Müəllif: Zöhrə FƏRƏCOVA Bakı
Hələ gənc yaşlarından şeirləri dillər əzbəriydi. Neçə-neçə əsəri gənclərin ilk məhəbbət etiraflarının tərcümanı, sevgi məktublarının ifadəçisiydi. Onlarda eşq atəşində yanan bir qəlbin hayı, harayı duyulurdu. Ona görə də çoxları öz duyğularını o şeirlərlə ünvanına yetirirdilər...
Lirik və vətənpərvər
Orta məktəb şagirdlərinin, ali təhsil alan tələbələrin xatirə dəftərlərini də onun şeirləri bəzəyirdi. Çünki xüsusilə yaradıcılığının ilk illərində ən çox şagirdlik və tələbəlik çağlarının şirin xatirələrini şerə gətirirdi. Həmin illəri, şagird dostlarını, tələbə sirdaşlarını həsrətlə anırdı əsərlərində.
Sonralar - 1990-cı illərdə böyük ictimai xadim kimi səsi həm də xalqın azadlıq hərəkatında, Milli Məclisdə eşidildi. Azərbaycanın müstəqillik ideyalarının yorulmaz təbliğatçılarından biri olan şair bu müqəddəs amal uğrunda fəaliyyətə də elə gənclik çağlarında, 1944-cü ildə başladı. İllər keçdikcə qələmə aldığı mövzuların dairəsi genişləndi. Azərbaycan Sovet hakimiyyətinin tərkibində olduğu vaxtlar çoxları doğma ana dilinə xor baxır, rus dilində danışmağı özlərinə şərəf hesab edirdilər. Övladlarını orta və ali məktəblərin rus bölməsində oxudur, evdə də onlarla rus dilində danışırdılar. Belələrinə qarşı çıxan şair ana dilini qoruyanların, yaşadanların ön sırasında gedirdi. 1954-cü ildə, o, məşhur şeirlərindən birini - "Ana dili" şerini yazdı.
O, Azərbaycanın milli dəyərlərini, mənəvi xəzinəsini qorumağa çağırırdı əsərlərində. "Muğam" poemasında muğam xəzinəmizi sanki yenidən kəşf edirdi.
Qəlbində yaşatdığı duyğuları - xalqının sevincini, kədərini, faciəsini, gələcəyi barədə narahatlığını poetik misralara çevirirdi. Ona görə mübaliğəsiz demək olar: hələ rəsmi olaraq, fəxri ad kimi verilməzdən öncə də Bəxtiyar Vahabzadə xalqının həqiqi şairi idi.
Xalq şairi
Maraqlı həmsöhbət idi. Şirin danışığı vardı. Doğma Şəkini dilində, ləhcəsində belə yaddan çıxarmamışdı. Bəxtiyar Vahabzadə Şəkidə 1925-ci ilin 16 avqustunda dünyaya göz açmışdı. Bəxtiyar adını ona atası - Mahmud kişi vermişdi.
Dədə-babadan öz halal zəhmətlərilə dolanmışdılar. Atası Mahmud kişi də fəhləydi. Maddi cəhətdən yoxsul, mənəvi cəhətdən isə varlı bir ailədə böyüyürdü Bəxtiyar Vahabzadə. Evlərindən qonaq əskik olmazdı. Atası əliaçıq, qonaqsevər adamıydı. Onun öz dünyası vardı. Namazından qalmaz, dini ayinlərə əməl edərdi. Övladlarına da həyatda insan kimi ömür sürməyi, halal yaşamağı tövsiyə edirdi.
Ağır bir dövrdə dünyaya göz açmışdı Bəxtiyar Vahabzadə. Bolşeviklər Azərbaycanda müstəqil, milli hökuməti yıxıb hakimiyyətə gəlmişdilər. XI ordunun gəlişi tarix kitablarında yazıldığı kimi toy-bayramla qarşılanmamışdı. Xalq bolşevik hakimiyyətinə qarşı mübarizəyə qalxmışdı. Şəkidə üsyançılar arasında Bəxtiyar Vahabzadənin atası, əmiləri də var idi. Təəssüf ki, böyük silahlı dəstəylə şəhərə gələn bolşeviklər üsyançıları məğlub etdilər. Qətllər, həbslər başlandı. Bəxtiyar Vahabzadənin yaxın qohumları da üsyançılara kömək etdiklərinə görə həbs olundular. Sonralar həbsdən azad olunsalar da, ömürlərinin sonunadək Sovet hökuməti ilə qəlbən barışmadılar. Bəxtiyar Vahabzadə də uşaqlıq illərindən bu nifrəti görərək, duyaraq böyüyürdü.
Ata-baba yurdunda az yaşadı. O, hələ uşaq olanda, 1934-cü ildə ailəsiylə bərabər Şəkidən Bakıya köçdü. 1942-ci ildə orta məktəbi bitirib, Bakı Dövlət Univeristetinin filologiya fakültəsinə daxil oldu. Universitetdə oxuduğu illərdə yazıçı, pedaqoq Mir Cəlal Paşayevin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin ən fəal üzvlərindən biri oldu.
O, yaradıcılığa başlayanda İkinci Dünya müharibəsi davam edirdi. İlk mətbu əsəri 1943-cü ildə "Ədəbiyyat qəzeti"ndə dərc olundu. Yazıçılar İttifaqının sədri Səməd Vurğunun zəmanəti ilə 1945-ci ildə ittifaqa üzv qəbul edildi. O vaxtlar hələ tələbəydi. 1947-ci ildə universiteti bitirib aspiranturaya daxil oldu. Elə aspiranturaya hazırlaşdığı günlərdə də ailə həyatı qurdu.
İlk kitabı - "Mənim dostlarım" 1948-ci ildə nəşr olundu. 1950-ci ildə "Bahar", 1953-cü ildə "Dostluq nəğməsi", 1954-cü ildə "Əbədi həyat", "Çinar" və "Sadə adamlar", 1958-ci ildə "Aylı gecələr" kitabları işıq üzü gördü. 1962-ci ildə şairin "Etiraf" və "Şəbi-hicran" adlı kitabları oxuculara təqdim edildi. Sənətkara şöhrət gətirən kitablarından biri - "İnsan və zaman" 1964-cü ildə buraxıldı.
1959-cu ildə yazdığı "Gülüstan" poemasıyla iki hissəyə parçalanmış Azərbaycanın tarixi faciəsini, imperiya pəncəsində inləyən Vətənin azadlıq uğrunda mübarizəsini dilə gətirdi. Azərbaycanın istiqlaliyyəti uğrunda vuruşan Səttarxan, Şeyx Məhəmməd Xiyabani və Seyid Cəfər Pişəvərinin qəhrəmanlıqlarından bəhs etdi. "Gülüstan" poeması Sovet hakimiyyətinin qaragüruh vaxtında yazıldı. O dövrdə belə bir əsərin yazılması böyük hünəriydi. "Gülüstan" poeması o zaman qadağan olunmuşdu, əsəri gizli şəkildə oxuyurdular. Bəxtiyar Vahabzadə isə hər an həbs olunacağını gözləyirdi. Sonralar özü də etiraf edirdi ki, hər axşam evinin qabağında maşın dayananda elə bilirmiş ki, onu aparmağa gəliblər. Deyirdi ki, bilirdim bu əsərə görə məni məhv edərlər, amma yazdım.
Dövrünün sərt qadağaları onu yaradıcılığının əsas qayəsindən çəkindirə bilmirdi. Bəxtiyar Vahabzadə nə hansısa gizli təşkilatın üzvüydü, nə də siyasi fəaliyyət göstərirdi. O, yalnız xalqının haqqını qorunmağa çalışır, onun gələcəyi uğrunda mübarizə aparırdı. Buna görə başı çox müsibətlər çəkdi. Elə o zaman, 1962-ci ildə də "Gülüstan" poemasına görə "türkçü" damğası ilə Bakı Dövlət Universitetindən çıxarıldı və yalnız iki ildən sonra işinə bərpa olundu.
O, həm də alimiydi. 1951-ci ildə "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik, 1964-cü ildə isə "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq işini müdafiə edib, filologiya elmlər doktoru alimlik dərəcəsini aldı. Şifahi, klassik və müasir Azərbaycan ədəbiyyatını araşdırdı və dəyərli elmi məqalələr yazdı.
Altı kitabına - "Sənətkar və zaman", "Sadəlikdə böyüklük", "Vətən ocağının istisi", "Dərin qatlara işıq", "Gəlin, açıq danışaq" və "Şənbə gecəsinə gedən yol"a tənqidi və publisistik məqalələri daxil edildi. Tariximizin yaxşı öyrənilməməsi onun publisistik yazılarının əsas mövzularından idi. Şeir kitabları, dramları, publisist yazıları ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar və keçmiş sovet birliyinin tərkibində olan bir çox xalqların dillərinə tərcümə edildi.
Bəxtiyar Vahabzadə tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Hara gedir bu dünya?", "Fəryad", "Cəzasız günah", "Dar ağacı", "Rəqabət" və "Özümüzü kəsən qılınc" əsərləri uğurla tamaşaya qoyuldu.
Ədəbi və elmi yaradıcılıqla bərabər pedaqoji fəaliyyətlə də məşğul oldu. 40 il - 1950-1990-cı illərdə Azərbaycan Dövlət Universitetində çalışdı, həmin universitetin professoru oldu. 1990-cı ildə təqaüdə çıxdı. Bəxtiyar Vahabzadə həm də Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüydü.
1974-cü ildə əməkdar incəsənət xadimi, 1975-ci ildə respublika, 1984-cü ildə SSRİ Dövlət Mükafatı laureatı adlarına layiq görüldü. 1985-ci ildə ona "Xalq şairi" adı verildi. 1995-ci ildə o, prezident Heydər Əliyev tərəfindən artıq müstəqil Azərbaycanın "İstiqlal" ordenini ilk alan sənətkarlardan biri oldu.
Müstəqillik aşiqi
İctimai-siyasi fəaliyyəti də zəngin oldu. Bir neçə çağırış Azərbaycan Respublikası Ali Sovetinin və Milli Məclisinin deputatı seçildi. 1980-ci illərin sonlarında Azərbaycanda başlayan xalq hərəkatının fəallarından oldu. 1920-ci ildə törədilən 20 Yanvar faciəsiylə bağlı qələmə aldığı "Şəhidlər" poemasında isə torpağın azadlığı uğrunda şəhid olan millət övladlarına sözdən heykəl ucaltdı.
Sovet ordusunun Bakıda faciələr törətdiyi şənbə gecəsinin səhəri indiki Prezident Aparatı binasının qarşısında mitinqdə çıxış edən Bəxtiyar Vahabzadə partiya biletini atdı. Ordan telestudiyaya gəldi. Telestudiyanın həyətində xeyli adam var idi. Rejissor Nazım Abbasov, şair Qabil, yazıçı İsmayıl Şıxlı ordaydı. Ona dedilər ki, televiziyanın enerji blokunu partladıblar. Həyətdə bir neçə adamın əhatəsində bir rus generalı dayanmışdı. Onun üzünə tüpürdü, soruşdu ki, bu xalqdan nə istəyirsiz? Niyə başımıza bu cür müsibətlər açırsız? Rus generalı duruxdu, sonra əlini tapançasına aparıb Bəxtiyar Vahabzadəni vurmaq istədi. Rejissor Nazim Abbasov onun əlini tutub şairin kimliyini ona dedi.
Şairi maşına oturdub radioya gətirdilər. Oradan deputatlara müraciət edib sessiya çağırdı. Sessiya çağırmaq Bəxtiyar Vahabzadənin təşəbbüsüydü. Səhəri gün bütün deputatlar toplaşdılar. Saat 10-da sessiya başladı. Elmira Qafarova sessiyanı aparmaqdan imtina etdi. Şair sessiyanı özü açdı. Sonra bu işdə təcrübəsi olmadığı üçün yazıçı İsmayıl Şıxlını köməyə çağırdı. İsmayıl Şıxlı sessiyanı sonadək idarə etdi. Xalqın xeyrinə qərarlar qəbul etdilər. Bu qərarlar Sovet hökuməti rəhbərlərini təşvişə saldı.
O, xalqının bir gün öz müstəqilliyinə qovuşacağına, azad olacağına inanırdı. Bu inamla da Azərbaycanın müstəqilliyi uğrunda yorulmaz mübarizlərdən biri oldu.
O da şam kimi xalqının azadlığı yolunda mübarizədə yandı. 2009-cu ilin 13 fevralında, 84 yaşında bu dünyadan köçdü. Bu il Prezident İlham Əliyevin sərəncamı ilə 90 illik yubileyi dövlət səviyyəsində qeyd edilən şairin yazdığı əsərlər onu xalqın yaddaşında hər zaman yaşadacaq.
MƏSLƏHƏT GÖR: