6 Dekabr 2025

Şənbə, 00:02

FUTBOL NƏDƏN BAŞLAYIR

Azərbaycan Millisinin keçmiş baş məşqçisi Karlos Alberto Tores son 2 ildə ilk dəfə olaraq "Region plus"a danışdı

Müəllif:

15.04.2010

Karlos Alberto Torres - bu ad çoxlarına tanışdır. Futbol üzrə Azərbaycan millisinin ilk əcnəbi məşqçisi, Braziliya yığmasının keçmiş kapitanı və nəhayət, dünya çempionu. Karlos Alberto futbol tariximizə millinin ilk əcnəbi məşqçisi kimi düşdü. Hər zaman jurnalistlərlə səmimi olan Torres komandada ciddi nizam-intizamıyla seçilirdi. Braziliyalı baş məşqçinin yığmamızdan gedişi Bakıda Polşayla oyuna təsadüf etdi. Həmin matçda 0:3 hesablı məğlubiyyətə dözməyən dünya çempionu hakimlə mübahisə etmiş, iki gün sonra isə istefa ərizəsini yazmışdı. Son 2 ildə Azərbaycan mətbuatına danışmayan Karlos Albertoyla əlaqə saxlamaq qərarına gəldik. Telefon söhbətimiz zamanı Bakıdan zəng etdiyimizi öyrənəndə həm təəccübləndi, həm də sevindi. 

-  Hər vaxtınız xeyir! Karlos Alberto, sizi Bakıdan narahat edirik. Yəqin, hələ Azərbaycanı unutmamısınız?

- Bakıdan? Nə yaxşı, düzünü deyim ki gözləmirdim. Elə bildim, artıq məni yaddan çıxartmısınız. Çox yaxşı, zənginizə sevindim. 

- Bizdə olan məlumata görə işləmirsiniz. Nə işlə məşğulsunuz?

- 2014-cü ildə Braziliya futbol üzrə Dünya Çempionatına ev sahibliyi edəcək. Hazırda təşkilati işlərlə bağlı çox ciddi məsələlər həll olunur. Təşkilat komitəsinə yaxından kömək edirəm. Dostum Pele ilə tez-tez görüşüb problemləri həll etməyə çalışırıq.

- Azərbaycanla bağlı hansı xatirələriniz qalıb?

- Çox gözəl ölkəniz var. İnsanlarınız qonaqpərvər, mehribandır. Azərbaycanda işlədiyim zaman hər zaman özümə xoş münasibət görmüşəm. Məhz buna görə də ölkəniz barədə yalnız xoş xatirələrim var.

- Millidə baş məşqçi olduğunuz vaxt yığma üzvlərini xatırlayırsınızmı?

- Adlar yaddımdan çıxıb. Müdafiədə bir gənc oğlan var idi, mənim vaxtımda yığmada çox yaxşı çıxış edirdi (Rəşad Sadıqov - S.Ş.). Sarışın yarımmüdafiədə oynayan pleymeykeri də unutmamışım (Anatoli Ponomaryov - S.Ş.). Yəqin, komandada ciddi dəyişikliklər olub.

- İndi yığmada baş məşqçi Berti Foqtsdur. Cəmi 3-4 legioner oynayır. Son seçmə mərhələdə Lixtenşteynə 2:0 hesabıyla qalib gəldik, Rusiya ilə 1:1 oynadıq.

- Foqtsun Azərbaycan yığmasına başçılıq etməsindən xəbərim var. Deməli, onunla müqavilə artırılıb. Rusiya ilə heç-heçə oynamanızı eşitmişdim. Azərbaycan millisi həmişə Bakıda daha yaxşı futbol göstərir. Üstəlik, yerli azarkeşlər futbolu çox sevir. Möhtəşəm dəstəklə komanda doğma meydanda yaxşı oynayır. 

- Sizcə, futbolu inkişaf etdirmək üçün, ilk növbədə, hansı sahələrə diqqət ayırmaq lazımdır?

- Futbol stadiondan başlayır. İndiki zamanda deyə bilmərəm, amma mənim vaxtımda Azərbaycanda çox ciddi stadion problemi olub. Çempionat oyunlarında 4-5 klub bir stadiondan yararlanır. Mərkəzdə bir stadionunuz var yığma da orada oynayır (Tofiq Bəhramov adına Respublika stadionu nəzərdə tutulur.) Yığma da oradan istifadə edir. Belədə stadion yüklənir. Belə ağır məşqlərə tab gətirmək çətindir. İlk olaraq stadionlardan başlamaq lazımdır. Braziliyada hər məhəllədə stadion var. Uşaqların oynaması üçün əla şərait yaradılıb. İnanıram, yaxın gələcəkdə irəliləyiş olacaq. Ölkənizdə idmana yüksək qayğı var. 

- Yəqin, dünya futbolunu izləyirsiniz. Sizcə, dünyanın ən güclü futbolçusu kimdir - Kaka, Ronaldu, yoxsa Messi?

- Bu suala cavab vermək çətindir. Kaka "Milan"da daha yaxşı oyun sərgiləyirdi. Əlbəttə, "Real"da tam başqa səviyyədə çıxış edir. Bununla belə onu zəif adlandırmaq olmaz. Kriştianu Ronaldu ötən mövsüm daha yaxşı təsir bağışlayırdı. Messi haqda nəsə demək artıqdır. O sanki "Barselona"nın qol "maşını"dır. La Liqada çox gözəl qollar vurur. Oyunçu var ki, bir matçda yaxşı çıxış edir, digər ikisində zəif. Amma Messi son zamanlar parlamaqda davam edir. Düşünürəm, 2010-cu ilin nominantları arasında onun adı mütləq olacaq. 

- Avropanın əksər ölkələrində klublar çoxlu sayda legionerlərin xidmətindən yararlanır. Azərbaycanda da legionerlərə limit yoxdur. Sizcə, bu nə dərəcədə düzgündür?

- Legioner məsələsi çox problemlidir. Ona görə FİFA və UEFA legioner limitinin tətbiqini nəzarətə götürmək fikrindədir. "Barselona", "Çelsi" kimi klublarda yerli futbolçu tapmaq çətin işə çevrilib. Hər bir klubun uşaq futbol akademiyası olmalıdır. Yeniyetmələrə futbolun sirlərini öyrətməklə, sonra əsas heyətə cəlb etmək olar. Axı yerli futbolçular yaddan çıxır. İspan klublarında ispan, ingilis komandalarında isə ingilis futbolçu tapmaq çətindir. Azərbaycanda da limit olsa yaxşıdır. Çempionatın səviyyəsini yüksəltmək üçün legionerlər lazımdır. Amma yerli futbolçular da oynamalıdır. Çünki milli komanda yerli oyunçulardan qurulur.

- İyunda Cənubi Afrika Respublikasında Dünya Çempionatı keçiriləcək. Sizcə, favorit kim olacaq?

- Təbii ki, mən vətənimin komandasının adını çəkəcəyəm. Braziliya istənilən yarışın əsas favoritidir. Hərçənd son zamanlar o qədər də yaxşı oynamırlar. Amma mundialda onlara ümid böyükdür. İngiltərə yığmasını yaddan çıxartmaq olmaz. Fabio Kapello çox gözəl komanda formalaşdırıb. Ona görə ingilislərin yarımfinala qədər irəliləyəcəyinə əminəm. İtaliya, İspaniya, Fransayla hesablaşmaq vacibdir. Çox maraqlı çempionat olacaq. Mən isə Braziliyanın qələbəsinə azarkeşlik edəcəyəm.

- Sonda Azərbaycan azarkeşlərinə sözünüz varsa, buyurun.

- Hamıya təşəkkür edirəm. Salamlarımı çatdırın bütün Azərbaycana. Onlara uğur arzulayıram. Qoy milliniz sizi daim qələbəylə sevindirsin. 


MƏSLƏHƏT GÖR:

599