24 Noyabr 2024

Bazar, 01:31

BAKILI MODABAZLAR

60-cı illərin Bakı gəncləri nələri yadda saxlamalı idilər? Drujinaçıların əlinə düşməmək barədə

Müəllif:

24.02.2015

"Kok" nə deməkdir? "Jaketok" necə olur? "Şuzı s razqovorom" (naxışlı ayaqqabılar) "şuzov na manke"dən nə ilə fərqlənir? Babalarımız hansı qalstuklara "cəngəllikdə yanğın" deyərdilər? "Brodvey" harada yerləşirdi və ümumiyyətlə, Nizaminin bunlara nə aidiyyəti var?

 

Defisitin yaratdıqları

Bəli, bunların hamısı modabazlar haqqındadır. Həmin dövrün cinayət məcəlləsinin müvafiq bəndi, hətta "Qərbə sitayiş edən" bu cür insanlar barədə idi. Əslində isə onlar yaxşı mahnı dinləyirdilər, rəqs edirdilər və (onların hesab etdiyi kimi) dəbli paltar geyinirdilər. Bu gün onları nonkonformist adlandırmaq olardı, çünki məhz modabazlar sayəsində sovet və postsovet ziyalıları nəsli yetişib. Burada da Bakı lovğalana bilər. İş burasındadır ki, Moskva və Leninqraddan sonra, ən çox modabazlar məhz burada idi. Bunun da öz səbəbləri vardı. Birincisi, Bakı günəşli turizm şəhəri, əsl kurort idi və iki paytaxt şəhərdən fərqli olaraq, isti iqlim burada dəbli paltarlarda çox gəzməyə imkan verirdi. İkincisi, burada özləri ilə təkcə xarici dəbi deyil, həmçinin mavi yaylıq və kommunizmin qələbəsindən bəhs etməyən plastinkalar gətirən çoxlu sayda xarici tələbələr təhsil alırdılar. 

Modabazların altmədəniyyətini Sovet İttifaqı üçün avtoxton saymaq olardı, dünyada daha heç bir yerdə bu yox idi. Bunu keyfiyyətli geyim qıtlığı (Sovet İttifaqında hazırlanan tekstil çox keyfiyyətsiz və solğun idi) və üstəlik, gənclər üçün yaxşı musiqi çatışmazlığı yaratmışdı. Bundan əlavə, haram meyvə daha şirin olur. Cazz - modabazların haram meyvəsi məhz bu idi. Modabazlar eyni zamanda burada və Moskvada, İkinci Dünya müharibəsinin bitməsindən dərhal sonra peyda oldular. 

Hər şey AZİ və sonradan ləğv olunan Azərbaycan Sənaye İnstitutunda (Azİİ) qanuni şəkildə keçirilən şənliklərdən başladı. "Təbii ki, həmin dövrdə o qədər çox klub və əyləncə məkanları yox idi. Restoranlar gənclər və kasıb tələbələr üçün baha idi", - deyə keçmiş stilyaqa Rafiq Məmmədov deyir. - "Ona görə də, şəhərin ali təhsil ocaqlarında şənliklər və ya təntənəli adları olan gecələr təşkil olunurdu. Lakin bu cür sivil yığıncaqlar da orada icazə verilən vals yerinə tvist və rok-n-roll oynadıldığını bilən sərt drujinaçıların hədəfinə tuş gələ bilərdi". Onun xatırladığı kimi, reyddə tutulanlara asanlıqda 15 sutka "verə bilərdilər". Bu gün bizə elə gəlir ki, biz vaxtımızı yaxşı keçiririk, bizim dövrdə çoxlu sayda klub şənlikləri və vaxtını maraqlı keçirmək üçün yerlər var. Lakin düzünü desək, bizim ata və babalarımız bizdən - internet və sosial şəbəkələr nəslindən heç də pis şənlənmirdilər. Məsələn, AZİ-də rəqslərə, orta hesabla, 1000 nəfər gəlirdi və onlar saat 9-dan səhərə qədər davam edirdi. Tələbələr üçün giriş pulsuz idi, qonaqlar üçün isə 10 rubl verməli olurdular. 

İştirak etmək istəyənlərin axınını birtəhər dayandırmaq üçün, biletləri 50 rubla satmağa başladılar, lakin bu da kömək etmirdi. Biletsiz olanlar Azadlıq prospektinə baxan çıxışda dayanırdılar və gözləyirdilər ki, nəzarətçilər yorulub, evə getsinlər. Ən inadcıllar isə dəmir növ borularla ikinci mərtəbəyə dırmaşırdılar. Gecələrin ən vacib elementi stilyaqa kostyumu idi. Onu özləri ilə çantada səliqəli şəkildə yığaraq aparırdılar ki, yaş olmasın və elə orada da geyinirdilər.

 

Podium, "Brodvey", "Torqovaya", Nizami

"60-70-ci illərdə modabazların geyiminin əsas atributları uzun dar şalvarlar, biryanlı, sonradan isə ikiyanlı (iki tərəfi də düymələnən) dar dama-dama pencəklər, parlaq rənglərdə neylon köynəklər idi", - deyə Rafiq Məmmədov əlavə edir. - "Ayaqqabılardan çarıxlar - sifarişlə mütləq zamşdan hazırlanan şişburunlu ayaqqabılar dəbdə idi". Ümumiyyətlə, kostyumları sifarişlə tikmək geniş yayılmışdı. 

Atelye qarşısında parçaların nümunələri elə asılırdı ki, bəyəndiyini tikiş yerində, "istehsalatdan ayrılmadan" seçmək mümkün olsun. "Belə bir kostyum 35-40 rubla idi. Ən məşhur atelyelərdən biri poçtun doqquzuncu bölməsinin yanında ("Beşmərtəbə" ərazisində), digər məşhur tikiş yeri isə Fəvvarələr meydanına bitişik olan küçələrin birində yerləşən aptekin yanında idi. Yaxşı parçaları da həmçinin şəhər univermaqlarında qeyri-qanuni şəkildə tapmaq olurdu", - deyə stilyaqa xatırlayır. 

Stilyaqa kostyumu şəhərə çıxmaq üçün də geyinirdilər, lakin daha çox bir şey - "Brodvey"də görüşmək üçün. Brodvey və ya "Brod" Sovet İttifaqının hər bir şəhərində var idi. Moskvada bu, Qorki adına küçə (hazırda Tver küçəsi), Piterdə isə Neva prospekti idi. Bakıda isə əlbəttə ki, Torqovaya, yəni Nizami küçəsini Brodvey adlandırırdılar. 

Torqovayada görüş modabazlar üçün bir növ ayin, mərasim kimi idi. Onların dilində bu, "Brod üstünə brek atmaq" adlandırılırdı. O zaman da stilyaqa nəyi var geyinirdi. Onun üzərində parlaq (ən yaxşı halda yaşıl və ya qırmızı xırda damalı) jaketok (pencək), rəngə uyğun (və ya əksinə, uyğun olmayan) şalvarlar və çox parlaq və həmişə ümumi üslubdan seçilən tayok (qalstuk) olurdu. Asanlıqla anlamaq olar ki, geyimin dəbli elementlərinin adları ingilis dilindən götürülüb.

Təkcə geyimin deyil, həmçinin "Brodvey"də çoxdan gözlənilən görüşün mühüm elementi şuzlar (çəkmələr) idi. Bu, daha çox ünsiyyətin bir parçası idi. Əgər modabaz "razvorotla olan şuzlar" (uzun, şişburun və burnu bir qədər yuxarı baxan, üzərində deşik-deşik naxışlar olan ayaqqabılar) geyirdisə, görüş zamanı botinkanın burnu ilə yerə vurmaq lazım idi. "Mankada olan şuzlarla" (böyüdülmüş altlıq) isə geriyə və irəli yellənmək lazım idi, sanki çeçyotka oynayırsan. Ətrafdakıların nöqteyi-nəzərindən, bu, bəzən, mənasız görünürdü. Onlar gülümsəyir və bəzən kəskin atmaca da atardılar, sonra yollarına davam edərdilər. Təbii ki, bütün bu dəbdəbəni tapmaq çətin idi. "Çox vaxt "satış nöqtələri" mənzillərdə yerləşirdi. "Farsovşiklər" Moskva DUM və MUM, Polşa mağazaları qarşısında çoxsaatlı və uzun növbələrdə durmaqla bunu əldə edirdilər," - deyə keçmiş modabaz bildirir. - məsələn, 45 rubla alınan Yuqoslaviya ayaqqabılarını Bakıda asanlıqla 90, lazım olanda isə 150 rubla satmaq mümkün idi".

Həmçinin, onun sözlərinə görə, briolinli saç düzümləri də dəbdə idi. Briolin saçlara parlaqlıq və forma verirdi.

Sovet folklorunda modabazların və onların həyat tərzi ilə bağlı bir sıra deyimlər var idi. Onlardan ən məşhuru "Bu gün sən caz oynayırsansa, sabah isə Vətəni satarsan" idi. Həqiqətən də, caz bir növ xüsusi, müqəddəs, həmin dövrün adamlarını birləşdirən bir şey idi.

 

Biz cazdanıq

Plastinkalar - istənilən modabazın fəxri idi. Lakin milli mahnılar, Mosart və sosial düşərgənin yerli ulduzlarının (çox vaxt xaricilərin melodiyalarını oğurlayan və həmişə daha peşəkar, orijinal ifanı təqlid edən) yerinə modabazların plastinkalarında Dizzi Qilespi, Con Koltreyn, Maylz Devis, Lui Armstronq, Çarli Parker idi. 

Plastinkanın qiyməti keyfiyyətdən asılı olaraq yüz - beş yüz rubl arasında dəyişirdi (1961-cı ilin denominasiyasından əvvəl). Bu da mühəndisin aylıq maaşının yarısına bərabər idi. 

Plastinkaları farsovşiklərdən almaq mümkün idi. Bu iş planlı iqtisadiyyat dövründə qanunsuz idi, ona görə də "fars" edənlər yalnız böyük pullar götürürdülər. Farsovkanın (kölgəli iqtisadiyyatın bir növü) əsasən iki yeri var idi. İlk növbədə, bu, əlbəttə ki, Kubinka idi. Onun birmərtəbəli evləri, qarışıq məhəllələr və təqib zamanı asanlıqla aşılması mümkün olan divarları buna gözəl şərait yaradırdı. Bu cür labirintvari memarlığa malik və buna görə də "farsovşiklər" tərəfindən sevilən daha iki rayon da var idi - bu, əsasən ermənilərin yaşadığı "Ermənikənd" və "Sovetski" idi. "Farsovşiklər həmçinin parkda da dayanırdılar. Məsələn, "farsovşiklər" Zorge parkından bir az yuxarıda idilər", - deyə cazın pərəstişkarı və kolleksiyaçısı Hüseyn Quliyev deyir. "68-ci ildə 10 rubla istənilən ən yaxşı cazı almaq mümkün idi". Satıcılar üstlərində plastinkaları aparmırdılar. Onlar görüşürdülər, müştəri ilə razılaşırdılar, sonra isə evin həyətində malı - xarici istehsal olan qırxbeşlik plastinkaları göstərirdilər. Söhbət təkcə musiqinin keyfiyyətində deyil, plastinkaların özündə idi. Onların səsi sovet monopolisti "Melodiyadan" daha yaxşı idi. 

Bakıda cazı çox da boğmurdular, buna görə də burada yaxşı musiqini dinləmək olurdu, lakin gecə yarıdan sonra. Bunun üçün çoxtezlikli qəbuledicisi olan radiolar alınırdı. Böyük dəbdəbə kimi "Dauqava" Riqa zavodunun istehsalı olan radiolar hesab olunurdu", - deyə Quliyev bildirir. - Məndə böyük "Radiotexnika" səsgücləndiricisi olan belə radio var idi. Ümumilikdə, bunun hamısı mənə 900 rubla baha başa gəldi. 150 rubl maaşımla işlədiyim "Şmidt" zavodundan aldığım kreditimi mən bir il ərzində ödəmişəm". Gecə vaxtı modabaz-melomanlar caza qulaq asırdılar. "Gecəyarısı xaricdən Uillis Konoverin apardığı "Caz saatı" verilişi gedirdi, - deyə Quliyev davam edir. - "Bundan əvvəl, yüngül, estrada cazı gedirdi, sonra isə saat 12:15-dən qırx beş dəqiqə ərzində, belə desək, cazın pionerləri - Koltreyn, Parkeri və digərlərini qoyurdular. Yalnız saat birdə veriliş bitirdi və biz onda yatırdıq, səhər isə işə gedirdik".

Modabaz - melomanların mədəniyyəti, bir növ, çatışmazlığın və gözəlliyə çıxışın olmamasından doğan dövrünün fenomeni idi. O, özündən sonra köhnə şəkillər, Bakı cazının möhtəşəm məktəbindən və təbii ki, xatirələrdən başqa heç nə saxlamadı. Amma razılaşın ki, bu da az deyil.



MƏSLƏHƏT GÖR:

637