5 Dekabr 2025

Cümə, 23:10

GERÇƏK ADINA YALAN SATILIR… UCUZ QİYMƏTƏ

"Erməni soyqırımı": tarixi cəfəngiyat və siyasi təzyiq alətidir

Müəllif:

01.05.2010

Ermənistan və erməniçilik ideoloqları növbəti məyusluq yaşadı. Öz seçki kampaniyasında qondarma "erməni soyqırımı"nı tanımağa söz vermiş ABŞ prezidenti Barak Obama, aprelin 24-də etdiyi ənənəvi çıxışında "soyqırım" sözünü işlətmədi. Keçən il olduğu kimi, bu il də o, yalnız "böyük qırğın" sözü ilə kifayətləndi; ermənilər qarşısında nə söz verir-versin, istəsə də, istəməsə də o, ABŞ-ın strateji maraqları ilə risqə gedə bilmədiyini bir daha sübut etdi. Göründüyü kimi, nə şiş yandı, nə də kabab. 

Birincisi, Ankara razı qaldı ki, B.Obama ermənilərin uydurma iddiaları naminə Türkiyə ilə müttəfiqlik münasibətlərini qurban vermədi. "ABŞ prezidentinin bəyanatı bizim həssasiyyətimiz çərçivəsində verilib ", - deyə Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib. 

İkincisi, ermənilər "böyük qırğın" sözləri ilə təskinlik tapdılar, onların fikrincə, bu ifadə daha dərin və dolğun anlayışdır. 

Bununla yanaşı, "soyqırım" sözünü işlətməyən B.Obama bir daha qonşularına nifrətlə alışıb-yanan Ermənistanın emosiyalarının növbəti tüğyanına səbəb oldu ki, bu da ermənilərin ABŞ-a və şəxsən Barak Obamaya gerçək münasibətini ortaya çıxardı. Baxın, məşhur erməni informasiya agentliklərinin birinin saytında erməni blogerləri Barak Obamaya necə "təşəkkür edirlər": "Bu Keniya çobanının nəvəsindən nə gözləməliydik ki… Qardaşlar və bacılar, döyüş meydanında bizim tayımız yoxdur. Biz həmişə özümüzə deyil, başqa kiməsə ümid bağlayanda uduzmuşuq. Doğrudanmı, tarix bizə heç nə öyrətməyib? Bax, Barak da bizi aldatdı, bizim yardımımız ilə prezident oldu, sonra da yaxşıca atdı". Və ya başqa misal: "Mən erməniləri başa düşmürəm, istənilən halda ABŞ "soyqırımı" tanımayacaq, bu onlara əlverişli deyil. Siyasətdə dostlar yoxdur, maraqlar var. Siz nə düşünürsünüz, ermənilərin xətrinə onlar türk dünyası ilə münasibətlərini pisləşdirəcəklər? Əlbəttə, yox. Onlar ermənilərin zəif yerini bilirlər və bundan Türkiyəni şantaj etmək üçün istifadə edirlər. ABŞ ermənilərə tüpürmək belə istəmir, Rusiya Birinci Dünya müharibəsində daşnakları öz ölkəsinə qarşı istifadə edib, sonra da taleyin ümidinə buraxdı. Əvəzində hədiyyə kimi Azərbaycan torpağında kiçik dövlət yaratdı. Amma Rusiyanın ermənilərə ən böyük hədiyyəsi qonşulara nifrət oldu ki, bu gün də onlara əzab verir". 

Ermənilər özləri çılğın başla məsəlinin məğzini açırlar və təsdiq edirlər ki, "soyqırım" məsələsi yalnız Türkiyəyə siyasi təzyiq alətidir. Məhz buna görə də, Ermənistan və onun himayədarları nüfuzlu tarixçi alimlərin iştirakı ilə müstəqil beynəlxalq komissiyanın yaradılmasının əleyhinə gedirlər. Bu komissiyanın yaradılmasının əleyhdarları məsələnin ədalətli öyrənilməsindən çox ehtiyat edirlər.

Birincisi, bütün arxiv materiallarına hərtərəfli çıxışın tam təmin edilməsi daşnakların vəhşiliyi, həmçinin, onların himayədarlarının qızışdırıcılığı barədə elə faktlar aça bilər ki, bütün hər şey onların özlərinə qarşı yönələr. Buna görə də Türkiyənin dəfələrlə ikitərəfli qaydada arxivləri tam açmaq barədə verdiyi təklif, arxivləri yeddi möhür altında ABŞ-da olan "daşnaksütyun" tərəfindən sərt etirazla qarşılanır. Ancaq Ankara ədalətin bərpası üçün həm də Rusiyada, Böyük Britaniyada, Fransada və ABŞ-da da arxivlərin açılmasına nail olmalıdır. Bu sənədlərdə daşnakların eyni vaxtda həm erməniləri və həm də türk əsgərlərini öldürməsi barədə ovaxtkı missionerlərin xeyli ifadələri var; daşnaklar öldürdükləri erməniləri qurbanlar, öldürdükləri əsgərləri isə intiqamın nəticəsi kimi təqdim edirmişlər. 

İkincisi, 1,5 milyon erməninin ölməsi barədə deyilənlərin mif olduğu ortaya çıxar. Nüfuzlu mənbələrin məlumatına görə, Birinci Dünya müharibəsi ərəfəsində Osmanlı İmperiyasında 1,3 milyon erməni yaşayıb. İlk vaxtlar ermənilərin özləri tərəfindən 300 min adamın ölməsi iddia edilirdi, zaman keçdikcə bu rəqəm milyon yarıma qədərə şişirdildi. Ovaxtkı Amerika missiyasının dediklərindən də həmin hadisələr zamanı ən çoxu 500 min erməninin həlak olmasından danışmaq mümkündür. Özü də onların əksəriyyəti Osmanlı İmperiyasının cənub əyalətlərinə köç zamanı ölüb. Başqa tərəfdən, o vaxt müharibə aparan Osmanlı İmperiyası bu boyda insanı öldürmək üçün lazım gələn iri hərbi kontingenti hansı cəbhədən çıxara bilərdi? Yəni ermənilərin bilərəkdən, özü də bu miqdarda öldürülməsindən söhbət gedə bilməzdi. 

Onda bəs niyə ermənilər milyon yarım adamın öldürüldüyünü iddia edirlər; hətta bəzən bu rəqəmi 2 milyona qədər qaldırırlar?  Tanınmış Azərbaycan politoloqu, Bakı Slavyan Universitetinin "Beynəlxalq münasibətlər" kafedrasının müdiri Oqtay Əliyev bununla bağlı maraqlı versiya irəli sürür: "Müxtəlif məlumatlara görə, həmin dövrdə bütün dünyada ermənilərin sayı 2,5 milyondan 3 milyona qədər dəyişib. İndi ermənilər həmin vaxtlar dünya ermənilərinin yarıdan çoxunun qırıldığını iddia etməklə, sübut etməyə çalışırlar ki, onda Osmanlı İmperiyasının məqsədi bütöv bir millətin kökünü kəsmək olub. Bu, "erməni soyqırımı"nın dünya birliyi tərəfindən tanınmasının birbaşa yoludur ". 

Çağdaş dünyada kütləvi etnik təmizləmələrin araşdırılması üzrə mütəxəssis olan Oqtay Əliyev daha bir maraqlı detala diqqət yetirir: "Bu məsələdə hər şeyə nöqtə qoymaq üçün ermənilər  öncə, dünyaya həmin hadisələrin qurbanlarının kütləvi dəfnolma yerlərini təqdim etməlidir. Onlar ən azından, indiki Türkiyənin cənub-şərq hissəsində və Suriyada olmalıdır. Amma bu da azdır. Yalnız bu yerlərdə tapılmış qalıqların identifikasiyasından sonra bu məsələ üzrə son və ədalətli qərar vermək olar. Allaha şükür, indiki texnologiyalar bu məsələni çox rahat həll etməyə imkan verir. Buna misal kimi, Azərbaycanın Quba rayonunda və keçmiş Yuqoslaviya ərazisində tapılmış kütləvi məzarlıqları göstərmək olar (yeri gəlmişkən,  Qubada dəfn olunanların 1918-ci ildə erməni daşnaklarının qətlə yetirdiyi azərbaycanlılar olduğu sübut edilib - red.). Ermənilərin bu bariz misalları qəbul etməməsi göstərir ki, onlar ifşa olunmaqdan qorxurlar. Həm də identifikasiya tam tərsinə mənzərə ortaya çıxara bilər. Yəni sübuta yetirilə bilər ki, qalıqların çoxu erməni daşnaklarının qətlə yetirdiyi başqa etnoslara aiddir". 

Bundan başqa, bu məsələyə aydınlıq gətirilməsi üçün Beynəlxalq Məhkəmədə baxılmalıdır. Ancaq Haaqa benəlxalq  tribunalının prokuroru L.Moreno-Okampo Ermənistan ədliyyə naziri ilə görüşündə bu məhkəmə qurumunun "erməni soyqırımı" məsələsinə baxa biləcəyini bildirib, amma bunun ermənilərə faydası olacağına inanmadığını da vurğulayıb. 

Birincisi, məhkəmə qərarının çıxarılması üçün Ermənistanın və ya müxtəlif ölkələrin satınalınmış deputatlarının  hay-küylü bəyanatları yetərli deyil. Sübutlar lazımdır və biz söylədiyimiz kimi, onlar yoxdur. 

İkincisi, soyqırım cinayətlərinin xəbərdarlığı və ona görə cəza haqqında 1948-ci ildə beynəlxalq hüquqi status almış konvensiyada retroaktiv tətbiqə yol verilmir. İkincisi, konvensiya yalnız iştirakçı dövlət üzərinə öhdəliklər müəyyən edə bilər ki, bu, Osmanlı Türkiyəsinə şamil edilmir. Yeri gəlmişkən, bu fikir dəfələrələ çox ölkələrin, o cümlədən, ABŞ-ın da hüquqşünasları tərəfindən vurğulanıb. 

Üçüncüsü, buna qədər Ankaranın tələbi ilə Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımın əsas təşkilatçılarından biri olan Ermənistan prezidenti Serj Sarqsyana qarşı şikayətə baxmalıdır. Burada Böyük Britaniya Lordlar Palatasının üzvü lord Maginisin bu yaxnlarda dediyi sözləri xatırlatmaq yerinə düşər:  "Yüz il bundan qabaq baş vermiş hadisələr üzərində müfəssəl dayanmaq məsləhətə uyğun deyil. 100 il bundan qabaq Osmanlı İmperiyasında nələr olduğunu xatırlatmaqdansa, bu günün problemi olan Dağlıq Qarabağ münaqişəsini həll etmək daha yaxşı olardı. Hər iki tərəfin heç bir dəlili və ya bəraəti yoxdur və mənim fikrimcə, ermənilərin və rusların cəhdləri münaqişəyə səbəb olub; bu da faktik olaraq ağır şəraitdə olan çox sayda insanın ölümü ilə nəticələnib". 

Dördüncüsü, Türkiyə "erməni soyqırımı"nı tanımış ölkələri, xüsusilə də İkinci Dünya müharibəsində Almaniya ilə əməkdaşlıq etmiş İsveç kimi ölkələri beynəlxalq məhkəməyə verərək, onları qeyri-obyektivlikdə və bu beynəlxalq qurumun səlahiyyətlərini özbaşına mənimsəməkdə ittiham edə bilər. 

Ermənistan bütün bu şərtləri nəzərə alaraq, yüz il qabaq olmuş hadisələrin tarixi-hüquqi istintaqından boyun qaçırır, təkidlə "erməni soyqırımı" uydurmasına, özü də ABŞ tərəfindən siyasi qiymət əldə etməyə  çalışır. Nə istədiklərini anlamaq çox sadədir. Vaşinqtonun soyqırımı tanıması erməniçiliyi açıq və ya gizli dəstəkləyən başqa ölkələr üçün siqnal ola bilər. Özü də  hazırda ABŞ-a düşmən olan düşərgədən də erməniçiliyi dəstəkləyən təxribatçı  səslər eşidilir. 

Erməniyönümlü "Reqnum" saytında hansısa Viktor Konoplev "Rusiya erməni soyqırımını tanıyıbmı?" məqaləsində Rusiya hakimiyyətinin ünvanına ittiham seli yağdırıb: "1995-ci il aprelin 14-də Rusiya Federasiyasının Dövlət Duması bir səslə "1915-1920-ci illərdə erməni xalqının soyqırımının qınanması barədə" bəyanat qəbul edib. Aradan 15 il keçməsinə baxmayaraq, orada əks olunmuş doğru sözlər yalnız deklarasiyanın gözəlliyi kimi qalıb. Çünki keçən illər ərzində Rusiya bu bəyanatın gerçəkləşdirilməsi üçün heç bir addım atmayıb". 

Maraqlıdır, bu böyük məqaləsində V.Konoplev azərbaycanlılar və türklər, həmçinin, ADR,  kamalist Türkiyəsi  tərəfindən və indiki Azərbaycanda keçən yüzilliyin 80-90-cı illərində törədilmiş "soyqırım" aktlarının  bütöv silsiləsini verir. Bu cür iyrənc çıxışlar "Niyə ermənilər "soyqırım"ın 1915-1923-cü illərdə baş verdiyinə belə təkid edirlər?" sualına da birmənalı cavab verir. Yalnız bu yolla kamalist  Türkiyəsinin varisi olan çağdaş Türkiyəni, həmçinin, Azərbaycanı terror hədəfinə çevirmək mümkündür. Əks halda, heç kimdən "cavab" tələb edə bilməzlər. 

Başqa tərəfdən isə yüz il qabaq baş vermiş hadisəyə görə niyə indiki nəsillər cavab verməlidirlər? 

Bu suala cavabı elə həmin "Reqnum" agentliyinin saytında dərc olunmuş "Niyə Rusiya və ruslar həmişə hamıya borcludur?" məqaləsində   tapmaq olar (müəlliflər "Spisok Klenskoqo" təşkilatının idarə heyətinin üzvləri Y.Jurba və D.Klenskidir). İ. Stalinin dəhşətli repressiyalar törətdiyini vurğulayan məqalə müəllifləri bunu həmin çətin dövrün tələbləri ilə izah edirlər: "Tarix inkişafın ümumi istiqamətini müəyyən edən faktlar toplusundan formalaşır. Napoleon, Hitler, Lenin və  Stalin ideya daşıyıcıları, onu yerinə yetirənlərdir; həm də onlar tarixin obyektiv seçimidirlər. Axı həmin napoleonlar və hitlerlər bu gün də bizim içimizdə yaşayır, amma vəziyyət və tarixin gedişi bu gün elədir ki, onlara bu tarix tərəfindən tələb yoxdur. Şəxsiyyət başqa insanları, hətta öz həmvətənlərini qurban verən diktator olarsa belə, savadlı hüquq müdafiəçiləri bu qərarları əyləncə xatirinə deyil, ölüm-dirim məsələlərinin həlli xatirinə vermiş şəxsin kimliyinin bütün faciəsini anlamalıdırlar". 

Məqalə müəllifləri, hətta tarixdən başqa nümunələr də gətirirlər: "Əgər tarixi şəxslərə keçilərsə, onda niyə Amerika prezidentləri F.Ruzvelt və Q.Trumen bizim  Rusiya hüquq müdafiəçiləri tərəfindən "cəhənnəm dölləri" kimi qəbul edilmirlər? Onlardan birincisi Pyorl-Harbor adasına xaincəsinə hücumdan sonra, ABŞ-ın Sakit okean sahillərində yaşayan bütün yaponları köçürərək, 110 min adamı  Amerika QULAQına doldurdu; onların 62%-i ABŞ vətəndaşı idi. İkincisi isə heç bir gərək olmadığı halda, iki atom bombası partladaraq, Xirosima və Naqasakinin dinc əhalisini qırdı. Niyə Qərbdə heç kimin ağlına İngiltərə burjua inqilabının başçısı O.Kromveli iblis adlandırmaq gəlmir? Məgər onun qərarı ilə avropalıların Şimali Amerikaya böyük köçü başlamamışdımı və bu orada hinduların soyqırımı ilə nəticələnmədimi? Napoleon necə olsun?! Onu yalnız Rusiyaqarışıq bütün feodal Avropası deyil, hətta gələcək dekabristlər də iblis sayırdılar. Amma burası da bəllidir ki, Fransa imperatorunun işğalçı müharibələri və bununla yanaşı, məşhur Napoleon hüquq məcəlləsinin tətbiqi nəticəsinə  feodal Avropası burjuaziya inkişaf yoluna qədəm qoydu". 

Məgər onda Osmanlı İmperiyası bu cür çətinliklər yaşamırdımı, üstəgəl, içəridən erməni xəyanəti ilə üz-üzə deyildimi? Bundan sonra öz arxasını təhlükəsiz saxlamaq üçün erməniləri ölkənin içərilərinə doğru köçürməli oldu. Bu barədə ABŞ prezidenti Ronald Reyqanın keçmiş müşaviri, tanınmış  hüquqşünas Br?s Feyn bildirib: "Əgər ermənilər öz iddialarından əmindirlərsə, niyə Beynəlxalq Məhkəməyə müraciət etmirlər? Onlar Beynəlxalq Məhkəməyə ona görə müraciət etmirlər ki, prosesin gedişində arxivləri öyrənmək lazım olacaq və bunun nəticəsində aydın olacaq ki, ermənilər müstəqillik əldə etmək məqsədi ilə Osmanlı İmperiyasına xəyanət ediblər, türk-müsəlmanları öldürüblər, terror aktları törədiblər". 

Daha bir məqam var. Bosniya hadisələri insanlığa qarşı cinayət kimi tanınıb, amma heç kim Serbiyanı bir dövlət kimi mühakimə etməyib, sadəcə, bu ölkənin ayrı-ayrı rəhbərləri mühakimə edilib. 

Ekspertlərin fikrincə, "erməni soyqırımı"nın tanınması erməniçilik və onun himayədarları üçün maniakal ideyaya çevrilib. Və Türkiyə heç nədən qorxmamalıdır. Nə qədər istəsələr də, aparıcı dövlətlər  öz geosiyasi maraqlarından çıxış edərək, axıra qədər tarixi gerçəklikləri dana bilməzlər. 

Hətta Ermənistanın bu məsələdə həsəd aparıla biləcək fəallığı dünya ictimaiyyətinin diqqətini Dağlıq Qarabağın işğalından yayındırmaq və Ankaranın bu prosesdə prinsipial mövqeyini zəiflətmək məqsədi daşıyan yaxşı düşünülmüş strategiyadan başqa bir şey deyil. 

ABŞ prezidenti Barak Obama,  merkantil Amerika konqresmenləri və ümumiyyətlə, erməniçiliyin bütün sözçüləri isə amerikalı keçmiş hakim, Arkanzas ştatından olan hüquqşünas Samuel Vimsin  "Ermənistan: "xristian" terror dövlətinin sirləri " kitabı ilə  yaxından tanış olmalıdırlar. Bu amerikalı hüquqşünasın Ermənistan haqqında sənədli tədqiqatının üz qabığında göstərilir: "Bu kitabı hər bir xristian və hər bir Amerika vergiödəyicisi oxumalıdır!". 

S.Vims qeyd edir ki, müsəlman dünyasının Amerikaya nifrət bəsləməsinin ən azından bir əsaslı səbəbini bilir:  "Cırtdan Ermənistan dövləti bütün dünyaya səpələnmiş həmtayfalarından istifadə edərək, xristian dünyasını islama və müsəlmanlara qarşı yönəltməyə çoxşəkilli səylər sərf edir. Gerçəkdən faciədir, bu gün Birləşmiş Ştatlarda az sayda ermənimənşəli amerikalı bizim köhnə və etibarlı müttəfiqimiz olan Türkiyəyə qarşı nifrət kampaniyası yayır. Bu azsaylı banda bizim qanunverici orqanları Türkiyəni qondarma 1915-ci il soyqırımında günahlandıran mənasız qətnamələr qəbul etməyə məcbur edir ".

Kitabda dünyanın müxtəlif ölkələrinin arxivlərində aşkar edilmiş faktlarla sübut edilir ki, həm türklərdən, həm də Amerika xristianlarından böyük pul vəsaitləri almaq və bununla da 150 il qabaq çıxdıqları "qədim" vətənlərini mükafatlandırmaq məqsədi ilə qətllər və soyqırım barədə özlərinin uydurduqları  yalan əhvalatlar yayırlar.  S.Vims öz həmvətənlərinə xahişlə müraciət edir: 

"Sualıma cavab verin: kimə inanırsınız - ermənilərin sağ-salamat Osmanlı İmperiyasını tərk etdiyini öz gözləri ilə görən amerikalı şahidlərə, yoxsa birsəslə Osmanlı hökuməti tərəfindən 1,5 milyon soydaşlarının öldürüldüyünü söyləyən ermənilərə? Bu kitab, o cümlədən, erməni mənbələrindən də götürülmüş tarixi dəlillərə əsaslanır. Amerika xristianları üçün özlərinin qərar verməsi imkanı yaranır: kim doğru danışır və kim yalnız öz eqoist maraqları naminə uydurma nağıllar yayır? Ermənilər öz kilsələrindən terror siyasəti gerçəkləşdirmək üçün istifadə edirlər. Onlar Qarabağda müsəlmanlara qarşı soyqırım siyasəti gerçəkləşdirdilər. ABŞ-dakı erməni lobbisi Vaşinqtonla Bakı arasında dost münasibətlərin inkişafına mane olmağa çalışır, muzdlu erməni agentləri isə Birləşmiş Ştatlarda ictimai fikir formalaşdırır". 

Bu kitab erməniçiliyin tarixi cəfəngiyatı siyasi şantaj aləti kimi istifadə edən havadarlarına qarşı ən parlaq cavabdır,  bu havadarların özləri uydurma "Böyük Ermənistan" ideoloqlarının məqsədlərinə çatmaq üçün alətə çevriliblər. 



MƏSLƏHƏT GÖR:

636