24 Noyabr 2024

Bazar, 01:44

ƏTƏKLİ ƏSGƏR

Azərbaycan ordusunda müqavilə əsasında qadınlar da xidmət edə biləcək

Müəllif:

17.02.2015

Azərbaycanda 19-40 yaşarası qadınlar üçün bağlaşma xidməti açılıb. Bu norma Azərbaycan Nazirlər Kabinetinin təsdiqlədiyi "Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və qaydası"nda yer alır. Bu qaydalara əsasən, ölkədə yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də müqavilə əsasında hərbi xidmətə yollana biləcəklər. Beləliklə, bundan sonra istənilən qadın Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qoşula və öz Vətəninə xidmət edə biləcək.

İlk baxışdan, paradoksal səslənir: qadın nəinki zəriflik və incəlik, həm də həyatvericilik rəmzi, ordu isə əlbəttə ki, kobudluq, güc, müharibə rəmzidir. Amma tarixdə çox cəsur cəngavər qadınlar olub - amazonkalardan tutmuş, Kleopatraya, Janna D'Arka qədər. Azərbaycanın cəngavər qadınlarının adları da tarixə düşüb. Misal kimi, Quba xanı Fətəli xanın xanımı, döyüşlərdə kişilərlə bərabər iştirak etmiş Tutu Bikəni, Şirvana hücum etmiş Krım xanını yerinə oturtmuş Xeyrannisə bəyimi, Fatma xanım Kəmnəni, Bərdə hökmdarı Nüşabəni göstərmək olar. Azərbaycanın müasir tarixində də orduda, döyüşlərdə fəal iştirak etmiş qadınların sayı az olmayıb. Qafqazın ilk qadın təyyarəçisi Leyla Məmmədbəyovanın adını çəkmək kifayətdir. Yeri gəlmişkən, onun taleyi haqda "R+" bu yaxınlarda yazmışdı. 

 

Orduda qadın rejimi

Əlbəttə ki, müasir, zərif, incə şəhər qızlarını onların ulu nənələrinin hərbi şöhrətinin davamçıları kimi təsəvvür etmək çətindir. Amma bu gün də hərbi karyera qurmağa hazır olan qadınlar var. Müdafiə Nazirliyinin məlumatına görə, hazırda ordu sıralarında 1000-dək qadın qulluq edir. Onlar, əsasən, maliyyəçi, tibb işçisi, arxa cəbhədə işləyən, təchizatla məşğul olanlardır. Düzdür, ön cəbhə deyil, amma onların əksəriyyəti lazım gələcəyi təqdirdə, düşünmədən cəbhə xəttinə yollanacaqlarını bildirirlər. Qəhrəmanımız Ülkər (ad dəyişdirilib) ehtiyatda olan zabitdir. Sərhəd qoşunlarında xidmət çəkmiş Ülkərin sözlərinə görə, o, bu sahəyə könüllü şəkildə gəlib. "17 yaşında universitetdə təhsil alarkən işə qəbul üçün ərizə vermişdim", - deyə Ülkər nəql edir: "Ərizəmə baxdılar, çox gənc olduğumu dedilər və bir müddət sonra gəlməyimi istədilər. Bir il sonra da ərizə yazdım. Amma xidmətə yalnız 19 yaşında qəbul olundum".

Xidmətə qəbul edilən Ülkərə ən aşağı rütbə - kiçik çavuş (bundan aşağı yalnız sıravidir) verilir. Amma bir neçə il sonra o, baş leytenantadək yüksəlir. Gənc yaşını və bu rütbəyə çatmaq üçün bütün mərhələləri keçdiyini nəzərə alaraq, o yalnız "əsgərlik günləri"ndən yox, həm də şəxsiyyətin formalaşması, psixoloji amillərdən də ətraflı danışır.

Qeyd etmək lazımdır ki, hərbi xidmətdə olan bütün qadınlar bu xidməti müqavilə əsasında çəkirlər. Yəni onların xidməti istənilən halda könüllü xidmətdir. İmzalanan müqavilənin müddəti şəxsin rütbəsindən asılıdır: çavuşlarla 3 illik, gizirlərlə 5, zabitlərlə 20 illik müqavilə imzalanır. Ümumilikdə, qadınlarla kişilərin hərbi qulluğu arasında ciddi fərq yoxdur. Eyni hərbi təlimlər, təlim atışı, poliqon, idman... Sadəcə, qadınlar kişilərdən 1 saat az işləyir - saat 08:00-dan 18:00-dək və gecə xidmətinə çıxmırlar. "Zərif cins"in nümayəndələri ön cəbhədə qulluq etməsə də, Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlara qatılmış qadınların sayı kifayət qədər olub.

Qadın hərbçilər üçün gündəlik rejim də sərtdir - poliqon varsa, saat 6-da yola çıxılmalısan ki, 7-də ünvana çatasan. Onlar "Kalaşnikov" avtomatından və "Makarov" tapançasından kişi həmkarları kimi məharətlə istifadə edirlər. "Pulemyotdan istifadəni isə idmançı cüssəli qızlara öyrədirlər. Çünki pulemyot ağırdır. Uzanaraq atəş açan zaman o, öz ayaqlarının üzərində dayanır. Diz üstə dayanıb atəş açan zaman isə pulemyotu saxlamaq hər qadının bacaracağı iş deyil", - deyə Ülkər bildirir. 

 

Az qala bərabər 

Qadınlar üçün normativlər kişilərin normativlərindən çox cüzi geri qalır: məsələn, kişi üçün çəkinmədə "keçid" 60 dəfədirsə, qadın üçün bu, 30-dur. Atışmada isə heç bir güzəşt yoxdur. Əslində, buna ehtiyac da hiss olunmur - qadınların atəş məsələsində daha sərrast olduqları hər kəsə bəllidir.

Hərbi geyimdə qadın görən zaman ağla gələn ilk sual: nizam - intizama uyğunlaşmaq çətindirmi? Qəhrəmanımız deyir ki, əvvəlcə bu, çətin olsa da, təcrübə topladıqca çətinliklər arxada qalır. Zaman keçdikcə nizam-intizama uyğunlaşırsan və artıq onu pozduqda narahatlıq hiss edirsən.

Ordudakı qadınlar üçün məsələnin emosional tərəfi xüsusi məqamdır. Əlbəttə ki, ilk dönəmlərdə münaqişələr də qaçılmazdır: "Elə hallar olur ki, xidmətə yeni gəlmiş şəxs komandirin əsəbi tonuna hiddətlə cavab verir: "Nə qışqırırsan? Mənim üstümə heç atam qışqırmır!" Amma zaman keçdikcə hər kəs davranış normalarını mənimsəyir. Üstəlik, orduda komandir heyəti, əsasən, kişilərdən ibarətdir və burada nərmənazikliyə yer yoxdur. Qadının könüllü şəkildə qəbul etdiyi yeganə qərar xidmətə yollanmaqdır. Sonrakı həyatında o, sərt reqlamentə və nizamnaməyə tabedir. Xidmət zamanı geyimədək hər şey 250 səhifəlik kitabda yazılmış normativlərə əsaslanır: yubka dizdən 4 barmaq aşağı, ombanı örtən gödəkcə, qara, sadə, dikdaban olmayan ayaqqabı, ciddi saç düzümü, cüzi, cəlbedici olmayan makiyaj. Bəzək əşyaları yalnız reqlamentə görə deyil, həm də təhlükəsizlik baxımından qadağandır: məsələn, sırğa atəş zamanı yaralanmaya, üzük ciddi zədəyə, hətta barmağın itirilməsinə səbəb ola bilər. "Bir dəfə hərbçilərdən biri nişan üzüyünü barmağından çıxarmamışdı", - deyə Ülkər xatırlayır: "O, digər hərbçilərlə birlikdə "KamAZ"da gedirdi. Maşının bortunda atılan zaman tutmaq üçün xüsusi hissə var. Atılan zaman hərbçinin üzüyü oraya ilişdi və nəticədə, adamın barmağı qopdu".

Beləliklə, qadağalar ifrat sərtlikdən, özbaşınalıqdan irəli gəlmir. Onların hamısı presedentlərin nəticəsidir.

 

Hər halda, onlar qadındırlar

Amma hər şeyə rəğmən, qadın qadın olaraq qalır. Hansısa ziyafətə eyni geyimdə gəlmiş iki rəfiqənin mübahisəsini təsəvvür edirsinizmi? Hərbi hissədə isə 50-dək qadın bir-birindən heç nə ilə fərqlənmir. Qadınlar imkan daxilində bəzən protokolu pozmağa belə, cəhd göstərir, özlərini bir qədər fərqli göstərməyə çalışırlar - ətəyin fasonunda, yarığında, laklı, dəri ayaqqabıda və s... "Qadınlar, hətta cərgədə belə, heç zaman eyni cür dayanmırlar. Cüzi də olsa, pozuntu qaçılmazdır", - deyə Ülkər bildirir.

Hərbi xidmət yanlış təşəbbüsləri deyil, tərəddüdləri, narazılığı və şəxsi fikri də qəbul etmir. Komandirin tapşırığına yalnız bir cavab var: "Oldu!" Tapşırığı alan şəxs yalnız ona əməl edildikdən sonra yazılı şəkildə etirazını bildirə bilər. Tapşırığa əməl etməkdən imtina isə hərbi tribunal deməkdir. Belə hallarda tribunal əksərən sərt qərar çıxarır: hauptvaxtdan tutmuş, ordu sıralarından kənarlaşdırma və azadlıqdan məhrumetməyədək. Qadınlarla bağlı isə belə qərarlar çox nadir hallarda çıxarılır.

Bəs, qadınların bu çətin yolu seçmələrinə səbəb nədir? Etiraf etmək lazımdır ki, hərbi karyera, əsasən, sabit həyatın təmin olunması məqsədilə seçilir və bu, hər zaman belə olub. Bundan başqa, status da önəmlidir. "Poqon insanda özünəinam yaradır. Bu, hiss mülki şəxs olarkən hiss etdiklərindən çox fərqlidir. Cəmiyyətin əksər üzvlərində formaya qarşı dərin kök salmış hörmət var. Özünə qarşı hörməti hiss etmək isə xoşdur. Bu halda bürokratik instansiyalarda da heç bir problem və maneə ilə rastlaşmırsan", - deyə Ülkər bildirir.

Odur ki, hərbi məktəbə üz tutan qızların sayı o qədər də çox olmasa da, bu axın kəsilmir. Əvvəllər ali məktəblərdə hərbi kafedra var idi. Lakin sonradan onlar ləğv olundu. Son olaraq Tibb Universitetində hərbi kafedra ləğv edilib. İndi demək olar ki, bütün hərbi strukturların - DİN, MTN, Sərhəd Qoşunları - öz akademiyası var və onlar bu strukturları kadrla təmin edir.

Qəhrəmanımız seçiminə görə peşman olmasa da, etiraf edir ki, həyata yenidən gəlsəydi, fərqli yol seçərdi: "Hərbi xidmətə yalnız o qadın cəsarət edə bilər ki, onun həyatda başqa öhdəlikləri olmasın. Ordu həyatı hətta arxa cəbhədə, oturaq iş rejimində belə, çox sərtdir". Hərbi qulluğa üz tutmuş gənc qızlar üçün şəxsi həyatını qurmaq çox çətin olur. Bu çətinlik xüsusilə onların sevgilisinin mülki şəxs olduğu halda özünü göstərir. Əksər hallarda həyat yoldaşının yanında olmamasına, iş vaxtından kənar çağırışlara, bir çox hallarda istirahət və bayram günlərində də işə çağırılmasına hər kişi dözmür. Qadının xüsusilə azyaşlı uşaqları varsa, problem daha da ciddi xarakter alır. Əksər hallarda ana işə yollanan zaman uşağı həvalə edəcək adam tapmır. Onların arasında boşanma hallarının həddindən artıq olması da bunun nəticəsidir.

Bütün bunlara rəğmən, Ülkər orduda qulluğun onun üçün şərəfli iş olduğunu deyir. "Bütün kollektivlərdə olduğu kimi, bizdə də intriqalar, dedi-qodu, "çəkişmə" olur. Çünki qadın hər zaman qadın olaraq qalır. Bunu istisna saysaq, hərbi qulluq çox maraqlı işdir", - deyə o, qeyd edir.

Qeyd etmək lazımdır ki, əksər ölkələrdə qadınlar hərbi xidmətə müqavilə ilə və könüllülük əsasında yollanırlarsa, zərif cins nümayəndələrinin hərbi xidmət keçməsinin məcburi olduğu dövlətlər də var. Misal kimi, ilk növbədə, əlbəttə ki, İsraili göstərmək olar. Orada qızlar da oğlanlarla bərabər hərbi xidmət keçir. Fərq yalnız qulluq müddətindədir - kişilər üçün bu 36 aydırsa, qadınlar 21 ay xidmətdə olurlar. Şimali Koreya, Tayvan, Liviya, Malayziya, Peru, Benin və Eritreya da qadınların məcburi qaydada hərbi xidmətə çatdırıldıqları ölkələrdir.


MƏSLƏHƏT GÖR:

787