Müəllif: Zərifə BABAYEVA Bakı
Ölkə başçısı İlham Əliyev hesab edir ki, Azərbaycanda yararsız və saxta malların satışı üzərində nəzarət güclənsə də, vəziyyət hələ də ciddi təhlükələrdən xəbər verir. Bu fikri o, Nazirlər Kabinetində cari ilin birinci rübü üzrə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş yığıncaqda ifadə edib; ölkədə yararsız məhsul istehsal edən istehsalçılara qarşı cəza tədbirlərini sərtləşdirməyin vacibliyini vurğulayıb. İlham Əliyevin sözlərinə görə, yararsız və saxta məhsul insanların sağlamlığına zərər vurur, "buna görə də vaxtı keçmiş məhsulları Azərbaycana buraxmamaq üçün idxal, həmçinin, yerlərdə primitiv üsullarla hazırlanmış saxta qida məhsulları üzərində ciddi nəzarət aparılmalıdır".
Prezident qeyd edib ki, bu iş İqtisadi İnkişaf Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən aparılmalı, həmçinin, yerli icra orqanları bu qurumlara lazımi yardımı etməlidirlər. Dövlət başçısı hesab edir ki, "gözlərinin qabağında" bu məhsullar satılan rayon icra başçıları " məsələ ilə məşğul olan dövlət qurumlarını dəstəkləməli və vaxtında bu barədə siqnallar verməlidirlər", çünki həmin dövlət qurumları üçün geniş sahibkarlıq meydanında bütün istehsal sahələrini, on minlərlə müəssisəni və istehsal sahələrini əhatə etmək çox çətindir. İlham Əliyev sanır ki, vətəndaşların sağlamlığına zərər vuran istənilən amilin aradan qaldırılması hər bir vətəndaşın işi olmalıdır.
Hər kəs özü qərar verir?
Qeyd etmək gərəkdir ki, dövlət başçısının Azərbaycan bazarında saxta məhsul satılması ilə bağlı narahatlığı əsassız deyil. Yararsız və saxta məhsul çoxdur və istənilən qarışıq satış nöqtələrində onlara rast gəlmək olar. Düzdür, indi bu sahədə vəziyyət əvvəlki kimi biabırçı deyil, onda küçələrdə, metro keçidlərində və s. yerlərdə xeyli aşağı qiymətə tanınmış brendlərin surroqatını almaq mümkün idi. Özü də həmin surroqatı utanmadan mağazalarda da satırdılar və qiymət mağazanın ad-sanına uyğun olaraq qalxırdı. İndi başqa meyl var - nəinki nəzarət sərtləşib, həm də alıcının özü inkişaf edib və ona təklif edilən malı dəqiq araşdırır. İndi alıcılar hətta ən adlı-sanlı dükanlara belə inanmır. Elektron və çap KİV-ləri yetərincə tez-tez saxta və kustar mallardan, saxtakar istehsalçıların və satıcıların fırıldaqlarından yazır.
Ancaq unutmaq olmaz ki, orijinal və bahalı malları almaq da hər adamın cibinə uyğun deyil. Məsələn, bizim küçə və meydanlarda satılan "fransız" ətirlərinin cəlbedici qiyməti bu pula yaxşı heç nə almağın mümkün olmadığını anlayan çox sayda alıcı üçün vazkeçilməz arqumentdir, onlar sadəcə bilərəkdən özlərinin aldadılmasına yol verirlər. Onların çoxu "Yaxşı, bəs nə edək?" deyə sual verə bilərlər. "8 Mart"da çox adama hədiyyə almaq lazımdır, rəfiqələrimin məsləhəti ilə "tolkuçka"ya getdim. Onlar oradan 10-15 manata fransız ətirləri almışdılar. Ətirlərin qutusu da orijinaldan seçilmirdi. Mağazalardan həmin qiymətə heç vaxt ətir ala bilməzdim, bir neçəsini aldım. Hər halda, hədiyyə verməyə yarayır", - deyə tanış qadınlardan biri danışır.
Bizim çoxumuzun mütəmadi vəsait qıtlığı keçirdiyimiz bir zamanda belə izahlar barədə mübahisə etməyə dəyməz. Amma elə məqamlar var ki, biz hamımız onu bilməli və yadımızda saxlamalıyıq. Saxta ətirlər dünya problemidir. O qədər böyük problemdir ki, onunla eyni vaxtda BMT-nin bir neçə təşkilatı məşğul olur. Ətirlərin uyğunsuzluğu böyük problem olmasa da, bu saxta məhsullar insan orqanizminə zərər vurur. Hər şeydən öncə onu unutmaq omaz ki, ətirlər bütün gün paltarda olur və daim onunla nəfəs alrıq, bəzi molekullar ağ ciyərlərə düşür. Bu, özünəməxsus inqalyasiya, aromaterapiya seansıdır. Çox vaxt saxta ətirlərdə birləşdirici kimi ftalatdan istifadə edilir, bu, naftalinin törəməsidir və təhlükəli toksindir, çox yavaş-yavaş, amma inamla insan orqanizmində yığılır.
Bundan başqa, saxta ətirləri də yuyucu tozlara, şampunlara və sabunlara ətir vermək üçün istifadə edilən yağlardan istehsal edirlər. Ən yaxşı halda onlar başağrısı və ya allergiya yarada bilərlər. Pis halda isə onkoloji xəstəliklərə yol açırlar. Saxta ətirlərin hazırlanması zamanı beynəlxalq keyfiyyət standartları ilə qadağan olunmuş maddələrdən istifadə edilir və şəksiz ki, saxta ətir məhsulları idxal üçün heç bir qanuni icazəyə malik deyil. Bütün bu məhsullar Azərbaycana qanunsuz girir. Açıq saxta məhsullarla yanaşı, ətir bazarı mənbəyi məlum olmayan istehsal malları ilə də doludur. Əgər onlar yetərincə yararlı olsalar belə, Azərbaycan ərazisinə qanunsuz yollarla daxil olublar. Ona görə də saxta ətirlər almaq barədə qərar verməzdən öncə yaxşıca düşünmək gərəkdir.
Başqa məhsullara gəldikdə, Azərbaycan bazarında saxta və yararsız malların içində geyim əşyaları və qida məhsulları üstünlük təşkil edir. Daha sonra parfümeriya və kosmetika, tütün və alkoqol, kompakt-disklər və məişət texnikası gəlir. Saxta məhsullar əsasən uyğunluq sertifikatı olmadan, tanınmış firmaların saxta ticarət markaları ilə satılır. Cənub-Şərqi Asiyadan və Şərqi Avropadan saxta mallar Azərbaycana yararlı qablaşdırmada daxil olur, çox vaxt internet-mağazalarla yayılır. Qeyd etmək lazımdır ki, ölkə daxilində də kiçik gizli sexlərdə çox miqdarda saxta məhsullar istehsal edilir.
Made in Azerbaijan
Xarici vətəndaşlar Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlər, amma onlar da yerli iş adamları kimi mütləq qanunun tələblərinə əməl etməli - sanitar-gigiyena qaydalarını yerinə yetirməlidirlər. Əgər bu baş vermirsə, onda obyektlərin fəaliyyətinə hakimiyyət tərəfindən qadağan qoyulur. Mart ayında belə bir obyekt Bakının Suraxanı rayonunun Ramana qəsəbəsində aşkar edilmişdi - Çin mühacirləri sanitar-gigiyena standartlarına uyğun gəlməyən un məmulatlarının istehsalı ilə məşğul idilər. Standartlarşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sexə daxil olan işçiləri aşkar etmişdilər ki, bulkalar antisanitariya şəraitində bişirilir, obyektin durumu dəhşət doğururdu. İşçilər xüsusi geyim olmadan çalışırdılar, xəmiri qarışdırmaq üçün avadanlıq yox idi, soba müəyyən tələblərə uyğun gəlmirdi, istehsal prosesinin standartları pozulurdu. Sexin yiyəsi Çin vətəndaşı Xyu Kin idi. Daha sonra aydın oldu ki, bütün bu özəl mülkiyyətin, çinlilərin yaşadıqları və işlədikləri evlərin sahibi, əslində, Azərbaycan vətəndaşdır. İşlər onun sifarişi ilə görülürmüş və hazır məhsul Bakı qəsəbələrində satılırmış. Pozucular "İnzibati Xətalar Məcəlləsi"nin müvafiq maddələrinə uyğun şəkildə inzibati məsuliyyətə cəlb ediliblər və 1 500-2 000 manat cərimə olunublar. Görəsən, Azərbaycanda nə qədər belə sex fəaliyyət göstərir və Azərbaycan alıcısı sağlamlıq üçün təhlükəli olan belə məhsullardan nə qədər almaqda davam edəcək?!
Çox vaxt belə sexlərin sahibləri, şəksiz ki, yerli vətəndaşlar olurlar. Daha bir tutarlı fakt var. Bu yaxınlarda Dövlət Komitəsinin işçiləri tualetdə quraşdırılmış və fransız mineral suyu "Perye" buraxan sex aşkar ediblər. Butılkalara suyu tualet kranından doldururmuşlar. Belə hallar tək deyil. Zirzəmilərdə, əl damlarında və mənzillərdə qənnadı məhsulları, kolbasalar, sosiskalar istehsal edilir. Belə yerlərdə antisanitariya tüğyan edir, siçanlar və siçovullar gəzir. Buna görə də ekspertlər diqqətli olmağı, yalnız mağazalardan və supermarketlərdən mal almağı tövsiyə edirlər. Hətta mağazadan mal aldıqda belə, heç kim yararsız mal almaqdan sığortalanmayıb. Bu isə o deməkdir ki, alıcı məhsulun tərkibində olan inqrediyentlərə, yararlılıq müddətinə, məhsulun istehsal tarixinə və istehsalçının əlaqə telefonlarının olmasına diqqət yetirməlidir.
Bütövlükdə, Standartlarşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) məlumatına görə, 2010-cu ilin birici rübündə insan həyatı və sağlamlığı üçün təhlükə törədən, normativ sənədlərə uyğun gəlməyən ərzaq məhsullarının istehsalçılarına və idxalçılarına qarşı toplam 97 475 manat məbləğində cərimə kəsilib. İnsan sağlamlığı üçün təhlükə törətdiyinə görə dövriyyədən 40 ton qənnadı məhsulu, 888 ton düyü, 10 ton süd məhsulu, 56 min litr alkoqolsuz içki və meyvə şirəsi çıxarılıb. Yararsız məhsul komitə yanında fəaliyyət göstərən və çağdaş avadanlıqla təchiz olunmuş ərzaq laboratoriyasında sınaqdan keçirilib.
Made in China
Həm də mütəxəssislər Çin oyuncaqları almamağı tövsiyə edir; onların üzərini örtən boyada kadmium kimi insan sağlamlığı üçün təhlükəli olan maddələr tapılıb. Hətta qiymətlər əlverişli olsa və uşağın xoşuna gəlsə belə, bunu etmək lazım deyil. Bundan başqa, yoxlamadan keçirilmiş Çin istehsalı oyuncaqların çoxundan pis iy gəlir və tərkibində fenolun səviyyəsinin yüksək olduğu aydın olur; fenol irsiyyətə mənfi təsir göstərir, qaraciyəri, böyrəkləri sıradan çıxarır, qana nüfuz edir və konsentrasiyası çox olduqda yanıqlara səbəb olur. SMPDK uşaq oyuncaqlarını yalnız firma-mağazalardan almağı tövsiyə edir. Mütəxəssislərin məlumatına görə, oyuncaqların çoxunun (təxminən 60%-nin) satıldığı bazarlarda məhsulun keyfiyyətinə, demək olar ki, nəzarət edilmir.
Bu, əlbəttə, ucuz olmayacaq, amma balaların sağlamlığından qiymətli nə ola bilər? Hazırda Azərbaycana, demək olar ki, dünyanın bütün ölkələrindən, ən çoxu isə Çin və Dubaydan oyuncaqlar gətirilir. Ədalət naminə demək olar ki, son zamanlar gətirilən oyuncaqların keyfiyyəti yetərincə yaxşılaşıb. Axı rəsmi şəkildə daxil olan məhsulun həm də keyfiyyət sertifikatı var. Belə olan halda, istehsalçı və idxalçı məhsulun keyfiyyətli olmasında maraqlıdır. Oyuncaqlar Azərbaycana müəyyən edilməsi çətin olan qeyri-leqal yollarla gətiriləndə, dövlət qurumları onların keyfiyyətinə zəmanət verə bilmirlər. Belə halların aşkarlanması üçün xüsusi tədbirlər görülür və bu məhsullar satışdan çıxarılır.
Ancaq istənilən halda, alqı-satqı prosesində ən yaxşı nəzarətçi alıcının özüdür. Öz hüquqlarını yaxşı anlayan yüksək məlumatlı istehlakçını aldatmaq çətindir. Yalnız özünə deyil, çevrəsindəkilərə də yardım etmək üçün belələri tez-tez öz alıcılıq savadı barədə düşünməli olurlar. Bizim hər birimizin də boynuna belə bir öhdəlik düşür: heç kim bizi özümüz kimi qoruya bilməz.
MƏSLƏHƏT GÖR: