Müəllif: Sabirə MUSTAFAYEVA Bakı
Bizim fəxr etməyə çox şeylərimiz var. Azərbaycan nadir faydalı qazıntıları ilə zəngin ölkədir. Ancaq bəzən bizi elmi-texniki inkişafın və rasional yanaşmanın olmamasında günahlandırırlar. Çox vaxt öz sərvətlərimizin istifadəsi üçün hazırlıq görəndə xarici mütəxəssis dəvət etməyə üstünlük veririk, bunu artıq sistem halına salmışıq.
"Qərb bizə kömək edəcək", bəli, xarici mütəxəssislər yeni avadanlığa, qabaqcıl tədqiqat bazasına malikdirlər, amma onların məsələnin özəlliklərindən və xüsusiyyətlərindən xəbərləri yoxdur. Unuduruq ki, bizim ölkədə çox sayda bünövrəçi alimlər var və doğma torpağın bizlərə bəxş etdiyi zənginliklərin üzərində aparılan tədqiqatların əsasını qoyublar. Başqa sərvətlərlə yanaşı, Yaradan bizə dünyada yeganə olan müalicəvi Naftalan neftini də verib. Bu neftlə yanaşı, həyatlarını uzun müddət bu sirrin öyrənilməsinə və ölkənin rifahı üçün işlədilməsinə sərf etmiş alimləri də Azərbaycanın möcüzələrindən biri saymaq olar.
Belə alimlərdən biri olan müsahibmiz, BIOOIL əczaçılıq şirkətinin direktoru Həsən Kazımov altı çağdaş Naftalan dərman preparatının müəllifidir. Bunların sırasında "Naftalan yağı", "Naftalan mazı", "Naftalan nanokapsulu", "Vanna üçün naftalan" balzamı, "Yanıqlara qarşı naftalan geli", "Dişin dibi üçün naftalan geli" kimi preparatları, saç üçün şampun və gel, duş geli, "Parodonaftalan" diş pastası və qarqara vasitəsi kimi çox sayda gigiyenik və kosmetik vasitələri göstərmək olar. Bunların hamısı "BIOOIL"da Azərbaycan aliminin inqilabi yeniliyi - Naftalan yağının nanokapsulları əsasında istehsal edilir. Bu, nə deməkdir? Əgər sadə dillə ifadə edilsə, naftalan yağının nanokapsulu möcüzədir. Elmi nöqteyi-nəzərdən o, sfera təşkil edən makromolekuldur və daxilinə naften karbohidrogenləri kapsulavari doldurulub.
Həsən Kazımov o qədər ciddidir ki, öz əməyinin bəhrəsini elmi fikrin möcüzəsi saymağa utanır. İşindən danışarkən o, öz peşəkar fəaliyyətlərini naftalana həsr etmiş digər adamların adlarını çəkir. Və şəksiz, öz nanokapsullarını o, müxtəlif vaxtlarda işləmiş alimlərin kollektiv əməyinin nəticəsi sayır.
- Azərbaycan elmi naftalan yağının nanokapsullarının kəşfinə necə nail olub?
- İlk başdan istəyirəm ki, bir az Naftalan nefti və onun nanokapsul olması üçün hansı yollardan keçdiyi barədə danışam. "Dağ yağı" adlanan müalicəvi neft və onların Naftalan adlı yerdən dəvə karvanları ilə daşınması barədə ilk yazılı xatırlatmalar Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin poemalarında rast gəlinir. Naftalan haqqında ikinci təsviri tanınmış italyan səyyahı Marko Polo XIII əsrdə verib. Qədim yataq kimi Naftalan çox əsrlərdir ki, mövcuddur.
Deyilənə görə, müalicə üçün ora yalnız yerli əhali deyil, həm də farslar və hindlər də gəlirmişlər. Həm də qədimlərdən naftalan Kiçik Asiyaya, Krıma və uzaq Hindistana aparılırmış. İndi də evə qayıdan adamlar özləri ilə naftalan doldurulmuş butılkalar gətirirlər. Bu, kökü əsrlərin dərinliyinə dayanan xalq təbabətinin ənənələridir. Onun fiziki, kimyəvi və geoloji faktorlarının fundamental öyrənilməsinə isə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra başlanıb və o, müalicəvi xüsusiyyətlər baxımından naftalan neftinə əsaslı qiymətləndirmə bəxş edib.
Sovet zamanında, 1928-ci ildə yaradılmış Naftalan kurortu fəaliyyət göstərib. 1929-cu ildə xəstələrin rəsmi ambulator qəbuluna başlanıb, onlar xalq ənənəsinə uyğun olaraq naftalan və günəş vannaları qəbul ediblər, yataqda tərlədiliblər. Hər il sanatoriyaya Sovet İttifaqının hər yerindən, o cümlədən, xaricdən də 100 mindən çox adam gəlirdi. Naftalanda müalicədən qabaq hərəkət edə bilməyən insanların çoxu burada öz əlil ağaclarını qoyaraq gedirdilər. Burada o qədər əlil ağacı qalırdı ki, sanatoriyada əlil ağacları muzeyi yaradılmışdı və təəssüf ki, muzeyi bu günə qədər saxlamaq mümkün olmayıb. SSRİ-nin dağılması, Dağlıq Qarabağ ətrafında müharibə yalnız Naftalanın işinin nəzərəçarpacaq dərəcədə geriləməsinə səbəb olmayıb, həm də Naftalan kurortunun fəaliyyətini və onun başqa elmi qurumlarla əlaqələrini iflic vəziyyətinə salıb. 1992-ci ildən bu yana bu kurort-sağlamlıq mərkəzinə cəmi 3 mindən 6 minə qədər adam gəlib.
Bu günə əlimizdə nəyimiz var? Naftalan nefti öz müalicəvi xassələrinə görə unikal olsa da, onun neft vannası kimi istifadəsi çox sayda narahatlıqlar yaradır. Birincisi, istifadədən sonra onu təmizləmək mümkün olmur və bir naftalan vannasında 10-dan çox xəstə ola bilər ki, bu da gigiyena baxımından düzgün deyil. İkincisi, o, bədəndən pis yuyulur və xəstələr onu təmizləmək üçün saatlarla hamamda qalırlar. Üçüncüsü, naftalanın o qədər də xoş olmayan iyi müalicədən sonra da uzun müddət bədəndə qalır; o, tərlə yetərincə uzun müddət çıxaraq, paltarları da batırırdı.
Araşdırmaçılar müxtəlif vaxtlarda və müxtəlif cəhətlərdən Naftalan müalicəsinin rəsmi tibdə tətbiq olunmasının çətinliklərindən danışırdılar. A.V.Musayevin rəhbərlik etdiyi Tibbi Reabilitasiya Elmi Tədqiqat İnstitutunun kollektivi əsas problemlər sırasında naftalanın dəriyə sorulmasını, onun təsiri altında gemolizi (qanın eritrositlərinin dağılması ilə ətraf mühitə hemoqlobinin yayılmasını), onun birbaşa təsirini və toksiki xassələrini göstərirdi. Naftalanın fiziki-kimyəvi xassələrinin başqa bir araşdırmaçısı, dünya şöhrətli alim, Azərbaycanda neft-kimya elminin banisi, akademik Yusif Məmmədəliyev müəyyən edib ki, naftalanın müalicəvi təsiri politsiklik naften karbohidrogenləri ilə bağlıdır.
Uyğun olaraq, naftalanı insan dərisinə toksiki təsir göstərən qatrandan, asfaltenlərdən, naften turşularından və aromatik karbohidrogenlərdən təmizləyən Məmmədəliyev müəyyən edib ki, hər təmizləmədən sonra naftalanın müalicəvi təsiri artır, yan təsirlər, o cümlədən toksiki təsirlər də azalır. Beləliklə, alim ehtimal irəli sürüb ki, naftalanın aktiv maddəsi başqa alimlərin hesab etdiyi kimi sterinlər yox, naften karbohidrogenləridir.
Sonradan bu nəzəriyyəni akademik A.Quliyev, daha sonra Milli Elmlər Akademiyasının (MEA) Kimyəvi Aşqarlar Elmi Tədqiqat İnstitutunun (ETİ) əməkdaşları ilə birgə akademik V.Fərzəliyev və MEA Neft-Kimya Prosesləri ETİ-nin əməkdaşları ilə birgə akademik M.Rüstəmov davam etdirib. Onlar naftalanın lazımsız qatışıqlardan təmizlənməsi, naftalanın tibdə və kosmetologiyada istifadəsində effektivlik və estetiklik baxımından müəyyən nəticələr əldə ediblər.
- Və bütün bunlar nanokapsulların yaradılmasında start məqamı rolunu oynayıb?
- Belə də demək olar. Amma bunun üçün uzun illər keçdi və naftalan neftinin təmizlənməsi xronologiyasını 5 mərhələyə bölmək olar: 1890-ci ildə müalicədə qara-qəhvəyi rəngli təmiz naftalan istifadə edilirdi. Ondan almaniyalı mədən mühəndisi E. Yeqer yararlanırdı və o, naftalanla müalicə tarixində ilk dəfə olaraq sementləşdirilmiş "vanna binası"nı tikib. Azərbaycanda o, neft axtarırdı, amma məlum oldu ki, naftalan nefti yanmır. Bu, onu o qədər də dərin olmayan laylardan hasilatla məşğul olmağa meyilləndirdi.
Belə neftdə çimmək qarşılığında o, pul almağa başladı. Daha sonra alimlər 20-30-cu illərdə naftalanın təmizlənməsi prosesində onun susuzlaşdırılması və dussuzlaşdırılmasına nail oldular. Belə ki, 1930-cu ildə qara sarı rəngli rafinə edilmiş naftalan peyda oldu. Artıq 2003-cü ildə isə bizim şirkət tərəfindən Azərbaycan Səhiyyə Nazirliyinin qeydə aldığı unikal "Naftalan yağı" preparat substansiyasının istehsalına lisenziya alındı.
Özünüz təsəvür edin, bu elə həmin naftalan neftidir. Amma aşqarlardan təmizləndikdən sonra tamamilə ağ, qoxusuz mayeyə çevrilib. Axı məhz aromatik karbohidrogenlər insan orqanizminə toksiki təsir göstərirdi. Bu mərhələli təmizləmə nəticəsində Naftalan nefti naftalan yağına çevrilir. Bu, naftalan üzrə tədqiqatların əsasını qoymuş bir çox tanınmış alimlərin və mütəxəssislərin çoxdankı arzusunun həyata keçirilməsi idi. Məhsulun əldə edilməsi ayrı-ayrı müalicəvi naftalan preparatlarının kosmetik, baytarlıq və gigiyena vasitələri kimi hazırlanması və istifadəsi üzrə daha rasional yolların əldə edilməsinə imkan yaratdı.
Ancaq mən və bir sıra alimlər nanotexnologiyalarda daha irəli getdik və nanotexnologiyaların hesabına naftalan yağının nanokapsullaşdırılması, başqa sözlə, onun mikrokapsullara yerləşdirilməsi prosesi üzərində işlədik. Bu işin nəticəsi tamamilə yeni məhsuldur - dünyada analoqu olmayan naften karbohidrogenləri nanokapsuludur. Yeni texnologiyanın istehsalatda tətbiqi naftalanın fiziki-kimyəvi xüsusiyyətlərini dəyişməyə imkan verdi, bunun hesabına onu başqa qatışıqlarla birgə həll etməyə imkan yaratdı ki, bu da naftalan yağını daha təsirli etdi. Bu, psarioz, neyrodermit, ekzema, müxtəlif etimologiyalı dermatitlər kimi, demək olar ki, müalicəsiz xəstəliklərə və digər sistem xəstəliklərinə qarşı bir sıra müalicəvi kosmetik və tibbi preparatlar seriyasını işləməyə imkan verib. Həmçinin müalicənin səmərəsi artıb və yan effektlər azalıb. Həmçinin, qeyd edim ki, naften karbohidrogenləri hüceyrələrin parçalanması prosesini ləngidir, həmçinin, nanokapsulların dəri məsamələri tərəfindən yaxşı sorulması hesabına dərinin iltihablı hissələrinin orqanizmin sistem xəstəliklərinin ən geniş yayılmış problemlərinin müalicəsində və profilaktikasında yardım edir. Bundan başqa, onların əsas xüsusiyyəti bundan ibarətdir ki, onlar intellektual şəkildə orqanizmin müalicəvi xüsusiyyətlərinə ən çox ehtiyacı olan hissələrinə yönəlirlər. Bu, əsl möcüzədir.
- İddia etmək olarmı ki, nanokapsul formulunun yaradılması naftalanın ekoloji təhlükəsini minimuma endirir? Axı naftalan yataqları sonsuz deyil...
- Hə, bu unikal qaynağın yataqlarını rasional istifadə etmək çox vacibdir. Düşünürəm, nanonaftalanın innovasiya formulu naftalanın balenologiyada işlədilmə şansını artırır. İlk növbədə, xəstələrin seçim imkanı yaranır: çətin silinən təbii naftalanda vanna qəbul etmək, yoxsa suda naften karbohidrogenlərinin nanokapsullarının həll edildiyi vannanı qəbul etmək seçimi qarşısında qalır. Naften karbohidrogenlərinin nanokapsulları hesabına bu prosedurun terapevtik dozası minlərlə dəfə aşağı salınıb. Bir məsələ çox önəmlidir ki, BIOOIL tərəfindən "Vanna üçün naftalan" balzamının əlavə edilməsi ilə işlənmiş vanna variantı çimərlik mövsümünü maksimuma qədər uzatmağa imkan verir. Çünki insanlar Naftalan kurortuna yalnız yayda gəlirlər, balzam isə naftalan terapiyasının Yer kürəsinin istənilən nöqtəsində praktik olaraq həmişə təmin etməyə imkan yaradır.
Bu, kurortdankənar naftalan terapiyasıdır və indi yataqdankənar yerlərdə yerləşən sanatoriya kurort qurumları tərəfindən müalicəvi və profilaktik tibb məqsədi ilə istifadə edilir. Məgər bu, Naftalan neftinin istifadəsi baxımından qənaətcil üsul deyilmi? Bu neftin ənənəvi təbii yolla istifadəsi zamanı yetərincə tullantı həcmləri ortaya çıxırdı. Bununla bağlı qeyd etmək yerinə düşərdi ki, bizim istehsal sahəmiz kurort tullantılarının, yəni artıq vannalar üçün yararsız olan işlədilmiş neftin istifadəsinə əsaslanır. Çünki naftalanın və onun tullantılarının kimyəvi göstəriciləri eynidir və öz xüsusiyyətlərini itirmir.
Bir şeyi də qeyd edim ki, biz bir dəfə də olsun emal üçün ARDNŞ-dən naftalan almamışıq, sadəcə, bu neftin yararsız tullantısını istifadə etmişik, onu da Naftalan kurortundan almışıq. Bizim istehsal etdiyimiz təmiz məhsul öz terapevtik təsirinə, estetik durumuna və müxtəlifliyinə görə, hətta ən cürətli gözləntiləri belə üstələdi. Uyğun olaraq, bu qiymətli təbii qaynağa qənaət edilməsi də göz qabağındadır. Bu, niyə belə vacibdir? Misal gətirim. Sovet illərində Naftalan kurortuna yay mövsümündə yollayışlar yalnız Moskvadan bölünürdü. Naftalan təsərrüfatının idarəedilməsi sistemi planlı idi və təbii naftalanı çərçivəli və doğlun, ən az itkilərlə istifadə etməyə, boşluqları doldurmağa, daha az və ya daha çox qapalı texnogen dövrələr yaratmağa, həmçinin, təkrar xammalın mühafizəsi və rasional istifadəsi üzrə tədbirlər gerçəkləşdirməyə imkan vermirdi.
İqtisadi, siyasi və elmi-texniki səbəblər üzündən SSRİ-də bu cür sistemi gerçəkləşdirmək çox çətin idi, ən başlıca çətinlik isə məmurların qarşıya qoyulmuş beşillik planı istənilən qiymətə, hər şeydən öncə isə təbii ehtiyatların tükədilməsi hesabına yerinə yetirməyə meyilli olması idi. XX yüzilliyin 60-80-ci illərində naftalana tələbat artdı. 1961-ci ildən 1988-ci ilə kimi ona tələbat üç dəfə artdı. Naftalan kurortunda və başqa qurumlarda naftalan vannalarının qəbul edilməsindən sonra tullantıları qalırdı - il ərzində bu, 1000 tona qədər çata bilərdi. Onlar utilizasiya edilmiş vəziyyətdə yığılırdı və heç nəyə istifadə edilmirdi.
SSRİ-nin dağılması, Qarabağ müharibəsi, iqtisadi tənəzzül naftalana tələbatı azaltdı və unikal xammalın istehlakını dəfələrlə dayandırdı. Bu artımın bərpa olunub-olunmaması məsələsi mövcud ehtiyatların bizim üçün nə qədər yetərli olacağı məsələsində önəm daşıyır. Naftalanın istifadəsi barədə həyəcan siqnalları həmişə verilib, amma indiyə kimi pessimist proqnozlar özünü doğrultmayıb. Amma bir şey aydındır. Bu sərvətin yaranması üçün milyon illər tələb olunub, insansa onun sonuna yetərincə kiçik zaman müddətində çıxa bilər.
SSRİ-nin dağılması zamanı naftalanın nəzarətsiz istismarı çox asanlıqla - 3000 ton təkrar xammalın, yəni Naftalan kurortunda yığılmış işlənmiş naftalanın məhv olunmasına səbəb oldu. 90-cı illərdə onlar gözə çarpmadan utilizasiya sahəsindən çıxarılaraq Gəncəyə aparılıb, yanacaq çatışmazlığı vaxtlarında soba yanacağına qarışdırılaraq qazanxanalarda istifadə edilib. 1980-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutu SSRİ Tibb Sənayesi Nazirliyinin sifarişini yerinə yetirərək, qatransız məhsul almaq üçün ayda 100 ton təbii naftalan işlədib. Beləliklə, bir neçə il ərzində 5 min ton qiymətli xammal emal üçün işlədilib, halbuki bunun üçün eyni uğurla Naftalan kurortunun çənlərində yığılmış utilizasiya edilmiş naftalanı istifadə etmək mümkün idi.
Yalnız texnologiyaların təkmilləşdirilməsi və naftalan neftinin istifadəsi üzrə yeni üsullar bizə tələbatı qabaqlamağa imkan verə bilər. Düşünürəm, bu, BIOOIL-un intensiv tullantısız təsərrüfatıdır, bu, naftalanla maraqlanan hər bir sahibkarın arzuladığı əlçatmaz idealdır. Bizim şirkətin fəaliyyətinin unikallığı ondadır ki, biz tullantıları istifadə etməklə yeni ekoloji təmiz məhsullar əldə edirik və özümüzdən sonra zərərli tullantılar qoymuruq.
Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə "Naftalan şəhərinin sosial-iqtisadi inkişafı haqqında" sərəncam veriləndən və sərəncamda şəhərin inkişafı ilə yanaşı, unikal naftalan neftinin öyrənilməsinə və inkişafına da xüsusi diqqət verilməsindən sonra əminəm ki, bu sahədə dönüş olacaq. Bu sərəncam yalnız kurortun özünün inkişafına səbəb olmaqla yanaşı, ayrıca bir elm kimi naftalanşünaslığın inkişafına da geniş imkanlar açır. Bu isə Naftalanın ekoloji təhlükəliliyinin ildən-ilə azalacağı deməkdir.
- Beləliklə, BIOOIL-un məhsulu 2003-cü ildə Azərbaycan Səhiyyə Nazirliyinin sərəncamı ilə patentləşdirilmiş "naftalan yağı" dərman preparatı əsasında istehsal edilir, amma... bu, Ukraynada baş verir. Niyə? Belə olan halda, sizin şirkətin məhsulunu haradan almaq olar?
- Bu, Azərbaycanda bizim şampunların, balzamların, gellərin və başqa məhsulların doldurulduğu tübiklərin istehsalını təşkil edənə kimi belə olacaq. Bu tara yüksək texnologiyalı olmalıdır və GMP standartına cavab verməlidir, hazırda onun hazırlanması üzrə zavod fəaliyyət göstərir. Boş tübikləri Azərbaycana gətirmək əlverişli deyil. Buna görə də hələlik məhsulun Avropanın yaxınlığında yerləşən Ukraynada buraxılmasına qərar verdik. Məhsulumuzun bazarının genişlənməsi ilə Azərbacanda da çağdaş istehsalı təşkil etmək olar. Bu, məhsulun ixracatı baxımından çox əlverişlidir. Anlamaq gərəkdir ki, naftalan bizim milli sərvətimizdir, yalnız Yer kürəsinin bir nöqtəsində - Azərbaycanda çıxarılan bəşəri sərvətdir.
Buna görə də biz onu qənaətlə işlətməli, həm də bu sərvətə bütün istəyənlərin sərbəst girişini təmin etməliyik. Axı naftalan müalicəsi, bu möcüzəli neftin müalicəvi xüsusiyyətləri bəlkə də bütün dünyada məşhurdur. Amma bu unikal yataqların Azərbaycanda yerləşməsi heç də hamıya məlum deyil və bu sərvət barədə dolğun məlumatın yayılması bizim borcumuzdur. Bizim məhsulu hardan almaq olar? Cavab verirəm: Bakının istənilən aptekindən. BIOOIL məhsulu dünyanın bütün ölkələrinə, həmçinin, ABŞ və Almaniyanın iri institutlarına ixrac edilir. Həmin institutlarda bizim məhsulun səmərəliliyi və keyfiyyəti baxımından araşdırmalar aparılır. Rusiyada və Ukraynada naftalanşünaslıq üzrə profil tədqiqatlar həyata keçirilir. Bundan başqa, 2009-cu ilin avqust ayında biz Avropa Birliyinin qeydiyyat şəhadətnaməsini əldə etmişik və bu, bizə AB ölkələrində (27 ölkədə) məhsul satmağa imkan verir.
MƏSLƏHƏT GÖR: