5 Dekabr 2025

Cümə, 23:59

DƏYƏRLƏR DƏYƏRDƏN DÜŞƏNDƏ

Aİ-nin Türkiyəni sıralarına qatmaqdan imtinasının əsl səbəbləri nədir?

Müəllif:

15.04.2010

Dünyaya öz dəyərlərini qəbul etdirməyə çalışan, mütəmadi olaraq ayrı-ayrı ölkələri milli-dini tolerantlığın olmamasında günahlandıran Qərbin, daha dəqiqi, Avropanın özündə ksenofobiya və dini ədavət kifayət qədərdir. Artıq bu problem o qədər ciddi və təhlükəli xarakter alıb ki, Qərb KİV də bu haqda açıq yazmağa başlayıb.

Martın sonlarında Almaniya kansleri Angela Merkel Ankaraya rəsmi səfər etdi. Səfər çərçivəsində əsas müzakirə mövzularından biri də Türkiyənin Avropa İttifaqına (Aİ) tamhüquqlu üzvlüyü idi. Məlum olduğu kimi, Berlin Türkiyəyə Aİ-nin imtiyazlı tərəfdaşı olmağı təklif edir. Ankara isə tam ədalətli olaraq, bununla razılaşmır. 

Bu dəfə də kansler bütün siyasi nəzakəti kənara ataraq bəyan etdi ki, Berlinlə Parisin bu məsələyə dair mövqeyi dəyişməyib. Yəni onlar Türkiyəni Aİ-nin tamhüquqlu üzvü kimi görmürlər. Ən azı yaxın gələcəkdə/.

Ankara üçün daha bir pis sürpriz Berlinin Almaniyada türkdilli məktəb və gimnaziyaların açılmasından imtinası oldu. Bu ölkədə, təxminən, 4 milyon türkün yaşamasına, Türkiyədə isə alman dilində gimnaziyaların çoxdan fəaliyyət göstərməsinə baxmayaraq, Almaniya bu təklifi qəbul etmədi. Doğrudur, Berlin Ankaranın ənənəvi müttəfiqi sayılır. Amma nə qədər paradoksal səslənsə də, Türkiyənin Avropaya tamhüquqlu inteqrasiyası yolunda ən ciddi maneə də məhz Almaniyadır.

Bəs bu paradoksun səbəbi nədir? Bu suala ən açıq və səmimi cavab Amerikanın nüfuzlu "Uoll Strit Journal" qəzetində A.Merkelin Türkiyəyə səfərindən dərhal sonra dərc olunmuş məqalədə verilib: "Türkiyənin artıq 50 ildir israrla Avropa İttifaqına üzv olmağa çalışmasına baxmayaraq, onu bu quruma buraxmırlar. Doğrudur, əksər avropalı məmurlar buna əsas maneə kimi Türkiyənin islam ölkəsi olmasını göstərmir. Amma məhz bu faktor Ankaranın Aİ-yə qəbulunda əsas maneədir. Şübhəsiz ki, Avropa liderləri Türkiyənin birliyə daxilindən sonra onun burada Almaniyadan sonra ikinci ölkəyə çevriləcəyini bilir və Ankaranın ciddi çəkiyə malik olacağından ehtiyatlanırlar. Bundan başqa, Avropada xrisitian dəyərlərinin itməkdə olduğu vaxtda Türkiyə kimi nəhəng müsəlman dövlətinin Aİ-yə üzvlüyü qurumun əvvəlki prioritetlərinin dəyişməsinə səbəb ola bilər. Türkiyənin Avropa İttifaqına qəbuluna əsas maneə nə Kipr problemi, nə də siyasi islahatlardır. Əsas problem ölkə əhalisinin 99%-ni müsəlmanların təşkil etməsidir. Və əsl problem də heç müzakirə olunmur. Odur ki, Türkiyə hələ Aİ-nin qapısı ağzında çox dayanmalı olacaq".

Göründüyü kimi, məqalənin müəllifi Avropanın xeyrinə olmayan iki ciddi arqument  səsləndirir. 

Dini reallıqlarla bağlı ikinci məqamın daha ciddi olduğu hiss edilir. Axı Avropada xristian dəyərləri ilə bağlı böhranın yaşandığı son zamanlar dillərdə dolaşan əsas mövzudur. Son dönəmlərdə az qala hər gün katolik kilsəsi və Vatikanın özünün də adı seksual qalmaqallarda hallanır. Elə ötən ay Almaniyanın iki böyük kilsəsinin (katolik və yevangelist) adı səs-küylü qalmaqalın əsas obyektinə çevrilib. Söhbət Almaniyanın elit təhsil ocaqlarında təhsil alan uşaqlara və digərlərinə qarşı seksual zorakılıqdan gedir. Bundan sonra keçirilən sorğular göstərib ki, artıq almanların təxminən 70%-i kilsəni abırsız məkan sayır.

Seksual qalmaqallar mövzusu Roma Papasının ailəsindən və hətta pontifikin özündən də yan keçməyib. 1958-1971-ci illərdə məşhur "Regensburger Domspatzen" kilsə xorunda oğlan uşaqlarına qarşı təhqir, seksual zorakılıq və kobud fiziki təzyiq faktları üzə çıxıb. Həmin dönəmdə xora hazırkı Roma Papası XVI Benediktin doğma qardaşı Georq Rattsinger rəhbərlik edirdi. Papanın özü isə seksual cinayətləri gizlətməkdə günahlandırılır. Hələ 2001-ci ildə inanc doktrinası üzrə Konqreqasiya pedofil keşişlər haqda məlümatların Kilsədən kənara yayılmamasına dair qərar qəbul edib. Həmin vaxt bu qərarı qəbul etmiş quruma isə kardinal Yozef Rattsinger, başqa sözlə, hazırkı Papa XVI Benedikt rəhbərlik edirmiş. Onun opponentləri iddia edir ki, o zaman bu qərar kilsədə baş vermiş seksual cinayətlərin ört-basdır edilməsi üçün verilib. 

Yeri gəlmişkən,  ötən ilin iyulunda XVI Benedikt Müqəddəs ailə Missionerləri katolik ordenindən olan 71 yaşlı alman keşiş-pedofili cəzalandırıb. Hələ 2002-ci ildə isə pedofil keşişlərə himayədarlıq etməkdə günahlandırılan Boston yeparxiyasının rəhbəri, pedofil kardinal Bernard Lou  da bu aqibətlə üzləşib. 

Bu da son deyil. Ötən ilin martında Avstriya monastırlarından birinin 40 il əvvəl 12 yaşlı oğlan uşağını zorladığını etiraf etmiş baş keşiş Vatikanın təkidi ilə səlahiyyətlərini təhvil verib. İrlandiya katolik kilsəsinin baş keşişi kardinal Şon Breydi isə 1970-ci illərdə keşişlərin uşaqlara qarşı seksual zorakılığını ört-basdır etməsinə dair aparılan araşdırmaya baxmayaraq, "istefa verməkdən" imtina edib. Onun ittihamlara cavabı isə lap həyasızlıqdır: "Açığı, mən bunun səlahiyyətlərdən imtina üçün əsas olduğunu düşünmürəm".

Bütün bu faktlar Almaniya, Avstriya, Niderland və İrlandiyada katolik kilsələlərinin nüfuzuna ciddi zərbə vurub. Ekspertlərin iddiasına görə, hollandiyalı yepiskoplar kisləyə gələn dindarların zorlanmasına görə, "lider"dirlər. 

Çıxılmaz vəziyyət yaranır: pedofil təbliğçilər tərəfindən seksual zorakılığa məruz qalan yeniyetmələr illər sonra öz yetirmələrinə qarşı eyni addımı atır. Qərb KİV məhz xristian dünyasında seksual cinayətkarlığın geniş yayılmasına dair məqalələri bir-birinin ardınca dərc edir. Özü də yaxşı məlumdur ki, dünyada pedofiliya və ya uşaqlara qarşı seksual zorakılıq halları, həm də, gəlir mənbəyidir. Məsələn, uşaqlar bədənlərini satmağa və ya pornofilmlərdə çəkilməyə məcbur edilir. Bəzi ölkələrdə eynicinslilərin nikaha girməsinə qanunla icazə verilməsi isə problemin ümumiyyətlə nəzarətdən çıxmasına səbəb olur. 2008-ci ilin əvvəllərində eyni cinsə malik şəxslərin nikahına yalnız Niderland, Belçika, İspaniya, Kanada, ABŞ (Massaçusets) və CAR-da icazə verilirdi. Fransa, Almaniya, Böyük Britaniya, Danimarka, İslandiya, Çexiya, Slovakiya, Macarıstan və bir sıra digər ölkələrdə isə bir qədər fərqli idi.

Xristian dünyasının rəhbərləri vəziyyətdən çıxış yolu aramaqda ikən, xristianlığın tərəfdarları arasında kütləvi şəkildə islam dininə keçid başlyıb. Maraqlıdır ki, hətta bu məsələdə də erməni təxribatına rast gəlinir. Məsələn, Suren Saryan adlı biri avropalıları qitədə islam dininin geniş yayılması ilə qorxudan zaman nədənsə bunun əsas səbəbi kimi xristian dəyərlərindəki böhranı deyil, müsəlmanların təbii artımını göstərir. Amma bunun ardınca Roma Papası kimi, o da Avropada gedonizm (həyatın zövq və şəfa üçün yarandığını iddia edən nəzəriyyə) faktorunu vurğulayır. Saryan avropalıları qitənin islamlaşması haqda düşünməyə və bunun qarşısını almağa çağırır. Anoloji fikirlər Roma Papası XVI Benediktin bir müddət əvvəl nəşr olunmuş "Benediktin Avropası: mədəniyyətlər böhranı" adlı kitabında da yer alıb. Pontifik kitabda Avropa cəmiyyətini "allahsızlar və qatillər qarşısında geri çəkilmiş cəmiyyət" adlandıraraq, sərt tənqid edir. Papa iddia edir ki, tam istehlakçı cəmiyyətinə çevrilmiş Avropa cəmiyyəti dini və mənəvi-əxlaqi dayaqları itirib. Papa yaranmış vakkumu tezliklə başqa dinlərin, xüsusilə islamın dolduracağından narahatlığını ifadə edir və bunun yolverilməz olduğunu bildirir.

Ağıllı xristianlar isə bu fikirlərlə razılaşmır. Məsələn, Ukrayna katolik kilsəsinin keşişi Oleq Girnık bildirir ki, "xristianlığı itirmiş Avropada artıq dini etiqad çoxdan yoxa çıxıb". Keşişin fikrincə, Avropada yaşayan müsəlmanların gündəlik hə-yatlarında islamın tələblərinə əməl etmələri, bunun üçün lazımi şəraitin yaradılmasına dair tələblər irəli sürmələri  səbəbindən də "diskomfort" yaradır. Girnık əmindir ki, Avropada islam dininin güclənməsi xristianlığa heç bir təhlükə yaratmır. Bundan başqa, məhz islam dini xristianların Avropada xristianlığın niyə "donması" haqda suala cavab vermələrinə kömək edə bilər. Yəqin ki, xristian dəyərlərinin hazırkı sistemindən məyus olaraq islamı qəbul edən xristianlar bu fikirlərlə daha çox razılaşır. Qeyd edək ki, son bir neçə il ərzində 100 mindən artıq insan məhz bu yolu seçib. Yalnız Böyük Britaniyada belələrinin sayı 14 mindən artıqdır. Onların arasında kübar ailələrin üzvləri də kifayət qədərdir. 

Skandinaviya ölkələrində də bu tendensiyaya rast gəlinir.

Bununla yanaşı, qloballaşma dövründə hər şeyin əksinə cərəyan etdiyi nümunələr də kifayət qədərdir. Başqa dinləri, o cümlədən xristianlığı qəbul edən müsəlmanlar da var. Amma burada müəyyən fərqlər mövcuddur.

Birincisi, xristianlığı qəbul edən müsəlmanların sayı çox azdır.

İkincisi, belələrinin əksəriyyəti bu qərarını maddi rifahı üçün verir və əsasən, marqinal olurlar, islam dinini qəbul edən xristianlar isə əsasən, əhalinin elitar təbəqəsini təmsil edirlər. Hələ təxminən 90 il əvvəl alman filosof və kulturoloqu Osvald Şpengler "Avropanın qürubu" əsərində avropa mədəniyyətinin aşılanmasını, xristian dəyərləninin böhranlı duruma düşəcəyi barədə xəbərdarlıq  etmişdi. Amma bir çox hazırkı xristian məddahlarından fərqli olaraq, alman filosof "Köhnə dünya"nın xilasını Şərqdə və Şərq mədəniyyətilə inteqrasiyada görürdü. 

Qeyd edək ki, Şpenglerdən xeyli əvvəl onun nəhəng soydaşı, klassik alman fəlsəfəsinin yaradıcısı İ.Kant da bu həqiqəti dilə gətirmişdi. O, diplomunun üzərində öz əlləri ilə ərəb dilində yazmışdı: "Bismillahi r-rəhmani r-rəhim".

Bəs böyük rus nasiri qraf Lev Tolstoyun "xahiş edirəm, məni müsəlman sayın" fikri bir çox məşhur xristianların İslam dəyərlərinə həm keçmişdə, həm də indi böyük simatiya ilə yanaşdıqlarını göstərmirmi? 

Bu 3 mütəfəkkir hələ o zaman öz qərarlarını vermişdilər. Tarix isə onların düzgün fikirdə olduqlarını sübut edib. Buna əmin olmaq üçün əsl insani dəyərləri islam dinində tapmış şəxslərin kimliyinə nəzər salmaq kifayətdir. Bunların arasında əfsanəvi boksçular Məhəmməd Əli və Mayk Tayson, basketbolun canlı əfsanələri F.Lyuis Alsindor və Kris Cekson, məşhur fransalı futbolçu və məşqçi Filipp Trussye və xanımı, həmçinin məşhur fransalı futbolçular Nikola Anelka, Tyerri Anri və Frank Riberi, dünyaca məşhur ingilis pop ifaçısı Ket Stivens, tanınmış britaniyalı kinorejissor Ovidio Salazar, Avstriyanın dövlət xadimi Leopold Vays, alman missioner diplomat Gerbert Hobaxm, İtaliyanın Səudiyyə Ərəbistanındakı səfiri Torkvato Kadrilli, rus alimlər Yevgeni Savelyov, Andrey Podquryenko və Aleksey Taruşkin, müğənni Yulian, məşhur amerikalı kinoaktyor və ifaçı Uill Smit, alman sosioloq və diplomat Filfred Xoffman, katolik kilsəsinin keşişi Yusuf Este (ailəsilə birlikdə), fransalı filosof yazıçı, Fransa KP MK-nin üzvü Roje Qarodi, məşhur fransalı cərrah Moris Buke və əlbəttə ki, akvalanqın yaradıcısı İv Jak Kusto. 

Vaxtilə Kanadada xristianlığın ən tanınmış təbliğatçısı olmuş doktor J.Miller isə islamı qəbul etdikdən sonra bu ölkədə islam dininin ən məşhur təbliğatçısına çevrilmişdi.

Bu məşhurların adını sadalayarkən biz heç də islam təbliğatçısı roluna iddia etmirik. Məsələ inancda deyil. İstər müsəlman, istərsə də xristian olsun, istənilən sülhsevər dinin tələblərinə əməl edilməsi yaxşı haldır. Amma islam dəyərlərini qəbul etmiş insanlar əmindirlər ki, Qərblə müqayisədə müsəlman dünyası dini dəyərlər və mənəvi prinsiplərə daha sadiqdir. Bu, dünyanı islam təhlükəsi və fundamentalizmi ilə qorxutmağa çalışan ortodokslara ən yaxşı cavabdır.

Bir müddət əvvəl İsveçrədə minarələrin tikintisinə qadağa qoyulmasına dair referendumun təşəbbüskarı, antiislam meyilli ultrasağçı siyasətçi kimi tanınmış Daniel Streyç də sən demə 2 il imiş islamı qəbul etdiyini hər kəsdən gizlədirmiş. Streyçin bir müddət əvvəl səsləndirdiyi bu etiraf bütün İsveçrə, xüsusilə də onun partiyadaşları üçün əsl şok effekti verib. D.Streyçin sözlərinə görə, onun inancını açıqlamasına səbəb elə partiyadaşları tərəfindən islama qara yaxılması istiqamətində aparılan kampaniya olub: "Mən bununla barışa bilməzdim. İslam məni ömrüm boyu düşündürən bütün suallara cavab verib. Bu cavabları mən heç yerdən ala bilmirdim. Bu qanunverici təşəbbüs isə ürəyimdə dərin iz qoyacaq. Mən özüm də anlaya bilmirəm ki, nəyə görə məhz - peşəkar siyasətçi 30 ildir bu siyasi sistem üçün çalışıram, əslində isə, İsveçrənin daha çox məscidlərə ehtiyacı var. Müsəlmanların künc-bucaqda ibadət etməsi düzgün deyil". 

İndi siyasətçi islama qarşı əvvəlki münasibətinə görə utandığını bildirir. O, günahlarını yumaq üçün İsveçrədə Avropanın ən gözəl məscidini tikdirmək niyyətindədir.

Əlbəttə xristian dəyərlər sistemində hökm sürən hazırkı böhran dövründə klerikal Avropasına çevrilməkdə olan qitə indi cəmiyyətə nəsə vermək iqtidarından çox-çox uzaqdır.   

Görünür, onları Türkiyənin Aİ-yə inteqrasiyası məhz bu üzdən belə narahat edir. Amma hər kəsə o da bəllidir ki, Türkiyə çoxdan dünyəvi inkişaf yolunu seçib və ölkəyə kimin rəhbərlik etməsindən asılı olmayaraq, bu prosesi dayanmayacaq. Bundan çıxış edərək bu fikrə gəlmək olar ki, Türkiyənin Aİ-yə can atması özünün mənəvi-əxlaqi dəyərlər sisteminin qorunub-saxlanması baxımından bəlkə də heç düzgün deyil.



MƏSLƏHƏT GÖR:

657