14 Mart 2025

Cümə, 13:27

"QARABAĞ"dan "TVENTE"yə APARAN YOL

İlin ən yaxşı futbolçusu Vaqif Cavadov onunla maraqlanan klubların adını ilk dəfə "Region plus"a açıqladı

Müəllif:

15.01.2010

2009-cu ildə Azərbaycanın ən yaxşı futbolçusu seçilmiş Vaqif Cavadov öz azarkeşlərinə gözəl bayram hədiyyəsi etdi: ilin sonunda «Qarabağ»ın və yığmamızın aparıcı siması karyerasını Hollandiyanın «Tvente» klubunda davam etdirəcəyini açıqladı. Cavadovlar nəslinin istedadlı nümayəndəsi «Qarabağ» klubunun rəhbərliyi və futbolçuları ilə vidalaşaraq səfərə çıxdı. 

Artıq indidən azərbaycanlı azarkeşlərin uzaq Hollandiyada «Tvente»yə azarkeşlik edəjəyini əminliklə söyləmək olar. 

Vaqif Cavadovla Hollandiya səfəri ərəfəsində görüşmək qərarına gəldik. Ölkənin ən yaxşı futbolçusu onunla maraqlanan klublar, gələcək karyerası və reallaşdırmaq istədiyi arzusu barədə danışdı.

- Hollandiyanın «Tvente» klubuna keçidin necə baş tutdu...

- «Qarabağ»la Avropa Liqasının 3-jü seçmə mərhələsində «Tvente» klubuna qarşı mübarizə aparmışam. Yadınızdadırsa, yayda səfərdə məğlub olsaq da, yaxşı təsir bağışlamışdıq. Bakıdakı oyun isə qolsuz bərabərliklə başa çatmışdı. Hələ o vaxt «Tvente» rəhbərliyi mənimlə maraqlanmağa başladı. Klubun baş məşqçisi Stiv Maklaren oyunumu bəyəndiyini gizlətmirdi. Bu yaxınlarda isə transferimlə bağlı rəsmi təklif gəldi. Nəhayət, dekabrda «Tvente» rəsmiləriylə ilkin müqavilə imzaladıq. Həllediji sənəd isə bu günlərdə imzalanmalıdır. 

- Hollandiya ilə yanaşı, Rusiya klublarının da maraq dairəsinə düşmüşdün...

- Rusiyanın 2-3 klubu, eləcə də ölkəmizdə iddialı komandalar mənə müqavilə təklif etmək niyyətindəydi. Amma inanın ki, «Tvente» olmasaydı, klubu dəyişmək fikrim yox idi. Çünki qazandığım uğurlarda «Qarabağ»ın rolu böyükdür. Hətta hollandlara müsbət javab verməmişdən əvvəl də Ağdam təmsilçisiylə xeyli məsləhətləşdim. «Qarabağ»ın əsas məqsədi Avropada oynaya biləjək səviyyəli futbolçu yetişdirməkdi. Ona görə xarijdə həm Azərbaycanı, həm də «Qarabağ»ı təmsil edəcəyəm.

- Bəlkə «Tvente»dən başqa daha hansı klubların səninlə maraqlandığını da deyəsən. Onsuz da artıq Hollandiyada oynayacağın dəqiqləşib...

- Azərbayjanda «Xəzər-Lənkəran»la «Bakı»nın mənimlə maraqlandığını, yəqin ki, bilirsiniz. «Bakı»nın prezidenti Hafiz Məmmədov da dəfələrlə məni klubunda görmək istədiyini söyləmişdi. Amma sonradan xaricdə oynamaq variantı ortaya çıxanda klublarımız geri çəkildi. Çünki əcnəbi ölkədə çıxış etməklə futbolumuzu tanıtmaq imkanı qazanıram. 

Rusiya klublarından da təklif almışdım. Komandaların adlarını indiyə qədər heç kəsə söyləməmişdim. İlk dəfə sizə deyirəm. «Anji», «Moskva» və «Lokomotiv» agentlərin vasitəsilə müəyyən şərtlər irəli sürmüşdü.

- Deyilənə görə, «Anji» transferinə görə 700 min avro ödəməyə hazır idi.

- (Gülür) Bu barədə danışmaq istəmirəm. Maliyyə məsələləriylə atam məşğul olur. Yalnız onu deyə bilərəm, dediyiniz rəqəm səhvdir, təklif etdikləri məbləğ dediyinizdən az idi.

- Niyə məhz Hollandiyanı seçdin?

- «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovla və atamla məsləhətləşdim. Qərara aldıq ki, «Tvente» ən doğru seçimdi. Klubun oyun üslubu mənim oyunuma yaxındır. Belə demək mümkündürsə, orada möhkəmlənmək şansım daha çoxdur.

- Vaqif Cavadovun «Tvente»də əsas heyətə düşmək şanslarını nejə qiymətləndirirsən?

- İlk olaraq «Tvente»yə uyğunlaşmalı, yalnız bundan sonra əsas heyətdə möhkəmlənməliyəm. Özümü doğruldandan sonra daha güjlü Avropa ölkəsinə keçmək barədə düşünmək olar. Amma indidən bu barədə fikirləşmək hələ tezdir. Hollandiya çempionatında özümü göstərmək üçün əlimdən gələni edəjəyəm.

- Daha güclü çempionat dedikdə hansı ölkəni nəzərdə tutursan? Maraqlıdır, Vaqif Cavadov özü harda oynamaq istərdi?

- Jurnalistlər mənə bu sualı həmişə verirlər. Amma mən futbolçuyam, gərək güclü klubların diqqətini jəlb edim ki, orada oynamaq imkanı əldə edim. Mən çox şey istəyə bilərəm, amma o klublarda oynaya biləcək səviyyəyə qalxmalıyam. Məndən olsa, «Barselona»da oynamaq istəyərəm. Amma indiki halda real görünmür.

- «Tvente»nin baş məşqçisi Stiv Maklaren Bakıdakı oyundan sonra keçirilən mətbuat konfransında adını çəkmişdi. Xatırlayırsan?

- Əlbəttə, Bakıda «Tvente» ilə 0:0 oynayandan sonra adımı çəkmişdi. O, vaxtilə İngiltərə yığmasının baş məşqçisi işləyib. Maklarenin oyunumu bəyənməsi çox sevindiricidir. Onun ümidlərini doğrultmalı, üzərimə düşən vəzifənin öhdəsindən gəlməliyəm. 

- Hollandiyada tək darıxmayacaqsan?

- Tək niyə oluram. İnşallah, orada ailəmlə birlikdə qalajağam. Atam və anam yanımda olajaq. Uşaqlıqdan hər yerə valideynlərimlə birlikdə gedirəm. Rusiyada oynadığım zaman da onlar mənə dəstək olurdu. İndi də yanımda olajaqlar.

- Atan Füzuli Cavadov vaxtilə tanınmış futbolçulardan olub. İsgəndər Javadov da ölkənin sayılıb-seçilən veteranlarındandır. Populyarlıqda onları arxaya qoymaq haqda fikirləşirsən?

- (Gülür) Qalmaqallı sualdır. İsgəndər Cavadov dövrünün ən yaxşılarından olub. Atam Füzuli Cavadovun da oyununu çoxları xatırlayır. Onları üstələmək barədə heç düşünmürəm. Mən hələ öyrənməliyəm. Həm atamla, həm əmimlə məsləhətləşirəm. Onlar mənə çox kömək edir.

- 2009-cu ilin yekunlarına əsasən, Azərbaycanın ən yaxşı futbolçusu seçildin. Bu mükafat sənin üçün nə deməkdi?

- İlin ən yaxşısı seçilmək böyük uğurdur. Üzərimdə zəhməti olan bütün insanlara təşəkkür edirəm. Atam və anam, eləjə də məşqçilərə. «Qarabağ» rəhbərliyi və baş məşqçimiz Qurban Qurbanovun əməyini unutmaq olmaz. Çalışacağam, 2010-cu ildə də ümidləri doğruldum. 

- Yeri gəlmişkən, Qurban Qurbanov «Qarabağ»a baş məşqçi təyin olunanda çoxları klubun uğur qazanajağına inanmırdı. Artıq keçmiş klubun baş məşqçisi haqda nə deyə bilərsən?

- Qurban Qurbanovun gəlişindən sonra «Qarabağ»ın əldə etdiyi uğurlar göz qabağındadır. Ölkə kubokunu qazandıq, Avropa Liqasında uğurlu çıxış etdik. Norveçin güclü «Rusenborq» komandasını yarışdan kənarlaşdırdıq. Qurban müəllim bizə həm dost, həm də məşqçidir. O, futbolçularla elə münasibət qurur ki, meydanda olduğumuz zaman qələbə üçün əlimizdən gələni etməyi özümüzə borc bilirik. 

- Bir müddət əvvəl, «Bakı» jurnalının dəvəti ilə Londonda Rusiya yığmasının lideri Andrey Arşavinlə birgə fotosessiyada iştirak etdin. Həmkarın necə təsir bağışladı?

- Arşavin mənə xoş təsir bağışladı. Vaxt tapıb məni evinə qonaq dəvət etdi. Evində olduğum zaman futbolla bağlı fikir mübadiləsi apardıq. Arşavin də dedi ki, Azərbaycandan kənarda oynaya bilərsən.

- Hollandiyadakı karyeranda sənə uğurlar arzulayırıq. Hamımız «Tvente»yə azarkeşlik edəjəyik.

- Çox sağ olun. İnşallah, yığmanın oyunlarında görüşəjəyik. Nə qədər yaxşı oynasam, milliyə bir o qədər çox fayda verə bilərəm. Bütün azarkeşlərə dəstəyə görə «çox sağ olun» deyirəm. «Qarabağ»ın fanatlarına təşəkkür edirəm. Hollandiyada çıxış etsəm də,  yenə də dəstəyinizə ehtiyacım  olacaq. 


MƏSLƏHƏT GÖR:

400