5 Dekabr 2025

Cümə, 22:27

TƏCİLİ: YÜKSƏK MƏVACİBLİ İŞƏ LİDERLƏR TƏLƏB OLUNUR!

Güclü siyasi rəhbərlərin yoxluğu müasir problemlərin həllində Avropaya ciddi əngəl yaradır

Müəllif:

15.01.2010

Dekabrın ortalarında Avropada İtaliyanın 73 yaşlı Baş naziri Silvio Berluskoniyə hücum baş verdi. Bu hadisə Berluskoninin hakim "Azadlıq xalqı" partiyasının Milanda keçirilən mitinqində etdiyi emosional çıxışdan dərhal sonra törədildi. Mitinqə toplaşanlar arasında baş nazirin siyasətindən narazı olan insanlar da var idi. Çıxışını başa vurub kütlə arasına düşən və tərəfdarlarının əlini sıxmağa başlayan baş nazir gözlənilmədən sifətindən zərbə aldı: kimsə kilsə heykəlciyini Berluskoninin düz sifətinə vurdu.

Polis tərəfindən saxlanılan 42 yaşlı M.Tartalyanın əvvəllər heç bir kriminal fəaliyyətinin olmadığı üzə çıxıb. Rəsmi versiyaya görə, o, uzun müddətdir psixi xəstəlikdən əziyyət çəkir və 10 ildir psixiator nəzarətindədir. Lakin ən azı, iki səbəb bu versiyaya şübhə ilə yanaşmağa əsas verir.

Birincisi, saxlanılan şəxsin özü əməlini Berluskoninin siyasətinə etiraz etməsi ilə əsaslandırıb. Maraqlısı isə psixopatın baş nazirin fəaliyyətindəki mənfi tərəfləri dəqiqliklə dərk etməsi və öz iddialarını aydın şəkildə ortaya qoymasıdır.

İkincisi, məlum olub ki, Berluskoninin xəstəxanada olduğu vaxt pəncərədən onun palatasına soxularaq baş nazirə qarşı zorakılıq etməyə çalışan daha bir psixi problemli şəxs saxlanılıb. Belə çıxır ki, İtaliyada Berluskonini məhv və ya şikəst etmək istəyən psixopatlardan ibarət icma yaranıb. 

Amma az sonra, baş nazirə hücumun onun özü tərəfindən təşkil olunduğuna dair məlumatlar yayılıb.

Hər halda, insidentin araşdırılması İtaliyanın hüquq-mühafizə orqanlarının işidir. Ölkə liderinə qarşı sui-qəsd edənlər İtaliya qanunları əsasında cavab verməlidirlər.

Bu məqalədə isə diqqəti tamamilə başqa məqama çəkmək istərdik və bu məqam, fikrimcə, Berluskoniyə hücumla müqayisədə, daha ciddi önəm daşıyır. Əminəm ki, İtaliyanın baş nazirinə hücumda məhz həmin aspekt həlledici rol oynayıb. 

Yeri gəlmişkən, bəzi ekspertlər digər Avropa liderlərinə də analoji hücumların ola biləcəyini istisna etmirlər. Bununla əlaqədar olaraq, həmin dövlətlərin təhlükəsizlik xidmətləri siyasi liderin mühafizəsini gücləndirməyi də düşünür. Odur ki, Berluskoniyə hücumun bütünlükdə "köhnə" qitə üçün şok hadisə olduğunu əminliklə söyləyə bilərik. Berluskoniyə atılmış heykəlcik güman ki, Avropanın aparıcı fövqəldövlətləri və strukturlarına özünəməxsus çağırışdır. Bu halda ortaya əsaslı sual çıxır: "Belə çağırışın ciddi əsası varmı? Və bu hadisə aparıcı Avropa ölkələri rəhbərlərinin "siyasi lider" anlayışını hörmətdən salmasının nəticəsi deyilmi?". 

Təəssüflər olsun, bu ehtimal həqiqətə daha çox yaxındır.

 

Silvio öz ampluasında

Elə S. Berluskoninin özündən başlayaq. Baş nazirliyi dövründə onun adı daim qalmaqallarla gündəmə gəlir və bu, yəqin ki, italiyalı seçiciləri bezdirib. Qocaman ekspertlər bildirirlər ki, "Berluskoninin qana bələnmiş sifəti siyasi mübahisələrin düşmənçilik və nifrətə çevrildiyi ölkələrin rəmzidir". 15 il əvvəl İtaliya siyasətinə gəlməklə, Berluskoni ölkəsindəki atmosferi nəzərəçarpacaq dərəcədə dəyişdi. Baş nazir siyasi rəqiblərini "əclaf" və "dələduz", tənqidi mövqe tutan KİV-i "çirkabla dolu çən", hakim və prokurorları "demokratiyanın bədxassəli şişi" adlandırırdı. Razılaşın ki, bütün bu "epitetlər" siyasi liderin dilindən çox pis səslənir. Berluskoni heç bir hakimiyyət bölgüsünü qəbul etmir: xalq yalnız onu seçib və bütün digər dövlət institutları ona tabe olmalıdır. Üstəlik, Berluskoninin özü və tərəfdarları üçün o, "son 150 ilin ən yaxşı baş naziri"dir.

Rəqibləri isə Berluskonini ya "qara qüvvə"yə, ya "məzəli müqəvva"ya, ya da hər ikisinə bənzədirlər. Bu səbəbdən də italiyalıların çoxu hesab edir ki, Berluskoni artıq hamının zəhləsini töküb.

S. Berluskoninin İtaliyanın Koza Nostra təşkilatı ilə əlaqəsinə dair qalmaqallarının isə sayı-hesabı yoxdur. Dekabrın ilk ongünlüyündə Romada hökumət əleyhinə keçirilən nəhəng nümayişdə "Berluskoni istefaya", "Oğru, mafioz, təlxək" şüarları səsləndirilmişdi. Nümayişçilər arasında məşhur müxalifət partiyalarının nümayəndələri olsa da, aksiyaya qatılanların, demək olar ki, hamısı tədbirdə bənövşəyi geyimdə idilər. Bu onların vətəndaş cəmiyyətini təmsil etməsi, siyasi partiyalara aidiyyətlərinin olmaması anlamına gəlir.

S. Berluskoni isə mafiya ilə əlaqələrinə dair deyilənləri "əsaslandırılmamış və təhqiredici" iddialar adlandırır. O, daim mütəşəkkil cinayətkarlığa qarşı mübarizə apardığını vurğulayıb: "Məni ömrümboyu ağlımdan belə keçirmədiyim məsələdə ittiham edirlər. Rəhbərlik etdiyim hökumət daim mafiya ilə mübarizə sahəsində əlindən gələni əsirgəməyib". 

Mafiya haqda söhbətlərə son dərəcə ağrılı yanaşan S.Berluskoni, ünvanına səsləndirilən ittihamları rədd eləməklə yanaşı, Koza-Nostra haqda kitabların və filmlərin müəlliflərini "boğacağını" da vəd edib. Çünki onlar İtaliyanın imicini korlayırlar: "Əgər "Sprut"un müəllifinin kimliyini bilsəm, and içirəm, onu boğub məhv edəcəyəm".

Razılaşın ki, bu, mafiya ilə çox qəribə mübarizə metodudur.

Öz növbəsində, İtaliyanın Konstitusiya Məhkəməsi dövlətin ilk beş rəhbər simasına məhkəmə toxunulmazlığının verilməsini konstitusiyaya zidd qərar adlandırıb. Söhbət prezident, baş nazir, parlamentin hər iki spikeri və Konstitusiya Məhkəməsinin sədrindən gedir. Məhkəmə qətnaməsinə görə, hazırkı baş nazir Berluskoninin sağ mərkəzçi koalisiyasının hakimiyyətə gəlişindən sonra qanunvericiliyə edilmiş bu dəyişiklik ("Alfano qanunu") İtaliya Konstitusiyasının iki maddəsinə ziddir - o, "bərabərlik prinsipi"ni pozur.

Baş nazirin seksual qalmaqalları və sevgi sərgüzəştləri haqda isə heç danışmağa dəyməz. 73 yaşlı Berluskoninin yüngül əxlaqlı qızların əhatəsində dincəlməsi dillərdə dastan  olub. Üstəlik, onun ədəbsiz jest və çıxışları dəfələrlə qalmaqal həvəskarları tərəfindən müzakirə predmetinə çevrilib. Güman ki, S.Berluskoni tarixə güclü baş nazir kimi yox, daha çox məhz bu rakursda düşəcək. Baş nazirin həyat yoldaşı V. Lario da 30 illik birgə həyat və 3 övladlarının olmasına baxmayaraq, Berluskoninin qalmaqallı həyat tərzi ucbatından diqqət mərkəzinə düşməkdənsə, boşanmağa üstünlük verib. İş o yerə çatıb ki, "Rolling Stones" jurnalı qalmaqallarla məşhur olduğu üçün Berluskonini "ilin rok ulduzu" adına layiq görüb.

 

"Karla Bruni - Sarkozinin əri"

"Köhnə" qitənin daha bir aparıcı dövlətinin prezidenti də italiyalı həmkarına qətiyyən "uduzmur". Fransa prezidenti Nikolə Sarkozi siyasi rəqiblərini dəfələrlə haqqında onu ləkələyən şayiələr yaymaqda ittiham edib. Lakin görünür, onun özü də belə əməllərdən çəkinmir. Sarkozi Beynəlxalq Valyuta Fondunun rəhbəri doktor D.Stross-Kana kinini heç vaxt gizlətməyib. Özü də Kanın bu vəzifəni tutması da bunun nəticələrindən biridir: Sarkozi doktorun bu postu tutmasına fəal lobbiçilik edib. Axı bu, Kanın Fransanı tərk edəcəyinə zəmanət demək idi.

Məlum olduğu kimi, G20-nin Pittsburqda keçirilmiş toplantısında Fransa prezidenti tualetdə Stross-Kanla qarşı-qarşıya gəlib və həmin an onlar arasında son dərəcə xoşagəlməz söhbət olub. Şahidlərin sözlərinə görə, Kann Fransa prezidentini onun seksual əxlaqsızlığına dair söz-söhbət yaymaqda günahlandırıb: "Mən yaxşı bilirəm ki, bütün bu söz-söhbətlər Yelisey sarayından yayılır. Uşaqlarına denən buna son qoysunlar. Yoxsa səni cəzalandıracağam". Fransalı ekspertlərdən birinin iddiasına görə, D.Stross-Kan Sarkozinin siyasi karyerası boyunca qarşılaşdığı ən təhlükəli rəqibdir. Odur ki, ona qarşı qaydasız müharibəyə başlandığı heç kəsi təəccübləndirmir.

Çoxları televiziya vasitəsilə bu səhnəni dəfələrlə izləyib: N.Sarkozi beynəlxalq kənd təsərrüfatı sərgisində iştirakdan sonra çıxışda düzülmüş insanların əlini sıxan zaman, bir nəfər prezidentə əl uzatmaqdan imtina edib və ona deyib: "Mənə toxunma. Sən məni ləkələyəcəksən". Sarkozi də öz növbəsində "borclu" qalmayıb: "Rədd ol burdan, axmağın biri axmaq".

Yeri gəlmişkən, bu, Fransa prezidentinin üzləşdiyi ilk belə insident deyil. Sarkozinin ictimaiyyətlə görüşlərinin birində bir gənc evinin eyvanından prezidentin ünvanına təhqir səsləndirib. N.Sarkozinin onu aşağı çağırmasına cavab olaraq gənc bildirib ki, o, aşağı düşsə, prezident üçün yaxşı olmayacaq.

Son zamanlar Fransa prezidentinin adının dillərdə gəzməsinin əsas səbəblərindən biri də onun 42 yaşlı üçüncü həyat yoldaşı, italyan-fransız əsilli fotomodel və müğənni K.Brunidir. Göründüyü kimi, Sarkozinin də ailəsi dağılıb, özü də iki dəfə. Onun əvvəlki nikahlarının hərəsindən 1 oğlu var.

Türkiyə prezidenti Abdullah Güllə görüşdə Sarkozi saqqız çeynəməklə, diplomatik etikanın bütün növlərini kobudcasına pozdu. Hər halda bu, görüşdə iştirak edən digər dövlət başçısını təhqir etməkdir. Türkiyənin bəzi qəzetləri Sarkozini məhz bu əməlinə görə "Fransa prezidenti Sarkozi" yox, "K.Bruni-Sarkozinin əri" adlandırıblar. Amma bu onu nəinki məyus etməyib, hətta bəlkə də əksinə, sevindirib.

2008-ci ildə Cənubi Qafqazda baş vermiş münaqişə ilə bağlı üzərinə götürdüyü diplomatik missiyanın iflasa uğraması da N.Sarkozini narahat etmir. 

Məlum olduğu kimi, ATƏT-in birillik süründürməçiliyindən sonra həmin hadisəyə görə günah Tbilisinin boynuna qoyuldu.

Beləliklə, N.Sarkozi Avropanın ehtiyacı olan güclü lider deyil. Onun Şarl de Qoll, Fransua Mitteran, hətta ən azı Jak Şirakla müqayisə edilməsinə göstərilən cəhdlər isə əvvəldən iflasa uğrayıb.

 

"Dəmir qız"

Bəlkə də bunun bizim mövzumuza bilavasitə aidiyyəti yoxdur. Amma qeyd etmək lazımdır ki, bu gün Avropanın aparıcı ölkələrinin liderləri sanki qarşılarına bir neçə nikaha girmək məqsədi qoyublar. Bunu Almaniya tarixinin ilk qadın kansleri Angela Merkel haqda da söyləmək olar. O, 1988-ci ildə ikinci dəfə ailə qurub.

Digər avropalı həmkarları ilə müqayisədə Merkel, yaxşı mənada fərqlənsə də, onun da xarizmatik və güclü lider keyfiyyətləri haqda danışmaq şişirtmə olardı. O.Bismark, K.Adenauer, H.Kol və hətta digər kanslerlərlə müqayisədə yumşaq xasiyyətli şəxs kimi tanınmış H.Şröyderlə də müqayisədə bu daha aydın hiss olunur. Bundan başqa, A.Merkelin siyasi Olimpin zirvəsinə hansı yollarla qalxdığına nəzər yetirəndə aydın olur ki, hətta ən yaxın silahdaşları da ona etibar edə bilməzlər. A.Merkelin böyük dövlət və siyasi xadimə çevrilməsi çox qəribə görünür. 35 yaşınadək o, ümumiyyətlə, siyasətlə məşğul olmayıb, nə dissidentlikdə, nə də hansısa etirazçı hərəkatda iştirak edib. Yalnız Berlin divarlarının sökülməsindən sonra A. Merkel siyasətlə məşğul olmağa başlayıb və "Demokratik inkişaf" hərəkatına qoşulub. O, ADR-in Lotar de Mezerin rəhbərlik etdiyi son hökumətində spiker müavini olub. 

Yeri gəlmişkən, məhz Lotar de Mezerin sayəsində Merkelin tanındığını söyləyirlər. Merkel nazir kimi çox vaxt kompromis tapa bilmirdi və daim münaqişələrin iştirakçısı olurdu. 

Parlament dövlət katibi postunu tutmuş Q.Qrauze Merkelin ikinci xaç atası sayılır. Onun sayəsində Merkel Bundestaqa deputat seçilib. Amma qadın kanslerin əleyhdarlarının dilində bir anda şüara çevrilmiş fikir də məhz Krauzeyə məxsusdur: "O, çox yaxşı, xoşagələn qadındır. Lakin sən  üzünü döndərən kimi, arxadan zərbə vuracaq".

Bütün bunlarla yanaşı, Merkel siyasi karyerasındakı ciddi uğurlara görə Helmut Kola borcludur. 1998-ci ildə məhz o, XDİ-nin (Xristian-Demokrat İttifaqı) baş katibi postuna bu xanımın namizədliyini irəli sürüb. Siyasi Olimpə doğru hərəkət edən Merkel məqsədinə çatmaq üçün istənilən vasitəyə əl atıb. Xanım siyasətçi ona müqavimət göstərmək istəyən hər kəsi ustalıqla "nokaut"a salıb. Bu münasibətlə, hətta Merkelin tərəfdaşları və dostları da üzləşiblər.

1999-cu ilin sonlarında XDİ-nin qeyri-qanuni maliyyələşdirilməsinə dair qalmaqal yaşanıb. O zaman H.Kol bütün siyasi məsuliyyəti öz üzərinə götürüb. Və artıq bir ay sonra Merkel "Frankfurter alqeymane tsaytunq"da dərc etdirdiyi məşhur məqaləsində XDİ üzvlərini H.Koldan uzaq durmağa çağırırdı. O zaman Merkelin bu addımı çoxları üçün gözlənilməz oldu. Məlum oldu ki, intriqadan uzaq alim imici ilə tanınan Merkel, əslində, olduqca sərt politikan imiş. Bu səbəbdən publisist A.Osanq "Dəmir qız" məqaləsində Merkelə belə xarakteristika verib: "O, kişiləri iki qrupa bölür. Karyerasına kömək edənlərə və özünü istifadə olunmuş sayanlara. Merkel həyatıboyu cəbhələr arasında manevr etməyi öyrənib. Axı o nə istəyir? Bunu başa düşmək çox çətindir".

Yəqin ki, bunu onun özü də bilmir. Rusiyalı analitiklər Merkelin "Biz mühafizəkarlar qorunmalı olanı qoruyur, inkişaf etməli olanı inkişaf etdiririk" və ya "Mən səfeh söz danışmamışam, sadəcə, yanlış fikir söyləmişəm" kimi fikirlərini V.Çernomırdinin leksikası ilə müqayisə edirlər.

Və ya daha bir olay: Merkel bir dəfə Ukraynanın, ümumiyyətlə, dövlət olmadığını söyləməklə, suveren dövlətin mövcud olma hüququnu sual altına qoymuş və bununla da Ukrayna xalqını təhqir etmişdi.

 

Qordon nə ilə öyünə bilər?

Dünya tarixinə B.Dizraeli, U.Çerçill və M.Tetçer kimi şəxsiyyətlər bəxş etmiş Böyük Britaniyada da parlaq siyasi lider kasadlığı yaşanır. Hazırkı baş nazir Qordon Braunun yalnız Böyük Britaniya kraliçası İkinci Yelizaveta tərəfindən tənbeh olunması ilə yadda qalıb: xatırladaq ki, britaniyalı deputatların şəxsi ehtiyacları üçün xərclərinin miqdarının açıqlanması kraliçanı özündən çıxarmışdı. Britaniya KİV-in məlumatına görə, kraliça baş naziri, orta məktəb şagirdi kimi tənbeh etmişdi. Bu hadisədən sonra Q. Braun britaniyalı seçicilərdən üzr istəsə də, həm onun, həm də Leyboristlər Partiyasının imicinə ciddi zərbə dəydi. 

Braunun sələfi və partiyadaşı Toni Bler haqda da yüksək fikirlərə rast gəlinmir. Bəzi ekspertlər hesab edirlər ki, o, tarixə nə vaxtsa Böyük Britaniyanın xarici siyasəti ilə məşğul olan ən dardüşüncəli siyasətçi kimi düşəcək: "O, İraqın mifik kütləvi qırğın silahının Britaniya üçün dəhşətli təhlükə yaratdığını "üzə çıxarmaqla" yanaşı, Rusiyanın tədricən bütün Avropada hegemonluğu ələ almaqda olduğunu gözdən qaçırıb".

Bundan başqa, ikinci seçki kampaniyası dövründə Blerin həyat yoldaşının bir fikri də çoxlarının yaddaşından silinmir. Qadın ərinin böyük siyasi uğurlarından yox, yataqda bir gecədə onunla 5 dəfə intim əlaqəyə girməsi kimi "qəhrəmanlıq"ından danışırdı...

 

Aİ-ni kim öz ardınca aparacaq?

Beləliklə, Avropanın aparıcı dövlətlərinin rəhbərlərinin fəaliyyətinə diqqət yetirdikdə, bu cür mənzərə yaranır. Üstəlik, bunu yalnız ayrı-ayrı dövlətlərin liderlərinə aid etmək olmaz. Ümumavropa strukturlarının rəhbər postlarında seçimə nəzər salmaq kifayətdir ki, "köhnə" qitədə güclü siyasi liderlərin mövcudluğu ilə öyünməyin mümkün olmadığını görəsən. Avropanın aparıcı dövlətlərinin liderləri nəinki qeyri-ordinar keyfiyyətləri ilə seçilmirlər, üstəlik, Ümumavropa qurumlarının məsuliyyətli vəzifələrinə heç nə ilə fərqlənməyən şəxsləri seçməyə çalışırlar. Bir müddət əvvəl Avropa İttifaqının ilk prezidenti postuna Belçikanın indiyədək ciddi siyasi uğura imza atmayan, geniş ictimaiyyət tərəfindən o qədər də tanınmayan baş naziri Herman Van Rompeyin seçilməsi də buna sübutdur. Amma onun 2004-cü ildə səsləndirdiyi bir sərt bəyanatı ilə yaddaşlarda olduğunu söyləmək mümküdür: "Aİ xristian dövlətlərin birliyidir və o səbəbdən də  burada müsəlman Türkiyəyə yer yoxdur". 

Bəlkə onun ən böyük uğuru elə bu bəyanatındadır? 

Özü də bir müddət əvvəl İsveçrədə minarə tikintisinə qadağa qoyulması fonunda bu ideya daha aktual görünməyə başlayır. Üstəlik, artıq "xristian dəyərlərini müdafiə edən" bir sıra dövlətlər də bu isterikaya qoşulmaq niyyətlərini ortaya qoyublar.

Qeyd edək ki, Herman Van Rompeyin Aİ prezidenti seçilməsinə məhz Almaniya ilə Fransa lobbiçilik edib. Qurumun xarici işlər naziri postunu britaniyalı baronessa Ketrin Marqaret Eştonun (5 uşaq anası olan 53 yaşlı qadın Aİ-nin ticarət məsələləri üzrə komissarıdır) tutması gözlənilməz olsa da, hər kəsi qane edib. Avropa Komissiyasının sədri Joze Manuel Borrozu yekun mətbuat konfransında məmnunluqla deyib: "Mən seçimin qurumumuzun gələcək liderləri olan məhz bu şəxslərin üzərində dayanmasından çox xoşbəxtəm".

Bu yerdə dahi N. Makiavellinin bir fikri yada düşür: "Hökmdarın ağlı və bacarığını qiymətləndirmək üçün, ilk növbədə, onun öz ətrafına topladığı insanlara baxmaq lazımdır".

Görünən odur ki, Avropa ölkələrinin zəif liderləri Ümumavropa evinə güclü şəxslərin rəhbərlik etməsində maraqlı deyillər. Çox güman ki, onlar Aİ-nin güclü prezidenti və xarici işlər naziri yanında daha "yaraşıqsız" görünməkdən ehtiyatlanırlar. Və ya onların vahid Avropa haqda bütün dedikləri spekulyasiya və boşboğazlıqdır. Xatırladaq ki, Avropanın aparıcı liderlərindən bu istiqamətdə real addımlar tələb olunan zaman onlar dəfələrlə bunu etiraf ediblər. Bu isə göstərir ki, həmin şəxslər öz ölkələrinin maraqlarına cüzi zərər dəyəcəyi təqdirdə belə, heç zaman Ümumavropa evi uğrunda mübarizə aparmayacaqlar. Almaniyanın "yaşıllar" partiyasını təmsil edən deputat R.Harmsın fikri real vəziyyəti daha yaxşı göstərir: "Düşünürəm, dövlət və hökumət başçıları Lissabon müqaviləsi erasını Aİ-yə güclü prezident seçməklə başlamaq haqda razılığa gələ bilməyiblər. Onlar adi texnokrata üstünlük veriblər və bu mənim xoşuma gəlmir. Hesab edirəm, Avropanın həqiqətən güclü liderə ehtiyacı var".

Nəhayət, sonda Çerçillin siyasət sənəti haqda məşhur aforizmini xatırladaq: "Siyasətçi sabah, bir həftə, bir ay, bir il sonra nə baş verəcəyini əvvəlcədən söyləməyi, sonra isə o bunun nə üçün baş verdiyini izah etməyi bacarmalıdır".

Avropada bu tələblərə cavab verən liderlər çoxdurmu?



MƏSLƏHƏT GÖR:

615