5 Dekabr 2025

Cümə, 23:10

BERTİ FOQTS ALMAN OLDUĞUNU UNUDACAQ

Azərbaycan millisinin baş məşqçisi bundestimə yaxşı oyun göstərəcəklərini deyir

Müəllif:

01.03.2010

2012-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində rəqiblərimiz azarkeşlərimizə yaxşı tanışdı. Son seçmə mərhələdə Avropa və dünya çempionu Almaniya ilə iki oyun keçirmişik. Yaxın keçmişdə Türkiyə, Belçika, Avstriya və Qazaxıstanla da oyunlarımız olub. Məhz bu amili nəzərə alan mütəxəssislər yeni seçmə mərhələdə millidən daha uğurlu nəticə gözləyir. Vaxtilə yığmada işləyən Vaqif Sadıqov komandamızın qrupda 3-4-cü yerlərə oynamaq iqtidarında olduğunu söyləyib. Millinin aparıcı üzvlərindən biri Rail Məlikov isə seçmə mərhələdə komandamızın 9 xal toplayacağını proqnozlaşdırır. Təbii ki, millinin baş məşqçisi Berti Foqts məsələyə daha praqmatik yanaşır. Frankfurtda seçmə mərhələnin təqvimi dəqiqləşəndən sonra, alman məşqçiylə görüşüb gələcək matçlar barədə danışdıq. 

- Cənab Foqts, siz püşkatmanın nəticələrinə münasibət bildirmisiniz. Lakin futbol ictimaiyyəti arasında bu nəticələr birmənalı şərh edilmir?

- Bizim razı və ya narazı olmağımız düzgün deyil. Bəzən mətbuatda oxuyuram ki, Azərbaycanın bəxti gətirib. Amma bu belə deyil. İlk öncə, qrupda güclü rəqiblərlə mübarizə aparacağımızı deməliyəm. Digər tərəfdən, komandamızın Avropa çempionatının final mərhələsinə vəsiqə qazanması gözlənilmir. Yəni Almaniya və Türkiyə kimi komandalar bəxt barədə düşünə bilər. Çünki onlar qrupdan çıxmağa iddialıdır. Doğrudan da həm Almaniya, həm Türkiyənin bəxti gətirib. Azərbaycan, Qazaxıstan kimi komandalar isə daha çox təcrübə toplamaqla inkişafını davam etdirməlidir.

- Bəzi həmkarlarınız millinin seçmə mərhələdə 9 xal toplayacağını deyir. Bu, nə dərəcədə realdır?

- (Gülür) Azərbaycan millisi indiyə qədər ən çox 5 xal toplayıb. Təbii ki, bundan çox xal toplamaq üçün səylə çalışacağıq. Maraqlıdır, bu fikri kim söyləyib. Çünki qrupumuz yetərincə çətin alınıb.

- Azərbaycanlı məşqçilər deyir ki, hətta qrupda 3-4-cü yerlər uğrunda mübarizə aparmaq olar...

- Avrokubokları yadınıza salın. "Qarabağ" Avropa Liqasında birhəftəlik fasilə ilə 2 oyun keçirəndə çətinliklə üzləşirdi. Amma yığma seçmə mərhələ zamanı 4 gün ərzində bəzən 2 matça çıxmalı olacaq. Yəni proqnoz verərkən bu amilləri başa düşmək lazımdır. Ona görə həmkarlarımın fikirlərinə şərh vermək istəməzdim.

- Dunya çempionatının seçmə mərhələsində Almaniya ilə hər iki oyunda məğlub olduq. Bu dəfə sizdən yenilik gözləmək olar...

- Yenilik deyəndə nəyi nəzərdə tutursunuz? Əlbəttə, Azərbaycan millisi 90 dəqiqə əzmkar mübarizə aparmağa çalışacaq. Amma Almaniyanı məğlub edəcəyimizi söyləyə bilmərəm. Digər tərəfdən, matç zamanı bir anlıq alman olduğumu unudacağam. Axı mən Azərbaycan millisini çalışdırıram. Ona görə vətənimin komandasına qarşı layiqli mübarizə aparmaq üçün yaxşı hazırlaşmaq gərəkdir. Məni işlədiyim komandanın oyunu maraqlandırır. Məhz buna görə də bundestimə qarşı yaxşı oyun göstərəcəyik. Onlara problem yaratmamağa çalışacağıq.

- Püşkatmadan sonra Almaniya ilə eyni qrupa düşdüyümüzə görə sevinirdiniz/...

- Gizlətmirəm, həqiqətən çox məmnum idim. Hətta püşkdən əvvəl də demişdim ki, baxarsınız, yenə Almaniya Azərbaycana rəqib olacaq. Mən özüm almanam, ona görə almanlara qarşı oynamaq maraqlıdır. Vaxtilə Almaniya yığmasında baş məşqçi olmuşam. İndi həmin komandaya qarşı oynamaq çox cəlbedici görünür.

- Türkiyə millisi barədə nə deyərdiniz? Ay-ulduzluları Rusiya yığmasının keçmiş baş məşqçisi Quus Hiddink çalışdırır.

- Hiddinki təbrik etmişəm. Dünyanın ən güclü məşqçilərindən biridir. Onun işsiz qalmayacağına əmin idim. Çox sevinirəm, Hiddin Türkiyə millisində işləyəcək. Deməli, daha 2 oyunda komandalarımız rəqib olacaq. Türkiyə qrupdan çıxmağa 2-ci real namizəddir. Əlbəttə, onların Almaniya ilə birinci yer uğrunda mübarizə aparacağına inanıram. Azərbaycanla oyunlar da maraqlı olacaq. Bilirəm ki, ölkələriniz çox yaxındır. Deməli, azarkeşləri maraqlı oyunlar gözləyir. Bakıda Türkiyə komandasına çətin anlar yaşada bilərik. 

- Belçika və Avstriya - hər iki rəqibə qarşı oynamışıq. Doğma meydanda bu rəqibləri məğlub etmək mümkündürmü?

- Futbolda hər şey mümkündür. Sadəcə, indidən proqnoz vermək düzgün olmaz. Seçmə mərhələnin oyunlarına 5-6 ay var. O vaxta qədər komandaların vəziyyəti dəyişəcək. Belçika son 2 il ərzində gəncləşdirmə siyasəti aparırdı. Amma indi yaxşı oyun nümayiş etdirir. Avstriya komandası, son uğursuzluqlara baxmayaraq, ciddi rəqib kimi qəbul olunmalıdır. Bakıda istənilən rəqibə başağrısı ola bilərik. Çünki doğma divarlar, üstəlik, azarkeşlərin dəstəyi komandaya əlavə güc verir.  

- Qazaxıstanla, demək olar, bərabərsəviyyəli komandalarıq. Azarkeşlər qonşu ölkəylə matça 6 xala ümid edir...

- Qazaxıstan millisiylə oyunlar asan olmayacaq. Çünki futbol bütün dünyada inkişaf edir. Zəif rəqib anlayışı artıq yoxdur. Qazaxıstanı həmyerlim Ştork çalışdırır. Burada daha 2 alman üz-üzə gələcək. Təbii ki, bu oyunlarda əsas məqsədimiz qələbə qazanmaq olacaq. Amma indidən hansı oyunun necə nəticələnəcəyini demək çətindir.

- Demək olar ki, seçmə mərhələnin təqvimindən razı qaldınız?

- Müzakirələr zamanı əsas təklifi iddialı komandalar verir. Almaniya və Türkiyənin fikri təqvimin hazırlanmasında əsas götürülüb. Amma təqvim tam istədiyim kimi alındı. İndi bütün fikrimizi oyunlara hazırlaşmağa yönəltməliyik. Milli yüksək səviyyədə təlim-məşq keçməklə layiqli mübarizə aparacaq.

- Və sonda, azarkeşlərə sö-zünüz...

- Son oyunlarda daim millinin yanında olduqları üçün təşəkkür edirəm. Əminəm, qarşıdakı çətin matçlarda komandaya lazımi dəstəyi əsirgəməyəcəklər. Futbolu azarkeşlərsiz təsəvvür etmək mümkün de-yil. 


MƏSLƏHƏT GÖR:

565