"YENİLƏNMƏ" BAŞLADI
Müəllif: Redaksiya
Rusiya ilə ABŞ aprelin 8-də strateji hücum silahlarının ixtisarı haqda müqavilə imzalamaq niyyətindədir. Danışıqlar prosesi son dərəcə çətin keçsə də, tərəflər nəhayət, aydın olmayan "texniki məqamlar"ı razılaşdıra bilib.
Sənədə əsasən, Rusiya və ABŞ operativ raket başlıqlarının 1/3-ni ixtisar edəcək - onların sayı 2200-dən 1550-dək azaldılacaq. Bundan başqa, daşınma vasitələrinin sayı da 700 ədədə qədər azaldılacaq.
Sənəd yeni qarşılıqlı yoxlama və nəzarət sisteminin qüvvəyə minməsini də nəzərdə tutur. Müqavilənin müddəti isə 10 ildir.
Bütün bunlarla yanaşı, bəzi ekspertlər hesab edir ki, hələlik sevinmək üçün əsas azdır. Bu razılaşma hansısa səviyyədə silahlanmaya qlobal nəzarət sistemini bərpa etsə də, nə Rusiya, nə də ABŞ-da nüvə arsenalının real şəkildə azaldılmasına səbəb olacaq: bu sahədə ixtisar o qədər də nəzərəçarpan olmaya-caq.
Bundan başqa, onu da unutmaq olmaz ki, ABŞ-ın NATO-dakı silahdaşları əvvəlki silahlanma səviyyəsini saxlayacaqlar.
Amma nüvə silahlarının ixtisarına dair yeni müqaviləni artıq ABŞ prezidentinin xarici siyasətdə "böyük uğuru" kimi qiymətləndirənlər də var. "La Tribune" istehza ilə yazır ki, "Amerika prezidenti müqaviləni razılaşdırmaqla, nəhayət, aldığı sülh Nobel mükafatını doğrulda bilib". "The Financial Times" isə öz növbəsində bildirir ki, yeni müqavilə "silahlanmaya nəzarət üzrə keçiriləcək sammitlərdə Vaşinqtonun mövqeyini möhkəmləndirəcək". Bu, xüsusilə Vaşinqtonda keçirilməsi nəzərdə tutulmuş nüvə təhlükəsizliyi üzrə konfrans ərəfəsində daha vacibdir.
Üstəlik, yaxın vaxtlarda kütləvi qırğın silahlarının yayılmaması haqda razılaşmaya yenidən baxılmasını nəzərdə tutan konfrans da keçiriləcək.
Vaşinqtonla Moskvanın razılaşdırdığı müqavilənin əsas məğzi isə əksər müşahidəçilərin söylədiyi kimi, iki ölkənin bir-birinin nüvə arsenalını nəzarətdə saxlamaq imkanı qazanmasıdır. Ağ evin rəhbəri qərarlığı ilə dünyanı daha təhlükəsiz edib. Axı bəşəriyyət hələ də hər an partlayaraq dünyanı məhv edə biləcək "barıt çəlləyi"nin üstündə oturur. Yeni müqavilə isə beynəlxalq ictimaiyyətə XXI əsrdə planetimiz üçün ən böyük təhlükənin nə olduğunu bir daha göstərir. Yer üzündəki nüvə arsenalının, təxminən, 95%-nə sahib olan ABŞ-la Rusiyanın özlərində kompromisə getməyə güc tapmaları dünyada faciənin heç zaman baş verməyəcəyinə ümid yaradır. Bəlkə də nə vaxtsa ümumiyyətlə, kütləvi qırğın silahına ehtiyac hiss edilmədi.
Hələliksə, dünya ictimaiyyəti bütün etirazlara baxmayaraq, nüvə proqramının icrasını davam etdirən Şimali Koreya ilə İranı razı salmağa çalışır. Çünki bu ölkələrin hərəkətləri, heç şübhəsiz, regionlarda digər dövlətləri də silahlanmaya təhrik edir.
Bu baxımdan, demək olar ki, ABŞ-la Rusiyanın razılaşdırdığı yeni müqavilə Pxenyanla Tehrana da özünəməxsus siqnaldır. Amma bu, çətin ki, nəyisə dəyişmək iqtidarında olsun+
Sənəd "soyuq müharibə"nin bitməsindən sonra tərksilah sahəsində razılaşdırılmış ilk müqavilədir.
Beləliklə, ötən il ABŞ-la Rusiya arasında elan edilmiş "yenilənmə"yə start verilib. "The Guardian" yazır ki, "ABŞ-la Rusiya, deyəsən, həvəssiz əməkdaşlığa doğru hərəkət edir". Amma elə bu da beynəlxalq siyasi iqlimin sağlamlaşmasına töhfə olacaq.
Yeni müqavilənin qüvvəyə minməsi onun ABŞ və Rusiya parlamentləri tərəfindən ratifikasiyasından asılı olacaq. Onun Senat tərəfindən təsdiqlənəcəyinə isə heç bir zəmanət yoxdur. Obama bunun üçün respublikaçılarla razılaşmalıdır. Bu isə heç də asan məsələ deyil.
Bundan başqa, Moskvanın Vaşinqtona hələ də Avropada qurmaq istədiyi antiraket sipəri ilə bağlı sualları var. Qərb KİV yazır ki, yeni müqavilənin taleyi Obama ilə Medvedev arasında fevralın sonlarında baş tutmuş telefon danışığı zamanı həll edilib. Kreml sənəddə raketdən müdafiə sahəsində məhdudiyyətlərin də nəzərdə tutulmasında israr edirdisə, Ağ ev bunu mümkünsüz sayır, hətta razılaşmadan çıxa biləcəyi ilə hədələyirdi. Obama yalnız ümumiləşdirilmiş formula razılıq verib ki, bu da hücum və müdafiə silahları arasında qarşılıqlı əlaqəni özündə əks etdirir. ABŞ dövlət katibinin silahlanmaya nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Ellen Toşer isə bildirir ki, "Yeni müqavilə ABŞ-ın raketdənmüdafiə sistemi quruculuğuna heç bir məhdudiyyət yaratmır". Burada kimin doğru dediyi hələ ki məlum deyil. "The New York Times" isə öz mənbəyinə istinadən xəbər verir ki, Obama ilə Medvedev ədavəti kənara qoyaraq, birağızdan ingiliscə deyiblər: əgər hər şeyin ürəyincə olmasını istəyirsənsə, bunu özün et.
Bütün bunlarla yanaşı, ayrı-ayrı adi silahların səviyyəsi də nəzərə alınmalıdır. Söhbət, xüsusilə, gücünə görə nüvə bombası ilə rəqabət apara biləcək ABŞ istehsalı olan silahlardan gedir. Rusiyalı ekspertlər birağızdan bildirirlər ki, bu sahədə Vaşinqton mütləq üstünlüyə malikdir və Moskva yaxın vaxtlarda bu fərqi, çətin ki, aradan qaldıra bilsin.
MƏSLƏHƏT GÖR:

547

