5 Dekabr 2025

Cümə, 23:10

FUTBOL ÜZRƏ DÜNYA ÇEMPİONATI AZƏRBAYCANDA

FIFA 17 yaşlı qızların Dünya Çempionatının keçirilməsini Azərbaycana həvalə etdi

Müəllif:

01.04.2010

Novruz günləri Azərbaycan futbolu üçün əlamətdar hadisə ilə yadda qaldı. Ölkəmiz 2012-ci ildə 17 yaşlı qızların Dünya Çempionatına ev sahibliyi etmək imkanı əldə etdi. FİFA-nın icraiyyə komitəsi yekun səsvermə zamanı mundialı təşkil etməyi məhz Azərbaycana həvalə edib. Əlbəttə, bu yarış böyüklərin Dünya Çempionatı və ya Avropa Liqası, Çempionlar Liqasının final oyunuyla müqayisə oluna bilməz. Amma istənilən halda yeniyetmə qızların futbol üzrə Dünya Çempionatının Bakıda təşkili əlamətdar haldır. Həm də ona görə ki, bu çempionat futbol üzrə Azərbaycanda ilk belə mötəbər yarış olacaq.

17 yaşlı qızların Dünya Çempionatının Bakıda təşkili bir qədər də gözlənilməz oldu. Etiraf edək ki, hazırda Azərbaycanda qadın futbolu inkişaf etməyib. Çünki zərif cinsin nümayəndələri idmanın bu növüylə o qədər də maraqlanmır. Ölkədə qadın futbolu üzrə çempionat keçirilmir. Bu yaxınlarda qadın futbolunda yaşadığımız qalmaqalları da deyilənlərə əlavə etsək, FİFA-nın Dünya Çempionatını keçirmək barədə qərarının bizim futbol ictimaiyyəti üçün doğrudan da sürpriz olduğunu görərik. Amma əgər qərar varsa, deməli, bunun əsası da var. 

 

Dövlət dəstəyi faktoru

Şübhəsiz, FİFA-nın 17 yaşlı qızların Dünya çempionatını ölkəmizə həvalə etməsində Azərbaycanda dövlətin idmana dəstəyinin böyük rolu oldu. Bu fikri AFFA-nın baş katibi Elxan Məmmədov da təsdiqləyir: "Əlbəttə, FİFA məhz dövlət dəstəyini nəzərə alaraq mötəbər yarışı ölkəmizə həvalə etdi. Azərbaycanda idmana və idmançılara olan qayğı ali futbol qurumunun diqqətindən yayınmayıb. FİFA dünya çempionatını yüksək səviyyədə keçirəcəyimizə inanır. Müzakirələr zamanı Azərbaycanda dövlətin mötəbər yarışların təşkilində göstərdiyi kömək xüsusi qeyd olundu. Ona görə də FİFA Azərbaycanı seçdi". Elə FİFA prezidenti Yozef Blatterin son üç ayda AFFA prezidenti Rövnəq Abdullayevlə iki dəfə görüşməsi də ali futbol qurumunun Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu göstərir. 

 

"Yaşıl" problem

Sirr deyil ki, Azərbaycanda son illər çoxlu sayda müasir idman kompleksləri tikilib və tikilməkdə davam edir. Buna baxmayaraq, səviyyəli stadion problemi hələ də qalmaqdadır. Azərbaycan premyer-liqasında 2-3 komandanın eyni stadiondan istifadəsi azarkeşlərimiz üçün adi hala çevrilib. Beynəlxalq oyunlar zamanı UEFA və FİFA yalnız Tofiq Bəhramov adına Respublika stadionu və Lənkəranda yerləşən mərkəzi arenanın yüksək standartlara cavab verdiyini bildirir. Dünya çempionatının ölkəmizdə təşkili müəyyən mənada stadion problemini həll etməyə kömək olacaq. Yəni AFFA stadionların inşasına şəxsən nəzarət edəcək. Maraqlıdır, stadion problemi necə həll olunacaq? AFFA-nın baş katibi Elxan Məmmədov 2012-ci ilə qədər bu problemin aradan qalxacağını deyir: "Dünya Çempionatını təşkil etmək üçün ən azı 4 stadion lazımdır. FİFA-ya təqdimat zamanı Tofiq Bəhramov adına Respublika stadionunun adını qeyd etmişik. Bundan başqa, ərizəyə Mərdəkanda inşa edilən 5500 nəfərlik arena, Bakıxanov qəsəbəsində yerləşən "Neftçi"nin istifadə etdiyi stadionun da adı daxil edilib. "20-ci sahə"də AFFA yeni stadion tikməyi planlaşdırır. Hələ "Şəfa stadionu" var. Yaxın aylarda isə "Bakı" və "Olimpik-Şüvəlan" klubları öz stadionlarının tikintisini başa vuracaq. Yəni Dünya Çempionatı zamanı stadionla bağlı problem olmayacaq".

 

Futbol "Pi-Ar"ı

İstənilən bir beynəlxalq yarışın ona ev sahibliyi edən ölkə üçün böyük reklam olması hamıya məlumdur. Dünya çempionatı zamanı Bakıya 15 komanda (Azərbaycan təşkilatçı ölkə kimi 16-cı komanda olacaq) gələcək. Bu isə həmin ölkələrin azarkeş və media nümayəndələrinin diqqətinin bir anlıq Azərbaycana yönəlməsi deməkdir. Bu, həmçinin, turizmin inkişafına da xidmət edəcək. Bakıya gələcək ölkələrin nümayəndələri Azərbaycan haqda həqiqətləri öyrənəcək, adətlərimizlə tanış olacaq. Amma digər çətin məqam yarışın məhz 2012-ci ildə təşkilidir. Həmin il London Yay Oimpiya Oyunları və futbol üzrə Avropa çempionatı kimi nəhəng yarışlar var. AFFA qızların çempionatını elə tarixə salmalıdır ki, turnir olimpiadayla qitə birinciliyinin kölgəsində qalmasın.

 

Dövlət proqramı

Dünya Çempionatının Bakıda təşkili həm də Prezident İlham Əliyevin 2005-2015-ci illərdə futbolun inkişafına dair imzaladığı dövlət proqramının müddəalarına əsaslanır. Futbolun inkişafı üçün mötəbər yarışların keçirilməsi vacibdir. Digər tərəfdən, AFFA 2012-ci ilə qədər qızlar arasında ölkə çempionatını təşkil etməlidir, yerli istedadlı qızları taparaq onları yığmaya cəlb etməlidir. Çünki təşkilatçı ölkə kimi bizim komanda ölkəmizi layiqincə təmsil etməyə borjludur.

 

Regionların inkişafı

Dünya Çempionatının mərkəzi Bakı olsa belə, regionları yaddan çıxarmaq olmaz. Təqvim hazırlanarkən AFFA, yəqin ki, mütləq qrup oyunlarının bəzilərini regionlara salajaq. Lənkəran, Yevlax və İmişlidə müasir stadionlar var. Hələlik beynəlxalq qurumlar yalnız "Xəzər-Lənkəran" futbol klubunun arenasını bəyəndiyini bildirsə də, gərək digər regionlardakı stadionlar da ali futbol qurumunun müsbət qiymətini alsın. Dünya Çempionatının oyunlarını regionlarda təşkil etməklə yerli əhalidə qadın futboluna olan marağı da artırmaq olar. AFFA-nın baş katibi Elxan Məmmədovun sözlərinə görə, bu barədə düşünmək olar: "Əlbəttə, bu barədə fikirləşirik. Qrup mərhələsinin bir və ya iki oyununu regionlara salmaq olar. Hələlik dəqiq söz demək çətindir. Hazırda biz yarışın loqosunun son variantının təsdiqiylə məşğul olacağıq. Amma regionların yaddan çıxmadığına əmin ola bilərsiniz".


MƏSLƏHƏT GÖR:

620