AMERİKADA DEMOKRATİYA GETDİKCƏ AZALIR
və ya ABŞ-da HÜQUQLAR və AZADLIQLARLA BAĞLI İŞLƏR NƏ YERDƏDİR?
Müəllif: Namiq MAYILOV Bakı
Bir müddət əvvəl - martın sonlarında Fransa prezidenti Nikolya Sarkozi hər kəsin diqqətini Vaşinqtonun dünyanı təkbaşına idarə etmək cəhdinə yönəldib. "Nə qədər güclü olsa da, XXI əsrdə heç bir xalq baxışlarını bütün dünyaya qəbul etdirə bilməz", - deyə Sarkozi Nyu-Yorkdakı Kolumbiya Universitetinin tələbələri qarşısındakı çıxışında bildirib.
Fransa lideri xüsusilə qlobal iqtisadi böhrana və Ağ evin bu böhranın yaranmasında oynadığı rola diqqət çəkib. "Bir neçə yüz məsuliyyətsiz şəxs başqalarının pulları ilə istədiklərini ediblər. Onlara haqq qazandırmaq mümkün deyil", - deyə Sarkozi bildirib. O, indi həmin adamların "eyni addımları təkrarlamağa hazırlaşdıqlarını" da qeyd edib. Bütün dünya ictimaiyyətinə üz tutan prezident onları bu iqtisadi ssenarinin təkrarlanmasına imkan verməməyə çağırıb. "İnterfaks"ın məlumatına görə, Sarkozi xüsusilə vurğulayıb ki, "qaydaların yoxluğu azadlığı məhv edir".
Amma görünən odur ki, ABŞ bütün bu çağırışları eşitmək və özbaşınalığından əl çəkmək, hərəkətlərini beynəxalq qaydalara uyğun şəkildə qurmaq fikrində deyil.
Aprelin əvvəllərində İnternetdə yerləşdirilmiş bir görüntü hamını sarsıtdı: orada İraqdakı amerikalıların vertolyotdan dinc sakinləri necə güllələdiyi əks olunub. Hadisə 2007-ci ilin iyulunda baş verib. İnsident nəticəsində "Reuters"in jurnalistləri və ən azı, 10 dinc sakin həlak olub. Videoçarxda pilotlardan birinin bir neçə insandan ibarət qrupu müşahidə etməsi əks olunub. Bir qədər sonra, onun yanındakı şəxs insanlardan bəzilərinin silahlı olduğunu bildirir və nəticədə dinc insanlar atəşə tutulur. Sonra həmin insanların yardımına gələn mikroavtobus da vertolyotdan gülləbaran edilir. Bu azmış kimi, vertolyotdakılar əməllərini həyasız replikalarla şərh edərək gülüşürlər.
Sonradan məlum olub ki, atəşə tutulmuş mikroavtobusda iki uşaq da olub və onlar yaralanıb. Amerikalı pilotların silah kimi qəbul etdikləri isə "Reuters" reportyorlarının fotoaparatları imiş.
"Reuters"in məlumatına görə, ABŞ Silahlı Qüvvələrindəki mənbə adının açıqlanmaması şərti ilə videogörüntülərin orijinallığını etiraf edib. Bunun rəsmi təsdiqi isə gəlməyib. Pentaqonda əvvəlkitək iddia edirlər ki, pilotlar güc tətbiqi qaydaları çərçivəsində hərəkət ediblər. "The Times"in yazdığına görə, Pentaqon onu da bildirir ki, "Reuters" reportyorlarının yaraqlılarla əlaqədə olmamasına dair sübutlar yoxdur.
Amma digər tərəfdən, ABŞ-ın Müdafiə Nazirliyində bunun əksini də sübut edən faktlar yoxdur. Görünür, məhz bu üzdən sözügedən faktı 3 ildir ictimaiyyətdən cidd-cəhdlə gizlədirdilər. Qeyd edək ki, "Reuters" indiyədək Amerikanın informasiya azadlığı haqda qanununa (US Freedom of Information Act) əsaslanaraq, həmin kadrları əldə etməyə çalışsa da, istəyinə nail olmurdu. Nəticədə, görüntülər WikiLeaks müstəqil internet resursunda yerləşdirilib. Qeyd edək ki, bu sayt məhz ifşaedici materialların axtarışı və yerləşdirilməsi ilə tanınır. Resursda amerikalı hərbçilərin İraqda dinc sakinləri atəşə tutmasını əks etdirən videogörüntü qapalı olduğundan, onu izləmək üçün xüsusi kodu sındırmaq lazım gəlib.
Baş verənlərin daha bir maraqlı tərəfi var. Amerikalı hərbçilərin növbəti cinayətini əks etdirən kadrların gizli saxlanması azmış kimi, indi də videogörüntünü nümayiş etdirmiş saytın yaradıcıları ABŞ hökuməti tərəfindən təzyiqə məruz qaldıqlarını bildirir. Yenə də "The Times" yazır ki, Wikileaks resursunun ifşasından sonra, Pentaqon gizli materialların bundan sonra yayılmasına imkan verməmək üçün sanksiyaların tətbiqi məsələsini nəzərdən keçirib.
Qəribə təsadüfdür. Dünya ABŞ hərbçilərinin jurnalist və dinc insanları atəşə tutması haqda məhz apreldə - amerikalıların 7 il əvvəl "Fələstin" mehmanxanasına güclü artilleriya zərbələri endirdiyi ayda məlumatlanır. Xatırladaq ki, 7 il əvvəl bombardman edilmiş mehmanxanada İraq müharibəsinin gedişini işıqlandıran əcnəbi reportyorlar qalırdı, "Fələstin" isə ən təhlükəsiz mehmanxana sayılırdı. Çünki hərbçilərin xüsusi xəritələrində o, toxunulmaz obyekt kimi göstərilirdi. Buna baxmayaraq, ABŞ hərbi maşını uydurma əsaslarla jurnalistlərin həyatına qəsd etmişdi. Bu, gizli terror idi.
Vaxtilə Hillari Klinton bir fikir söyləmişdi: "Biz amerikalılar, təxminən, 200 il ərzində anlamışıq ki, demokratiyaya sadiqlik - hər gün sübuta ehtiyac olan bir teoremdir".
Amma faktlar göstərir ki, Amerika Konstitusiyasının varisləri tarixin yaxşı şagirdləri olmayıblar və "demokratiya" adlı teoremi sübut etməyə o qədər də can atmırlar.
Müasir dünyada artıq Birləşmiş Ştatlarda demokratiya haqda müəyyən ironiya ilə danışılır. Hətta bununla bağlı lətifə də var:
- Buşun prezidentliyi dövründə Amerikada demokratiya azalıb!
- Azalar da! Axı onlar demokratiyanı ixrac edirlər.
Nobel sülh mükafatı laureatı Codi Vilyams 2005-ci ilin dekabrında Bakıda olan zaman qəti şəkildə bildirmişdi ki, "ABŞ artıq demokratiyanın beşiyi deyil". "Zerkalo" qəzetinə verdiyi müsahibədə o deyirdi: "Çoxumuz "soyuq müharibə"nin bitməsi ilə dünyanın müsbət tərəfə dəyişəcəyinə ümid edirdik. Amma şəxsən mən buna inanmırdım. Amerika hökumətini yalnız ABŞ-la bağlı məsələlər maraqlandırır. Bu faciəni biz vaxtında başa düşməli idik. Hesab etmirəm ki, demokratiyanın ən yaxşı vasitəsi hərbi əməliyyatlardan istifadədir. Bunu anlamaq olmur - əhalinin razılığını almadan, bu demokratiyanın prinsiplərini heç kəsə anlatmadan. Belə olanda, demokratiya prinsipinin işləməməsi təəccüblü görünmür".
"Soyuq müharibə" dövründə Amerikanın müstəsnalığı, əsasən, azadlığa canatma ilə xarakterizə olunurdu. Lakin Buşun hakmiyyətə gəlişi vəziyyəti dəyişdi - "Haqlı və ya haqsız olmasından asılı olmayaraq, mənim ölkəm həmişə haqlıdır" kimi despotizm toxumunun səpilməsinə başlanıldı. Buş Amerikanı həm beynəlxalq ictimaiyyətin, həm də azad dünyanın lideri qismində birləşdirmək üçün lazımi formulu tapa bilmədi. Neomühafizəkarlar ona dünyanın problemlərini çözəcək, müxtəlif ölkələrdə insan haqlarının pozulması ilə mübarizənin əsasını təşkil edəcək, onlarda demokratiyanın qələbəsinə imkan yaradacaq "xeyirxah hegemonluq" konsepsiyasını təklif etdilər.
ABŞ sağlam əxlaqa əsaslansaydı, bəlkə də bütün bunlar mümkün olardı. Lakin sağlam əxlaqı triumfalizm kompleksi əvəz etdi. Birləşmiş Ştatlar İraqa girdikdən sonra dünya ictimaiyyətinin gözündən düşdü, dünyada antiamerika əhvalının kəskin şəkildə artmasına səbəb oldu. Günahsız insanların səbəbsiz qətli göstərdi ki, bu heç də terrorla mübarizə yox, əslində elə terrorun özüdür. Məhz bu əməllər Amerika ictimaiyyətində də dərin parçalanmaya, həmçinin ABŞ-la digər ölkələr arasında fikir ayrılıqlarına səbəb oldu.
İraqda, həmçinin dünyanın digər yerlərində Buşun "azadlıq zəfər çalacaq" fikri "qələbə Amerikanın tərəfində olacaq" kimi qəbul edilir. Bu isə amerikalıların "xoş məramlarına" şübhə yaradır və ABŞ-ı nüfuzdan məhrum edir.
Bugünkü reallığın fonunda C.Kennedinin bir fikri uzaqgörənliyin nümunəsi sayıla bilər: "Məni narahat edən odur ki, millətçilik və ya şəxsi maraqlar Amerika ənənələrinin əzəmətinə kölgə salır". Yəqin ki, Kennedi bunu deyəndə vaxtilə Amerikada linçləməyə məruz qalan 5 min qurbanı, üzücü əməklə zorlanan və öldürülən 2000 nəfəri, hinduların kütləvi şəkildə məhvini və s. nəzərdə tuturmuş. Bununla yanaşı, yəqin o, ağlına belə gətirməzdi ki, vaxt gələcək, ABŞ "demokratiya ixracı" adı altında müxtəlif xalqların nümayəndələrini ələ salmaqdan belə çəkinməyəcək. Dünya İraqın Əbu-Qreyb həbsxanasında amerikalı əsgərlərin yol verdikləri vəhşiliklər, Quantanamodakı sanksiyalaşdırılmamış zorakılıqlardan xəbər tutandan sonra isə "Böyük Amerika ənənələri"ndən danışmaq yersiz olacaq.
2007-ci ilin iyulunda C.Buş Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) gizli məhbuslar saxlamaq hüququnu təsdiqləyib və bununla da Cenevrə konvensiyasının tələblərinə zidd addım atıb. Bu, bütün dünyada insan haqlarının pozulması anlamına gəlirdi. Amerika administrasiyasının ən yuxarı təbəqələrində zorakılıq demokratiyanın möhkəmləndirilməsi aləti kimi qəbul edilirdi. Corc Buşun belə insanlıqdan uzaq və təhqiramiz əməlləri qadağan edən qanun layihəsinin qəbuluna veto qoyacağına dair hədəsi, vitse-prezident Dik Çeyninin MKİ-ni bu qanunun təsir dairəsindən çıxarmaq cəhdləri, ABŞ-ın baş prokuroru Alberto Qonsalesin ölkəsinin Amerikadan kənarda həbs edilmiş şəxslərlə belə rəftar hüququnun olmasına dair qeyri-adi bəyanatı, həmçinin MKİ-nin direktoru Porter Qossun hələ inkvizisiya dövründən qalmış işgəncəni - insanı nəfəsi kəsilənədək suyun altında saxlamağı "peşəkar dindirmə üsulu" adlandırması buna bir sübutdur.
Beləliklə, "vətənpərvər qanun" şüarı altında, əslində, "cəza qanunu" qüvvəyə mindi. 2003-cü ilin yanvarında ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Fraymut Duve artıq ABŞ-da "mətbuat azadlığının olmadığını" bəyan etdi. O, bildirdi ki, ABŞ Konqresinin "Vətənpərvərlik paktı"nı qəbul etməsi Amerika vətəndaşlarını "qanuni hüquqlarından məhrum edib". ATƏT nümayəndəsini narazı salan əsas məqam terror əleyhinə yeni qanunun kitabxanaya baş çəkənlərə və KİV abunəçilərinə nəzarət etməyə, kitab mağazalarının hesablarını yoxlamağa imkan verməsidir.
Bunula əlaqədar olaraq, daim ABŞ Senatı tərəfindən insan haqlarının pozulmasında günahlandırılan Çin hökuməti Birləşmiş Ştatlarda insan haqlarına riayət edilməməsinə dair kifayət qədər geniş məruzə də hazırlayıb. Sənəddə deyilir:
- Dünyada hər 4 məhbusdan biri amerikalıdır. Yalançı azadlıq ölkəsi dünyada məhbusların və məhkumların sayına görə, digərlərini böyük fərqlə geridə qoyur. 15 il ərzində onların sayı 3 dəfə artaraq, 2000-ci ilin əvvəlinə 2 milyona çatıb.
- Faktik olaraq, Amerika KİV hakimiyyətin ictimai rəydə manipulyasiya etməsi üçün təbliğat mexanizminə çevrilib. Si-En-En-in Kosovodan verdiyi reportajları dəqiqliklə analiz etsək, məlum olur ki, onun 50%-i ABŞ hökumətindəki, 26,5%-i NATO və "Kosovo Azadlıq ordusu"ndakı mənbələrə, 14,7%-i isə alban qaçqınlara əsaslanır.
- ABŞ aparıcı sənaye fövqəldövlətləri arasında uzun illər məcburi tibbi sığorta öhdəliyini qəbul etməmiş yeganə ölkədir. Onun əhalisinin 16%-dən artığı faktiki olaraq, tibbi yardım olmadan yaşayır.
- 1987-ci ildən 1996-cı ilədək 500 nəhəng Amerika şirkəti öz maraqlarının lobbiçiliyinin həyata keçirilməsi üçün konqresmenlərə, ən azı, 182 milyon, Demokrat və Respublikaçılar partiyasına isə 73 milyon dollar ödəyib. Yalnız siqaret istehsalçılarından bu "axın" 30 milyon dollar təşkil edib.
ABŞ-ın 1980-2000-ci illərdə "terrorla müharibə" elan etməsinə cavab olaraq, məşhur dilçi alim və politoloq Noam Xomski bildirir ki, dünya terrorizminin əsas mənbəyi aparıcı fövqəldövlətlər, məsələn, ABŞ-dır. Onun bu mövqeyi bir sıra faktlarla daha da möhkəmlənir. Məlumdur ki, dünyada ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi ilə əməkdaşlıq edən 20-dən artıq gizli terror təşkilatı var.
ABŞ Konqresinin Dağlıq Qarabağ separatçılarına maliyyə yardımını da bu qəbildən saymaq olar. 2009-cu il dekabrın 17-də separatçılara 8 milyon dolların ayrılmasından sonra Azərbaycanın Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinə etiraz notası göndərmişdi. Cavab isə düz, 2010-cu ilin yanvarında gəldi. Dövlət Departamenti bu gecikməni pis hava şəraiti və Milad bayramı ilə əlaqələndirirdi. Özü də bu zaman ABŞ-ın terrorçulara diplomatik dəstəyinə dair iradlara cavab vermək üçün arqumentlər tapa bilmədi. Odur ki, cavab qısa idi: "ABŞ Dövlət Deparatmenti "Dağlıq Qarabağ" adlı struktur tanımır".
Amma bu diplomatik tezis baş vermiş daha bir kazusla heç cür uyğun gəlmir: ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən beynəlxalq qeyri-hökumət təşkilatı Freedom House bir müddət əvvəl öz İnternet saytında Azərbaycanın xəritəsini təhrif edərək Dağlıq Qarabağı Azərbaycanla Ermənistan arasındakı mübahisəli ərazi kimi göstərib və onu boz rəngdə təqdim edib. Bundan başqa, qurumun hesabatında işğalçı və təcavüzkar ölkə olan Ermənistan qismən azad, Azərbaycan isə azad olmayan ölkə kimi göstərilib.
Bəli, biz həqiqətən də, azad deyilik. Çünki torpaqlarımızın 20%-i "qismən azad Ermənistan" tərəfindən işğal edilib. Amma bir məsələ də var ki, torpaqları işğal edilmiş ölkə ilə yanaşı, bu torpaqları işğal etmiş dövlət də azad ola bilməz!
"Demokratik" Amerikada KİV hakimiyyət tərəfindən ictimai rəyin manipulyasiyası üçün istifadə olunur. Şərqi Timorda yaşanan faciə zamanı mətbuatın, faktiki olaraq, susması da bununla izah olunur. Eyni vəziyyət Holokostdan sonra insanların kütləvi şəkildə qırılması zamanı da təkrarlanıb. Şərqi Timor ABŞ-ın razılığı və iştirakı ilə işğal edilib. Həm də bu işğal son dərəcə qəddarlıqla həyata keçirilib. Amma məhz susqunluq üzündən bu haqda heç kəs heç nə bilmir. Burada məşhur Mark Tvenin replikasını xatırlamaq yerinə düşər: "Amerikada biz Allahın 3 ən dəyərli hədiyyəsindən həzz alırıq: azad söz, azad vicdan və bunların heç birindən heç vaxt istifadə etməmək üçün, ağıl".
ABŞ özünü "yeni dünya düzəni"nin yaradıcısı kimi təqdim etsə də, daim əsas beynəlxalq razılaşmaları pozur və ya onları imzalamağa tələsmir. Məsələn, 1948-ci ildə imzalanmış Soyqırım Haqda Bəyannamə ABŞ-da yalnız 40 il sonra ratifikasiya olunub. Qadınlara qarşı ayrı-seçkiliyi qadağan edən bəyannaməni isə bu ölkədə hələ də ratifikasiya etməyiblər. İqtisadi, sosial və mədəni hüquqlar haqda müqavilə, həmçinin uşaqların hüquqlarına dair bəyannamə də eyni vəziyyətdədir (sonuncu sənəd ABŞ-dan başqa dünyada yalnız Somalidə ratifikasiya edilməyib).
Birləşmiş Ştatlarda təsdiqlənməmiş sənədlər arasında nüvə silahlarının yayılmamasına dair müqavilə, nüvə sınaqlarının tam və hərtərəfli sınağını qadağan edən müqavilə, hava hücumundan müdafiənin məhdudlaşdırılması haqqında müqavilə, kimyəvi silahlar üzrə bəyannamə, bioloji və zəhərli silahlar haqda bəyannamə, minaların qadağan olunması haqda müqavilə, BMT-nin iqlimə nəzarət bəyannaməsi də var.
Son bəyannamə haqda 2009-cu ilin oktyabrında ABŞ Konqresindəki məşhur çıxışı zamanı Almaniya kansleri Angela Merkel də həyəcanını gizlətməmişdi. Lakin onun bu çıxışına dəstək verən olmadı. Merkel bildirmişdi ki, artıq gözləməyin vaxtı deyil, iqlim problemləri ilə bağlı Kopenhagen konfransına start vermək lazımdır. Amma bu zaman zaldakı deputatların, təxminən, yarısı bu fikirlərə dəstək vermədi. Xatırladaq ki, Merkel bu zaman sənaye baxımdan inkişaf etmiş ölkələri havaya çirkli qazların atılmasını məhdudlaşdırmağa da çağırmışdı.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, liberallar Obamanın ölkəyə rəhbərliyə başladığı ilk anlardan Vaşinqtonun Kopenhagen konfransına öz təkliflər paketini hazırlamasını lazım bilirdi/.
Bu gün Amerikanın ən mütərəqqi simaları belə etiraf edirlər ki, demokratiya prosesi tənəzzülə uğrayır. Onların arasında tanınmış amerikalı publisist Qor Vidal da var. "Bizə nədən nifrət edirlər?" adlı kitabında o yazır: "Biz daim başqa ölkələri damğalayırıq, şər dövlət adlandırsaq da, indi isə özümüz ən böyük şər dövlətinə çevrilmişik. Biz müqavilələrə əməl etmirik, beynəlxalq məhkəmələrə etinasızlıq göstəririk. Öz istəyimizə əsasən, hara gəldi zərbə endiririk. BMT-yə göstərişlər veririk, amma üzvlük haqqımızı belə, ödəmirik. Terrordan şikayətçi ola-ola, bu gün imperiyamız ən sərt terrorçuya çevrilib".
Bu fikirlərinə görə, heç kəs Qor Vidalı əsassızlıqda günahlandıra bilməz. ABŞ bir çox ölkələri BVF-nin kreditləri hesabına borc quyusuna salıb, digərləri isə bu ölkəni hərbi gücü ilə üz-üzə qalıblar. Əminliklə söyləmək olar ki, ABŞ dünyanın hesabına yaşayır - inkişaf etməkdə olan ölkələrdən xammal və yanacaq alsa da, ödənişlərdən yayınır. 80-ci illərin sonlarında artıq tamamilə aydın idi ki, BVF proqramlarının qəbulu Latın Amerikası və Afrikada iqtisadi fəlakətə səbəb olub. BVF-ni özünə yaxın buraxmamış Cənub-Şərqi Asiya ölkələri (Tayvan, Cənubi Korya və s.) isə bundan qaça bilib. Bundan başqa, BVF-nin proqramları ilə onların qəbul edildiyi ölkələrdə kriminallaşma arasında birbaşa əlaqə var. 1995-ci ildə İspaniyada "Narkotiklər və hüquqi dövlətlər" mövzusunda keçirilmiş beynəlxalq konfransda narkobiznes maraqları ilə BVF proqramları arasında birbaşa əlaqənin olduğunu göstərən faktlar ortaya qoyulmuşdu.
XX əsrdə dünyada baş vermiş müharibələrin 30%-nə ABŞ səbəbkar olub. Ölkə kütləvi qırğınlara görə də, "rekord"a imza atıb - 1 amerikalıya 140 min qurban - söhbət Amerika təyyarələrinin Hirosima və Naqasakiyə atdığı atom bombalarından gedir.
Vetnamda isə yalnız öldürülən uşaqların sayı 250 000 olub.
Dövlət katibi Hillari Klinton bir müddət əvvəl Amerikanın vahid, universal insan haqları standartlarına sadiqliyini bəyan edərək, "bu standartlar hamı, o cümlədən bizim üçün eynidir", - deyib. Amma bu bəyanat riyakarlıqdır. Əslində, ABŞ utanmadan digər ölkə xalqlarının hüquqlarını tapdayır, onlara öz düşüncələrini və yalançı dəyərlərini sırımağa çalışır. Hərdən Amerikanın hakim strukturları yalana əl atır və bu zaman düşünür ki, ifşa olunacağı təqdirdə hər şeyi QHT-lərin qeyri-dəqiq məlumatının üzərinə yıxacaq. Az əvvəl Vaşinqtonun guya Azərbaycanda tələbələrin 30-35%-nin narkoman olmasına dair primtiv yalan yaydığı zaman da belə olmuşdu. Təbii olaraq, ABŞ-ın Bakıdakı səfirliyi buna görə açıq şəkildə üzr istədi.
Amma nədənsə, Vaşinqtonun bu hesabatında Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində terroristlər üçün məskən yarandığı, həmin ərazilərin beynəlxalq narkotik daşımaları üçün yola çevrildiyi haqda heç nə deyilmir. Baxmayaraq ki, bu faktı bütün müvafiq beynəlxalq strukturlar etiraf edir.
ABŞ-ın hərbi ekspansiyasından sonra Əfqanıstanda narkotik istehsalının 44 dəfə artmasına dair ən nüfuzlu ekspertlərin fikirləri haqda da eyni dərəcədə susqunluq müşahidə olunur. Belə olan təqdirdə, ABŞ başqa ölkələr haqda dezinformasiya yaymaq əvəzinə nədən Əfqanıstandakı Amerika özəl hərbi şirkətlərin fəaliyyəti haqda şəffaf hesabat açıqlamasın?
2008-ci ilin noyabrında ABŞ Dövlət Deparatmentinin Azərbaycanı insan alverində ittiham etdiyi zaman da eyni vəziyyət yaşanmışdı. Azərbaycan XİN buna sərt etirazını bildirmişdi. Rəsmi Vaşinqton suveren Azərbaycanın həyatındakı müsbət islahatları, onun iqtisadi baxımdan inkişaf etməkdə olan ölkələrin reytinqində tutduğu mövqeləri sanki görmək istəmir. Bu yerdə xatırladaq ki, Hillari Klinton hələ senator olduğu zaman respublikaçı senator Con Makkeynlə birlikdə Ukrayna və Gürcüstan prezidentləri Viktor Yuşşenko ilə Mixail Saakaşvilini "Gürcüstan və Ukraynadakı tarixi rollarına görə", Nobel mükafatına namizəd göstərmişdi.
Bu ölkələrdə sonradan yaşananlar həmin təşəbbüsün nə qədər qanunauyğun olduğunu göstərdi.
Postsovet ölkələrini çeşidlərə ayırmaqla, azad sözü boğmaqda günahlandıran ABŞ, öz gözündəki tiri, nədənsə, görmür. Bu baxımdan "CBS" teleşirkətinin prezident seçkisi kampaniyasının ən qızğın dövründə kiçik Buşu tənqid etdiyi üçün şirkətin 4 əməkdaşının işdən uzaqlaşdırıldığını xatırlamaq kifayətdir. İşini itirmiş həmin şəxslər arasında telekanalın qocaman əməkdaşı Den Razer də var idi. O, efirdən Buşun tibbi baxışdan keçməkdən və orduda qulluqdan yayındığını söyləməyə cəsarət tapdığı üçün 40 illik nöqsansız fəaliyyətinə baxmayaraq, istefa verməli oldu.
İllinoys ştatının korrupsiyaya qurşanmış qubernatoru Blaqoyeviçin ətrafında cərəyan edən qalmaqal zamanı isə məlum olub ki, qubernator və onun aparatının rəhbəri Con Xarris "Tribune Co." mediaşirkətini dövlət dəstəyindən məhrum etməklə hədələyiblər. Bunun baş verməməsi üçün həmin şəxslər şirkətdən qəzetin qubernatoru tənqid etmiş bir əməkdaşının işdən uzaqlaşdırılmasını tələb edib.
Bu faktlar Amerikanın "demokratik" mətbuatının əsl vəziyyətini hər kəsə nümayiş etdirir.
Diplomatik etikaya zidd olaraq, ABŞ-ın diplomatik korpusunun əməkdaşları həm digər ölkələrin daxili qanunlarına, həm də beynəlxalq konvensiyalara etinasızlıq göstərir. Məsələn, 2010-cu ilin yanvarında ABŞ və Norveçin Bakıdakı səfirlikləri birgə bəyanatla çıxış edərək, əməkdaşlarının Naxçıvanın Bənənyar kəndinə buraxılmadığını açıqlayıb. Nəticədə Azərbaycan XİN-i onlara xarici diplomatların 1961-ci ildə qəbul edilmiş diplomatik əlaqələr haqda Haaqa bəyannaməsinə əməl etməli olduğunu xatırlatmaq məcburiyyətində qalıb.
(Ardı var)
MƏSLƏHƏT GÖR:





569

