Müəllif: Nadir XOSROVOĞLU Bakı
Cari Avrokubok mövsümünü Azərbaycan voleybol klubları üçün uğurlu adlandırmaq olmaz. Son illər beynəlxalq yarışlarda çempionluq üçün mübarizə aparan klublarımız 20142015 mövsümündə özünə bənzəmədi. Əvvəlcə "Azərreyl", sonra "Lokomotiv", ardınca isə "Azəryol" Avropa səhnəsini tərk etdi.
"Azəryol" Çempionlar Liqasının I pley-off mərhələsində (116 final mərhələsi) İtaliyanın "Yamamay" klubuna qarşı mübarizəni dayandırdı. Komandamız yeni baş məşqçi Jeremi Estesin rəhbərliyi altında çıxdığı ilk Avrokubok matçını qələbə ilə başa vursada, uğura sevinmək mümkün olmadı. Təəssüf ki, 3:2 hesablı qələbə superliqanın gümüş medalçısının növbəti mərhələyə yüksəlməsi üçün kifayət etmədi. Buna "Azəryol"un paytaxtımızda ilk görüşdə 1:3 hesablı məğlubiyyəti səbəb olub. Təmsilçimiz matçı "Qızıl set"ə daşımağa yaxın olub. Lakin ilk setdə asan qələbədən sonra rəqib çətinliklə status-kvonu bərpa edib. Buna baxmayaraq, voleybolçularımız ruhdan düşməyib, əksinə, daha gözəl oynayaraq, yenidən hesabda önə keçib. "Qızıl set" üçün lazım olan növbəti hissədə isə "Yamamay" təşəbbüsü ələ alıb və seti aktivinə yazıb. Bu, İtaliya klubunun mərhələ adlaması, "Azəryol"un Çempionlar Liqası ilə vidalaşmasını rəsmiləşdirib. Tay-brekdə ssenari üzrə rəqibini məğlub edən komandamız Avrokuboku qələbə ilə tərk edib.
Beləliklə, Çempionlar Liqasında Azərbaycan təmsilçisi qalmayıb. "Azəryol"dan öncə "Rabitə" də qitənin ən nüfuzlu klub turniri ilə vidalaşıb. Rabitəçilər Rusiyanın güclü "Ximki" klubuna uduzmaqla qitənin ən nüfuzlu klub turnirində iştirakını dayandırdı. Qaydalara əsasən yarışı erkən mərhələdə tərk edən "Rabitə" Avropa Voleybol Konfederasiyaları Kubokunda təmsil olunacaq. Azərbaycan çempionu CEV kubokunun "Çelenc raund"unda Fransanın "Beziers" klubuyla mübarizə aparacaq. İlk görüş martın 3-də səfərdə, cavab qarşılaşması martın 12-də "Sərhədçi" Olimpiya Mərkəzində baş tutacaq.
Böyük maliyyə dəstəyi olan paytaxtın "Lokomotiv" klubu CEV kubokunun 14 final mərhələsində Krasnodarın "Dinamo" kollektivinə uduzdu.
Ənənəsinə sadiq qalaraq klublarımız məğlubiyyətdən dərhal sonra baş məşqçi postunda dəyişiklik edildi. Azərbaycan çempionu "Rabitə" baş məşqçisi Dejan Brdjoviçlə yollarını ayırdı. 49 yaşlı serbiyalı mütəxəssislə mövsümün əvvəlində bağlanılan müqaviləyə qarşılıqlı şəkildə xitam verildi. Aydın məsələdir ki, məşqçinin istefaya göndərilməsinə komandanın avrokuboklarda uğursuz çıxış etməsi səbəb olub. "Rabitə" Çempionlar Liqasında çıxış etdiyi bütün illərdə mərhələ adlasa da, bu dəfə 6 oyundan 4-də uduzmaqla, CEV kubokuna enib. Həmçinin, Azərbaycan Super Liqasında XII turdan sonra lider olsa da, aktivində 2 məğlubiyyət var. Halbuki, "Rabitə" həmişə dövrələri ən çox 1 məğlubiyyətlə başa vururdu.
"Azəryol" voleybol klubunda da baş məşqçi dəyişikliyi baş verib. Maraqlıdır ki, dəmiryolçular 116 final mərhələsində cavab görüşündən əvvəl baş məşqçi Aleksandr Çervyakovu istefaya göndərib. Bakıda İtaliya "Yamamay"ına 1:3 hesablı məğlubiyyəti uğursuzluq kimi qiymətləndirilib. Bu səbəbdən cavab oyunu ərəfəsində mərhələ keçmək şansları azalan "Azəryol"un "sükanı arxası"nda dəyişiklik etmək məqsədəuyğun sayılıb. Baş məşqçi postu onun köməkçisi olan amerikalı Jeremi Estesə tapşırılıb. Ölkəmizə gələnədək "Sent-Luis" (ABŞ), "Uraloçka", "Dinamo"su (Moskva, hər ikisi Rusiya) və "Volero" (İsveçrə) kimi klublarda çalışan mütəxəssis bu vəzifəni müvəqqəti icra edəcək.
Voleybol klublarımızın əsas hədəfi Çempionlar Liqasında uğur qazanmaq olub. Buna görə təmsilçilərimizdən hamısının adiçəkilən turnirdə mübarizəni dayandırması böyük təəssüf hissi doğurur. Hazırda yalnız "Rabitə" Avropada çıxışını davam etdirir, o da CEV kubokunda. Klublarımızın uğursuzluğunun bir neçə səbəbi var. İlk öncə qeyri-stabil heyət və tez-tez məşqçi dəyişikliyinin yanlış qərar olduğu vurğulanmalıdır. Çempionlar Liqasında qızıl medal qazanmaq istəyən "Rabitə" hər mövsüm iki məşqçi dəyişməklə qitədə qeyri-peşəkar komanda imici yaradıb. Unutmaq olmaz ki, hər yeni məşqçi də heyətdə 6-7 voleybolçunu dəyişir və bununla komanda yenidən formalaşır. Bu isə hər il komandanın yerində saymasıyla nəticələnir. Məşqçi dəyişikliyi ölkə klublarının hamısının əsas problemlərindən biridir.
Digər səbəb legioner voleybolçulara dəyərindən çox pul verilməsidir. Dünyanın dörd yerindən legionerlərə qucaq açan klublarımız xaricilərin tələb etdiyi pulu düşünmədən xərcləyir. Əvəzində əcnəbi istədiyi məbləği bir ilə qazanaraq sonradan ölkəni tərk etdir. Bu işdə qeyri-peşəkar olan voleybol klublarımız mütləq şəkildə transfer xərclərinə limit tətbiq etməlidir. Büdcənin böyük hissəsini isə yerli voleybolçuların inkişafına yönəltməlidir. Son illər avrokuboklarda uğur qazanan klublarımızın heyəti bütövlüklə əcnəbilərdən ibarət olub. Amma yerli voleybolçuların inkişafında klublarımız heç bir iş görməyib. Reqlamentə görə 2-3 yerli gənc voleybolçunu transfer edən komandalar onları ehtiyat heyətin daimi sakininə çevirib. Məhz bu səbəbdən Azərbaycan təmsilçiləri büdcəni səmərəli istifadə etmək barədə düşündüyü halda, avrokuboklarda nəticə qazana bilmir. Deməli, bahalı legionerlər olmadan klublarımız heç nə ilə yadda qalmır. Birbaşa klub rəhbərlərinin günahı ucbatından kortəbii şəkildə idarə olunan komandaların voleybolun inkişafına dair konsepsiyası yoxdur. Yalnız mövsümü uğurla başa vurmaq istəyən komandalar bununla həm də Azərbaycan millisinə zərbə vurur. Çünki yerli voleybolçular inkişaf etmədikdə, bunun təsiri ən çox yığmada hiss olunur.
"Rabitə"nin CEV kubokunda necə çıxış etməsindən asılı olmayaraq, Azərbaycan təmsilçiləri üçün Avrokubok mövsümü uğursuz hesab ediləcək. Artıq indidən yeni Avrokubok mövsümü üçün hazırlıq və transfer siyasəti müəyyənləşməlidir. Təmsilçilərimiz ortabab legionerlərlə hədəfə çatmağa çalışmalıdır. Həmin legionerlərlə bərabər yerli oyunçuların da inkişafı diqqətdə saxlanılmalıdır. Əks halda, bu uğursuzluq yenidən təkrarlana bilər.
MƏSLƏHƏT GÖR: