14 Mart 2025

Cümə, 10:36

AZƏRBAYCAN - İSRAİL: AÇIQ SÖHBƏT

Müəllif:

15.02.2010

İsrailin xarici işlər naziri Aviqdor Libermanın Bakıya üçgünlük rəsmi səfəri iki ölkə arasında dostluq dialoqunun daha da intensivləşdiyini göstərir. Qeyd edək ki, səfər çərçivəsində qonaq Azərbaycan rəhbərliyində təmsil olunan, demək olar ki, bütün şəxslərlə görüşüb. 

Əslində, tərəflər arasında dialoqun sürətlənməsi hələ İsrail prezidenti Şimon Peresin ötən il Azərbaycana səfərindən sonra başlanmışdı. Amma Azərbaycan-İsrail tarixində yəhudi dövlətinin xarici işlər nazirinin Azərbaycana ilk səfəri faktı ikitərəfli əməkdaşlıqda keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu söyləməyə əsas verir.

"Azərbaycanla İsrail arasında dost münasibətlərinin dərin kökləri var", - deyə Liberman Bakıda verdiyi açıqlamasında bildirib. O, bu fikirlərinə misal kimi Azərbaycandakı yəhudi icmasının fəaliyyətini göstərib. Yəhudi icması ilə görüşdə Liberman iki ölkə arasında münasibətlərin gələcəyinə inamını ifadə edib; bu zaman "Azərbaycan prezidenti İlham Əliyevin siyasi modeli"ni xüsusi vurğulayıb: "Bu model tarixi ənənələr və mədəni irsin müasir dünya dəyərləri - dinlərarası tolerantlıq və dözümlülüklə ahəngini nəzərdə tutur. Bu model təqlid edilməyə layiqdir və ümid edirik, bu, bütünlükdə regionda yayılacaq".

Səfər çərçivəsində Liberman Bakıda iqtisadi əməkdaşlığın bütün sahələrinə dair müzakirələr aparıb. İki ölkə arasında iqtisadi münasibətlərin müsbət inkişafını, ən azı, ötən il ticarət dövriyyəsinin 4 milyard 250 milyon dollar olması göstərir. Üstəlik, Azərbaycan İsraillə ticarət dövriyyəsinin həcminə görə, müsəlman dövlətləri arasında ilk yeri tutur. Bu, ilk növbədə, Azərbaycanın İsrailə neft və neft məhsulları ixrac edən ölkələr arasında Rusiyanın ardından ikinci yerdə olması ilə əlaqədardır (İsrail bazarının aldığı "qara qızıl"ın, təxminən, 20%-i Azərbaycanın payına düşür).

Bununla yanaşı, Azərbaycanla İsrailin iqtisadi əlaqələri yalnız enerji sahəsi ilə məhdudlaşmır. İsrailin xarici işlər naziri ilə Azərbaycan prezidenti İlham Əliyev, həmçinin, xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov arasında aparılan danışıqlarda təmiz enerjidən - günəş və külək enerjisi - istifadə sahəsində birgə layihələrin reallaşdırılması imkanları da nəzərdən keçirilib. Libermanın sözlərinə görə, tərəflər artıq bu istiqamətdə bir sıra  layihələr hazırlayıblar.

Bakı danışıqlarının vacib hissələrindən biri də viza rejiminin ikitərəfli qaydada ləğvinə dair aparılan müzakirələr idi. İsrail tərəfinin təşəbbüsü ilə gündəmə gəlmiş bu məsələnin reallaşacağı təqdirdə o, ilk mərhələdə diplomatik pasportu olan şəxslərə şamil olunacaq. Libermanın dediyi kimi, "Bu, viza rejiminin ləğvi prosesinin ilk mərhələsidir. İsrailin viza rejimini ləğv etdiyi bütün digər ölkələrlə də  proses məhz bu cür həyata keçirilib".

İsrail XİN başçısının Bakı səfəri iki ölkə arasında diplomatik dialoqun inkişaf etdiyini də göstərir. Məhz bu, region fövqəldövlətlərinin diqqətini çəkən əsas məqamdır. Amma Bakı üçün İsraillə tərəfdaşlıq, xüsusilə yəhudi icmasının Azərbaycanın ərazi bütövlüyünə dəstək verməsi baxımından daha vacibdir. Bakıda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəklədiklərini deyən Liberman, ölkəsinin bu mövqeyini bir daha təkrarlayıb.

İsrailin Dağlıq Qarabağ münaqişəsinin həllindəki fəallığında heç də yalnız Bakı maraqlı deyil. Yəhudi dövlətinin xarici işlər naziri ölkəsinin Yaxın Şərq probleminin həllində Azərbaycanın da vasitəçilik etməsində maraqlı olduğunu söyləyib. 

İsraillə Fələstin arasında sülh danışıqlarının tezliklə bərpa olunacağına ümidini ifadə edən Liberman Azərbaycan prezidentini Fələstin lideri Mahmud Abbası bunun vacibliyinə inandırmağa çağırıb. Qeyd edək ki, yaxın zamanlarda Abbasın da Bakıya səfəri nəzərdə tutulub.

Bundan başqa, Azərbaycan Türkiyə ilə İsrailin son illər xeyli pisləşmiş münasibətlərinin normallaşdırılmasında da müsbət rol oynaya bilər. 

Məlum olduğu kimi, Ankara İsrailin Fələstinə qarşı siyasətini sərt tənqid edir. Tərəflər arasında gərginliyin başlanması da 2008-ci ilin sonu, 2009-cu ilin əvvəlində İsrailin Qəzza zolağında apardığı hərbi əməliyyatlardan sonraya təsadüf edir.

Bakıda verdiyi açıqlamada Liberman bildirib ki, İsrail son onillik ərzində Türkiyə ilə münasibətləri möhkəmləndirməyə çalışsa da, Ankaranın son addımları yəhudi dövləti üçün qəbuledilməzdir. O, Türkiyəni İsrailə münasibətini dəyişməyə də çağırıb.

Azərbaycan da öz növbəsində iki və çoxtərəfli münasibətlərə dair mövqeləri heç də həmişə üst-üstə düşməyən ona dost bu iki ölkə - Türkiyə və İsrail arasında münasibətlərin tezliklə normallaşmasında maraqlı olduğunu göstərib. Azərbaycan-İsrail dialoqunun bu xüsusiyyətinə Aviqdor Liberman da diqqət çəkib: "Tərəflər heç də həmişə və bütün məsələlərdə eyni cür düşünmür. Lakin biz bir-birimizi daim dəstəkləyir və açıq danışırıq. İsraillə Azərbaycan arasında münasibətlər digər ölkələrin əməkdaşlığı üçün nümunə ola bilər. O, hətta bəzi məsələlərlə bağlı eyni düşüncənin olmadığı təqdirdə belə, qarşılıqlı hörmət əsasında dialoqun necə aparıldığını göstərir".

İsrail XİN başçısının bu fikri ilə razılaşmamaq sadəcə mümkün deyil.


MƏSLƏHƏT GÖR:

598