə görə Fərid Mansurovun Avropa çempionatında çıxışı dayandırması elan olunanda azarkeşlər sanki şok yaşadı. Fanatlar "Fərid çempion" sədalarıyla idmançımıza dəstək oldu. Fərid özü isə azarkeşlərin səsini eşitmirdi. Çünki güləşçi artıq xəstəxanaya aparılmışdı. Cərrahiyyə əməliyyatı keçirən Mansurov ən yaxşı halda beş aydan sonra məşqlərə başlaya biləcək. Onun sentyabrda Moskvada keçiriləcək dünya çempionatında da iştirak etməyəcəyi artıq dəqiqdir.

Mansurovun yoxluğunda yunan - Roma güləşçilərimiz 2 qızıl və 1 gümüş medal əldə etdilər. 55 kq-da Elçin Əliyev üç qələbə sayəsində karyerasının ən böyük yarışında finala çıxdı. Pəhləvanımız  həlledici görüşdə komanda yoldaşı Rövşən Bayramovun Pekin Olimpiadasının finalında uduzduğu Rusiya təmsilçisi Nazir Mankiyevlə üz-üzə gəldi. Gənc güləşçimiz ilk hissədə Olimpiya çempionuna qarşı layiqli mübarizə apararaq, 2:0 hesablı qələbə qazandı. İkinji hissədə minimal hesablı üstünlük sayəsində Elçin Əliyev ümumi qələbəni rəsmiləşdirdi. Gənj pəhləvan həm Avropa çempionu oldu, həm də Rövşən Bayramovun intiqamını aldı.

60 kq-da Həsən Əliyev Avropa çempionluğunun sevincini yaşadı. Əsas yığmada Vitali Rəhimovu əvəzləyən gənc pəhləvan finalda ukraynalı Konstantin Baliçkinin kürəyini yerə vurdu. Təmiz qələbə sayəsində Həsən Əliyev yığmamıza növbəti qızıl medalı qazandırdı. Elvin Mürsəliyev də 74 kq-da Avropa çempionu ola bilərdi. Amma pəhləvanımız finalda Belarus idmançısı Aleksandr Kikinovla dueldə məğlubiyyət acısı yaşadı. 

Avropa çempionatı ölkəmizdə qədim ənənələriylə seçilən güləş məktəbinin gücünü bütün qitəyə göstərdi. İdmançılarımız yarışda əsas rəqib Rusiya pəhləvanlarına layiqli müqavimət göstərdi, əksər hallarda isə onlara qalib gəldi. Sevindirici məqamdır ki, komanda hesabında 7 qızıl, 2 gümüş və 1 bürünclə 50 xal toplayan millimiz yarışı ikinci pillədə başa vurdu. Birinci yerdə Rusiya komandası qərarlaşdı. Bolqarıstan isə üçüncü oldu. 

Bakıda keçirilən Avropa çempionatı milli güləş məktəbinin gücünü bütün qitəyə nümayiş etdirdi. Ölkədə ən qədim idman növlərindən olan güləş həmişə ənənələriylə seçilib. Məhz ənənələrə sadiqlik, daim öz üzərində çalışmaqla idmançılarımız bütün yarışlarda yüksək yerlərə layiq görülüb. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev də güləşçilərimizi, onların məşqçilərini və federasiya rəhbərliyini qəbul edərkən bu fikrin üzərində dayanıb. Prezident böyük qələbə münasibətilə pəhləvanlarımızı təbrik edib, onlara gələjək yarışlarda uğurlar diləyib. İkiqat dünya və Olimpiya çempionu Fərid Mansurovun səhhətiylə maraqlanan İlham Əliyev komandamızdan gələcəkdə də böyük qələbələr gözlədiyini deyib. Əsas yarış isə 2012-ci ildə London Yay Olimpiya Oyunlarıdır. Hər olimpiadada bizi medalla sevindirən güləşçilərimiz ənənəni davam etdirməlidir.



MƏSLƏHƏT GÖR:

505