
BAKININ İŞIQLARI DAHA PARLAQ OLUB
"BakıElektrikŞəbəkə" paytaxt əhalisinin enerji təchizatının yaxşılaşdırılması işlərini davam etdirir
Müəllif: Nurlanə QULİYEVA Bakı
Düzü, Bakı gecələri heç vaxt belə gözəl olmamışdı - yüzlərlə orijinal fanarlarla parlaq işıqlandırılmış küçə və prospektlər, qədim memarlıq binalarının qeyri-adi işıqlandırılması, mağazaların rəngli vitrinləri, evlərin üzərində yanıb-sönən milyonlarla işıq zolağı insanı heyran edir. Bir neçə il qabaq isə bu sadalananlar Azərbaycan paytaxtının sakinləri üçün yalnız arzu ola bilərdi, haradasa zəngin Avropa və ya Amerikada gerçəkləşdirilə biləcək bir arzu. Küçələrin yalnız avtomobil işıqları ilə pozulan qaranlığı can sıxırdı, bütöv evlərin və ya məhəllələrin hər gün bir neçə saat işıqsız və istiliksiz qalması adi hal almışdı.
Onda Bakının bir çox sakinləri ümid edirdilər ki, şəhərin enerji ilə təchizatı şəbəkəni xarici sərmayəçiyə verən kimi düzələcək. Amma çoxu indi də xatırlayır ki, bu tədbirin nəticəsi xoşagələn olmadı. Nəticədə, bütün hər şey əvvəlki vəziyyətinə qayıtdı, şəhərin elektrik təchizatı ilə yenidən "Bakıelektrikşəbəkə" Səhmdar Cəmiyyəti (SC) məşğul olmağa başladı. Amma təəccüblüdür ki, məhz bundan sonra bu sahədə vəziyyət dəfələrlə yaxşılaşdı. Gecə Bakısının parlaq işıqları bunun sübutudur.
Bildirmək gərəkdir ki, "Bakıelektrikşəbəkə"də 2006-cı ildə başlanan iş üçün ilkin məsələ şəbəkədə infrastrukturun yenilənməsi idi - axı elektrik təchizatı ilə bir çox problemlər - avadanlığın, elektrikverici xətlərin köhnəlməsi ilə bağlı idi. Prezident İlham Əliyev tərəfindən verilmiş sərəncam və göstərişlərə uyğun olaraq hazırlanmış proqrama əsasən SC yenidənqurma işlərinə başlayıb və hazırda Bakının elektrik təchizatı ilə bağlı ən önəmli olan 110 kilovoltluq hava xətləri təmir edilib. "Bakıelektrikşəbəkə" ASC-nin fəaliyyəti dövründə doqquz yeni 110 kilovoltluq yarımstansiya tikilib və elektrik avadanlığı ilə təchiz edilib. Bu yarımstansiyaların qidalandırılması üçün uzunluğu 50 km olan ikidövrəli 110 kilovoltluq hava xətləri çəkilib.
Həmçinin, gücü 35 kvt olan olan 18 yarımstansiya tikilib istismara verilib və 110 kilovoltluq "Yasamal-1", 35 kilovoltluq 117 və 99 saylı yarımstansiyalarında yenidənqurma işləri aparılıb. Yeri gəlmişkən, hazırda 110 kilovoltluq "Liman" və "Xocəsən" yarımstansiyalarının tikintisi davam etdirilir, həmçinin, 110 kilovoltluq 227 saylı yarımstansiyada rekonstruksiya aparılır. Eyni zamanda gücü 35 kvt olan 10 yarımstansiyanın yenidənqurulması başa çatıb. Önəmli uğurlar sırasında 78 transformator məntəqəsinin tikintisini, 1500 məntəqənin isə əsaslı təmirini göstərmək olar. Əhalinin elektrik təchizatının yaxşılaşdırılması üçün 10/6/0,4 kvt-luq 800 yeni transformator quraşdırılıb.
Buna paralel olaraq şəbəkənin gücünün artırılması məsələsi də təxirəsalınmaz işlər sırasına çıxıb. Axı Bakı son illərdə görünməmiş yüksək sürətlə artır, yeni çoxmərtəbəli yaşayış kompleksləri tikilir, müəssisələr işə başalyır, yollar və körpülər tikilir və bütün bunlar şəbəkə üçün əlavə yüklənmədir. Yeni məsələlərin həllində SIP-kabellərdən istifadə etməklə 2000 km magistral, 1750 km abunəçi xəttinin çəkilməsi, həmçinin, 41 min dayağın quraşdırılması yardımçı olub. Yeni 0,4 kilovoltluq şəbəkələr vasitəsilə elektrik enerjisi ilə təchiz edilən istehlakçılara 100 mindən çox elektron sayğac quraşdırılıb.
Bu işlər Səbail, Xətai, Yasamal, Nərimanov, Suraxanı, Qaradağ, Əzizbəyov, Binəqədi, Sabunçu rayonlarında, o cümlədən şəhərətrafı kənd və qəsəbələrdə görülüb və bu gün də görülməkdə davam edir. Qeyd edək ki, SIP-kabellərin əsas üstünlüyü elektrikpaylayıcı şəbəkələrin etibarlılığının təmin edilməsi və istismar xərclərinə qənaət edilməsidir. Görülən işlər nəticəsində şəbəkənin gücü 38% artıb, əgər 2006-cı ildə o, 3048 mvt idisə, indi 4208 mvt-dır.
Əlbəttə ki, bu cür böyük sayda tədbirlər üçün iri kapital məsrəfləri lazımdır. Bunun təmin edilməsi üçün isə hər şeydən öncə, istehlakçıların işlətdikləri elektrik enerjisinin qarşılığında haqq ödəməsi vacibdir. Bir neçə il qabaq bu, ciddi problem idi. Amma ciddi nəzarət, maarifçiilk işi, bank və online rejimində İnternet vasitəsilə daha əlverişli və etibarlı ödəniş üsulu hesabına bu problemi həll etmək mümkün oldu. Məsələ ilə bağlı birinci bəndə onu da əlavə etmək yerinə düşərdi ki, "Bakıelektrikşəbəkə" yalnız elektrontipli sayğaclar quraşdırır ki, bu da elektrik enerjisinin doğru hesablanmasını təmin edir.
Çünki elektron tipli sayğaclara müdaxilə mexaniklərə baxanda nisbətən mürəkkəbdir. Qeyd edək ki, "Bakıelektrikşəbəkə" ASC tərəfindən xidmət göstərilən abunəçi sayı 701 718 təşkil edir ki, ASC tərəfindən fəaliyyət başladığı vaxtdan bu yana 406 130 elektrik sayğacı quraşdırılıb. Uyğun olaraq gələcəkdə daha 300 min sayğacın quraşdırılması planlaşdırılır. Bu istiqamətdə ciddi irəliləmə 2010-cu ildən smart-sayğacların tətbiqi sayılır.
Beləliklə, 2009-cu ildə elektrik enerjisinə görə 273,8 mln manat yığmaq mümkün olub ki, bu da satılmış elektirk enerjisinin qiymətinin 89,4%-dir. Bu həm də 2008-ci ilin göstəricisindən 5,9 mln manat, 2007-ci ilin göstəricisindən isə 30,7 mln manat çoxdur. Bunda əhalinin payı isə aşağıdakı kimi olub: 2009-cu ildə əhali 87,1 mln manat ödəyib ki, bu da 2008-ci ilə baxanda 18,9 mln manat və ya 27,7% çoxdur. 2007-ci ilin göstəricisinə baxanda isə artım 38 mln manat və ya 77,5%-dir. 2009-cu ilin 10 ayı ərzində istehlak edilmiş elektrik enerjisinin qarşılığında "Azərenerji" ASC-yə 226,5 mln manat ödənilib ki, bu da əldə edilən enerjinin dəyərinin 83,6%-dir. 2008-ci ilin göstəricisi ilə müqa-yisə edəndə bu, 5%, 2007-ci ilinki ilə müqayisədə isə 21% çoxdur.
Yuxarıda sadalanan işlər nəticəsində elektrik enerjisinin israflı istehlakı dayandırılıb, texniki itkilər azaldılıb, dəqiq uçot sistemi müəyyən edilib. Artan iqtisadi inkişaf templərinə baxmayaraq, əvvəlki illərlə müqayisədə "Azərenerji" SC-dən alınan elektrik enerjisi həcmləri azalıb. Belə ki, 10 ay ərzində "Azərenerji" SC-dən alınan elektrik enerjisi həcmləri 2008-ci ilin uyğun dönəminə baxanda 415 mln kvt/saat, 2007-ci ilin uyğun dönəmi ilə müqayisədə isə 629 kvt/ saat azalıb və 6 mlrd 608,9 mln kvt/ saat təşkil edib.
Ancaq nəzərə almaq lazımdır ki, Bakı inkişaf edir və bu inkişaf yüksək templərlədir. Deməli, "Bakıelektrikşəbəkə" abunəçiləri keyfiyyətli xidməti saxlamaq və yaxşılaşdırmaq üçün yeni həllərə və yeni layihələrə ehtiyac duyur. SC-dən bildiriblər ki, energetiklərin çoxdankı arzusu 110 kilovoltluq dairəvi sistem tikməkdir ki, bu böyük şəhərlərdə artıq tətbiq edilir. Layihənin başlanğıcı kimi gücü 110/35/10 kv olan qapalıtipli "İçərişəhər" yarımstansiyası tikilib istismara verilib.
"İçərişəhər" bütün MDB məkanında qapalıtipli ilk yarımstansiyadır. O, elektrik qaz avadanlığı ilə təchiz edilib və açıqtipli yarımstansiya ilə müqayisədə 10 dəfə az yer tutur. Bütövlükdə şəhərin mərkəzində 15 və şəhər ətrafında isə 6 belə yarımstansiyanın tikintisi nəzərdə tutulur. SC-nin yaxın planları sırasına yeni yaşayış tikililərinin, Heydər Əliyev adına prospektdə inzibati binaların və idman kompleksinin, Bakı metropolitenində yeni obyektlərin elektriklə təchiz edilməsi, SAP AG proqramının tətbiqi, transformator məntəqələrinin təmiri, SIP-kabellərdən istifadə etməklə şəbəkənin yenidən qurulması və s. aiddir.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, yeni texnologiyalar şəbəkənin işçi heyətinin kadr hazırlığını tələb edir ki,bu, fasiləsiz və səmərəli işin təmin edilməsi üçün lazımdır. Bu məqsədlə 2007-ci ildə "Bakıelektrikşəbəkə" öz əməkdaşlarının bir hissəsini təlim üçün MDB-nin və Türkiyənin qabaqcıl tədris mərkəzlərinə göndərib. Bildirmək gərəkdir ki, şəbəkənin rəhbərliyi öz mütəxəssislərinin ixtisas artırmasına böyük diqqət yetirir. Bununla bağlı SC-nin Tədris Mərkəzində artıq 550 adam kurs keçib. Bundan başqa, elektrik sayğaclarının quraşdırılması və enerji istehlakının uçotunun aparılması üzrə hətta səyyar kurslar da təşkil edilib.
Xüsusilə də "Bakıelektrikşəbəkə"nin yeni işçiləri məcburi olaraq kurs keçməlidirlər. Onların işə götürülməsi isə iddiaçıların peşə bacarıqlarını və vərdişlərini qiymətləndirən qəbul komissiyası tərəfindən gerçəkləşdirilir. Əslində, energetiklərin cərgəsinə qatılmaq istəyənlərin sayı yetərincədir, çünki rəhbərlik öz işçilərinin sosial vəziyyətinə xüsusi diqqət yetirir. Yalnız 2009-cu ilin 6 ayı ərzində SC maliyyə yardımı edilməsinə və başqa sosial yönümlü tədbirlərin gerçəkləşdirilməsinə 98 min 663 manat ayırıb, 2008-ci ildə bu göstərici 186 min 13 manat olmuşdu.
Başqa sözlə, "Bakıelektrikşəbəkə"də Azərbaycan paytaxtının enerji təchizatının keyfiyyətinin yüksəldilməsi məsələsinə hərtərəfli yanaşırlar. Çoxillik təcrübə, möhkəm əsaslar və təkmilləşməyə can atma həvəsi yeni uğurlar qazanmağa imkan verir. Deməli, Bakının işıqları daha da parlaq yanacaq.
MƏSLƏHƏT GÖR: