5 Dekabr 2025

Cümə, 23:10

"HƏLƏ Kİ, CAVAB GÖZLƏYİRİK…"

İlham Əliyevin Müdafiə Nazirliyindəki müşavirədə səsləndirdiyi bəyanatlar Dünya Birliyi və Ermənistan üçün dəqiq siqnal olmalıdır

Müəllif:

01.05.2010

Erməni-azərbaycanlı və erməni-türk nizamlanması prosesində baş verən proseslər bütün regionu proqnozlaşdırılması mümkün olmayan hadisələrlə üz-üzə qoya bilər. Erməni tərəfinin Qarabağ nizamlanması üçün irəli sürülən Madrid prinsiplərindən imtinası, Cənubi Qafqaz regionunu, faktik olaraq, bu cür təhlükə qarşısında qoyur. Çünki bu imtina, həm də, Ankara ilə Yerevan arasındakı münasibətlərin normallaşdırılması prosesini də dayandırıb.

Bu faktorların hər ikisi Ermənistanın həyata keçirdiyi və regional sülh üçün yolverilməz olan destruktiv siyasətinin nəticəsidir. Belə bir şəraitdə Azərbaycan növbəti dəfə öz sülhpərvərliyini göstərir, qısa zaman ərzində münaqişənin həllinə, uzunmüddətli sabitlik və bütün tərəflərin maraqlarına cavab verən əməkdaşlığa meyilli olduğunu nümayiş etdirir. Amma bununla belə, rəsmi Bakı hamının nəzərinə çatdırır ki, danışıqlar prosesi pərdəsi altında, ermənilərin Dağlıq Qarabağı və ətraf rayonları işğal altında saxlamağa yönəlmiş siyasəti ilə razılaşmayacaq.

Prezident, Ali Baş Komandan İlham Əliyevin sədrliyi ilə Müdafiə Nazirliyində keçirilmiş müşavirədə də bununla bağlı dəqiq və sərt mövqe bir daha ortaya qoyulub. Ali Baş Komandan bəyan edib ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə keçirilən danışıqlar prosesinin yeni mərhələsində müəyyən ümidlər yaranmışdı. "Çünki danışıqlar prosesində müəyyən mərhələlər əldə edilmiş, müəyyən məsələlər razılaşdırılmışdı. O məsələlər ki vaxtilə onlarla bağlı razılığa gəlmək mümkün deyildi. Bu kollektiv fəaliyyət nəticəsində meydana çıxmış Madrid prinsipləri və bu prinsiplər əsasında tərəflərə təqdim edilmiş yeniləşmiş təkliflər, demək olar ki, məsələnin həlli üçün əsas yarada bilərdi", - deyə Azərbaycan prezidenti bildirib. Bununla yanaşı, İ.Əliyev bir daha vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə obyekti olmayıb və olmayacaq. Onun sözlərinə görə, münaqişənin yeganə həll variantı Ermənistanın işğalçı qüvvələrinin zəbt olunmuş torpaqlardan çıxması, sonra kommunikasiyaların açılması, köçkünlərin öz doğma torpaqlarına qayıtması, nəhayət, Dağlıq Qarabağda azərbaycanlılarla ermənilərin vahid Azərbaycan dövləti tərkibində, yüksək muxtariyyət statusu ilə birgə yaşamasıdır. 

Amma status-kvonu maksimum qoruyub-saxlamağa çalışan Ermənistanın mövqeyi sülhün əldə olunmasına maneə yaradır. "Azərbaycan tərəfi heç zaman bununla razılaşmayacaq. Biz dəfələrlə bildirmişik ki, o vaxtadək danışıqlarda iştirak edəcəyik ki, danışıqların real nəticələri mümkün ola bilsin", - deyə Azərbaycan prezidenti vurğulayıb.

İ.Əliyev növbəti dəfə hamının diqqətinə çatdırıb ki, Azərbaycan öz ərazi bütövlüyünü hərbi yolla nizamlamaq variantını istisna etmir: " Bir daha demək istəyirəm, baxmayaraq ki, Ermənistanın qeyri-səmimi davranışı artıq özünü açıq şəkildə büruzə verir, biz danışıqlar prosesinə hələ ki müsbət yanaşırıq. Hələ ki Ermənistan tərəfindən cavab gözləyirik. Son təkliflər qəbul olunarsa, onda sülh sazişi üzərində iş başlana bilər. Əgər təkliflər qəbul olunmazsa, onda, ümumiyyətlə, danışıqlar prosesinə yenidən baxılmalıdır və əlbəttə ki, Azərbaycan yaranacaq vəziyyətə adekvat mövqe nümayiş etdirəcək".

İ.Əliyevin bəyanatı dünya birliyi və beynəlxalq hüququn tələblərinə əməl etmək istəməyən Ermənistan üçün dəqiq siqnal olmalıdır. Xüsusilə də, bu bəyanatın hansı şəraitdə səsləndiyini nəzərə alsaq: Azərbaycan prezidenti ilk dəfə idi, Müdafiə Nazirliyində belə bir formatda müşavirə keçirirdi. Yerevanda bundan lazımi nəticə çıxarmalıdırlar, ələlxüsus da nəzərə alınsa ki, prezident Əliyevin də söylədiyi kimi, Ermənistanla Azərbaycan arasında bütün sahələrdə çox böyük fərq var.

"Bizim xərclərimiz son 5-6 il ərzində 10 dəfədən çox artıb. Hərbi hazırlıq yüksək səviyyədədir. Orduda və bütün Silahlı Qüvvələrdə ruh yüksəkliyi var. Son illər ərzində çoxlu texnika, silah-sursat alınıb. Bu proses davam edir və bu bizim təbii haqqımızdır", - deyə İ.Əliyev bildirib. 

Beləliklə, Azərbaycan öz torpaqlarında tarixi ədalətin bərpa olunması üçün istənilən imkanı nəzərdən keçirir. Və ən sərt tədbirlərin də istisna olunmamasının səbəbkarı məhz Ermənistandır. Azərbaycan dövləti və xalqının sülhə meyilli olduğunu bütün dünya bilir. Və Bakıda keçirilmiş dünyanın dini liderlərinin sammiti də bunu bir daha nümayiş etdirdi.

Forumdakı çıxışı zamanı İlham Əliyev xatırladıb ki,  "Əsrlərboyu Azərbaycanda müxtəlif millətlərin, dinlərin nümayəndələrinin dostluq və qardaşlıq şəraiti mövcud var. Biz çox şadıq ki, son vaxtlar Bakıda sivilizasiyalararası dialoqun gücləndirilməsi işinə böyük töhfə verən mötəbər beynəlxalq tədbirlər keçirilir. Azərbaycan dinlərarası dialoqun praktiki nöqteyi-nəzərdən gücləndirilməsi işinə öz töhfəsini verib və verməyə davam edəcək". 

Prezident vurğulayıb ki, dövlətin qüdrəti yalnız onun iqtisadi imkanları ilə ölçülmür: "Bizim gücümüz birliyimizdədir, Azərbaycanda hökm sürən sabitliyin möhkəmlənməsindədir, dini və milli sülhün mövcudluğundadır".

Azərbaycanın belə mövqeyi indi - "Minsk prosesi"nin gələcək taleyinin həll olunduğu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və digər beynəlxalq hüquqi sənədlərin icrasına nail olunmadığı bir şəraitdə xüsusilə önəmlidir. Azərbaycan qonşuları ilə dinc şəraitdə yaşamaq, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa nail olmaq əzmini əməldə nümayiş etdirir. Etnik təmizləmələr nəticəsində regionda yeganə monoetnik dövlətə çevrilmiş Ermənistan isə bütün qonşulara qarşı ərazi iddialarını davam etdirir. Və gec-tez dünya birliyi bu amili nəzərə almalı olacaq. Əks təqdirdə, hadisələrin sonrakı inkişafına görə məsuliyyəti, artıq 20 ildir münaqişənin ədalətli həllini gözləyən Azərbaycan daşımayacaq...


MƏSLƏHƏT GÖR:

505