14 Mart 2025

Cümə, 21:40

"QÜSURSUZ" KEŞİŞLƏR

Eçmiədzin katolikosunun hesabındakı milyon dollar haradandır? Erməni apostol kilsəsinin həyatındakı görünməyən tərəflər barədə

Müəllif:

17.02.2015

Dünya informasiya məkanında "WikiLeaks" adlı "bomba" partlayışının ardıyca qalmaqallı saytın yaradıcısı Culian Assanc ABŞ Dövlət Departamentilə bağlı səs-küylü informasiyaların yayımından sonra banklarla məşğul olacağını açıqlamışdı. Bu sahədə də kifayət qədər maraqlı məqamlar var.

Hazırda Assanc Ekvadorun Londondakı səfirliyinə sığınıb. İndi o, çətin ki, yeni ifşaedici materialları ortaya çıxaracaq halda olsun. Amma indi Assancın iştirakı olmadan da, müntəzəm olaraq mediada bank qalmaqallarına rast gəlinir. Beynəlxalq Jurnalist Araşdırmaları Konsorsiumunun (ICIJ) saytında yer almış məlumatda bildirilir ki, HSBC bankının İsveçrə şöbəsi cinayətkarlara, o cümlədən narkotik və silah ticarətilə məşğul olanlara məxfi hesablar təqdim edib. Bankın öz müştərilərinə vergidən yayınmalarına kömək etdiyi də bildirilir. Bankın 2005-2007-ci illərə aid olan və jurnalistlərin əlinə keçmiş sənədlərində 30 min hesab, təxminən, 120 milyard dollarlıq aktivlər haqda informasiya yer alır. Araşdırmalar göstərir ki, bankda ən çox vəsait saxlayan Venesuela hökuməti olub - təxminən, 12,6 milyard dollar.

Bu məxfi informasiya "Le Monde" qəzetinə və ICIJ-ə Kristin Laqard tərəfindən təqdim olunub. Laqard həmin dönəmdə Fransanın maliyyə naziri postunu tuturdu. "Rosbalt" agentliyinin məlumatına görə, o, sənədləri HSBC bankın sabiq əməkdaşı, işdən çıxarılan zaman məlumatlarla dolu 5 diski "çırpışdırmış" Erve Falçianidən alıb.

Vəziyyət, həqiqətən də, yaxşı deyil. HSBC dünyanın ən nəhəng maliyyə konqlomeratlarından biridir və onun filiallar şəbəkəsi dünyanın 84 ölkəsində 6900-dən artıq şöbəni əhatə edir. Bununla yanaşı, bu bank ətrafında qalmaqallar səngimək bilmir. 2014-cü ilin noyabrında Belçikanın istintaq orqanları HSBC Private Bank kredit təşkilatının İsveçrə filialı ilə bağlı araşdırmalara başlayıb. Bir il əvvəl Argentina hökuməti bankı çirkli pulların yuyulması ilə məşğul olan, vergidən yayınan şəxslərlə əməkdaşlıqda günahlandırıb. 2012-ci ildə ABŞ tərəfindən qeyri-qanuni maliyyə əməliyyatlarında ittiham edilən HSBC bank Amerika hökumətinə 1,9 milyard dollar ödəməyə razılıq verib. Bu, Meksikanın narkotik alverçilərinin bank vasitəsilə çirkli pulların yuyulmasını həyata keçirdikləri üzə çıxdıqdan sonra mümkün olub.

İndi yeni qalmaqal baş qaldırıb və HSBC çətin sınaq qarşısındadır. Bir tərəfdən bank sirri anlayışını heç kəs ləğv etməyib. Digər yandan "pulların yuyulduğu məkan" obrazı HSBC bankın planlarına qətiyyən uyğun gəlmir. Qurumun Londondakı mənzil-qərargahından bildirirlər ki, bank günahını etiraf edir və İsveçrə filialının qanunsuz əməllərinə görə məsuliyyəti üzərinə götürür. Bununla yanaşı, açıqlamada İsveçrə filialının kredit təşkilatı sisteminə tam inteqrasiya olunmadığı vurğulanır. Bank təmsilçisinin sözlərinə görə, HSBC 2007-ci ildən "radikal transformasiyalar" həyata keçirib və "xidmətlərin vergidən yayınmaya və ya çirkli pulların yuyulmasına imkan verməyəcəyinə zəmanət sayılacaq" bir neçə təşəbbüs irəli sürüb. Bir sıra Avropa ölkələrinin hüquq mühafizə orqanları isə sızdırılmış məlumatlar əsasında vergidən yayındırılmış milyardlarla dollar haqda bilgi əldə etdiklərini deyirlər. 

Məsələni jurnalistlər də ciddi-cəhdlə araşdırırlar. Məhz KİV bankın İsveçrə filialının müştəriləri arasında erməni müştərilərin də olduğunu üzə çıxarıb. 1989-2006-cı illərdə HSBC bankın İsveçrə filialında erməni müştərilərə məxsus 23 hesabda 15,4 milyard dollar saxlanılıb. "Azatutyun" radiosunun məlumatına görə, 10 müştəridən 4-ü Ermənistanla əlaqəli olub - ya milliyyətcə erməni, ya da Ermənistan vətəndaşı. Ən maraqlısı isə elə HSBC bankın sənədlərinə əsasən, qurumun İsveçrə filialında bütün ermənilərin katolikosu II Qareginin də hesabının olmasıdır. Hesab 2000-ci ildə zati-aliləri II Qaregin Nersesin adına açılıb. 2006-2007-ci illərdə bu hesabda 1,1 milyon dollar olub. 

Eçmiədzindən dərhal məsələyə aydınlıq gətirməyə çalışıblar. Katolikosun mətbuat katibi, keşiş Vaqram Melikyan Eçmiədzinin hesablarının hər zaman katolikosların adına açıldığını, bu üzdən HSBC bankda II Qareginin adına hesabın olmasında qəribəlik axtarmağın yanlışlığını söyləyib. Beynəlxalq Jurnalist Araşdırmaları Konsorsiumunun sorğusuna cavab olaraq isə bütün ermənilərin katolikosu məsələyə aydınlıq gətirib və o, qurumun saytında artıq qismən yerləşdirilib. Melikyanın sözlərinə görə, hesab kilsənin ehtiyaclarının ödənilməsi, ianələrin toplanması üçün açılıb. Hesab II Qareginə sələfinin vəfatından sonra verilib və məqsəd yenə də oradakı vəsaitlərdən eyni işlər üçün istifadə olunmasıdır. Və patriarxlıq - milli dini struktur vergidən azad, onun zati-müqəddəslərisə hər hansı vergitutma məsələsində toxunulmazdır. Bu, I Vazgenin dövründə də, I Qareginin dövründə də belə olub, II Qareginin dövründə də belədir.

Açığı, Vaqram Melikyanın "izahı"ndan meydana daha çox sual çıxır. Birincisi, Ermənistanda, Eçmiədzin şəhərciyində yerləşən patriarxlığın bank hesabını HSBC-nin İsveçrə filialında açması hansı zərurətdən irəli gəlib? Üstəlik, nədən bu hesab, əslində, məxfi hesab olub?

Bundan başqa, daha bir məqam var ki, İrəvanda və Eçmiədzində onun haqqında açıq danışmaq istəmirlər: Erməni apostol kilsəsi heç də yalnız xaricdəki erməni diasporunu birləşdirən qüvvə kimi çıxış etmir. Əksər ölkələrdə "erməni işləri"nə xərclənən "qeyri-rəsmi vergi"nin yığımı ilə məhz kilsə prixodları məşğul olur. Bu "vergi"ni isə heç də hər zaman hamı könüllü ödəmir. Nəticədə, erməni diasporu arasında "kilsə-mafioz" qalmaqalları baş qaldırır. 2010-cu ilin yayında Nitsada baş verənlər də bunun təsdiqi idi. Orada yerli erməni prixodunun baş keşişi Vaçe ata (Vaçe Ayrapetyan) ilə elə həmin Nitsada yerləşən dini icmanın prixod şurası arasındakı qalmaqal yaşandı. Münaqişənin kökündə icmada hakimiyyətin (o cümlədən ianələrin bölgüsü hüququnun) keşişə məxsus olması dayanırdı. Prixod şurasının üzvləri "Nouvelles d'Armenie" qəzetinə ünvanladıqları bəyanatda bu savaşın hansı üsullarla aparıldığını açıqlamışdılar: "Vaçe atanın rəhbərlik etdiyi son dərəcə zalım insanlardan ibarət qrup həftədən-həftəyə, tədbirdən-tədbirə kilsənin ərazisini, şam meydançasını ələ keçirib, bu məkanın mütləq hakiminə çevriliblər. Onlar kilsəyə adamları keşişin göstərişilə "süzgəcdən keçirərək" buraxır, hətta hər növ hədə-qorxu ilə ibadət assosiasiya rəhbərini oraya yaxın qoymurdular. Bəyanat müəllifləri bildirirdilər ki, "terrorun piki 2010-cu il martın 21-də, ümumi yığıncaq zamanı olub. Ərazidə xeyli sayda polisin və 2 məhkəmə pristavının olmasına baxmayaraq, ciddi zorakılığa yol verilib, məktəbin rəhbərinin oğlu Barsamyana hücum olunub, nəticədə, yaralanan Barsamyan 2 cərrahiyyə əməliyyatı keçirib. Otaqda stol və stullar havada uçurdu. Vaçe atanın adamları yaşından və cinsindən asılı olmayaraq, hər kəsi təhqir edir, hədələyirdilər. Qadınlar ən ağır sözlərlə təhqir olunurdular... Sonda təhlükəsizlik məqsədilə yığıncaq təxirə salındı".

Bu, erməni prixodları arasında "ianələr"ə nəzarət uğrunda necə kəskin mübarizənin getdiyini göstərən yalnız bir nümunədir. Eçmiədzin katolikosu ilə "soyuq müharibə" illərində yaradılmış "alternativ" dini mərkəz olan "Böyük Kilikiya Evi" arasında necə gərgin münasibətlərin olduğunu isə qeyd etmək artıqdır.

Tədqiqatçı jurnalistlərin ortaya çıxardıqları faktlar erməni ruhanilərin ictimaiyyətə açıqlanmasını arzu etmədikləri bir çox məqamların üzərinə işıq sala bilər. Onlar üçün ən pisi isə bu qalmaqalın "erməni soyqırımı"nın 100-cü ildönümü ərəfəsində meydana çıxmasıdır. Məsələ ondadır ki, ermənilər "yubiley"lə bağlı tədbirlər planını hazırlayır və bu mərasimlərdə kilsə əsas rollardan birini oynamalıdır. Odur ki, o "qüsursuz keşiş" obrazında təqdim olunmalıdır... Bütün bunların fonunda katolikos II Qareginin adının qalmaqallı hesab sahiblərinin sırasında çəkilməsi heç yerinə düşməyib. Belə ki, bu, Erməni apostol kilsəsinin həyatındakı görünməyən tərəfləri artıq üzə çıxarmağa başlayır.


MƏSLƏHƏT GÖR:

710