Müəllif: Nərminə VƏLİYEVA Bakı
Yekaterina Rojdestvenskaya - insanların digər dövlətdən, hətta nağıllardan personajlarda yenidən təcəssüm olunmaqtək unikal imkan əldə etdikləri çoxlu fotolayihələri yaradan istedadlı rusiyalı fotoqrafdır. O, gözəlliyi ən xırda detallarda görə bilir. Yekaterina Rojdestvenskaya nikbin dalğada yaşamağa çalışır və əmindir ki, dünyanı xeyirxahlıq xilas edəcək. Bu yaxınlarda məşhur fotorəssam Bakıda olub. O, öz təəssüratlarını "R+"la söhbətində bölüşüb.
- Siz ilk dəfədir Bakıya gəlmisiniz. Səfəriniz zamanı yaranan təəssüratlarınızı bizimlə bölüşərdiniz. Ən çox nə xoşunuza gəldi?
- Mən Bakıya fevralın əvvəlində 70 illiyini qeyd edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun dəvətilə gəlmişəm. Onun yubileyinə keçmiş Sovet İttifaqının hər yerindən yaxın dostları və səhnə yoldaşları gəlmişdilər. Əlbəttə, hamı ilə görüşmək və sizin gözəl şəhəriniz, onun sakinləri ilə tanış olmaq xoş idi. Mən çoxdan Bakıda olmaq istəyirdim. Hələ atamdan (məşhur sovet şairi - Robert Rojdestvenski - müəllif) sizin şəhərinizin gözəlliyi və insanlarınızın qonaqpərvərliyi haqda çox eşitmişəm. Polad Bülbüloğlunun dəvəti lap yerinə düşdü. Vaxtımızı əla keçirdik və onun doğum gününü Heydər Əliyev Sarayında qeyd etdik. Bu, son dərəcə gözəl konsert idi! Hamı Poladın səhnədə enerjidolu və drayvla çıxışına heyran qalmışdı. Mənə hətta elə gəldi ki, o, yaşı ilə bağlı bir qədər yalan deyib. Beş saat yarım vaxt ərzində həm oxumaq, həm rəqs etmək, həm də öz konsertini aparmaq... Polad çox gözəl formadadır! Bakıya gəldikdə isə hesab edirəm ki, bu, gördüyüm ən maraqlı və gözəl şəhərlərdən biridir. Keçmiş və indinin, qədimlik və müasirliyin qeyri-adi ahəngdə həm memarlığa, həm də adi həyata daxil olma tərzini çox bəyəndim. Bakılılarla danışarkən onların gözlərində şəhərlərinə qarşı duyduqları böyük məhəbbət və qürur hissini gördüm. İnanın, heç də hər şəhər bu qədər qədirbilən və vətənpərvər sakinləri ilə fərəhlənə bilməz.
- Bakıda olduğunuz müddətdə, bizim şəhərdə çəkdiyiniz çoxlu şəkilləri bölüşməyə müvəffəq olmusunuz. Bakı ilə bağlı fotolayihə hazırlamış olsaydınız, onu nəyə həsr edərdiniz?
- İlk növbədə, insanlara. Bütün layihələrimi insanlara həsr edirəm. Bu şəkildə həyatı bir az da olsa dəyişməyə, onu daha xeyirxah və gözəl etmək istəyirəm. Mehriban, işıqsaçan gözləri və səmimi gülüşü olan nikbin, gözəl simaları çəkmək olar. Bu cür şəkillərdən insanın qəlbi isinir və anlayırsan ki, xeyirxahlıq hələ də var. O, yaxındadır, sadəcə biz çox vaxt onu görmürük və yan keçirik.
- Siz MDBMİ-nin beynəlxalq əlaqələr ixtisası üzrə təhsil almısınız. Daha sonra ingilis və fransız dillərindən bədii ədəbiyyat tərcüməsi ilə məşğul olmusunuz. Necə oldu ki, siz fotoqrafçılıqla məşğul olmaq qərarına gəldiniz?
- Fotoqrafçılığa təsadüfən başladım. Həyat yoldaşım mənə yaxşı və bahalı fotoaparat hədiyyə etdi. Özümü fotoqrafçılıqda sınamaq qərarına gəldim. Elə o vaxtı ulduzların iştirakı ilə qeyri-adi layihə - "Fərdi kolleksiya"nı düşündüm. İlk model rəfiqəm oldu - bakılı, Nefertiti obrazında çəkilən İrina Alleqrova. Həyat yoldaşımdan işimi qiymətləndirməsini xahiş etdim. Bu layihəni elə bəyəndi ki, fotolayihəni özünün "Karavan istoriya" jurnalında dərc etməyi təklif etdi (Yekaterinanın həyat yoldaşı Dmitri Biryukov "Karavan istoriya"nın da daxil olduğu "Sem dney" nəşriyyatına rəhbərlik edir. Yekaterina özü "Sem dney" jurnalının redaktorudur - müəllif). Əvvəlcə studiya qismində mən öz mənzilimi istifadə edirdim. Lakin çox keçmədi, bu çox narahatlıq yaratdı və mən emalatxanamı başqa yerdə təşkil etmək qərarına gəldim.
- Keçən il yaradıcılıq yubileyiniz olub - 15 il əvvəl sizin "Fərdi kolleksiya"nızın ilk eksponatı yaranıb. Orada nə qədər portret var?
- Nə qədər portretimin olduğunu deyə bilmərəm. Amma bu müddət ərzində, təxminən, beş min insanı çəkməyə müvəffəq olmuşam.
- Bəs, layihələriniz üçün qəhrəmanları necə seçirsiniz?
- İlk növbədə, bu, tanınan şəxsiyyət olmalıdır. Yəni oxuculara şəkildə kimin olduğunu və nə ilə məşhur olduğunu izah etməyə ehtiyac qalmasın. Məsələn, Lüdmila Qurçenko, Larisa Dolina və ya Yuli Qusman. Onları hamı tanıyır - balacadan böyüyə kimi. Adətən, ulduz üçün layihə obrazını mən fikirləşirəm. Kənardan görə bilirəm kim kimə "yenidən həyat verə bilər".
Bilirsiniz, xəstə həkimin yanına kömək üçün gələndə və özü də ona müalicə üsulları tövsiyə etdikdə, bunun heç bir yaxşı nəticəsi olmur.
- Siz məşhurlarla çox işləyirsiniz. Ən çox kiminlə ünsiyyət maraqlı keçib?
- Mənim üçün belə bir insan həmişə Lüdmila Markovna Qurçenko olub və elə də qalacaq. Qurçenko o qədər gözəl və zərif insan, qeyri-adi aktrisa, çox güclü şəxsiyyət idi ki, mən, bəlkə də, heç vaxt öz yolumda bu səviyyədə olan ulduza rast gəlməyəcəyəm. Onu həmişə xatırlayacağam.
- Atanız Robert Rojdestvenski olduqca ciddi, ağır bir şəxs olub. Yəqin ki, siz onu fərqli şəkildə xatırlayırsınız...
- Deməzdim ki, atam ciddi və xüsusilə də ağır təbiətli olub. Onun çox gözəl yumor hissi vardı. Çoxları indiyə kimi onun işıqsaçan güləyən gözlərini və səmimi gülüşünü xatırlayır. Atamın son dərəcə qeyri-adi yumor hissi vardı. O, ciddi və bəzən də kədərli üz ifadəsi ilə inanılmaz dərəcədə gülməli hekayələr danışa bilərdi. Ətrafda hamı gülməkdən ölürdü. O, çox qayğıkeş və xeyirxah biri idi. İnsanlara çox kömək edirdi və heç vaxt bu haqda bildirməyib. O, son dərəcə təvazökar və səmimi idi. Mənim üçün atam - insanın idealıdır, bütün ömrüm boyu ona bənzər heç kimə rast gəlməmişəm. O, belə tək idi...
- Bəs, atanız - böyük şair - bunu anladığınız anı xatırlayırsınızmı?
- O anı çox gözəl xatırlayıram. Bu ötən ilin 60-cı illərindən baş verib. 9-10 yaşım olardı. Anam məni özü ilə "Lujniki" stadionuna, atamın bədii yaradıcılıq gecəsinə aparmışdı. Stadion adamla dolu idi. O vaxt çıxış edənin üzünü görə bilmək üçün iri plazma panellər mövcud deyildi. Mən stadionda qurulmuş səhnənin mərkəzində atamın balaca fiqurunu gördüm. O qədər balaca idi ki, qarışqaya oxşayırdı. Şeirlərini mikrofona oxuyurdu, ətrafımızdakılar isə onları sanki dua kimi pıçıltı ilə təkrar edirdilər. Həmin an anladım ki, biletə görə gözləyən və bütün işini atan minlərlə insanın gəldiyi o qarışqacıq - qeyri-adi və önəmli biridir. Və bu mənim atamdır!
Atam şeir vasitəsilə insanın qəlbini fəth etməkdə son dərəcə məharətli idi. Yadımdadır, həmin gecədən sonra insanlar dodaqlarında gülüş, necə zaldan çıxırdılar. Onlar atamın gözəl enerjisi ilə dopdolu idilər.
- Özünüz şeir yazmağa cəhd etmisiniz?
- Şeir yazmağa cəhd etməməlisiniz. O, ya yazılır, ya da yazılmır. Düşünürəm ki, şair doğulmaq lazımdır. Yadımdadır, ingilis dilindən rus dilinə şeirləri tərcümə etmək mənə necə başa gəldi. Sən demə, bu son dərəcə çətin iş imiş! Bütün bir povesti tərcümə etməyə bir ay vaxtım gedirdisə, ancaq bir rübainin tərcüməsinə tam bir həftə sərf etməli olurdum!
- Ailənizdən danışın. Oğullarınızdan hansı isə tanınmış babalarının işini davam etdirdimi?
- Böyük oğlum Aleksey iqtisadçıdır. Kibersport və musiqi ilə maraqlanır, rok-qrupun lideridir. Babasının şeirlərinə musiqi yazır. Ortancıl oğlum Dmitri - restoratordur. Peşəkarcasına kartinqlə məşğul olur, dəfələrlə müxtəlif müsabiqələrin qalibi olub. Bu yaxınlarda Dima kafe açıb. Orada bizim ailəmizdə hazırlanan və indi də bişirilən yeməklər təklif olunur. Atamın sevdiyi, onun qonaqları və dostları üçün məmnuniyyətlə hazırladığı yeməklər. Kiçiyinin Daniyelin bu yaxınlarda 14 yaşı tamam oldu və o, cərrah olmaq istəyir.
- Bakıya növbəti gəlişinizdə nə görmək istərdiniz?
- Mən haqqında çox bəhs edilən məşhur Bakı yazını görmək istərdim. Təkcə Bakını deyil, həm də bütün Azərbaycanı görmək istərdim. Fotoaparatımla bütün Azərbaycanı gəzərdim. Ölkənin hansısa bir uzaq diyarına gedib çıxardım, insanların necə yaşadığına baxardım, onlarla ünsiyyət qurardım. Sonra isə bu şəkilləri hamı ilə bölüşərdim! Axı, gözəlliyi bölüşmək lazımdır. Elə deyil?
MƏSLƏHƏT GÖR: