TEATRIN ŞİRİN ƏSARƏTİNDƏ
Mayda "pro-sent" prodüser mərkəzi bakı sənətsevərlərini növbəti tamaşa ilə sevindirəcək
Müəllif: Valentina REZNİKOVA Bakı
"Pro-Sent" prodüser mərkəzinin işi barədə şəhərdə yaxşı bilirlər. Bu sahədə çalışan insanların yaradıcılıq marağı dairəsinə son zamanlar teatr incəsənəti də daxil olub. Bakılılar artıq birinci səhnə təcrübəsi - Eyb Berrouzun "Kaktus çiçəyi" tamaşası ilə nəinki tanış olmağa, həm də sevməyə macal tapıblar; aktyorlar bu tamaşanı qısaca "Kaktus" adlandırırlar. Tamaşanın quruluşunu vermiş Ələkbər Tağızadə öz səhnə işini avantüradan başqa bir şey adlandırmırdı.
Prinsipcə, bu belə idi. Axı onun təcrübəsində bunaoxşar heç nə olmamışdı. Əlbəttə, onun maraq dairəsinə teatr və rejissura daxil idi, amma o bunu "hobbi" adlandırırdı və peşəkar bağlılıq yox idi. Təhsilcə psixoloq olduğuna görə, çox parlaq şəkildə öz daxili tərəddüdlərinin qarşısını aldı və "özfəaliyyət" pyesinin dramaturji materialının öhdəsindən ustalıqla gəldi. Buna görə də onun tamaşasının hər bir qəhrəmanı yalnız özünəməxsus xüsusiyyətlərə malik parlaq xarakter, canlı və tanış personaj, dolğun obrazlardır.
Antreprizanın tərkibinə Bakının müxtlif teatrlarının - Rus Dram Teatrının, "İbrus" teatrının, Gənc Tamaşaçılar Teatrının aktyorları daxil idi. Fuad Poladovun, Lüdmila Duxovnayanın, Rafiq Əliyevin ulduz adları heç də Əsgər Rəhimovun, Lyubava Qrinevanın, Natalya Pışkinanın, Bella Safinanın, Fəridə Nesterenkonun və Teymur Rəhimovun oyununu kölgədə qoymurdu. Aktyor ansamblı öz peşəkar ifasından çox əmin idi və qədirbilən izləyici təkcə premyera tamaşasında anşlaqla qiymət verməklə qalmayıb, həm də artıq iki ildir ki, ona təkrar-təkrar dönməklə Aktyorlar evinin zalını doldurur.
Bu ad qazanmış tamaşa keçən ilin payızında Odessa və Kiyevə kiçik qastrola dəvət edilib. Orada göstərilən hər şeyin qiymətini bilən ərköyün teatr publikası rejissorun quruluş işini yetərincə yüksək qiymətləndirib. Ələkbər Tağızadənin Bakı antreprizası o qədər xoşlarına gəlib ki, kollektiv 2010-cu il üçün də Odessa teatr festivalında iştirak etməyə təklif alıb.
- Ələkbər müəllim, festivala dəvət sizin və antreprizin aktyorları tərəfindən necə qəbul edildi?
- Necə?.. Mən deyərdim ki, razılıqla. Axı beynəlxalq festivallarda tənqidçilər antreprizlərə rəhm etmirlər. Heç çağırmırlar da, bütövlükdə/ Belə bir düşüncə var ki, antrepriza "yeyin" pullar qazanmaq istəyən media insanlarının tələsik yığılmış komandasıdır. Buna görə də "Kaktus"un festivala dəvət alması bizim peşəkar daşbaşçı yox, yetərincə ləyaqətli ustalar komandası olmağımızın etirafıdır.
- "Kaktus"un qoyuluşu uzunsürən teatr eksperimentləri prosesinin başlanğıcıdır, yoxsa bu teatrı sevən? Amma ömrünü ona həsr etmək istəməyən bir adamın bir dəfə üçün gördüyü işdir?
- Çox uzaq gələcək barədə danışmaq istəməzdim. Yaxın gələcək üçün isə artıq bizim planlarımıza yeni teatr layihəsi daxildir.
- Bu sizin antreprizin repertuar yığması deməkdir?
- Niyə də yox? Bunun üçün bizim hər şeyimiz var. Ən başlıcası isə birgə yaradıcılıq istəyimiz var.
- Demək istəyirsiniz ki, sizin antreprizinizdə həmişə eyni aktyorlar oynaycaq? Onda bu artıq antrepriz deyil.
- Yox-yox. Mən demədim ki, eyni aktyorlar olacaq. Növbəti layihə heç də "Kaktus"da oynayanlar üçün nəzərdə tutulmayıb. Bu, heç lazım da deyil. Antrepriz başqa teatrların aktyorlarına doğma səhnələrində gerçəkləşdirə bilmədiyi yaradıcılıq istəklərinin yerinə yetirilməsinə imkan vermək üçün yaradılır.
- Quruluşçu qrup barədə nə deyə bilərsiniz?
- Bu komanda yaradılmalıdır və elə etmək lazımdır ki, o, daim fəaliyyətli olsun. Bu çox önəmlidir. Çünki teatr işində həmfikirlər lazımdır. Başqa sözlə, tək kəlmədən bir-birlərini anlayan insanlar olmalıdır.
- Buna nail ola bilmisiniz?
- Tam yox. Amma bunun üzərində işləyirəm.
- Yeni layihə üzrə indiki planlarınız necədir?
- Plan sadədir - işləmək.
- Nə üzərində?
- İndi bu, kişi pyesidir. Onda yalnız kişi aktyorlar oynayacaq. Bu, yalnız insani keyfiyyətlərlə deyil, həm də peşəkar maraqlar, ehtiraslar və hətta iddialarla bağlı münasibətlər barədə maraqlı əhvalatdır/.
- Düşünürsüz ki, bircə qadın qəhrəmanın olmadığı əhvalatda münasibətlərin inkişafı izləyici üçün maraqlı olacaq?
- Niyə də yox? Əhvalat özlüyündə maraqlıdır. Maraqlı qalmaqal, gözlənilməz vəziyyətlər var. Yetərincə xoş yumorla, isti insani münasibətlərlə, zərifliklə doludur. Yəni bizim həyatımızda əskik olan şeylərdir.
- Pyesin adı necədir?
- Adı "Növbəti"dir. Nil Saymonun "Günəş oğlanları" pyesinin mövzusuna variasiyadır. Dramaturji redaktənin müəllifi Ramiz Fətəliyev belə adlandırıb. Çünki biz ilkin qaynağı tutarlı şəkildə dəyişmişik. Deyim ki, "Malı Bronnı" teatrında bu tamaşada Lev Durov və Leonid Kanevski, "Mossovet" teatrında isə Boris İvanov və Anatoli Adoskin oynayıblar. İndi özünüz başa düşürsünüz ki, bu, hansı səviyyədə dramaturgiyadır.
- Gizli deyilsə, bu tamaşada kimlər oynayacaq?
- Gizlilik yoxdur. Bunlar Fuad Poladov, Murad Yegizarov, Rafiq Əliyev və Emin Mirabdullayevdir. Keçən ilə Muradla Rafiqin yubileyi olub, buna görə də xoşbəxtlikdən başa çatdırmaq üzrə olduğumuz bu işi onlara hədiyyə etmək məntiqli olardı.
- Premyera nə vaxtdır?
- Ehtimal edirik, mayın əvvəlinə başa çatdıra bilərik.
- Bəlkə, bu, premyerası nəzərdə tutulan "Növbəti" tamaşasının süjetindən bir sıra məqamları açıqlayasınız...
- Yalnız onu deyə bilərəm ki, bu aktyorlar barədə hadisədir. Mənim və müəllifin psixoloji araşdırma baxışına görə aktyorlar insandırlar və həm də oyunçudurlar.
- Niyə aktyorlar barədə mövzu seçdiniz?
- Bu peşənin insanları həmişə mənim üçün maraqlı olublar. Onlar öz yaradıcılıq həyatları boyunca çox tale yaşayırlar, amma tamaşa səhnəsindən kənarda xoşbəx ola bilirlərmi? Bir də ki teatr adlı bu səcdəgah özü nədir? Axı aktyorların ən parlaqları belə gec-tez oranı tərk edirlər. Bundan sonra nə qalır? Peşə öz-özlüyündə bir sirrdir, həm də eyni zamanda fenomendir. Bizim ətrafımızda nə qədər yalqız və yazıq insanlar, nə qədər faciəli talelər var!
- Deməli, bu, aktyorlara həsr edilir?
- Hə. Olan və çoxdan unudulanların hamısına həsr edilir. Unudulmuşlara.
- Tamaşaçıları hansısa sürprizlər gözləyirmi?
- Hə. O cümlədən, bu, bədii tərtibatla da bağlı olacaq.
- Bu layihədə siz yenə də Nazim Bəykişiyevlə işləyirsiniz?
- Hə. Nazim artıq həmfikirlər komandasının bir hissəsinə çevrilib. Onun teatr quruluşu "imza"sı mənim xoşuma gəlir. Ən başlıcası, bir-birimizi gözəl anlayırıq.
- Sizin komandada başqa bu cür adamlar da varmı?
- Var. Hər şeydən öncə, Ramiz Fətəliyevin adını çəkmək istərdim. Bax, onunla bir tək kəlmədən bir-birimizi başa düşürük! Bundan başqa tərtibat komandası, o cümlədən Həsən Məmmədov.
- Deməli, bu layihə sizin aktyor dostlarınıza və oyunçu peşəsinə hörmətinizin nümayişidir? Sonra nə olacaq?
- Mən artıq dedim ki, uzaq gələcək barədə öncəgörməlik etmək istəmirəm.
- Hər halda?
- Bir sıra gerçəkləşdirmək istədiyim düşüncələr var, amma bu barədə danışmaq hələ tezdir. Heç lazım da deyil.
- Bütün teatr adamları kimi siz də əlamətlərə inanırsız?
- İnanmamışam. Amma inanmağa doğru gedirəm.
- Deməli, siz də Teatr adlı bu müqəddəs divin əsirinə çevrilirsiniz.
- Buna sevinirəm. Hələ ki bu əsarət mənə şirindir!
MƏSLƏHƏT GÖR:





665

