24 Noyabr 2024

Bazar, 18:26

KRX və ya QRİP

Ümumi cəhətləri olsa da, bu iki xəstəliyi ayırmaq lazımdır. Bunu necə etməli?

Müəllif:

01.04.2010

Soyuqlama xəstəlikləri barədə yalnız həkimlər deyil, xəstələr də müəyyən şeylər bilməlidirlər. Elə ki soyuqlama mövsümü başlayır, biz hamımız həkimə çevrilirik:  sağdan-sola qrip, KRX, KRVİ, paraqrip, soyuqlama, angina, zökəm və hətta "boğazağrısı"  diaqnozlarını qoyuruq. Öskürən, burnunu silən və asqıran çoxsaylı qohumlarımız və tanışlarımız diaqnoz qoymaqda "yaxşı" məşq etməyimizə imkan yaradır. Düşünürəm, oktyabrdan aprelə kimi olan müddətdə bu, bir çoxlarımız üçün sevimli məşğuliyyətə çevrilir. 

Peşə bilikləri ilə silahlanmış həkimin bu prosesi gülüşsüz müşahidə etməsi çətindir. Xüsusilə də səsləri tutulana kimi hansı diaqnozun - soyuqdəymənin, yoxsa KRX-nin doğru olması barədə mübahisə edən vətəndaşlar gülməli görünürlər. Bu tibbəbənzər qarışıqlıqdan çıxmaq üçün hər şeyi öz adı ilə çağırmaq lazımdır. Beləliklə, soyuqlama tibbi termin olan KRX-yə uyğun gələn xalq diaqnozudur. Bu qısa ad altında kəskin respirator xəstəlikləri başa düşülür. Burada cəm şəkilçisinin işlədilməsi təsadüfi deyil. Çünki bu ad altında nəfəs yolları sisteminin bir-birinə bənzər bir çox xəstəlikləri tanınır. 

 

Üç ümumi cəhət 

Bütün KRX-də ümumi xüsusiyyətlər var. Birincisi, KRX infeksion xəstəliklərdir. Onları viruslar, bakteriyalar və bir sıra başqa mikroorqanizmlər törədir. İkincisi, bütün bu mikroblar orqanizmə hava-damla vasitəsilə  nəfəs yollarından keçməklə düşür. Üçüncüsü, KRX zamanı, ilk növbədə, bu nəfəs yolları zərər çəkir. KRX adı da burdan qaynaqlanır, yəni kəskin respirator xəstəlikləri. Burada açar söz olan "respirator"  - nəfəs yoluna aid olan deməkdir. "Kəskin" isə o anlamda işlədilir ki,  bu xəstəlik xroniki deyil və çox sürətlə inkişaf edir, adətən, çox az davam edir. KRX törədicinin növündən asılı olaraq fərqlənir. 

KRVİ  isə kəskin respirator virus infeksiyaları deməkdir. Adından aydındır ki, onları yalnız viruslar yaradır. KRVİ-yə qrip, paraqrip, adenovirus infeksiyası, rinovirus infeksiyası, respirator-sintitsial, koronavirus infeksiyaları və həmçinin, viruslar tərəfindən törədilən daha iki yüzdən artıq KRX aiddir. Həkimlər hazırda soyuqdəymə yaradan, təxminən, o qədər də müxtəlif viruslar sadalayırlar. Bütün bu xəstəliklərin əkiz kimi oxşar olması üzündən onlara qarşı ümumi bir ad  - KRVİ istifadə edilir. 

Bütün KRVİ-lər arasında "ayrıca xətt" kimi qripi göstərmək lazımdır - bu, ağ ciyərlərdə, ürəkdə və damarlarda ciddi fəsadlar yaradan ən ağır KRX-dir. Qripə xüsusi diqqət və müalicə lazımdır. Bu,  ortomiksoviruslar ailəsinə daxil olan qrip virusu tərəfindən törədilir. Bu xəstəlik bizə nəinki kəskin dövrdə, həm də işlərin düzəlməyə doğru getdiyini düşündüyümüz anda da əziyyət gətirir. Qəddar virus ürək-damar və mərkəzi əsəb sisteminə zərər vuraraq, nəfəs orqanlarının işini pisləşdirir, xroniki bronxitə, traxeitə, pnevmoniyaya və meningitə səbəb olur. Bu təhlükəli xəstəliyi adi KRVİ-dən necə ayrıd etməli?

 

Fərqləri axtarırıq 

Bir qayda olaraq, KRVİ yavaş-yavaş inkişaf edir. Qripin başlaması isə həmişə kəskindir.  Xəstəlik sanki göydən düşür və bir göz qırpımında insanı dizüstə salır. KRVİ-də temperatur azacıq qalxır və nadir hallarda 38,5°S-dən yuxarı qalxır. Qripdə isə istilikölçən sanki əriyir - temperatur 39-40°S-yə çatır  və hətta yüksək olur. Və 3-4 gün belə qalır. 

KRVİ ilə yoluxmuş insan  özünü pis hiss edir, amma bununla yanaşı adi həyatla yaşamağa davam etməyə qadirdir və hətta işə də gedə bilir. Amma bunu etməyə əlbəttə ki, dəyməz. Qrip zamanı isə hər şey həddindən pisdir: hətta işdən ötrü ürəyi gedənlər belə yataqdan asanlıqla qalxa bilmirlər - üşütmə, bərk tərləmə,  alın və ya kəllə hissəsində hiss edilən güclü başağrısı, işıqdan qorxmaq, başgicəllənməsi, əzələ və sümüklərdəki kəskin ağrılar buna imkan vermir. 

 KRVİ-nin əsas əlamətləri isə tumov və boğaz ağrısıdır. Qripdə isə burunun azacıq tıxanması ola bilər. Qripə tutulmuş adamda, adətən, udma zamanı ağrı müşahidə edilmir, boğazın qızarması yalnız lokal baş verir; yalnız udlağın arxa divarında və damaqda qızarma müşahidə edilir. Birinci halda, o zəifdir, ikinci halda isə güclü və işgəncəlidir. Qripə tutulma zamanı asqırma, adətən, müşahidə edilmir, KRVİ-də isə bu, adi işdir. 

Ümumiyyətlə, bəzən qripin simptomları özünü çox zəif göstərir və ya heç olmur. Xəstəliyin ağırlığı ümumi sağlamlıq durumundan, yaşından və insanın bu tip qriplə əvvəllər xəstələnib-xəstələnməməsindən asılıdır. KRVİ-də insan çox sürətlə özünə gəlir. Qripdən sonra özünə gəlmək çox çətindir. Yorğunluq, zəiflik, başağrısı,  əsəbilik, yuxusuzluq 2-3 həftə davam edə bilər. 

Qripdən ən yaxşı müdafiə vasitəsi peyvəndlər və çağdaş profilaktika preparatlarıdır. Qrip əleyhinə zərdabların istəniləni (canlısı və ya inaktivasiya edilmişi) müsbət təsir göstərə bilər. Təəssüf ki, viruslar mutasiyaya uğrayır, buna görə də bu "ikiüzlülər"dən yalnız peyvənd vasitəsilə qorunmaq mümkün deyil. Peyvənd xəstəlikdən 100% müdafiəyə zəmanət verə bilməz, amma ağırlaşmadan qoruya bilər. Xüsusilə də yaşlı adamları və uşaqları peyvənd etmək lazımdır, onlarda ağırlaşmalar daha tez baş verir. 

Bədəni ümumi gücləndirmə prosedurları (günlük rejim, pəhriz, möhkəmlənmə), vitamin terapiyası, həkim məsləhəti və nəzarəti altında qrip əleyhinə preparatların (dibazol, amiksin, tsikloferon, aflubin, anaferon  və s.) qəbul edilməsi bu qəddar virusa tutulmanın qarşısını ala bilər və ya ən azından onun vura biləcəyi zərəri azalda bilər. 


MƏSLƏHƏT GÖR:

563