
"PLANLARIMI SONA ÇATDIRMALIYAM"
FİFA prezidenti Yozef Blatter öz postu ilə asanlıqla vidalaşmayacağını deyir
Müəllif: Sənan ŞƏFİZADƏ Moskva
FİFA prezidenti Yozef Blatter Rusiyanın paytaxtı Moskvada təşkil edilən Birlik Kuboku turnirinin final matçını, bir qayda olaraq, izləyir. Bu ildə ənənə pozulmadı. Ali futbol qurumunun rəhbəri Moskvaya 3 günlük səfəri zamanı prezident Dmitri Medvedevlə görüşdü, media üçün mətbuat konfransı keçirdi, üstəlik, turnirin final matçını da seyr etdi. Adətən, Blatter istisna hallarda hər hansı bir jurnalistə eksklüziv müsahibə verir. Amma bizim bəxtimiz gətirdi. Mətbuat konfransını tərk edərkən cənab Blatterdən bizə bir neçə dəqiqə ayırmasınıı xahiş etdik. Amma söhbətimiz düz, 10 dəqiqə çəkdi. FİFA rəhbəri Birlik Kubokunun gələcək taleyindən, AFFA prezidenti Rövnəq Abdullayevlə görüşündən, eləcə də dünya futboluyla bağlı maraqlı açıqlamalar verdi.
- Birlik Kubokunun gələcək taleyi dumanlı görünür. MDB ölkələrinin futbol çempionlarının hər il mübarizə apardığı turnir ildən-ilə imicini itirir. FİFA bu yarışa kömək etməyi planlaşdırırmı?
- "Birlik Kuboku" adi turnir deyil. Sayca 18-ci dəfə keçirilən turnir MDB ölkələri üçün xüsusi əhəmiyyətlidir. Hər il turnirin final oyununu izləmək üçün Moskvaya gəlirik. Fürsətdən istifadə edib MDB ölkələrin futbol federasiyalarının rəhbərliyi ilə görüşürəm. Rusiya Futbol İttifaqı Birlik Kubokunu keçirməklə böyük iş görür. FİFA rəhbəri kimi Birlik Kubokunun gələcəkdə də yaşaması üçün əlimdən gələni edəcəyəm. Reqlamenti dəyişmək olar. Amma turnir yaşamalıdır.
- Moskvaya səfər zamanı AFFA prezidenti Rövnəq Abdullayevlə görüşünüz oldu. Maraqlıdır, hansı məsələlər müzakirə obyekti oldu?
- AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycanda futbolun inkişafı istiqamətində aparılan işlərdən danışdı. Son illər ölkənizdə futbolun inkişafı üçün bir sıra layihələr həyata keçirilir. Təbii ki, FİFA bu işləri dəstəkləyir. Azərbaycan 2011 və 2013-cü illərdə çimərlik futbolu üzrə Dünya Çempionatının, eləcə də, 17 və 20 yaşadək qızlardan ibarət komandaların 2012-ci ildə keçiriləcək Dünya Çempionatının final mərhələsinə ev sahibliyi etmək arzusundadır. Azərbaycan tərəfinin bu istəyi bizi çox sevindirir.
- Həmin mötəbər turnirlərə ev sahibliyi etmək şansımızı necə qiymətləndirirsiniz?
- Sənədlər toplanaraq müvafiq komitələrə təqdim olunandan sonra obyektiv qərar veriləcək. Ən layiqli namizəd seçiləcək. Hər halda, Azərbaycan namizədliyini irəli sürməklə iddiasını göstərir.
- Azərbaycan futbolunda son illər baş verən hadisələri izləyirsinizmi?
- Sözsüz ki, futbol bir yerdə dayanmır və bütün dünyada olduğu kimi, Azərbaycanda da inkişaf edir. Azərbaycanda idmanın bu növünü çox sevirlər. Ölkənizə səfərlərim həmişə xoş xatirələrlə yadda qalır. Amma böyük sıçrayışlar üçün bir müddət vaxt lazımdır.
- 2011-ci il FİFA prezidenti kimi səlahiyyət müddətiniz başa çatır. Postunuza ən real namizəd kimi görürsünüz?
- (Gülür) FİFA prezidenti kimi görüləcək işlərim çoxdur. Yerinə yetiriləsi planlarımı həyata keçirməliyəm.
- Son zamanlar müxtəlif turnirlərdə hakimlərin səhvlərinin sayı çoxalır. Referilərin işində hər hansı bir yenilik gözlənilirmi?
- Hakim də insandır, səhvdən sığortalanmayıb. Heç kəs deyə bilməz ki səhv etmirəm. Ona görə, hakimləri günahlandırmaq olmaz. Təbii ki, hakimliyin səviyyəsinin artırılması üçün işlər davam edir. Biz matçlar zamanı videotəkrardan istifadəni tətbiq etmək istəyirik.
- Yəni dünya çempionatında videotəkrarlardan istifadə olunajaq?
- Cənubi Afrika Respublikasında keçiriləcək Dünya Çempionatında videotəkrarlar olmayacaq. Bu ideya hələ bir müddət müzakirə obyekti olacaq. İstəyirik, qapı xəttinin yanında xüsusi kameralar işləsin. Həmin görüntülər hakimə topun qapı xəttinin keçib-keçmədiyini dəqiqləşdirmək üçün kömək edə bilər. Amma bu o demək deyil ki, videotəkrarlar tətbiq olunanda səhvlər olmayacaq. Digər tərəfdən, unutmayaq ki, futbolda səhv olmasa, maraq da olmaz. Futbol özü də bir oyundur.
- Dünya Çempionatına bir neçə ay qalır. Sizcə, Cənubi Afrika Respublikasındakı çempionatın favoriti kimdir?
- Futbol inkişaf edir. Favoritlərlə yanaşı, güclü komandalara başağrısı ola biləcək yığmalar var. Mundialda Afrika komandalarından sürpriz gözləyirəm. Onlar doğma meydanda yaxşı oynamağa çalışacaqlar. Təbii ki, ənənəvi favorit komandalar qalır. Bizim işimiz hamının zövqlə izləyəcəyi çempionatı təşkil etməkdir. İnanıram, 2010-cu il Dünya Çempionatı əvvəlki illərdəki turnirlərin kölgəsində qalmayacaq.
- Şəxsən Yozef Blatter kimi dünya çempionu görmək istəyir?
- Təxribatçı sualdır (gülür). FİFA ədalətli oyuna azarkeşlik edəcək. Qoy ən güclü komanda dünya çempionu olsun.
MƏSLƏHƏT GÖR: