Müəllif:
Rusiyalı jurnalist Viktoriya İvleva:
- Mən həkimlərlə birlikdə hücum edənlərin ikinci eşelonunda gedirdim. Xocalının bir neçə kilometrliyində birdən bizə tərəf nəyinsə hərəkət etdiyini gördük. Qaranlıqda bu, buludu xatırladırdı. İnilti, çığırtı, Azərbaycan və erməni dillərində söyüşlər eşitməyə başladıq. "Bulud" insan kütləsi imiş. Yarıçılpaq insanlar, çoxlu sayda uşaqlar...
"Bunlar Məshəti türkləridir. Biz onları əsir götürmüşük", - deyə onları müşayiət edən erməni əsgərləri bildirirdilər.
Türklərin dəstəsində ən sonda 3 uşağı ilə bir qadın gedirdi. Qarda onun ayaqları yalın idi. Qadın zorla hərəkət edir, tez-tez yıxılırdı. Sən demə, uşaqların ən kiçiyi cəmi ikigünlük imiş. İkigünlük!
Uşağı qucağıma aldım və türklərlə yanaşı getməyə başladım. Hər ikimiz ağlayırdıq - həm mən, həm də o qadın. Gecə, qarışıqlıq... Üzərimdə xüsusi işarə olsa da, bir neçə dəfə mənə də silahın qundağı ilə zərbə endirdilər. Məni söyür və tələsdirirdilər. Bilirdim ki, mənim üçün heç bir təhlükə yoxdur. Amma hansısa anda özümü də əsir kimi hiss etdim. Bunu heç bir kəsə arzulamıram.
Mənbə: "Moskovski Komsomoles", 1992, mart
Rusiyalı telereportyor Yuri Romanov:
- Vertolyotun yumru pəncərəsindən baxdım və həqiqətə bənzəməyən dəhşətli mənzərəni görcək, az qala, geri atıldım. Dağətəyi ərazidəki sarı otluğa, qar təpələrinin arasına insan cəsədləri səpələnmişdi. Bu nəhəng ərazi üfüqədək qadın, qoca, qarı, bütün yaş qruplarına aid oğlan və qız, südəmər körpə və yeniyetmə meyitləri ilə dolu idi... Bu meyitlərin içindəki iki fiqur - nənə və balaca qızın cəsədi, az qala, gözlərimi kor edəcəkdi... Başıaçıq, ağsaçlı nənə başlıqlı mavi gödəkcədə olan balaca qızcığazın yanında üzüüstə qalmışdı. Onların ayaqları, nədənsə, tikanlı məftillə bağlı idi. Nənənin isə əlləri bağlanmışdı. Hər ikisi başından güllə ilə vurulmuşdu. Son jest olaraq, təxminən, 4 yaşlarında olan qızcığaz əlini ölmüş nənəsinə tərəf uzatmışdı. O qədər sarsılmışdım ki, videokamera yadımdan çıxmışdı.
"Vestnik Kafkaza"nın daimi müəllifi Pyotr Lyukimson:
- Qışın sonlarında Ermənistanın "mövcud olmayan" ordusu həm Qarabağa, həm də Azərbaycanın digər rayonlarına hücuma keçdi. Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini, o cümlədən Xocalını qoyaraq geri çəkilməli oldu. Yaraqlılar isə uğurlarını xristian mərhəməti ilə bağlı təsəvvür etdiklərinə tam uyğun bayram edirdilər - yüzlərlə insan sutka ərzində qətlə yetirildi, qənimət kimi, qadınların döşləri kəsildi.
Sağ qalmış şahidlər danışırdılar ki, 4 yaşlı azərbaycanlı qız uşağının gözləri qarşısında onun anası və bacısı zorlanıb, daha sonra güllələnib. Sonra qaliblər 4 yaşlı qızcığazı təhqir etmək üçün növbəyə durublar. Hər şey bitdikdən sonra onu da güllələyiblər.
Bu vəhşi cinayəti ört-basdır etmək üçün xocalılıların meyitlərini basdırmağı belə, lazım bilməyiblər. Onların meyitləri ətrafa səpələnib və bu mənzərəni yuxarıdan izləyən jurnalistlərin gözləri qarşısında əsl sürrealist mənzərə açılıb. Ermənilər isə tələm-tələsik bütün bu cəsədlərin tərəflər arasında meyitlərin dəyişdirilməsinin "məhsulu" (əla ifadə deyilmi?) olduğunu bəyan edirdilər.
Mənbə: Pyotr Lyukimson, "Kuryer", 1992, iyun, № 28-32
Fransa jurnalisti Jan-İv Yunet:
- ...Biz Xocalı faciəsinin şahidi olmuşuq, yüzlərlə dinc sakinin - qadın, uşaq, qoca, həmçinin Xocalının müdafiəçilərinin meyitlərini görmüşük. Bizə vertolyot vermişdilər. Xocalı ətrafında gördüklərimizi yüksəklikdən lentə alırdıq. Amma ermənilər bizim vertolyotumuzu atəşə tutmağa başladılar və çəkilişləri başa çatdıra bilmədik. Bu, dəhşətli mənzərə idi. Müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişəm. Amma ermənilər onları geridə qoyublar. Onlar dinc sakinləri, 5-6 yaşlı uşaqları öldürmüşdülər. Xəstəxanalarda, vaqonlarda çox sayda yaralı gördük. Onları, hətta uşaq bağçalarına və məktəblərə də doldurmuşdular.
Böyük Britaniyadan olan jurnalist Anatol Leven:
- ...Mülki vertolyot 4 meyit götürdü. Əraziyə əvvəlki uçuşlar zamanı olduğu kimi, bu dəfə də azərbaycanlı operator təpələrin arasına səpələnmiş yüzlərlə meyitin görüntüsünü videokamerasının yaddaşına köçürürdü. Sonra biz tələsik Azərbaycan tərəfə qayıtdıq... Ağdama qayıtdıqda meyitlərə bir daha nəzər yetirdik: bu, 2 qoca və 1 qız uşağı idi. Onların hamısı qan içində idi. Meyitlər şaxtadan donmuş və qurumuşdu. Onlar güllələnmişdilər.
İngiltərə jurnalisti Helen Uomak:
- Ölənlərin dəqiq sayı hələ də məlum deyil. Lakin Azərbaycanın Xocalı kəndinin dinc sakinlərinin Dağlıq Qarabağın qarlı dağlarında erməni ordusu tərəfindən qətliama məruz qaldığına şübhə yoxdur.
Dünən mən qəbiristanlıqların birində 75 yeni məzar gördüm. Ağdamda olarkən məsciddə bizə 4 şikəst edilmiş meyit də göstərdilər. Dəmir yolu vaqonlarında yaradılmış "hospital"da 6 min əhalisi olan Azərbaycan kəndi Xocalının güllə yarası almış qadın və uşaq sakinlərini də gördüm. Ağdamın polis rəisi Rəşid Məmmədov deyir ki, 500-dək insan onun şəhərində sığınacaq tapıb. Bəs qalanları? "Bəziləri, güman ki, əsir götürülüblər və ya qaçıb canlarını qurtarıblar", - deyə o bildirir. Əksər meyitlər hələ də dağların ətəyinə səpələnib. Çünki azərbaycanlılarda onların axtarışı üçün vertolyotlar çatmır. Onun fikrincə, ölənlərin sayı 1000-dən çoxdur. Mənfi 10 dərəcədən aşağı olan şaxta üzündən də dünyasını dəyişənlər var.
Azərbaycanlılar yük maşınlarından ibarət kolonla hərəkət edən erməni silahlılarını gördükdə anlayıblar ki, özlərini qoruya bilməyəcəklər. Nəticədə, onlar meşələrə qaçmaqla xilas olmağa çalışıblar. Bir qədər sonra isə qaçqınlara qarşı kütləvi qətliama başlanılıb.
Mənbə: "The Age" (Melburn), 1992, 6 mart
Amerikalı jurnalist Tomas Qols:
- Sağ qalmış azərbaycanlılar danışır ki, erməni hərbçiləri 459-dan çox azərbaycanlını güllələyib və süngüdən keçiriblər. Onların əksəriyyəti qadınlar və uşaqlardır. Yüzlərlə, bəlkə də minlərlə insan həlak olub və ya itkin düşüb. Ermənilər qadınları və uşaqları müdafiə edən əksər hərbçiləri və könüllüləri də qətlə yetiriblər.
Daha sonra onlar silahlarını qorxu içərisində olan dinc sakinlərə tərəf tuşlayıblar. Ağdama gəlib çıxa bilmiş oğlan uşaqlarından birinin qulağı kəsilmişdi. Sağ qalmış insanlar deyirdilər ki, 2000-dək insanın taleyi hələ də məlum deyil; onların əksəriyyəti bəlkə də aclıqdan və şaxtadan dünyasını dəyişib.
Mənbə: "Sandy Times", 1992, 1 mart
MƏSLƏHƏT GÖR: