UĞURSUZ BAŞLANĞIC, UĞURLU SON
"Ilin ən yaxşı idmançısı" Fərid Mansurov öz yerində kimi görmək istərdi
Müəllif: Sənan Şəfizadə Bakı
Nəhayət, Gənclər və İdman Nazirliyi ilin laureatlarını açıqladı. Ən çox maraq doğuran məqam ilin idmançısıyla bağlı idi. 2009-cu ildə dünya və Avropa çempionatlarında böyük qələbələrimiz çox olduğuna görə, əvvəlcədən hansı idmançının fəxri ada layiq görüləcəyini demək asan deyildi. "İlin idmançısı" adına real namizəd kimi yunan-Roma güləşi üzrə ikiqat dünya çempionu Fərid Mansurov, güləş üzrə dünya və Avropa çempionu Mariya Stadnik və avarçəkmə üzrə dünya çempionatının, eləcə də qitə birinciliyinin qalibi Valentin Demyanenko göstərilirdi. Beləliklə, başa çatan 2009-cu ilin ən yaxşı idmançısı Fərid Mansurov seçildi. Təvazökar güləşçi karyerası ərzində 3-cü dəfə ölkənin ən yaxşı idmançısı elan olundu. Bizimlə söhbətdə Afina Yay Olimpiya Oyunlarının qalibi və ikiqat dünya çempionu 2009-cu ilin uğursuz başlamasından, dünya çempionatındakı qələbəsindən və arzuladığı tituldan danışdı.
- 2009-cu ilin ən yaxşı idmançısı üçün il necə başlamışdı?
- Heç yadıma salmaq istəməzdim. Avropa çempionatında uğursuz çıxış etməklə əhvalımızı korlamışdıq. Amma hadisələrin sonrakı axarı göstərdi ki, yunan-Roma güləşçilərimiz tez toparlanmağı bacarır.
- Hər halda il pis başlasa da, uğurlu oldu...
- Heydər Əliyevin xatirəsinə həsr olunan qızıl "Qran-Pri" turnirində qələbə qazanmaqla özümə gəldim. Ən böyük qələbəm isə Danimarkada təşkil edilən dünya çempionatında baş tutdu. Təkcə mən deyil, bütün komandamız ən güclülərin yarışdığı çempionatda möhtəşəm çıxışla yadda qaldı. 3 medal qazandıq. Komanda hesabında yunan-Roma güləşçiləri ilk dəfə 3-cü yeri tutdu. Təbii ki, 2-ci dəfə dünya çempionu olmağı çox arzulayırdım. Sevinirəm ki, istəyimə çatdım. Beləcə, 2009-cu ili başa vurduq.
- Sənə elə gəlmir, ilin əsas hadisələrindən birini demədin...
- (Gülümsəyir) Düz deyirsiniz. Nəhayət, dekabrda ailə həyatı qurdum. Demək olar ki, ili major notda bitirdim.
- Kolleksiyanda Afina Olimpiadasının, eləcə də dünya çempionatının 2 qızıl medalı var. Fərid Mansurov daha nə istəyir?
- Avropa çempionu olmamışam. İstəyirəm, qitə birinciliyində də qalib gəlim. İdmanda hər şey mümkündür. Görürsən ki, olimpiya çempionu dünya çempionu ola bilmir. Və ya dünyanın ən yaxşı idmançısı Avropa çempionatında özünü göstərə bilmir. Avropa çempionatına ciddi hazırlaşacağam. İstəyirəm, kolleksiyamda qitə birinciliyinin də qızıl medalı olsun.
- 2009-cu ilin ən yaxşı idmançısı seçiləcəyini gözləyirdin?
- Həm gözləyirdim, həm də yox. Çünki bu il idmanımızda medalların sayı çox oldu. İstənilən halda məni ilin ən yaxşı idmançısı seçənlərə "çox sağ ol" deyirəm. Hər halda, xalqın seçimi düz olur.
- Əgər səndən soruşsaydılar, 2009-cu ilin ən yaxşı idmançısı kimi seçərdin...
- Yəqin, Mariya Stadniki. Xanım güləşçi həm Avropa çempionatında qalib gəldi, həm də dünya çempionatında. Mariya çox uğurlu mövsüm keçirdi. Ona görə, fikrimcə, ilin ən yaxşı idmançısı Mariya Stadnikdi.
- Bəs kişi idmançılar arasında seçim etsəydin?
- (Gülür) Onda, yəqin, öz adımı çəkməliyəm. Qızıl Qran-Pridə birinci yeri tutdum və dünya çempionu oldum.
- Ağır atletika yığmasının lideri Nizami Paşayev də dünya çempionu olmağa yaxın idi...
- Nizami Paşayev yaxın dostumdur. Demək olar ki, ikimiz də eyni vaxt zədələndik. Zədə idmançını istədiyi kimi məşq eləməyə qoymur. Yəni demək istəyirəm ki, Nizaminin hansı əziyyəti çəkdiyini bilirəm. Dünya çempionatında çox gözəl çıxış etdi. Sadəcə, gümüş medalla kifayətləndi. Nizaminin uzun fasilədən sonra mötəbər yarışda medal qazanması böyük qələbədir. Şəxsən mənim üçün onun gümüş medalı qızıla bərabərdi.
- Böyük qələbələrdən danışdıq. Görəsən, hansı idman növü 2009-cu ildə Fərid Mansurovu yaxşı mənada təəccübləndirmədi?..
- Boksçulardan uğur gözləyirdim. Hər Olimpiya Oyunlarında dəri əljək sahibləri medal qazanır. Amma 2009-cu il onlar üçün uğursuz oldu. Yəqin, yeni heyətin formalaşdırılmasıyla əlaqədardır.
- Taekvondo haqda nə deyərdin? Dostun Niyaməddin Paşayev artıq idmanla vidalaşıb...
-Taekvondo üzrə dünya çempionu Niyaməddin Paşayev karyerasını başa vursa da, ürəyi idmanla döyünür. Sadəcə olaraq, zədə ona istədiyi kimi döyüşməyə imkan vermir. Təklikdə söhbət edən zamanı taekvondo üçün darıxdığını deyir. Onun yoxluğunda Rəşad Əhmədov liderliyi qoruyur. Rəşad dünya çempionatında bürünj medal qazanmaqla özünü göstərdi. Başa düşürəm ki, xalqımız hər yarışda ancaq qızıl medal gözləyir. Amma turnirə gələn bütün idmançıların medal qazanmaq istəyini unutmaq olmaz. Gərgin rəqabət zamanı dünya və Avropa çempionatında bürünc və gümüş medalı əldə etmək asan başa gəlmir.
- Uğurlu çıxış dedikdə, şahmatçıları yaddan çıxartdın...
- Şahmatçılarımızın komandaların Avropa çempionatında qələbə qazanması böyük uğurdur. Amma siz şahmatçıları soruşdunuz, avarçəkməni yada salmadınız. Valentin Demyanenko bu il həm dünya, həm də Avropa çempionu oldu. Avarçəkmə üzrə yığmanın bütün üzvləri ölkəmizi layiqincə təmsil etdilər.
- Pekin Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədli haqda nə deyə bilərsən? 2009-cu ildə o, heç bir yarışda çıxış edə bilmədi...
- Elnur olimpiadadan sonra zədələnmişdi. Dizindən cərrahiyyə əməliyyatı keçirməli oldu. Mənim zədəmin tez sağalmasında bəxtim gətirdi. Amma Elnura bir müddət müalicə üçün vaxt lazım oldu. Ondan narahat olmağa dəyməz. Allah qoysa, 2010-cu ildə Məmmədli sözünü deyəcək.
- Fərid Mansurov üçün dünya çempionatında 2-ci dəfə qələbə qazanmaq nə deməkdi?..
- Özünü sübut etmək deməkdir. Olimpiadadan sonra bəziləri bir sıra idmançılarımızı siyahıdan silmişdi. Nizami Paşayev, Rəşad Əhmədov elə mənim özümü də. Amma sübut etdik ki, bizi hələ siyahıdan silmək tezdir. Hələ qarşıda çox yarışımız var.
- Sonda oxucularımıza sözün...
- Hamını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirəm. Qoy, bütün idmançılarımıza dəstək olsunlar. Dəstək sizdən, qələbə bizdən.
MƏSLƏHƏT GÖR:

529

