14 Mart 2025

Cümə, 15:32

"DAVOS-2010": SƏHVLƏR ÜZƏRİNDƏ İŞ

Dünya iqtisadi forumu ciddi "postböhran" diskussiyalarına meydan oldu

Müəllif:

01.02.2010

"Yenidən düşünmək, dəyişmək, yenidən qurmaq" (rethink, reshape, rebuild). Bu, yanvarın son günlərində Davosda keçirilmiş 40-cı Dünya İqtisadi Forumunun gündəliyində ən tez-tez işlədilən sözlərdir. 4 gün davam edən forumda 2500-dən artıq iştirakçı, demək olar ki, bütün sahələrə aid mövzuları müzakirə etməyə nail olublar: enerji təhlükəsizliyi və istehlak modelləri; maliyyə bazarları və filantropiya; Altsmeyger xəstəliyi və hətta "Avatar" filmi. 

Ənənəvi olaraq, yubiley tədbirlərindən gözləntilər daha çox olur - kimlərsə tarixdə yeni mərhələnin başlanacağını düşünür, kimlərsə qlobal problemlərin köklü həllinə ümid edir və s. "Davos-2010"un nəticələrinin dünya iqtisadiyyatı üçün dönüş nöqtəsi olub-olmayacağını söyləmək hələ ki tezdir. Lakin qeyd edilməlidir ki, bu forum gurultulu bəyanatlar və ötən sammitlərdəkindən az olmayan proqram çıxışları ilə yadda qalıb.

 

İqtisadi böhran fonunda

İsveçrənin Davos şəhərində keçirilən sammitdə əsas müzakirə mövzusu maliyyə sahəsinə yönəlmişdi: böhrandansonrakı dünya iqtisadiyyatı necə ola bilər və necə olmalıdır? Sammitdə açılış nitqi ilə çıxış edən Fransa prezidenti Nikolə Sarkozi hamını yaşanmış böhrandan dərs almağa çağırıb. "Dünya iqtisadiyyatında vəziyyət təhlükəli məcraya yönəlib. Çünki şüurda belə bir fikir yer alıb ki, bazar daim və hər şeydə haqlıdır, ona etiraz etmək isə yolverilməzdir", - deyə Sarkozi qeyd edib. Onun fikrincə, iqtisadi tənəzzülün səbəbi məhz qloballaşmadır: "Bütün bunlara başqasının kapitalı ilə normal şəkildə oynamağı, asanlıqla pul qazanmağı mümkün edən kapitalizm səbəb olub". Bununla yanaşı, prezident hazırda bazar iqtisadiyyatına alternativ sistemin olmadığını da söyləyib. Kapitalizmdən qaçmaq mümkün deyil, lakin onu "dəyişdirmək", yenidən qurmaq lazımdır.

Sarkozi günahı yalnız müasir iqtisadi sistemin yox, həm də Davosda diqqət mərkəzində olan bankirlərin üzərinə qoyub. O bildirib ki, şişirdilmiş gəlirlər və hədsiz bonuslar müqabilində əlavə gəlir olmasa və yeni iş yerləri açılmasa, buna dözmək  fikrində deyil. 

Daha sonra Fransa prezidentinin çıxışının əsas tezisi səsləndirilib. O, bank və kredit fəaliyyətində möhtəkirliyə son qoymaq barədə ABŞ prezidenti B. Obamanın sərt addımlarının qeyd-şərtsiz dəstəklənməsini təklif edib.

Qeyd edək ki, Obamanın Davos forumundan bir neçə gün əvvəl səsləndirdiyi bəyanat dərhal dünya bankirləri tərəfindən kəskin tənqid olunmağa başlanıb. Ağ ev sahibinin açıqlaması dünyanın bütün inkişaf etmiş ölkələrinin iqtisadi elitasında ciddi müzakirələrə də yol açıb. ABŞ prezidentinin planı Davos sammitini də iki yerə parçalayıb: bir tərəfdə, yeni qaydalara ciddi müqavimət göstərən maliyyə elitası, digər yanda,  vahid cəbhədə birləşmək qərarına gəlmiş bəzi hökumətlər. Sarkozi də məhz sonuncuların adından danışıb. O bildirib ki, 2011-ci ildə Fransanın G8 və G20-də prezidentliyindən istifadə edərək, dünyanın maliyyə sistemində islahatlara başlamamasına çalışacaq. Bankirlərə müraciət edən Sarkozi deyib: "Əgər biz governance (hakimiyyət, idarəçilik) vasitəsilə proseslərə müdaxilə etməsək, sistemimizdə yeni iqtisadi və siyasi böhranlar, himayəçilik yaranacaq".

Bankirlər isə belə tədbirlərin gələcəkdə iqtisadi böhranların qarşısını alacağına dair fikirləri xülya adlandırırlar. Bundan başqa, onlar hesab edirlər ki, proseslərin sərt şəkildə tənzimlənməsi onsuz da ləng bərpa olunan dünya iqtisadiyyatına daha da böyük maneə yarada bilər. "Bankirlərin sayını məhdudlaşdırsaq, bunun iş yerlərinin yaradılması və qlobal iqtisadiyyata təsiri mənfi olacaq", - deyə "Barclays" bankının prezidenti Bob Daymond maliyyə risklərinə həsr olunmuş sessiyada bildirib: "Şəxsi maliyyə əməliyyatlarının (qadağan edilməsi təklif olunan əməliyyatlar) nə olduğunu müəyyənləşdirmək, onları müştərilərin əməliyyatlarından fərqləndirmək mümkün deyil".

Dünyanın aparıcı iqtisadçıları iki məqamdan ehtiyatlanır: xeyirdən çox ziyan gətirə biləcək həddsiz siyasi təlaş və hökumətlərin həqiqətən vacib, qeyri-populyar islahatlara getməyə hazır olmaması. Məşhur investor Corc Soros hesab edir ki, Obama banklarda islahatların aparılmasında tələskənliyə yol verir və buna görə də bu islahatlar çox zəif təsir bağışlayır. O hesab edir ki, çoxmilyardlıq antiböhran proqramlarının tələm-tələsik dayandırılması dünya iqtisadiyyatına zərbə vura və iqtisadiyyatı yenidən böhranlı duruma sala bilər. Soros iqtisadiyyatın stimullaşdırılması tədbirlərindən imtina etməməyi vacib sayır. Onun fikrincə, buna qədər inkişafın davamlılığına əminlik yaranmalıdır. Bazarlar isə hələ dövlət borcunda defoltun yaranacağından ehtiyatlanırlar.

 

Avronun mövcudluğuna son qoyulacaq?

Qlobal maliyyə böhranının  ən pis dövrünün arxada qaldığı qeyd olunmalıdır. Lakin iqtisadiyyatın bərpası tendensiyası zəif gedir, postböhran dövründə dünya iqtisadiyyatının inkişafı yolunda hələ çox maneələr var. Üstəlik, təkrar böhranın yaşanacağı da istisna edilmir. Forum iştirakçıları arasında ən məşhur fikir də məhz bu olub. "Biz birjalara, iqtisadiyyatın son dərəcə zəif inkişaf tempinə baxaraq, hər şeyin əvvəlki formaya qayıtdığını düşünməyə meyilliyik. Amma dünyada fundamental dəyişikliyin baş verdiyini unutmaq olmaz", - deyə forumun yaradıcısı Klaus Şvab toplantının başlanmasından bir həftə əvvəl verdiyi açıqlamada bildirib. 

Bu səbəbdən də gələcəklə bağlı proqnozlar istənilən qədər nikbin deyil.

Nyu-York İqtisad Universitetinin professoru Nuriel Rubini bildirib ki, İspaniya və Yunanıstanın iqtisadi problemləri avro məkanını "partladacaq" və nəticədə 2 il sonra Avropa valyutasının mövcudluğuna son qoyulacaq. 

Qeyd edək ki, Rubini iqtisadi sahədə, az qala, münəccim kimi tanınır, çünki məhz o, hazırkı iqtisadi böhranın yaxınlaşdığını əvvəlcədən proqnozlaşdıra bilmişdi.

İqtisadçının fikrincə, avro üçün əsas təhlükə valyutanın qüvvədə olduğu 16 ölkənin birindən gəlir - bu, İspaniyadır. 

Yunanıstanda da vəziyyət yaxşı deyil. 

Bu ölkələrin iqtisadiyyatları dövlət maliyyə sistemindəki disbalansdan əziyyət çəkir. Orada məhsul istehsalı və xidmətlər sahəsində rəqabətin aşağı olması da problemi yaradan əsas səbəblərdəndir. Bununla yanaşı, həmin dövlətlərin avro məkanında olmaları vəziyyətin valyutanın devalvasiyası ilə düzəldilməsi imkanını da yox edir.

Yunanıstan və İspaniya ünvanlarına səsləndirilən ittihamları cavabsız qoymayıb. Birincinin baş naziri Corc Papandreo bildirib ki, Aİ ölkələri səylərini birləşdirməli və iqtisadi böhrana qarşı vahid cəbhədə mübarizə aparmalı idilər. Onun fikrincə, o zaman Yunanıstan da daxil olmaqla, bir sıra ölkələr daha az zərər görərdi.

İspaniyanın Baş naziri Luis Zapatero isə Avropanın maliyyə sisteminin tezliklə dirçələcəyinə ümid etdiyini söyləyib. Bununla yanaşı, o bildirib ki, bu prosesin Avropa ölkələri üçün ənənəvi olan sosial zəmanət sistemindən imtina hesabına getməsi mümkün deyil.

Başqa sözlə, görünən odur ki, Avropa hələ də iqtisadiyyatda yaranmış qlobal problemlərin düzgün həll yollarını axtarmaqdadır. Onların imkanları postböhran dövrü ilə əlaqədar durumu qiymətləndirməkdə, müəyyən çaşqınlıq keçirdikləri hiss edilir. Güman ki, Davos forumundan sonra Köhnə dünyanın maliyyə-bank sisteminə müəyyən dəyişikliklər ediləcək. Çünki mövcud vəziyyət böhrana səbəb olmuş yanlışlıqların təkrarlanmayacağına əminlik yaratmır. Bu səbəbdən də Avropa İttifaqı Mərkəzi Bankının rəhbəri Jan Klod Trişe bankirləri səylərini iqtisadiyyatın real işləyən sektorlarının maliyyələşdirilməsinə yönəltməyə çağırıb. Trişe hesab edir ki, indiki mərhələdə bankirlər son dərəcə böyük gəlirlər əldə etmək və bank elitası üçün xas olan imtiyazlar qazanmaq haqda düşünməməlidirlər.

Forumda avropalıların bədbinliyi fonunda Asiyanın nəhəng dövlətlərinin nümayəndələri kifayət qədər inamlı təsir bağışlayıblar. Çinin Baş naziri Li Ketsyan forumda bəyan edib ki, Pekin ölkədə istehlakçı tələbatını artırmaq üçün əlindən gələni edəcək. Onun fikrincə, bu, sürətlə inkişaf edən iqtisadiyyat üçün əlavə stimul olacaq. Baş nazir hesab edir ki, yalnız ixrac hesabına davamlı inkişafa nail olmaq mümkün deyil.

Cənubi Koreya prezidenti Li Men Bak isə "maliyyə təhlükəsizliyinin qlobal şəbəkəsi"nin yaradılması planını açıqlayıb. Prezidentin sözlərinə görə, bu, 2010-cu ilin noyabrında "Böyük iyirmilik"in Seulda keçiriləcək sammitində müzakirə ediləcək əsas məsələ olacaq. Li Men Bak məhz onun vasitəsilə Seulun inkişaf edən, inkişaf etməkdə olan və yoxsul dövlətlər arasında fərqin azaldılmasında rol oynayacağına ümidlidir. 

 

Sabitlik nümunəsi

Beləliklə, Davos forumu dünya iqtisadiyyatında aksentlərin dəyişdiyini bir daha nümayiş etdirib. Bu forum həmçinin göstərib ki, indiyədək inkişaf etməkdə olan dövlətlərin iqtisadi siyasətləri, əslində, lazımınca dəyərləndirilmirmiş. Prinsipcə, Azərbaycanı da bu ölkələr sırasına aid etmək olar. Azərbaycan məhz yaxşı düşünülmüş mühafizəkar iqtisadiyyat sayəsində (baxmayaraq ki bəzən o, beynəlxalq qurumlar tərəfindən tənqid olunurdu) böhranla bağlı ciddi zərərlərdən qaça bildi.

Yeri gəlmişkən, respublikanın dünya miqyasında əhəmiyyətinin artmasını, biznes ictimaiyyətinin ona daha çox maraq göstərməsini prezident İlham Əliyevlə görüşmək istəyən dövlət başçıları və biznes elitanın təmsilçilərinin sayı da açıq şəkildə göstərib. Bu ildə forumda şəxsən iştirak edən İ.Əliyev, demək olar ki, cəmi bir neçə saat ərzində polşalı həmkarı Lex Kaçinski, hersoq Yorski, Böyük Britaniya şahzadəsi Endryu və İordaniya kralı II Abdullah, İsveçrənin dövlət başçısı Doris Loydarh, Latviya prezidenti Valdis Zatlers və digərləri ilə görüşlər keçirib.

Forumun "Qlobal enerji panoraması" mövzusunda keçirilən plenar iclasındakı çıxışında isə Azərbaycan prezidenti yuxarıda qeyd edilən düzgün iqtisadiyyatın uğurlu nəticələrindən danışıb. İ.Əliyev iqtisadi böhran dövründə həyata keçirilmiş ehtiyatlı və mühafizəkar maliyyə-bank nizamlanmasından da söz açıb. O bildirib ki, son 6 ildə Azərbaycan dünyanın ən sürətli inkişaf edən ölkələrindən biridir: "İslahatlar nəticəsində iqtisadiyyatın bazar prinsipləri əsasında inkişafına nail olunub. Bu gün ümumi daxili məhsulda özəl sektorun payı 85% təşkil edir. Böhrana baxmayaraq, 2009-cu ildə də Azərbaycanda inkişaf davam edib. Ötən il ölkədə ümumi daxili məhsulun inkişafı 8,6% təşkil edib. Bundan başqa, ölkənin milli valyutası dəyərdən düşməyib".

Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təminindəki rolundan danışan İ.Əliyev bildirib ki, ölkədə aparılan doğru siyasət və onun tərəfdaşlarının birgə düzgün səyləri nəticəsində beynəlxalq əhəmiyyətli layihələr reallaşdırılıb. Hazırda Azərbaycanın enerjidaşıyıcıları müxtəlif istiqamətlərdə nəql olunur. Bunun üçün boru xətti infrastrukturu yaradılıb. Prezident Azərbaycanın qaz bazarında da artan rolunu qeyd edib və ölkədə təsdiqlənmiş qaz ehtiyatlarının kifayət qədər çox olduğunu bildirib: "Hazırda Azərbaycan qazı qonşu ölkələrə ixrac olunur. Biz Azərbaycandan daha çox qaz hasil edən ölkələrə də "mavi yanacaq" veririk. Qaz ixracının diversifikasiyasını davam etdirmək fikrindəyik".

Başqa sözlə, Azərbaycan forumda iştirak edən bir çox ölkələrdən fərqli olaraq, iqtisadiyyatın bərpası, yanlışlıqların aradan qaldırılması üçün yollar axtarmayacaq. Demək, ölkənin yaxın illərdə də iqtisadi inkişafa görə lider mövqeyini itirməmək üçün kifayət qədər şansı var.



MƏSLƏHƏT GÖR:

587