Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Azərbaycan futbolunda iz qoyan, böyük azarkeş kütləsinin rəğbətini qazanan Nazim Süleymanovun 50 yaşı tamam olub.
Nazim Süleymanov 1965-ci il fevralın 17-də Sumqayıt şəhərində anadan olub. 8-9 yaşlarından futbola başlayan Nazim 17 yaşında Sintetik Kauçuk Zavodunun komandasında debüt edib. İstedadlı futbolçu mütəxəssislərin diqqətini cəlb edir və SSRİ çempionatının ikinci liqasının 9-cu zonasında yarışan "Avtomobilçi" (Mingəçevir) klubunun heyətinə cəlb olunur. İnamlı oyunu ilə seçilən Nazim Azərbaycanın birinci komandası "Neftçi" klubuna dəvət alır. Bakı təmsilçisinin heyətində minlərlə futbolsevərin rəğbətini qazanan Nazim Süleymanovun adı indi də sevilərək səslənir.
Nazim Süleymanovun karyerasının ən uğurlu illəri Rusiya çempionatında çıxışı ilə bağlıdır. 1995-ci ildə Vladiqafqaz "Alaniya"sı ilə Rusiya çempionu titulunu qazanan Nazim Süleymanov eyni zamanda Rusiya çempionatının ən sərrast futbolçusu kimi tarixə düşür. Bu unudulmaz futbolçunun karyerasında Moskva "Spartak"ı, Soçi "Jemçujina"sı kimi klubların adı var. Karyerasının ən yaxşı vaxtlarında Rusiya millisindən dəvəti qəbul etməyən Süleymanov uzun müddət Azərbaycan yığmasının əsas oyunçularından birinə çevrilir. Rusiya çempionu, Rusiya çempionatının gümüş mükafatçısıdır, iki dəfə SSRİ-nin 33 ən yaxşı futbolçu siyahısına daxil olub. Şimali Osetiyanın fəxri vətəndaşı olan Süleymanov "Alaniya"nın tarixində ən çox qol vuran legioner futbolçudur.
"Sovet idmanı" N.Süleymanov haqqında məqalədə yazırdı: "Onun Vladiqafqazda altı mövsümdə göstərdiyi oyun xüsusi məharət kimi görünürdü: həm rəngarəng, həm də həndəsi fiqurlar kimi dəqiq, sanki Nazimin doğma Azərbaycanından şəbəkə kimi. Və "Alaniyanın" 40-minlik stadionu "Sulya! Sulya!" sədaları ilə onun sevincinə qoşulurdu".
2002-ci ildə futbolçu karyerasını bitirən Nazim Süleymanov məşqçilik fəaliyyətinə başlayır. Rusiya çempionatında yarışan Soçi "Jemçujina"sı klubunun əvəzedici heyətinin məşqçisi təyin olunan Nazim Süleymanovun komandası "Cənub" çempionatında 9-cu yerdə qərarlaşır. Növbəti il Vətənə dönən Süleymanov yeni yaranan "Xəzər-Lənkəran" klubuna baş məşqçi təyin olunur. Bir mövsüm bu komandanı çalışdıran mütəxəssis müvəqqəti olaraq Azərbaycan milli komandasına baş məşqçi təyin olunur. Nazim Süleymanovun daha sonra çalışdığı məkan "Bakı" futbol klubudur. O, həmin klubun gənclər komandasını çalışdırıb. "AzAL" klubuyla Avropa Liqasına vəsiqə qazanan Süleymanov qısa zaman "Neftçi"nin sükanı arxasında olub.
"R+" yubilyarla ötən illəri yada salaraq keçmiş xatirələrdən danışdı.
- İlk olaraq, "R+" adından sizi təbrik edirik. Nazim Süleymanov 50 yaşında özünə nə arzu edir?
- Özümə, yaxınlarıma hamıya cansağlığı. Əgər canımız sağlam olarsa, işimizdə uğur qazanarıq. Həyatda hər bir şeyi əldə etmək olar, təki canımız sağlam olsun.
- Sizin hansı arzunuz həyata keçməyib?
- Bilirsiniz arzular çoxdur. Hər hansı bir arzun reallaşırsa sonra yenisi yaranır. Amma bununla belə məşqçi kimi sözümü demədiyimi düşünürəm. İmkan olmadı, müəyyən problemlərə görə özümü göstərməmişəm. Məşqçiliyə Rusiyada başladım, ardınca Azərbaycana gəldim. 2004-cü ildə Vətənə qayıdanda məqsədim var idi - özümü doğruldub əcnəbi ölkədə çalışmaq. Bu mənim arzum olaraq qalır. Sadəcə, alınmadı və mən hələ də bu barədə düşünürəm. Nə yaşımız var ki? 11 il keçib, amma həmin məqsədimizin reallaşmasına çalışmalıyam.
- O vaxt sizi həm də Rusiya yığmasında oynamağa dəvət edirdilər. Siz isə Azərbaycan millisini seçdiniz. Bəlkə, Nazim Süleymanov Rusiya yığmasında oynasaydı, karyerası daha uğurlu olardı?
- Onda mən Nazim Süleymanov olmazdım. Söhbət nəyəsə görə millidə oynamaqdan getmir. O vaxt futbola indiki qədər diqqət yox idi. Lakin millidə oynamaq hər bir futbolçuya şərəf olurdu. Mən hər zaman yalnız Azərbaycan millisi barədə düşünmüşəm.
- Rusiya yığması təklif ediləndə, yəqin, müəyyən mükafatlar da olub...
- İndi o barədə danışmaq düzgün olmaz. Sözsüz, futbolçuya hər cür şərait yaradılacaqdı. Mənzil məsələsi həll olunurdu. Müəyyən məbləğdən söhbət gedirdi. Ən əsası mən artıq Rusiyada legioner sayılmayacaqdım. Bu isə mənə komandamda daha tez-tez oynamağa imkan verir. Bəzən limitə görə ehtiyatda qalırdım.
- 1996-cı il. Rusiya Çempionatında qızıl oyun - "Spartak" - "Alaniya" görüşü. Həmin qızıl oyunda vacib zərbəni vursaydınız hər şey tam başqa ola bilərdi (N.Süleymanov həmin oyunda vacib qol vura bilmədi və Valeri Qazzayev ondan imtina etdi)...
- 1995-ci ildə "Alaniya"nın heyətində Rusiya çempionu olduq. Ondan əvvəl 1992-ci ildə Rusiya ikincisi olub, UEFA kubokuna vəsiqə qazandıq. "Borussiya"yla (Dortmund) oynadıq. Həmin dövrdə "Borussiya" final oynadı.
1996-cı ildə ikinci dəfə Rusiyada çempion olmalıydıq. Onda da dedilər ki, Nazim Süleymanov axırıncı dəqiqələrdə qol vura bilmədi. Bəli, belə bir epizod oldu. Amma həmin epizoda qədər, hətta həmin oyuna qədər çox sayda səhvlər oldu.
Hətta dünya ulduzları belə, əsas məqamlarda qeyri-dəqiq olurlar. Dünya Çempionatının finalında belə, bu cür hallar olur. Roberto Bacco kimi ulduz mundialın finalında penaltini vura bilmədi. Mişel Platininin oyunun alınmadığı məqamlar olub. Mən də istəyirdim qol olsun. Sadəcə, alınmadı. Həmin mövsüm biz çoxlu səhvə yol verdik. "Qızıl oyun" olmaya bilərdi, əvvəldən hər şeyi həll etmək olardı. Qazzayevlə münasibətim normaldır. Yaxınlarda yenə görüşdük, söhbətləşdik.
- SSRİ dövründə azərbaycanlı futbolçu üçün Rusiyada futbol oynamaq çətin deyildi?
- Mən sovet dövründə Rusiyaya yollandım. Müəyyən mənada çətin idi. İndiki kimi hər xarici futbolçuya şans verilmirdi. Gərək gələn futbolçu yerlidən 2-3 dəfə güclü olaydı. Yoxsa heç onu heyətə götürmürdülər. 1991-ci ildə ilk oyunu xatırlayıram. Qazzayev məni Moskva "Spartak"ına götürüb. İlk oyunda "Lokomotiv"lə oynayırdıq. Görüş 2-2 hesabıyla başa çatdı. Mən ilk 18-də olsam belə, meydana buraxmadılar. Matçdan sonra yaxınlaşdım Qazzayevə ki, niyə belə oldu. Dedi ilk oyunda yerli futbolçulara şans vermək istəyir. Ona etiraz etmişdim.
Rusiyada oynayanda belə Azərbaycanı düşünmüşəm. Hər hərəkətimə fikir vermişəm. Çalışmışam ki, ətrafdakılarda azərbaycanlılar haqda yaxşı fikir formalaşsın. Çünki biz futbolla ölkəmizi təmsil edirdik.
- Azərbaycan millisində sizinlə birgə Şahin Diniyev, Yunis Hüseynov, Vəli Qasımov, Arif Əsədov və digər dövrün tanınmış futbolçuları oynayıb. Amma həmin yığma uğur qazanmayıb. Səbəb nə idi?
- Problemlər çox idi. Ən böyük problem həmin vaxt Azərbaycanda oynamamağımız idi. Müharibə şəraiti idi. Doğma azarkeşlərimiz önündə oynamırdıq. Baxmayaraq ki, qardaş ölkədə - Türkiyədə çıxış edirdik. Azarkeş dəstəyi az idi. Yenicə müstəqil olmuşduq. Doğma azarkeşlər qarşısında tam fərqli oyun olur. Müəyyən mənada bəxtimizdə gətirməyib.
- Fransaya 0:10 hesabıyla məğlub olduğumuz oyunda iştirak etməmişdiz... Niyə?
- Biz həmin vaxt "Liverpul"la oyuna hazırlaşırdıq. Məsuliyyətli oynumuz var idi. Mən həmin vaxt Qazzayevlə danışmışdım ki, millinin kapitanıyam, çağırıblar, getməliyəm. Buraxmadı, dedi ki, bizim də oynumuz var, bizə lazımsan. Həmin oyundan sonra AFFA məndən UEFA-ya şikayət etmişdi. UEFA isə iki oyunda Rusiya Çempionatında meydana çıxmağıma icazə vermədi.
- Millinin məğlubiyyətini eşidəndə necə olduz?
- Mən oyuna tam baxmışam. Matçın əvvəlində komandamız yaxşı təsir bağışlayırdı. Ənənəvi künc zərbəmizdən sonra top dirəyə dəydi. Sonra da imkanlarımız oldu. Sadəcə, sonra, elə bil, komanda içində nəsə baş verdi. Mən sizə əvvəl də dedim axı, fərdi növ ayrıdı, kollektiv növ ayrı. Kollektiv başqa bir şeydi. Orda birinin vəziyyəti hamıya təsir edir. Həmin oyun 0:10-luq oyun deyildi.
- Niyə indi səviyyəli futbolçularımız azdır. Sanki hamı yalnız Azərbaycan futbolunda yaxşı olmaq istəyir...
- Müasir dövrdə istənilən legioner rahat gəlib Azərbaycanda oynaya bilər. Halbuki onlar bizim futbolçulardan o qədər də güclü deyillər. O vaxt legionerə rahat oynamağa imkan verilmirdi. Gərək yerlidən çox fərqlənərdin. Bizim futbolçulara gəldikdə onlar meydanda bütün potensialını göstərmilər. Bəlkə, kimsə inciyəcək, amma meydanda yorulmaq lazımdır. 90 dəqiqə gərək maksimum gücünü qoyasan. Lakin bizimkilər bunu etmirlər. Bəzən jurnalistlər qol vuran futbolçunu çox tərifləyirlər, halbuki bu, onun işidir. Yazılan təriflər isə arxayınçılıq yaradır. Səbəblər çoxdur.
- Rusiyadakı uğurlu oynunuza görə azarkeşlər sizə qısa olaraq "Sulya" deyərək müraciət edirdi. Bunun tarixçəsi necədir?
- Soyadım Süleymanovdur. Bir qədər uzun səslənir. Hər dəfə azarkeşlərin onu təkrarlaması çətin olurdu. Ona görə "Sulya" deyirdilər, əvvəl qəribə səslənirdi. Sonradan öyrəşdim. "Alaniya" azarkeşləri hər zaman komandanın yanında olub. Hər bir uğurumuzda onların da əməyi var.
- Nazim Süleymanov gələcəkdə Azərbaycan millisinin baş məşqçisi olmaq istərdimi?
- General olmaq istəməyən əsgər, deməli, inkişaf etmək istəmir. Düzünü deyim ki, istəyirəm. Amma bunun üçün müəyyən yol keçmək yaxşı olardı. Təcrübəmi artırım, nəticə qazanım. Məşqçi üçün Azərbaycan millisi karyerasının zirvə nöqtəsidir. Ona görə vaxtilə futbolçusu olduğum millidə baş məşqçi olmaq mənim üçün şərəfdir.
MƏSLƏHƏT GÖR: