
MÜHARİBƏ DAVAM EDİR
ABŞ terrorla mübarizənin yeni mərhələsinə başladı
Müəllif: Natiq NAZİMOĞLU Bakı
Vaşinqton beynəlxalq terrorizmlə mübarizənin yeni mərhələsinə başladı. Hər halda, xalqının təhlükəsizliyinə görə bütün məsuliyyəti üzərinə götürən ABŞ prezidenti Barak Obamanın son bəyanatları və qərarları belə deməyə əsas verir.
Barak Obama: "Sistemdə problem yaşanıb - məsuliyyət mənimdir".
Birləşmiş Ştatlarda milli təhlükəsizlik sisteminin yenidən qurulmasına dekabrın 25-də Amsterdam-Detroyt transatlantik reysi ilə uçan təyyarənin partladılmasına edilən cəhddən dərhal sonra qərar verildi. Xatırladaq ki, 23 yaşlı nigeriyalı Umar Faruk Abdul Mutallab sözügedən reysdə terror aktı törətməyə çalışsa da, istəyinə nail ola bilməmişdi. Baş tutmamış terror aktının təşkilinə görə "Əl-Qaidə" məsuliyyəti öz üzərinə götürdü. İslamçılara məxsus saytların birində bildirilir ki, göyərtəsində 278 sərnişin və 11 heyət üzvünün olduğu təyyarəni partlatmaq istəyən "nigeriyalı qardaş" Amerikanın bütün təhlükəsizlik baryerlərini aşaraq, ABŞ kəşfiyyatının qüdrəti haqda mifi məhv etmiş oldu.
Ağ evdə güc strukturunun rəhbərləri ilə keçirilmiş iclasın sonunda prezident Obama etiraf edib ki, həmin gün (dekabrın 25-də) Amerikanın təhlükəsizlik sistemində "təhlükəli problem" yaşanıb. Dövlət başçısı bildirib ki, bu, yüzlərlə insanın həyatına son qoya bilərdi: "ABŞ hökumətində bu hadisənin üstünü açmaq üçün kifayət qədər informasiya olub. Lakin kəşfiyyat bütün detalları bir araya toplaya bilməyib".
Bununla yanaşı, Obama baş verənlərə görə bütün məsuliyyəti öz üzərinə götürüb. "Sistemdə problem baş verib və məsuliyyət mənimdir", - deyə Ağ ev sahibi qeyd edib.
Ən maraqlısı isə odur ki, Obama prezidentlik fəaliyyətinə başladıqdan sonra ilk dəfə olaraq hər kəsin Corc Buş dönəmində eşitməyə adət etdiyi ruhda bəyanat səsləndirib: "Biz müharibə şəraitində yaşayırıq. Zorakılıq və ədavət yayan böyük şəbəkə, 11 Sentyabrda bizə hücum etmiş "Əl-Qaidə" ilə müharibə aparırıq. Bu müharibədə qələbə qazanmaq üçün əlimizdən gələni edirik".
Amerikanın dövlət təhlükəsizlik sistemində dəyişikliklər olunduğunu bəyan edən prezidentin sözlərinə görə, yenilik, ilk növbədə, terror aktlarının qarşısının ilkin mərhələdə alınmasına, aeroportlarda sərnişinlərin yoxlanılması üçün yeni nəsil texnologiyalardan istifadədə qurumlararası əlaqə və səylərin artırılmasına, terrorla mübarizədə beynəlxalq tərəfdaşlığın gücləndirilməsinə yönəldiləcək. Yeniliklərə əsasən, hava limanlarında ABŞ-a uçan sərnişinlərin uçuşöncəsi yoxlanış qaydaları son dərəcə ağırlaşdırılıb. Söhbət, ilk növbədə, "terrorun sponsorları" adlandırılan ölkələrdən Amerikaya uçmaq istəyən şəxslərin diqqətlə yoxlanılmasından gedir. Buraya isə İran, Sudan, Suriya və Kuba daxildir. Bu ölkədən olan sərnişinlər şəxsən yoxlamadan keçməli və yüklərinə də baxışa imkan yaratmalıdırlar.
Nigeriya, Yəmən və Pakistandan olan sərnişinlərə də eyni qaydalar tətbiq ediləcək.
Təhlükəsizliyin təminində aeroportlarda yoxlamalara yeni texnologiyaların cəlb edilməsi də əsas yeniliklərdəndir. Bu məqsədlə hava limanlarında yeni modifikasiyalı fotoskaynerlər quraşdırılacaq.
Bundan başqa, Obama Dövlət Departamentinə Birləşmiş Ştatlara gəlmək istəyən şəxslərə viza verilməsi qaydalarının sərtləşdirilməsini, həmçinin terror təhlükəsinin artması ilə əlaqədar artıq verilmiş vizaların ləğvini tapşırıb. Bu tədbirlər belə düşünməyə əsas verir ki, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi yuxarıda adı çəkilən ölkələrlə yanaşı, digər dövlətlərin vətəndaşlarına da təsir göstərəcək. Özü də antiterror koalisiyasında Amerika ilə birlikdə mübarizə aparan və onun strateji tərəfdaşı olan ölkələr də istisna deyil. Deməli, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ABŞ-ın müttəfiqi olan ölkələrin Birləşmiş Ştatlar üçün heç bir təhlükə yaratmayan vətəndaşlarının da bu ölkəyə səfər etməsinə mane olacaq.
Obamanın Amerika xalqına çatdırdığı əsas fikir isə ondan ibarətdir ki, ABŞ-ın həyata keçirdiyi bütün təhlükəsizlik tədbirlərinə baxmayaraq, "Əl-Qaidə" yenə də ona zərbə endirmək iqtidarındadır. Düşünmək olar ki, Obama növbəti prezident seçkisinədək (2012-ci ilin sonu) "Əl-Qaidə" lideri Üsəma Ben Ladenin neytrallaşdırılmasına nail olmaq üçün real tədbirlər görmək fikrindədir.
Növbədə Yəməndir
Amerikanın təhlükəsizlik sisteminin yenidən təşkil edilməsi antiterror mübarizəsinin yeni mərhələsinin uğurla başa çatmasına yönələcək. Onun əsas meydanı isə, güman ki, Yəmən olacaq. İstintaq gənc nigeriyalının "Əl-Qaidə"nın məhz Yəmən qanadı tərəfindən hazırlandığını və ABŞ-a göndərildiyini müəyyənləşdirib. Saxlanılan nigeriyalının özü də etiraf edib ki, Yəməndə təyyarə partlatmaq "sənət"ini onunla birlikdə iyirmiyədək gənc də öyrənib. Nigeriyalının sözlərinə görə, həmin şəxslər də onun Detroyt üzərindəki təyyarədə tətbiq etməyə çalışdığı üsul və təcrübələrə yiyələniblər.
Bundan başqa, o da nəzərə alınmalıdır ki, Yəmən Üsəma Ben Ladenin əcdadlarının vətənidir (baxmayaraq ki, o, Səudiyyə Ərəbistanında doğulub). Görünür, məhz bu faktor Ərəbistan yarımadasının cənubunda yerləşən yoxsul bir ölkənin müasir terrorizmin istehkamlarından birinə çevrilməsində əsas rol oynayır. Yəmən terrorçuları arasında radikal təbliğatçı, ABŞ-dan olan imam Ənvər əl-Əvlaki xüsusilə məşhurdur. Vaxtilə 2001-ci ilin 11 Sentyabr terrorunun icraçılarına xeyir-dua vermiş bu şəxs 2002-ci ildə tarixi vətəninə köçüb.
Bir müddət əvvəl Yəmən hökuməti əl-Əvlakinin öldürüldüyünü bəyan etsə də, sonuncunun qohum və tanışları onun sağ-salamat olduğunu bildirib.
Qeyd edək ki, əl-Əvlakinin tələbələrindən biri amerikalı hərbi psixiator Nidal Həsəndir. Söhbət ötən il noyabrın əvvəllərində Texas ştatındakı Fort-Xud hərbi bazasında qanlı olay törətmiş şəxsdən gedir. İndi isə baş tutmamış terroru reallaşdırmağa çalışan Əbdül Mütəllibin də əl-Əvlaki ilə əlaqəsinin olduğuna dair məlumatlar yayılıb.
İstənilən halda, Amerika hökuməti nigeriyalı terrorçunun bu şəxslə əlaqələrinə dair məlumata malik olduğunu göstərir.
Baş tutmamış terror aktı ilə bağlı telemüraciətində Barak Obama Yəməni "yoxsulluq və qanlı qiyamlarla çirklənmiş ölkə" adlandırıb. "Bizim əsas məqsədimiz Yəmən hökuməti ilə terrorla mübarizədə tərəfdaşlığı gücləndirmək, bu ölkənin xüsusi xidmət orqanlarını silahlandırmaq və təlim keçmək, həmçinin onlara kəşfiyyat məlumatları ötürməkdir", - deyə prezident qeyd edib.
ABŞ-ın əsas müttəfiqi olan Böyük Britaniyanın rəsmiiləri də öz növbəsində bəyan ediblər ki, onlar yanvarın 28-də Londonda Yəməndə terrorizmə həsr olunmuş beynəlxalq sammit təşkil etməyə hazırdırlar.
Vaşinqton isə artıq Yəmən ərazisindəki "Əl-Qaidə" terrorçularına qarşı xüsusi əməliyyatlar planının hazırlanması və reallaşdırılmasına başlayıb. Məhz bu əməliyyatların ilk uğuru kimi, ABŞ-ın bu ölkədəki səfirliyinin fəaliyyəti bərpa edilib. Xatırladaq ki, Vaşinqtonun Yəmən paytaxtındakı diplomatik missiyası yanvarın lap əvvəlində terrorçu təşkilatın yerli qanadının yaratdığı təhlükə üzündən fəaliyyətini dayandırmışdı. Həmin vaxt terrorçular "müsəlman dininə etinasız olmayan" hər kəsi yadellilərə hücuma səsləyirdi. Yanvarın 2-də ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının rəhbəri Devid Petreus da Yəmən paytaxtına gəlib. Onun ölkə prezidenti Əli Abdulla Salehlə görüşündə birgə antiterror tədbirlərinin həyata keçirilməsi imkanları müzakirə olunub. Bunun ardınca Vaşinqton və Sana xüsusi əməliyyata start veriblər, nəticədə, Amerika səfirliyi ilə yanaşı, digər Qərb dövlətlərinin bu ölkədəki diplomatik missiyaları da fəaliyyətlərini bərpa edə biliblər.
Beləliklə, Yəmən Əfqanıstan və İraqın ardınca, beynəlxalq antiterror koalisiyasının fəaliyyət göstərəcəyi üçüncü ölkəyə çevrilir.
Amma Ağ ev onu da yaxşı anlayır ki, Əfqanıstan və İraq əməliyyatları "Əl-Qaidə"nin darmadağın olunmasını təmin etmədiyi bir şəraitdə, yeni missiyanın başlanması həm antiterror əməliyyatları, həm də ümumilikdə qlobal təhlükəsizlik üçün ciddi fəsadlar verə bilər.
MƏSLƏHƏT GÖR: