"MİSTER PENALTİ" SİRLƏRİNİ AÇIQLAYIR
Azərbaycan və sovet futbolunun məşhur veteranı 50 yaşını Vətəndə qeyd etdi
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Uşaqlıqdan pərəstiş etdiyin insanla ünsiyyətdə olmaq çox sevindiricidi. 10 illik jurnalistika fəaliyyətimdə tez-tez İqor Ponomaryovla bağlı materiallar hazırlamalı oldum. Bu işi böyük həvəslə yerinə yetirirdim. Çünki uşaqlıq kumirimlə ünsiyyətdən gözəl heç nə ola bilməzdi. Yaxınlarda İqor Anatoliyeviçin mənə zəng vurması nə qədər gözlənilməz olsa da, bir o qədər sevinc gətirdi. Sən demə, məşhur veteran futbolçumuz bizi ad gününə dəvət etmək istəyir. Olimpiya çempionunun ad günündə ən yaxın dostları, daim əlaqədə olduğu media nümayəndələri və futbol ictimaiyyətinin məşhur simaları iştirak etdilər.
Sirr deyil ki, İqor Ponomaryov Azərbayjan futbolunun yetişdirdiyi nadir şəxsiyyətlərdən biridir. 70-ci illərin sonunda futbolla yaxından maraqlananlar Ponomaryov soyadlı ulduzumuzun necə parladığını yaxşı bilir. Onun məhsuldar ötürmələrinə söz ola bilməzdi. Hələ penaltiləri demirəm. "Neftçi"nin oyunlarında 11 metrlik zərbə təyin olunanda, hamı kənara çəkilirdi. Çünki penalti onun işi idi. İqor Ponomaryovun mahir penalti ustası olması hamıya məlumdur. 50 illik yubileyini vətəndə yaxınlarıyla birlikdə qeyd etməsi isə bizə İqor Ponomaryovla söhbətləşmək imkanı verdi.
- Futbola gəlişinizə səbəbkar kim olub?
- Mərhum atam futbolçu olmağımı arzulayırdı. Əvvəlcə məni Vaqif Axundovun yanına apardı. Sonra Ənvər müəllimin yanında məşğul olmağa başladım. 14 yaşım olanda futbolu atmaq istəyirdim. Texnikuma daxil olaraq atam kimi dülgər olmaq arzusundaydım. Həm də futbol mənə o qədər cəlbedici görünmürdü. Amma Azərbayjan yığmasına dəvət alandan sonra fikrimi dəyişdim.
- Dünya Çempionatının finalında SSRİ millisinin heyətində məşhur Dieqo Maradonaya qarşı oynamısınız. Həmin matçı tarixi oyun saymaq olar?
- Həmin oyunu yaxşı xatırlayıram. Matçda ilk qolu mən vurdum. Sonradan Argentina qapımızdan 3 qol keçirdi. Mən qol vurandan sonra qapımıza penalti təyin etdilər. Ramon Dias ikinci qolun müəllifi oldu. Maradona isə cərimə zərbəsindən son qolu reallaşdırdı.
- Deyilənə görə, SSRİ yığmasına sonradan çağırılmamağınız Konstantin Beskovla bağlı idi. Beskov sizi "Spartak"a çağırdı, imtina etməyinizə görə yığmaya çağırılmadınız...
- Doğrudur. Yığmaya da məni sonradan "Spartak"a gətirmək üçün dəvət etmişdi. Amma mən doğma "Neftçi"ni tərk edə bilməzdim. Bu barədə heç düşünmürdüm də.
- Amma bir müddət sonra "Neftçi"ni Moskvanın Mərkəzi Ordu İdman Klubuna görə tərk etdiniz...
- Məni bu addımı atmağa məcbur etdilər. Hərbi xidmət keçməliydim. 2 variant var idi - ya "Dinamo", ya da MOİK. Mən "Dinamo"nu seçdim, amma Müdafiə Nazirliyi ordu klubuna göndərməyi qərara aldı.
- 80-ci illərdə "Neftçi"də Ponomaryov-Əhmədov-Cavadov triosu var idi. Böyük potensiala malik oyunçular niyə flaqmanı daha böyük uğurlara daşıya bilmədi?
- İsgəndər Cavadov və Maşallah Əhmədov kimi hücumçuların potensialı böyük idi. Ovaxtkı heyətdən Cidkov, Şakir Qəribov, Səməd Qurbanov, Mehman Allahverdiyev, Yunis Hüseynov, Nazim Süleymanovu da yaddan çıxarmaq olmaz. Fikrimcə, problem tez-tez məşqçi dəyişikliyi ilə əlaqədar idi.
- İsveçə getməmişdən əvvəl Almaniya klublarına da keçə bilərdiniz/...
- O vaxt mənə demişdilər ki, "Şalke-04" mənimlə maraqlanır. Hətta Respublika İdman Komitəsindən zəng vurdular ki, sənədləri hazırla, gedirsən. Sənədləri təqdim etdim, özüm isə "Neftçi"ylə təlim-məşqə yollandım. Toplanışda olarkən evə zəng vuraraq soruşublar ki, İsveçə getmək variantı var, razısınız? Yaxınlarım da razılaşıb.
- Bəzən yenidən yaşıl meydana çıxıb top qovmaq istəyi olmur ki?
- Dizdəki zədəmə görə karyeramı tez başa vurdum. Hətta İsveçdə də oynaya bilmirdim. Ağrılar özünü göstərirdi. Amma indi, məncə, artıq əvvəlki kimi oynamaq çətindir. Qoy gənclər oynasın.
- İqor Ponomaryov futbolda sözünü deyibmi?..
- Məşqçi kimi hələ deməmişəm. İnşallah, qismət olar.
- Sonda hamını maraqlandıran sual. Penalti zərbələrinin sirrini açın. Penalti ustalığının sirri nədədir?
- (Gülür) Gərək soyuqqanlı olasan. Topa yaxınlaşanda adama elə gəlir ki, qapıçı topu tutacaq. Həm də azarkeşlərin bütün diqqəti sənə yönəlib. Düşünürsən, qol olmasa uduzacaqsan. Mən penaltini vuran zaman həmişə qol olacağına inanırdım. Həm də məşqləri yaddan çıxarmaq lazım deyil. Hər bir futbolçuya məşq vacibdir.
- Çoxları elə fikirləşir ki, oğul Ponomaryovun karyerası o qədər uğurlu olmadı.
- Anatoli hazırda Türkiyənin aşağı dəstə təmsilçisi "Orduspor"da çıxış edir. Milliyə qayıtmaq istəyir. Hər şey yaxşı olar. Onun yenidən Azərbaycan millisində oynayacağına ümid edirəm.
MƏSLƏHƏT GÖR:

678

