5 Dekabr 2025

Cümə, 22:24

"AVRO-2012": PÜŞK ATILDI

və ya Berti Foqts yenə də Almaniyaya qarşı

Müəllif:

15.02.2010

2012-ci ildə təşkil ediləcək Avropa çempionatının püşkü Polşanın paytaxtı Varşavada, 235 metr hündürlüyə malik və yarım əsr öncə inşa edilən Mədəniyyət və Elm sarayında atıldı. Yarışı təşkil edəcək Polşa və Ukrayna qitə birinciliyinin final mərhələsinə birbaşa vəsiqə alacaq. Bu səbəbdən  püşkdə digər 51 dövlət təmsil olunurdu. 

Sonuncu Avropa çempionatı və dünya çempionatının seçmə mərhələsinin nəticələrinə əsasən, komandalar 6 səbətə bölünmüşdü və reqlamentə uyğun olaraq, püşkatma nəticəsində 9 qrup müəyyənləşmişdi. Qrupların altısında 6, üçündə isə 5 komanda yer almışdı. 

Ukraynadan Oleq Bloxin və Andrey Şevçenko, Polşadan isə Zbiqnev Boneç və Anjey Şarmah qrupların müəyyənləşməsində vacib rol oynadılar. Şevçenkonun başladığı mərasimdə səbətdən, ilk olaraq, Azərbaycanın adı çıxdı. Daha sonra seçmə mərhələdə mübarizə aparacağımız rəqiblər məlum oldu. 

Püşkatma zamanı Azərbaycanı "A" qrupuna göndərən Andrey Şevçenko Ermənistanın da adını çıxarmaqla düşmən ölkənin komandasını bizimlə bir qrupa salajaqdı. Amma UEFA prezidenti Mişel Platininin əvvəlcədən söylədiyi kimi, siyasi gərginlik yaşayan Azərbaycanla Ermənistan, eləcə də Rusiya və Gürcüstanın bir qrupa düşməməsi üçün mərasim zamanı dəyişiklik edildi: Ermənistan yığması millimizin yer aldığı qrupdan çıxarılaraq, B qrupuna göndərildi. "Siyasi problemlərin olmasını istəmirik, bu səbəbdən də onların qarşısını bəri başdan alırıq. Ötən seçmə mərhələsində, hərçənd mən onda UEFA prezidenti deyildim,  Ermənistan və Azərbaycan sadəcə biri- biri ilə oynamaqdan imtina etdilər. Təsəvvür edin ki, əgər belə hal təkrarlansaydı nə baş verə bilərdi", - deyə Platini bildirib.

Seçmə oyunlar bu ilin sentyabrından başlayacaq 2011-ci ilin no-yabrına qədər davam edəcək. Yenilik ondan ibarətdir ki, matçlar çərşənbə axşamı və cümə günləri oynanılacaq. 9 qrup qalibi final mərhələsinə birbaşa vəsiqə alacaq. Digər 8 qrup ikincisi bəxtini pley-off görüşlərində sınayacaq. Maraqlıdır ki, qrupumuzda yer alan komandalar azarkeşlərimizə yaxşı tanışdır. Millimizi köhnə tanışlarla yeni görüşlər gözləyir.

"Püşkatmanın nəticələrindən razıyam. Almanlara qarşı oyunda biz yaxşı pul qazanıb, onu yeni stadionların tikintisinə və yeniyetmə futbolunun inkişafına sərf edə bilərik. Yenidən Almaniya millisiylə qarşılaşacağımızdan məmnunam. Biz çox şeyi öyrənə və onlarla oynaya bilərik. Biz inkişaf etməliyik və artıq doğru yoldayıq",- deyə Azərbaycan millisinin baş məşqçisi Berti Foqts bildirib.

Hər halda, necə deyərlər, püşk artıq atılıb. İndi kifayət qədər vaxtımız da var. Seçmə mərhələnin oyunları sentyabrda başlayacaq. Bütün incəlikləri təhlil edərək lazımi qeydləri aparmalıyıq. Yeni mövsümdə, həmişə olduğu kimi, 5 xal üçün deyil, daha böyük məqsədlər naminə mübarizə aparmaq lazımdır. Avropa çempionatına vəsiqə almaq real olmasa da, Qazaxıstanı hər iki oyunda məğlub etmək, Avstriya və Belçikaya gücümüzü göstərməyə borcluyuq. Bilmək olmaz, bəlkə cənab Foqts öz həmyerlilərinə bu dəfə sürpriz hazırlayıb? Hələlik isə Azərbaycanla bir qrupa düşən komandalarla  millimizin münasibətlərinin tarixinə qısa nəzər salaq.


MƏSLƏHƏT GÖR:

490