5 Dekabr 2025

Cümə, 23:58

QƏLBİ… ROYALININ DİLLƏRİNDƏDİR

İtaliyada pianoçular arasında keçirilən müqəddəs Nikolay adına nüfuzlu iv Beynəlxalq Müsabiqədə qələbə çalmış gənc pianoçu Emin Zeynalov Azərbaycan ifaçılıq mədəniyyətinin gələcəyidir

Müəllif:

15.03.2010

Onu çox vaxt italyalı sayırlar. Qara saçları doğrudan da onu oxşadır: tünd, demək olar ki, tam qara gözləri isə sayrışaraq, durmayan coşğunluqla və araverməyən hərəkətlərlə həyat sevgisi sərgiləyir. O, yalnız musiqidən danışır. Bu 25 yaşlı bakılı, Emin Zeynalov üçün istənilən yaşam anı,  necə olursa - olsun, ən sonda səslərin ilahi dünyasına aparır. İnsan cəmiyyətində, adətən, klassik adlandırılan musiqiyə o, bu cür yanaşır: "Musiqi ruhdur; nəsə müqəddəs bir şeydir/. O, yalan detektoru kimidir! Musiqi özümü bütünlüklə həmişəlik həsr etməyə çalışdığım tək şeydir".

Tale elə gətirib ki, o, ilk dəfə royalı yalnız doqquz yaşında görüb. Alətin səthinin qara parıltısı onu sadəcə ovsunlayıb! Böyük bacısı ilə musiqi məktəbinə gələn oğlan, sadəcə, alətdən ayrıla bilməyib. Görünür, bu  ilk baxışdan sevgi o qədər gerçək olub ki, qaydaları pozaraq bu doqquzyaşlı uşağı axırda 23 saylı musiqi məktəbinə götürüblər. Sonra isə oğlan uşaqlarının həyət əyləncələrinə getdikcə az yer qalan bir həyat başlayıb; çünki musiqi yavaş-yavaş bu əyləncələri sıxışdırırdı. Daha doğrusu, bunu musiqiyə sevgi etdi. Onu musiqi dərslərinə heç kim məcbur etmirdi. Emin özü, məsələn, sol notunun səslənməsinin təmizliyini əldə etmək üçün saatlarla royal arxasında otura bilərdi. 

- Evimizdə də, qonşularda da "sakitlik" dövrü başlayanda, yəni hansısa səbəb üzündən mən royal arxasında oturmayanda hamı sadəcə xoşbəxt idi. 

Amma belə məqamlar elə də çox olmurdu. Alət onu özünə maqnit kimi çəkirdi. Alətlə oğlan arasında müəyyən canlı bağlantı yaranmışdı.  Bunda nəsə mistik bir anlam var idi, amma Emin bu gün də hesab edir ki, royal ruhu olan canlı bir substansiyadır. 

-  Royal - səs çıxarmaq yox, səsləndirmək incəsənətidir!

İnanın ki,  bu sözlərlə o nə özünü ağıllı göstərmək niyyətindədir, nə də fantaziyasının gücünü işə salıb. Bu, istisnasız olaraq, ruhun uçuşu və ona bir ifaçı kimi ilahi hisslər dünyası ilə birgəlik hissləri aşılayan ürək bağlantısıdır. İnsanda bu hissi yalnız klassik musiqi yarada bilir. 

Ancaq onunla royal arasında baş verən bu sehrli bağlantı öz-özünə  yaranmayıb. Emin düşünür ki, hər şeydə müəyyən bir tale qisməti var  və o özü Tanrının yaratdığı kiçicik bir varlıqdır, Yaradan oğlana qayğıkeş müəllimlərlə, hamilərlə görüş xoşbəxtliyi də bəxş edib. Məhz müəllimləri oğlanı musiqini dərketmə yolu ilə aparıblar, musiqi aləti və insanın yaxınlaşması üçün lazım olan "sirr"ləri mərhələ-mərhələ açıblar. 

- Allah mənə öz müəllimlərim ilə rastlaşmaq xoşbəxliyi verib. İfaçılıq sənətinin sirlərini öyrənmək baxımından onların hər biri mənə çox vacib və qiymətli nəsə verib. Mənim bəxtim gətirib, çünki onların hamısı diqqətəlayiq insanlar və mütəxəssislər olublar. 

Sonra isə o,  bilik və ustalığından müəyyən qədər yararlandığı insanların hamısının (diqqət yetirin - hamısının!) adlarını bir-bir çəkib. İnanın,  mən onların hamısını sadalasaydım, çap vərəqinin dörddəbirini tutardı! Ümid edirəm, yalnız Eminə "başqa cür düşünməyi" öyrətmiş Dina Zakiyevna Zakiyevanın və Musiqi Akademiyasının professoru Rafiq Quliyevin adını çəksəm, başqa müəllimlər inciməzlər. Rafiq Quliyev bu gənc tələbədə nəsə başqa bir şey tutmuşdu və bu da onun məktəbə daxil olmasına imkan yaratmışdı, halbuki onda abituriyent Zeynalovun cəmi  16 yaşı var idi. 

- Mən 23 saylı musiqi məktəbini bitirmişəm və on altı yaşımda yüksək balla konservatoriyaya daxil olmuşam. Fəxr edirəm ki, özümü Rafiq Quliyevin tələbəsi saya bilirəm! 

Sonra gənc bakalaviaturanı bitirib, əlaçı diplomu alsa da, özünü yetərincə hazırlıqlı saymayıb və öz ifaçılıq ustalığını artırmaq istəyib. Və bu zaman Murad Adıgözəlzadə Emini Moskvaya getməyə həvəsləndirib. Bəlkə də onun özü bu qərarı verməzdi, amma  Bunu Rafiq Quliyev də dəstəkləyib. O, Eliso Virsaladzeyə zəng vurub, öz şagirdinə qulaq asmağı xahiş edib. Beləliklə, Emin Moskvaya - Eliso Virsaladzenin sinfinə daxil olmaq üçün yola düşüb. RSFSR-in xalq artisti, Münhen Konservatoriyasının professoru, dahi ifaçı  və çox istedadlı müəllim artıq altı ildir ki, Emin Zeynalovun himayəçisidir, yəni tale yenə də Eminə çox gözəl bir ustadın yanında aspirantura təhsili almaq xoşbəxtliyi bəxş edib.

- Eliso Virsaladze mənə musiqi əsərləri üzərində iş zamanı azadlıq hissi və inam verdi. Onun yanında sənəti öyrənmək böyük xoşbəxtlikdir. Axı onun sinfinə düşmək elə də asan deyil! Əgər belə bir xoşbəxtlik rastına çıxıbsa, deməli, sən doğrudan da ona layiqsən. Əsas işləmək və işləməkdir. 

Bu isə sutkanın böyük hissəsini royal arxasında keçirmək, üzərində işlədiyin 24 saatın  əsirinə çevrilmək, ruhun, əqlin və barmaqların bir vahid tamda birləşməsinə nail olmaq deməkdir. 

- Fortepiano bütöv bir orkestrin  imitasiyasıdır. Royalın simi də skripka simi kimi titrəyərək daha uzun sürən və dərin səs verə bilər. Eliso bunu öyrədir. Yüzilliklərboyu insanlıq tərəfindən elə gözəl musiqilər yaradılıb ki! Və bunu gələcək nəsillər üçün saxlamaq lazımdır. 

Emin musiqidən daim danışa bilər. Və bu sizə qəmgin və ya anlaşılmaz görünməyəcək. O, gerçək aşiq kimi klassik musiqi barədə düşündüklərini bir çox nəsillərin düşüncəsini və ruhunu əks etdirən ali harmonik gözəllik nümunəsi kimi təqdim edir. 

- Emin, deyin, musiqiçi üçün  önəmli olan nədir?

- Burada çox məqamlardan danışmaq olar. Onlardan birinin üstündə duracağam. Önəmlisi musiqi vasitəsi ilə zalla ünsiyyət qurmaqdır. 

-  Səhnəni sevirsiniz?

- Hə, çox. Amma heç vaxt düşünməmişəm niyə. Həmişə zalda oturan dinləyicilər üçün çalmaqdan böyük həzz alıram. 

Emin səhnədə tez-tez çıxış edir. Bəlkə də bu onun özünün istədiyi qədər tez-tez olmur. O, "Eliso Virsaladze  və onun tələbələri", "Bethovenin 32 sonatası" kimi layihələrə qatılıb. 

- Mən Leyla xanım Əliyevaya, Nigar Axundovaya və Polad Bülbüloğluna çox minnətdaram. Onlar Moskvada oxuyan gənc həmvətənlərimizə qayğı göstərərək onları tez-tez Azərbaycan Səfirliyinə dəvət edirlər və mən bütün mədəni tədbirlərdə həvəslə iştirak edirəm. 

2008-ci ildə Emin Barselonda Mariya Kanals adına 54-cü beynəlxalq piano ifaçıları müsabiqəsinə qatılıb. 2009-cu ilin noyabr ayında isə o, Baridə Müqəddəs Nikolay adına 4-cü beynəlxalq piano ifaçıları müsabiqəsində iştirak edib. Bu, İtaliyanın Apulya bölgəsində yerləşən bir liman şəhəridir. Şəhərin himayəçisi Möcüzəkar Müqəddəs Nikolaydır. Yayda Bari İtaliyanın musiqi mərkəzinə çevrilir. Burada hər il orta yüzillik və barokko musiqisi festivalı keçirilir. Payızda isə Müqəddəs  Nikolay adına müsabiqə təşkil edilir. Bari gerçək ifaçılıq incəsənətini qiymətləndirməyi bacaran zəvvarların, turistlərin şəhəridir. Burada həmişə çox adam olur, dünyanın müxtəlif ölkələrindən gəlirlər. Gələnlər həm musiqi ifaçıları, həm də musiqini dinləməyi bacaranlardır. Müqəddəs Nikolay adına müsabiqəyə 25 ifaçı qatılmışdı. Onlar İtaliyanı, Kanadanı, Yaponiyanı, Rusiyanı, İsraili, Almaniyanı,  Azərbaycanı və başqa ölkələri təmsil edirdilər. Birinci yer boş qaldı. İkinci yeri Rusiyadan olan ifaçı Eduard Kunts tutub. Üçüncü yeri isə Yaponiya və Azərbaycandan olan ifaçılar əldə ediblər. Bizim Emin Zeynalov dörd gün ərzində Baxın, Motsartın, Bethovenin, Şopenin, Listin, Çaykovskinin, Raxmaninovun, Prokofyevin əsərlərini və Arif Məlikovun "Anilik" əsərini ifa edib.

- Mən xarici dinləyici kütləsini Azərbaycn musiqisinin gözəlliyi ilə tanış etməyi çox istəyirəm. Bu gün bizim haqqımızda, dünyanın nəhəng xəritəsində çox kiçik olan ölkəmiz barədə başqa ölkələrin insanlarının bilməsi çox vacibdir. Buna görə də zalın alqışlarına çox sevinirdim. 

Yarışın üç turu konservatoriyanın zallarının birində, dördüncüsü isə Müqəddəs Nikolayın cəsədinin qalıqları saxlanılan Bazilikada keçirilib. Son turda Emin Cüzeppe Lya Malfanın idarə etdiyi Bari simfonik orkestrinin müşayiəti ilə çıxış edib. Beləliklə, noyabrın 23-dən 28-nə kimi keçən müsabiqə çoxlarının orada italyana bənzətdiyi bizim gənc həmyerlimizin qələbəsi ilə başa çatıb. Bari qəzetləri qaliblərin böyük şəkilləri yerləşdirilmiş materialları dərc edəndə, artıq Emin Zeynalovun adını İtaliya ilə bağlamırdılar. Televiziya efirində Azərbaycanın adının çəkilməsi Emin üçün xüsusi anlam daşımışdı. 

- Azərbaycan  kiçik ölkədir. Amma onun adı başqa ölkələrlə yanaşı heç də pis səslənmir! Nə hisslər keçirdiyimi təsəvvür edin, sənin adını çəkəndə ölkənin adını da səsləndirirlər! Bu böyük uğurdur! 

Möcüzəkar Müqəddəs Nikolayın qalıqlarının olduğu bir yerdə musiqi ifa edərkən hansı hissləri keçirdiyindən danışırdı və onun gözlərindən, səsindən, xatirələrindən xoşbəxtlik süzülürdü. Yox! O öz qələbəsindən məst olmamışdı. O, sadəcə, onu çuğlamış duyğuların bütün çalarlarını göstərməyə çalışırdı. 

- Musiqinin mənə bu cür yaxınlaşmasını ilk dəfə idi duyurdum! Bu nəsə inanılmaz bir şey idi! Hər bir dil, yəni not birdən-birə böyük səs harayına qədər yüksəldi! Həcm, sıxlıq, rəng və bir də çox önəmli elə bir şey qazandı ki onu sözlərlə ifadə edə bilmirəm!

Mən birdən-birə bu oğlana çox acıdım. O çox həssas və bir qədər də sadəlövh idi. Bu onu öz ürəklərini vətənpərvərlik qardaşlığı ocağında yandırmışlarla doğmalaşdırırdı. Onu necəsə qorumağı düşünürdüm. Axı bizim praqmatik əsrimizdə bu cür keyfiyyətlər dəbdə deyil. Tanrı onu musiqiçi kimi yaradıb. O, var-dövlət içində üzməyən, öz əməlləri ilə müsbət ad-san qazanmış sadə bir bakılı ailəsindəndir. Bu ailədə övladlarını bizim iqtisadi baxımdan çətin günlərimizdə mümkün olan qədər dəstəkləyirlər. O cümlədən, onun musiqiyə vurğunluğu, daim təkmilləşməyə can atması, müsabiqə və festivallara səfərləri baxımından ailənin imkanları yetərincə deyil. Ancaq Emin gələcəyə ümidlə baxır və inanır ki, Tanrının yardımı ilə hər şey yaxşı olacaq. İstədiyi tək şey, sadəcə, heç zaman musiqidən ayrılmamaqdır. 

- Deyin, musiqiyə belə qeyri-adi bağlı olduğunuz halda dostlarla ünsiyyətə vaxt tapırsınız? 

- Hə. Biz İnternetlə əlaqə saxlayırıq. 

- O! Amma bu, canlı, ürək söhbətlərini əvəz edə bilməz.

- Təəssüf! Amma belədir.

- Dostları itirməkdən, tam tək qalmaqdan qorxmursunuz?

-  Hər şey ola bilər. Amma mənim royalım var, musiqi var, deməli, mən heç zaman tək qalmayacağam. Musiqi özü bir ayrı güc, ayrı qüvvədir. O, istənilən xəstəliyi sağaltmağa qadirdir. Gerçəkdən belədir!

- Bir çox böyük sənətkarlar kimi siz də özünüzü yoxsul həyata məhkum etməyə hazırsınızmı? 

- Musiqi ilə pul qazanmaq hörmətsizlikdir. Lap çoxdan bir dəfə öz dostuma  demişdim ki, mən musiqimi dünyaya təmənnasız olaraq bəxş etmək istəyirəm. Mənə elə gəlir ki, müqəddəs şeyləri maddi şəkildə, məsələn, pulla ölçməyə başladıqda, onda dəyişilmə baş verir, onun ilahi başlanğıcı itir və əvəzində tamamilə yeni, adiləşmiş bir şey yaranır. 

- Əgər məsələ rifahda deyilsə, onda şöhrət sizin nəyinizə lazımdır? 

- Mən hələ ki şöhrətdən danışmamışam. Bir də ki şöhrət həddindən çox öhdəlikli məsələdir. Ən azından mənim üçün. Düşünün, nədir şöhrət? Tanınmışlıq? Hə. Həm də məsuliyyəti var. Onu da daşımaq çətindir. Ən dəqiqi isə şöhrəti əldə saxlamaq çətindir. Düzdür, buna daimi təkmilləşməyə can atmaq üçün stimul kimi də baxmaq olar, çünki şöhrət yalnız sənin özünə məxsus məsələ deyil. Sən axı istənilən müsabiqədə hər şeydən öncə ölkəni təmsil edirsən. Deməli, həm öz müəllimlərini və konkret məktəbi də, elə deyilmi?  Yəni bu şöhrətə uyğun gəlməyə məcbursan.  Çünki ölkənin nüfuz yükü sənin boynundadır. Görürsünüzmü, şöhrət böyük məsuliyyətdir. Həm də ki musiqi bütün müxtəlif dillərdə danışmağı bacaran önəmli diplomatdır. 

- Harada yaşamaq sizə xoş gəlir   - Bakıda, yoxsa  Moskvada?

- Bakıda mən işləyirəm, dincəlirəm. Burada yavaş, mürgüləyən həyat ritmi mövcuddur. Moskva isə hərəkətdədir, sürətli, çılğın həyat ritmi var! Mən bunu çox sevirəm. Belə ritm işimə çox yarayır. O, sakitləşməyə imkan vermir və daim özünü formada saxlamağa məcbur edir. Onda görə də Moskvada mən daim işləyirəm. İşləyirəm - özü də nə qədər qəribə olsa da, bu mənə istirahət verir, ruhi istirahət. 

- Xoşbəxtsiniz?

- Hə, əlbəttə ki. Kim olduğuma və bu gün nələrə sahib olduğuma görə çox xoşbəxtəm. Bütün bunlara görə mən Tanrıya, valideynlərimə və öz ustalıqlarını, biliklərini mənimlə bölmüş müəllimlərimə borcluyam. Xüsusilə də Eliso Virsaladzeyə. Onların hesabına öz həyat yolumu tapmışam. Bunun özü də xoşbəxtlikdir. Buna görə də mən hər kəsə arzu edirəm ki, onları xoşbəxt edəcək həyat yollarını tapsınlar. 

Biz onunla çox danışdıq; musiqidən, musiqiyə ürəkdən qulaq asmağın vacibliyindən, keçən yüzilliklər boyunca klassik musiqinin dəyişmədən bizə ruh barədə verilmiş ilahi musiqi olmasından, klassik musiqinin çağdaş interpretasiyasından, ifaçılıq üslubundan, texnikasından və ifaçıların ruhundan danışdıq. Danışdıqca, anlayırdım ki, bu gənc -  Emin Zeynalov öz royalının dilləri ilə ölkələr və qitələr arasında Vətəninə şərəf gətirməyə hazırdır; çünki hansı soydan gəldiyini bilir. Xatırlayır, həmişə xatırlayacaq da. Və Tanrı bu çətin işdə ona yar olacaq.


MƏSLƏHƏT GÖR:

600