Müəllif: Sənan NADİROĞLU Bakı
Azərbaycan idmanında ardıcıl uğur qazanan, qələbə çalmaqdan yorulmayan azsaylı idmançılar var. Bəzən bir-iki qələbədən sonra idmançı məşqlərdən soyuyur və əvvəlki kimi hazırlaşmır. Deyilən fikirlər söhbət açacağımız idmançıya aid deyil. O, bir çoxları üçün nümunə, Azərbaycana görə isə ən titullu idmançılardandır. Söhbət paralimpiyaçı cüdoçu İlham Zəkiyevdən gedir.
İkiqat paralimpiya çempionu, ikiqat dünya və beşqat Avropa çempionu bu günlərdə paralimpiyaçı cüdoçular arasında keçirilən turnirdə dünya kubokunu qazanıb.
15 yaşından cüdo ilə məşğul olan qəhrəmanımız qısa müddət ərzində böyük uğurlara imza atır. Sumqayıt şəhərində keçirilən turnirdə qalib gəlir, gənclər arasında keçirilən cüdo üzrə Azərbaycan birinciliyində qaliblər arasında yer tutur və sambo üzrə yeniyetmələr arasında respublika çempionu olur.
Hərbi xidmətdə olduğu müddətdə İlham Zəkiyev həyatının ən böyük zərbəsinı alır. 1999-cu ilin fevral ayında növbəti dəfə döyüş tapşırığını yerinə yetirərkən erməni snayperinin açdığı atəş nəticəsində İlham yaralanır. Güllə onun başına dəyir. Aldığı yaradan sonra İlham 5 gün komada olur. Komadan çıxdıqdan sonra məlum olur ki, İlham görmə qabiliyyətini tamamilə itirib. İlham Zəkiyev birinci dərəcəli Qarabağ əlili kimi evə dönür.
İlham Zəkiyevin sözlərinə görə, 19 yaşında görmə qabiliyyətini itirməsi nəticəsində çətin vəziyyətə düşür. Ailəsinin və yaxın dostlarının bu müddət ərzində ona dəstək olması İlhama belə çətin dövrü arxada qoymağa kömək edir. Belə bir vəziyyətdə onun böyük idmana qayıtması böyük bir sensasiya kimi qəbul edilə bilərdi. Bir müddət müalicə alan İlham sonradan Gənclər və İdman Nazirliyinə müraciət edərək hansı idman növü ilə məşğul olaraq yarışmalara çıxa biləcəyi barədə sorğu göndərir. Burada ona paralimpiya üzrə cüdo yarışlarında iştirak etməyi təklif edirlər.
Bundan sonra İlham Zəkiyev bir sıra mötəbər yarışlarda Azərbaycan bayrağını yüksəldir, dövlət himnimizi səsləndirir.
Qəhrəmanımız yaxınlarda Macarıstanın Eger şəhərində keçirilən paralimpiyaçı cüdoçular arasında dünya kuboku yarışlarında iştirak edib. İlham Zəkiyev bütün rəqiblərini üstələyərək yarışın qızıl medalını qazanıb. 100 kiloqramdan artıq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz yarımfinalda rusiyalı, finalda isə yaponiyalı idmançı, London Paralimpiya Oyunlarının qalibi Masaki Kento üzərində inamlı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Turnirdəki digər uğurumuz xanım idmançılarla bağlıdır. 73 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçu Ramilə Qasımova da bütün rəqiblərinə qalib gələrək dünya kubokunun sahibi olub. Milli komandamızın digər üzvü Səbinə Abdullayeva (57 kq) isə final görüşündə məğlub olaraq gümüş medalla kifayətlənib.
"R+"la təəssüratlarını bölüşən Zəkiyev ilk olaraq Macarıstandakı yarışdan danışdı: "Yüksək reytinqimə görə ilk mərhələdən azad idim. İkinci mərhələdə İraq idmançısına ipponla qalib gəldim. Yarımfinalda Rusiya təmsilçisi Aleksandr Parasyuku ipponla turnirdən kənarlaşdırdım. Finalda məni London Paralimpiya oyunlarının qalibi yapon Masaki Kento gözləyirdi. Onunla revanş barədə çoxdan düşünürdüm. Londonda finalda ona məğlub oldum. Ötən il ABŞ-da keçirilən Dünya Çempionatının 14 finalında hakimlərin qərəzli qərarları sayəsində Kento mənə qalib gəldi. Həmin görüşdə mən vazari qazandığım halda onlar yuka qeydə aldılar. Sonra məni xəbərdarlıqla uduzdurdular. Buna görə Macarıstandakı final vacib və məsuliyyətli idi. Ona qalib gəlməklə Dünya Çempionatındakı revanşı aldım. Paralimpiya oyunlarındakı revanş gələn il Braziliyada olmalıdır".
Hər zaman yalnız idman haqda düşünən Zəkiyev uğur qazanmaq üçün zəhmət çəkmək lazım olduğunu bildirdi: "Mənim işim karyeramdır. İdmanı çox sevirəm. O, mənə yenidən həyat verdi, mübarizə aparmağa imkan yaratdı. Məğlub olanda səhvlərim barədə düşünürəm. Hətta qələbə qazanandan sonra belə arxayınlaşmıram. Çünki rəqib növbəti dəfə intiqamını almaq istəyəcək. Buna görə hər dəfə daha yaxşı hazırlaşmağa çalışıram. Hər qələbənin karyeramda öz yeri var".
İlham Zəkiyev müasir Azərbaycan idmanında bəzi həmkarlarının bir qələbədən sonra uğur qazana bilməməsi barədə də fikirlərini söylədi: "Həmkarlarım haqda fikir bildirmək çətindir. Bəlkə, onların işi çoxdur. Amma mənim işim idmandır. Ən çox istedadlı cüdoçu Elnur Məmmədlinin karyerasını başa vurmasına üzülmüşdüm. O, çox istedadlıdır. Çoxları bilmir, amma Elnurun diz qapaqlarında ciddi problem var. Bir neçə dəfə əməliyyat keçirib. Ona görə karyerasını davam etdirə bilmədi".
Cüdoçumuz hazırda yayda Bakıda keçiriləcək Avropa Oyunları barədə düşünür. İlham Zəkiyev növbəti uğurunu məhz doğma şəhərdə qazanmaq niyyətindədir: "Mayda Seulda Ümumdünya Oyunları keçiriləcək. Ola bilər həmin yarışda iştirak etmədim. Əsas məqsəd Bakıda keçiriləcək Avropa Oyunlarına hazırlaşmaqdır. Bakıda ən yüksək mükafatı əldə etmək istəyirəm. Avropanın reytinqinə görə ən güclü 10 idmançısı iştirak edəcək. Ölkəmizdən mənimlə yanaşı, Səbinə Abdullayevə Avropa Oyunlarında mübarizə aparacaq. Əminəm ki, mötəbər yarış yüksək səviyyədə keçiriləcək. Biz idmançılar da qələbələrimizlə dövlətimizi sevindirməliyik".
Karyerasını başa vurmaq barədə düşünmədiyini deyən titullu cüdoçumuz ən böyük arzularından birinin gələn il Rio-de-Janeyro Paralimpiadasında qələbə qazanmaq olduğunu söylədi. Qeyd edək ki, son qələbədən sonra İlham Zəkiyev Avropa reytinqində öz çəkisində ikinci yerdədir. Bu isə onun gələn il Braziliyada keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarına lisenziya qazanacağını əminliklə söyləməyə imkan verir.
MƏSLƏHƏT GÖR: