Müəllif: Alla VƏLİYEVA Bakı
Vera Karlovna Şirye, Azərbaycanın Xalq artisti, ümumxalq sevimlisi və bir çox nəslin kumiri. Maraqlıdır ki, bakılıların orta və yaşlı nəsil insanlarının üzü bu qadının təkcə adını çəkəndə açılır, fikirləri uzağa, o qədər arzulanan keçmişə gedir ki, dodaqlarından təbəssüm əksik olmur... Bu il onun yüzillik yubileyini qeyd edirik.
Vera Şirye 1915-ci il 31 yanvar tarixində dünyaya gəlib. Mənşəcə latış olan atası Karl Petroviç Şirye, qızını heç görmədən Birinci Dünya müharibəsi zamanı həlak olub. Onu, Veraya təkcə teatr incəsənətinə deyil, həm də Azərbaycan dilinə sevgi aşılayan atalığı Səttarov Mizrə Səttar oğlu tərbiyə edib. Mirzə Səttarov Veranı doğma qızı kimi çox istəyirdi. Sonra onun Leyla adlı bacısı oldu. Qızlar bir-birlərindən ayrılmırdılar və bütün həyatları boyu bir-birlərinə qarşı böyük sevgi duyublar.
Leyla xanım Tağızadə - ölkə Ali Şurasının ilk qadın-deputatı, əməkdar həkim. Veranın ilk məsləhətçisi, dostu, tənqidçisi, həyatında dayağı həmişə bacısı Leyla olub. Vera Karlovna tez-tez etiraf edərdi ki, onun teatra yolu atalığı tərəfindən salınıb. Çünki o, özfəaliyyət teatrında iştirak edərdi və həmişə məşqlərə özü ilə onu da aparardı. Onun yaxşı səsi vardı, Bülbül onu tanıyırdı, ailə tez-tez opera tamaşalarına gedərdi. Vera Karlovna lap gənc yaşlarından Bakı Fəhlə Teatrında işləməyə başlayıb - S. Vurğun adına Rus Dram Teatrı əvvəllər belə adlanırdı.
O, tez-tez tədbirlərdə, hərbi hissələrdə çıxış edərdi və bu, yaradıcılığında ona kömək edirdi. İnsanlar arasında olmaq - bunu onun usanmaq bilməyən qəlbi istəyirdi, mərhəmətliliyi və səs tembrinin nadir gözəlliyi isə müxtəlif cür insanları özünə cəlb edirdi.
O, milli ədəbiyyatı və danışıq dilini o dərəcədə yaxşı bilirdi ki, bəlkə də, istənilən dilçi ilə yarışa bilərdi. Tələffüzü o qədər qüsursuz, düzgün idi ki, hətta indi onun lent yazılarını dinləyən mütəxəssislər öz heyranlıqlarını gizlətmir.
Obrazın real təcəssümü
Vera Şirye gözəl dramatik aktrisa olub. O, ana obrazlarını çox gözəl canlandırardı, halbuki heç vaxt ərə getməmişdi və analıq xoşbəxtliyini dadmamışdı. O, İkinci Dünya müharibəsinin ilk illərində həlak olan ilk və yeganə sevgisi Petenkaya sadiqliyini qoruyub-saxlayır. Son dərəcə cazibədar olan bu qadın saysız-hesabsız təklifləri rədd edir. Onun rol aldığı tamaşalar həmişə uğurla keçərdi. Veranın kimi oynamasından asılı olmayaraq, xarakterləri psixoloji baxımdan dəqiq canlandırırdı. Yaratdığı obrazlar arasında Nadejda Durova ("Nadejda Durova" pyesi, Koçetkov), Laurensiya ("Fuente ovexuna", Lope de Veqa), Melanya ("Günəşin uşaqları" Qorki), Ana ("Bütün oğullarım", Miller), Şəhrabanu xanım ("Müsyö Jordan, botanik alim və dərviş Məstəli şah, məşhur cadugər", M. F. Axundzadə), kraliça Yelizaveta ("Mariya Stüart", Şiller), Tereza ("Terezanın ad günü", Mdivani) və başqaları yer alıb.
Lakin, bəlkə də, o, xalqının ən böyük sevgisinə İkinci Dünya müharibəsi zamanı cəbhələrdə, radiolarda, hospitallarda, ali təhsil ocaqları və məktəblərdə Süleyman Rüstəmin "Ana və poçtalyon", Səməd Vurğunun "Azərbaycan" və "Analar" şeirlərini oxuyaraq qazanıb. O, bu əsərləri iki dildə oxuyardı. Tembrinə görə son dərəcə gözəl və səsinin obertonunun çoxrəngliliyinə görə aktrisa şeirləri o qədər ürəkdən oxuyardı ki, onu eşidən insanlar bütün məişət işlərini dayandırar və uşaqlara səs salmamağı, dinləməyi deyərdilər.
Onu küçədə tanıyardılar, görüşdə salamlaşar və bu cür sözlərlə müşayiət edərdilər: "Bu gedən "Ana və poçtalyon"dur!" Şairin yaratdığı bədii obraz, aktrisanın istedadını və xalqın etirafını bu cür ümumi tərifdə birləşdirərək, öz real təcəssümünü bu şəkildə tapıb.
O, ölkədə "Qırmızı Ulduz" "Qafqazın müdafiəsi uğrunda" medalı, "1941-1945-ci illərdə Vətən müharibəsində şücaətli əməyə görə", habelə ölkə rəhbərliyi və cəbhə komandanları tərəfindən çoxsaylı fərman və təşəkkürnamələrə layiq görülüb. "Xalqlar Dostluğu" və "İstiqlal" ordenləri ilə təltif edilib. O, Azərbaycan Prezidentinin ömürlük təqaüdünə layiq görülən ölkənin mədəniyyət və incəsənət nümayəndələrinin birincilərindəndir.
Vera Şiryenin 85 illiyində onun yaradıcılığını və ölkənin teatr incəsənətinə peşəkar töhfəsini yüksək qiymətləndirən Heydər Əliyev ona telefonla zəng açaraq, şəxsən təbrik edib. Heydər Əliyevin məktubundan: "Bizim respublikamızda zəngin ənənələrə malik olan rus teatrının nail olduğu uğurlarında sizin xidmətləriniz böyükdür. Bu teatrın səhnəsində siz, müxtəlif qütblərdən ibarət olan və bir-birindən qəti surətdə sezilən, hətta teatr cərəyanlarını öz yaradıcılığınızda böyük ustalıqla birləşdirə bilmisiniz. Məhz bunun sayəsində siz ifanızın ustalığı və orijinallığına görə ədəbi teart tariximizə daxil olan klassik obrazlar yarada bildiniz. Sizin Azərbaycan-rus mədəni əlaqələrinin sarsılmaz inkişafında zəhmətiniz yüksək qiymətə layiqdir". Dahi aktrisa 2003-cü il 1 may tarixində dünyasını dəyişdi.
Onu hər zaman xatırlayırlar
Unudulmaz aktrisanın 100 iliyi münasibətilə S. Vurğun adına Dövlət Rus Dram Teatrında xatirə gecəsi keçirilib. Onunla bir səhnəyə çıxmaq nəsib olan aktyorlar gecədə V. Şiryeni xatırladılar və onu səhnədə görə bilməyən gənc həmkarlarına aktirsadan bəhs etdilər.
"Artist həmişə artist olaraq qalır. O, səhnədən kənar yaşaya bilməz. Ömrünün son günlərinə qədər teatr truppasında qalan Vera Karlovna, hələ təzə baş rejissor təyin olunmuşdum, gəldi yanıma və dedi ki, təki incəsənətə xidmətini davam etdirmək üçün elə bu gün MİİS-də, məktəbdə, harada oldu çıxışlarla yollanmağa hazırdır. Və o, doğrudan da, xidmət edirdi. Biz indi deyirik: teatrda işləyirəm. Korifeylərimiz isə deyərdilər: "Teatrda xidmət edirəm" və bu xidməti teatra da, öz xalqına da bütün ömrüboyu daşıyıb", - deyə dahi aktrisanı xatırlayaraq, baş rejissor, Xalq artisti Aleksandr Şarovski bildirib.
Korifeyin nəslindən
Misilsiz qiraətçidən aldığı dərslərdən danışan Xalq artisti Lüdmila Duxovna qeyd etdi ki, bu günə qədər özünü onun şagirdi hesab edir. "60-cı illərin əvvəlini xatırlayıram. Mən - teatra təzə gələn dünənki tələbə, şeirlər yazılan dəftərlərlə Vera Karlovnaya yaxınlaşdım. Onlarla işləmək niyyətində idim. Soruşdum ki, bu şeirləri təhlil etməkdə mənə kömək edə bilərmi? O, qəti şəkildə cavab verdi və dərhal hazırlıqsız, kağızdan elə oxudu ki, sanki artıq onun üzərində işləmişdi. Bu məndə unudulmaz təəssürat yaratdı. Mən bu günə kimi onu özümə müəllim sayıram.
Xalq artisti Aleksandra Nikuşina da teatrda Vera Karlovna ilə keçən dövrü xatırlayıb: "Hələ məktəbli ikən mən Vera Karlovnanı kraliça Yelizaveta rolunda "Mariya Stüart" tamaşasında görmüşdüm. O, rolunu o qədər gerçək oynamışdı ki, həmin vaxt mənə elə gəlmişdi ki, o, çox qəddar qadındır. Və yazıq Mariyaya elə acımışdım ki, aktrisaya kin bəsləyirdim. Ancaq illər keçəndən sonra, teatra gələndə anladım ki, o, necə də mehriban qəlbə malik olub. Necə gözəl peşəkar və öz yaradıcılığına necə pərəstişlə yanaşıb! Bir dəfə necəsə mənim yazdığım "Teatr haqqında söz" şerimi eşitmişdi və onda məndən soruşmuşdu: "Hərdənbir bu şeri oxusam, etiraz etməzsən?" Mənsə cavab verdim ki, bu mənim üçün şərəf olar və çox şad olaram". Daha sonra Vera Karlovna teatra və çoxsaylı tamaşaçıya xidmət edən bütün artistlərə həsr etdiyi şerini oxudu.
Artistin ailəsi adından teatra və tamaşaçılara Vera Karlovnanın qardaşı qızı - BDU-nun biokimya və biotexnologiyalar kafedrasının dosenti Zemfira Tağızadə müraciət edərək, direktor Ədalət Hacıyevin simasında teart rəhbərliyinə təşəkkürlərini ifadə edib. O isə qonaqları yola salaraq, gülümsəyərək dedi ki, sanki bütün bu vaxt ərzində Vera Karlovna onlarla olub. Və bəlkə də buna görə teatrın fonu daha da işıqlı oldu. Çünki bu cür ulduzlar özündən uzun-uzun illər sonraya işıq saxlayaraq, heç vaxt sönmürlər.
MƏSLƏHƏT GÖR: