24 Noyabr 2024

Bazar, 18:53

RAHAT NƏFƏS ALMAQ ÜÇÜN

Ekologiya ilində dövlət qurumları qarşılarına hansı məqsədləri qoyurlar?

Müəllif:

01.02.2010

Prezident İlham Əliyev tərəfindən Azərbaycanda Ekologiya ili elan edilmiş 2010-cu ildə hazırda mövcud olan kəskin ekoloji problemlərin həllinə xüsusi diqqət yetiriləcək. Bu addıma təkcə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən deyil, həm də fəaliyyəti ilə bu və ya digər şəkildə ətraf mühitə təsirlə bağlı olan ayrı-ayrı dövlət və özəl qurumların da konkret fəaliyyətə startı kimi baxılmalıdır. Ədalət naminə demək gərəkdir ki, hazırda, əksər qurumlar ya öz ekoloji siyasətlərinə yenidən baxırlar, ya da öz prioritet istiqamətlərini  əlavələrlə yeniləndirirlər. 

 

Bərpa, əkin, rekultivasiya  

Beləliklə, ETSN-nin ilkin geniş miqyaslı fəaliyyət planına Abşeron yarımadasında ekoloji durumun sağlamlaşdırılması, Bakıda və ətraf ərazilərdə yaşıllıqların sayının yetərincə artırılması daxildir. Abşeronda əkilən ağacların sayının 10 milyona qədər artırılması planlaşdırılır, torpaqların rekultivasiyası aparılır. 2005-ci ildə içməli suyun keyfiyyətinin yaxşılaşması ilə bağlı başlanmış dövlət proqramının gerçəkləşdirilməsi Kür və Araz çaylarında yeni təmizləmə qurğuları quraşdırmaqla davam etdiriləcək. Bununla yanaşı, sənaye müəssisələri tərəfindən atmosferə atılan zəhərli tullantıların həcminin azaldılması ilə bağlı da tədbirlər görüləcək. 

Ekologiya naziri Hüseynqulu Bağırovun sözlərinə görə, hazırda Azərbaycanda ən kəskin ekoloji problemlərdən biri bərk tullantıların emalıdır və bu problemin həlli üçün zibilyandırma zavodunun tikintisi aparılır. İctimaiyyətin çox böyük narahatlığı Xəzər dənizinə tökülən tullantı suların emal edildiyi Hövsan qəsəbəsində ekoloji durumla bağlıdır. Eyni layihə Lökbatan qəsəbəsində də gerçəkləşdirilir. Sumqayıtın sənaye zonasında zərərli tullantıların emal edilməsinə də diqqət artırılacaq. Qaradağ, Gəncə və Mingəçevirdə alüminium zavodunun və bu zonalardakı başqa zavodların zərərli tullantılarının emalı üzrə reabilitasiya mərkəzləri yaradılacaq. 

Ölkədə ekoloji durumun yaxşılaşdırılması üzrə böyük işlər elmi sahədə görülür. Belə ki, Ekologiya ili çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunda işlənmiş ekoloji xəritələr A3 formatlı rəngli illustrasiyalı atlasda birləşdiriləcək.  Coğrafiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Ramiz Məmmədov bildirib ki, atlas müxtəlif miqyaslarda min ədəd tirajla buraxılacaq və özündə iqlim, hidrogeologiya, su mühiti,  torpaq və geomorfologiya bölmələri üzrə 150 xəritəni birləşdirəcək. Mütəxəssisin sözlərinə görə, Azərbaycanın ekoloji xəritələrinin yaradılması işi Dövlət Torpaq Komitəsinin alimləri ilə birgə aparılıb. Ekoloji gərginlik dərəcəsi üzrə ölkə ərazisinin tibbi-ekogeokimyəvi xəritəsi tutulub, bunun üçün landşaft tiplərinin xüsusiyyətləri öyrənilib. 

Bu necə işləyir? Ekoloji göstəricilərin tibbi göstəricilərlə tutuşdurulması aparılır. Məsələn, əgər civə və ya hər hansı başqa təhlükəli maddə aşkar edilirsə, regionun havasında və ya torpağında aşkarlanmış bu aşqarın xəstəlikləri törədən əsas çirkləndirici olub-olmamasını müəyyən etmək üçün səbəb-nəticə bağlarının aşkarlanması və təhlili işi aparılır. Atlasa, həmçinin, geomorfoloji xəritə və ekoloji-coğrafi rayonlaşdırma xəritələri də daxil ediləcək. Onlar regionların dayanıqlı inkişafına ekoloji-sosial təhlükələr və risklər üzrə məlumatları da əhatə edirlər. Qeyd edək ki, AMEA-nın Coğrafiya İnstitutu 2010-cu ildə məhz bu istiqamətə böyük diqqət ayıracaq. Uzun illərdir, institutda Azərbaycandakı təbiət dəyişiklikləri qanunlarının müəyyən edilməsi üzrə işlər aparılır. Buraya həm ekocoğrafi xüsusiyyətlər, təbiət resursları, sosial-iqtisadi aspektlər və Xəzər dənizinin ekoloji durumu aiddir. 

2009-cu ildə Coğrafiya İnstitutunda Almaniyanın BfN təbiəti mühafizə cəmiyyətinin maliyyəsi  hesabına Şirvan Milli Parkının  və onu əhatə edən 75 min ha sahənin landşaft planlaşdırması üzrə pilot layihə başa çatdırılıb. Həmçinin, Avropa Birliyi ilə Xəzər dənizinin səviyyəsinin qalxıb-düşməsinin peyk vasitəsilə distansion ölçülməsi və dənizin çirklənməsinin multisensor araşdırılması üzrə birgə layihə başa çatdırılıb. 2010-cu ildə isə NATO ilə Xəzərin ekosisteminin multidissiplionar analizi üzrə artıq üç ildir, davam edən birgə layihənin başa çatdırılması düşünülür. Layihədə məqsəd bir neçə ölkədən olan alimlər qrupu tərəfindən Yerin iqliminin qlobal dəyişdirilməsi çərçivəsində Xəzər dənizinin ekosisteminin tədqiqidir. 

 

Daha çox ekosərmayələr 

2007-ci ildən başlayaraq, Azərbaycanda ekoloji durumun yaxşılaşması Dövlət Neft Şirkətinin də (ARDNŞ) fəaliyyətində əsas prioritet istiqamətlərdən biridir. 2010-cu il üçün Dövlət Neft Şirkəti qarşısına bir sıra təxirəsalınmaz öhdəliklər qoyub ki, onların siyahısı keçən ay ARDNŞ-in ekoloji məsələlər üzrə vitse-prezidenti Muxtar Babayev tərəfindən açıqlanıb. Bu sıraya neftlə çirklənmiş torpaqların təmizlənməsi, istehsalat tullantılarının sıfıra endirilməsi, karbon qazı tullantılarının azaldılması, lay sularının təmizlənərək yenidən yataqlara qaytarılması, Bakı körfəzinin işləmə müddətini başa vurmuş metal, taxta və beton qurğularından təmizlənməsi, ekoloji menecment, monitorinq, tədqiqat, yaşıllaşdırma və s. aiddir. 

Bu il xüsusi diqqət hazırda 160 ildən çoxdur, istismar edilən quru yataqlarının lay sularından təmizlənməsinə veriləcək. Bunun üçün ARDNŞ yeni avadanlıq almaq niyyətindədir. Bu isə 2010-cu ildə ARDNŞ-in ekoloji layihələrə sərmayə yatırılmasının artırılacığı deməkdir. Əgər 2007-ci ildə ölkənin əsas neft qurumu ekologiya sahəsində layihələrin gerçəkləşdirilməsinə müvafiq obyektlərin də tikilməsi daxil olmaqla 22 mln manat xərcləmişdisə, artıq 2008-ci ildə yatırımlar 28,5 mln manat təşkil etmişdi. 2009-cu ildə ARDNŞ-in ekoloji yatırımları 50 mln manata qədər artıb. Vəsaitlərin böyük hissəsi ekoloji avadanlığın alınmasına, ARDNŞ-in müəssisələrinin texnoloji rejiminin dəyişdirilməsinə, çirkli torpaq və suların təmizlənməsinə xərclənib. "Bu il həmin göstərici ən azı 2009-cu il səviyyəsində olacaq", - deyə M.Babayev bildirib. 

2010-cu ildə Dövlət Neft Şirkəti H.Z.Tağıyev adına Neft-Qazçıxarma İdarəsinin (NQÇİ) ərazisində 9,3 hektar sahədə Ekoloji parkın salınması işini də  başa çatdıracaq. "Əraziyə 200 min ağac əkiləcək", - deyə Muxtar Babayev vurğulayıb. O həmçinin qeyd edib ki, Ekoloji parkda günəş və küləkdən elektrik enerjisi istehsal edən qurğular fəaliyyət göstərəcək. Burada Abşeron üçün nadir relikt və endemik bitkilər, həmçinin, introduksiya edilmiş ekzotik ağaclar, kollar və dekorativ bitkilər  toplamaq nəzərdə tutulur. 

Həmçinin, eni 50 metr, uzunluğu 100 metr olan çağdaş istixana, toxum və şitil becərilməsi sahələri, dendrarium, anbar, monomolekulyar bioloji aktiv su ilə təchizat üçün infrastruktur, yeraltı su anbarı da tikiləcək. Parkın kənar yaşıl divarı 3-4 cərgə Eldar şamından, Şərq çinarından,  piramida şəkilli sərvdən,  göyrüşdən olacaq. Buraya artım üçün Eldar şamı, Avropa zeytunu, həmişə yaşıl sərv, ağ söyüd, ağ tut, tikanlı iydə, ağ akasiya, alma, nar, xırda gilas və başqa ağaclar əkiləcək. 

Gerçəkləşdirilmiş işlər sırasında Muxtar Babayev bildirib ki, bu günə kimi Bakının Bibiheybət qəsəbəsinin ərazisindən ARDNŞ-in ekoloji departamenti tərəfindən başqa törəmə qurumları ilə işbirliyi şəraitində neft, metal, ağac və beton qurğularından 230 hektar sahə təmizlənib və oraya 50 min ağac əkilib. 2005-ci ildən ARDNŞ dəyişmiş texnoloji sxem çərçivəsinə atmosferə karbon qazı tullantılarının azaldılması proqramını gerçəkləşdirir. Bunun nəticəsində "Günəşli" və "Neft daşları" yataqlarında 420 min ton karbon qazı ekvivalentinin azaldılması mümkün olub. Gələcəkdə bu iki yataqdan karbon qazı tullantıları 450 min ton azaldılacaq. 

Avtomobildən xaric olan tüstü qazlarının azaldılması üçün ARDNŞ tərəfindən Bakının Səbail, Sabunçu və Suraxanı rayonlarında üç ölçmə məntəqəsi yaradılıb. Həmin məntəqələrdə indiyə kimi ekoloji standartlara uyğunluq üzrə 5 minə yaxın avtomobil yoxlamadan keçirilib. ARDNŞ-in ekoloji məsələlər üzrə vitse-prezidenti həmçinin bildirib ki, ARDNŞ ölkədə istehsal edilən neft məhsullarının keyfiyyətinə ciddi nəzarət edir və o, hazırda "Avro-2" standartına tam uyğun gəlir. "Şəksiz, məqsədimiz  neft məhsullarının keyfiyyətinin daha da yaxşılaşdırılmasıdır, onları "Avro-3" və "Avro-4" standartları səviyyəsində istehsal etmək niyyətindəyik. Amma ARDNŞ birbaşa "Avro-5" standartlarına uyğun səviyyəyə keçmək niyyətindədir", - deyə M.Babayev bildirib. 

İstehsal tullantılarının  azaldılması və utilizasiyası sahəsində ARDNŞ-in ekoloji departamenti tərəfindən şlamların nomenklaturasının aşkarlanması üzrə işlər görülür. Əgər əvvəllər neft hasilatının tullantıları sırasında 32 şlam növü var idisə, indi bu siyahı bir az da artıb. Bu, yeni məlumatlandırma və neft hasilatı tullantılarının utilizasiyası üçün yeni məlumat sistemi işlənməsi məqsədini daşıyır. 

Başqa işlərə gəldikdə isə, ARDNŞ 2010-cu ildə Xəzərin hövzəsinin əvvəl neft-qaz hasilatında istifadə edilmiş metal konstruksiyalardan təmizləməyə davam etməyə hazırdır və şirkət Bakı körfəzində hövzənin təmizlənməsi üzrə səlahiyyətli quruma çevrilməyə hazırdır. "Biz bu işə öz törəmə qurumlarımız - "Ecol Engineering" və "SOCAR-ASM" şirkətlərini də qoşmağa hazırıq", - deyə M.Babayev vurğulayıb. Amma körfəzdə olan infrastruktur və gəmi qalıqlarının çox az hissəsi şirkətə məxsusdur. "2009-cu ildə biz Xəzər hövzəsindən 42 min ton metal çıxarmışıq ki, 2010-cu ildə 82 min ton metal-konstruksiya çıxarmağı da planlaşdırırıq", - deyə M.Babayev vurğulayıb. Bu planların gerçəkləşdirilməsi üçün ARDNŞ yeni texnika tətbiq etmək niyyətindədir. Daha dəqiq, Bakı körfəzinin təmizlənməsi üçün yeni gəmilər tələb edilir. 

Yekunda qeyd etmək lazımdır ki, 2010-cu ilin sonlarında Azərbaycanda beynəlxalq ekoloji sərgi keçiriləcək və orada dünyanın müxtəlif ölkələrinin ekoloji sahədə uğurları nümayiş etdiriləcək. 



MƏSLƏHƏT GÖR:

399