14 Mart 2025

Cümə, 21:39

GÜC BİRLİKDƏDİR

Ümummilli həmrəylik dünya Azərbaycanlıları üçün həyati əhəmiyyət kəsb edir

Müəllif:

01.01.2010

Müasir, müstəqil Azərbaycanda Yeni il ərəfəsində, dekabrın 31-də xalqımız həm də dünya azərbaycanlılarının həmrəylik gününü qeyd edir. Bu bayramın əsası ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1991-ci il dekabrın 16-da, onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri postunu tutduğu zaman qoyulub. Həmin vaxt muxtariyyətin qanunverici orqanı "dünya azərbaycanlılarının həmrəyliyi və birliyi haqqında" qətnamə qəbul edib. Milli birliyin rəmzi günü kimi dekabrın 31-nin seçilməsi isə heç də təsadüf deyil. 1989-cu ilin məhz həmin günündə ikiəsrlik ayrılıqdan sonra Araz çayının hər iki sahilindəki azərbaycanlılar hələ SSRİ - İran sərhədi sayılan ərazidəki sədləri dağıtmışdılar. Sonradan Sovet və İranın "cəza dəstələri" "nizam-intizam"ı bərpa etsə də, Vətənimizin Cənubu ilə Şimalı, bir anlıq da olsa, birləşmişdi.

Heydər Əliyev qeyri-adi uzaqgörənliklə, həmin günlərin hadisələrinə əsaslanaraq, milli birlik ideyasını sonradan da inkişaf etdirdi. Artıq məqsəd müstəqillik dövrünün milli ideyalarının gerçəkləşdirilməsi idi və bu, bütün həmvətənlərimizin birgə səylərini tələb edirdi. Sonradan prezident postunu tutan Heydər Əliyev milli birliyin nə dərəcədə zəruri olduğunu belə ifadə etmişdi: "Azərbaycan dövlət müstəqilliyi əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olub. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub-saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir. Azərbaycan dövləti gənc olduğu kimi, Azərbaycanın həmrəyliyi də, dünya azərbaycanlılarının birliyi də, müxtəlif ölkələrdəki Azərbaycan icmaları da gəncdirlər. Ancaq indi biz yeni bir mərhələyə keçmişik. Biz formalaşırıq, müstəqilliyimiz möhkəmlənir, xarici ölkələrdə yaşayan azərbaycanlılar daha sürətlə təşkilatlanır və bizim hamımız birlikdə azərbaycançılığı yaşadacağıq, daimi, əbədi edəcəyik...". 

Zaman keçdikcə Dünya Azərbaycanlılarının Həmrəylik Günü öz əhəmiyyətini daha da artırır. Hər ötən il biz Azərbaycanda və ya ondan kənarda yaşamasından asılı olmayaraq, soydaşlarımızın birliyinin vacibliyini daha ciddi şəkildə hiss edirik. Bu yalnız hər insandakı təbii Vətən sevgisi ilə yox, həm də hazırda xalqımız qarşısında duran vəzifələrlə əlaqədardır. Onlardan ən başlıcası isə Ermənistan tərəfindən işğal olunmuş torpaqların tezliklə azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır.

Dünya azərbaycanlılarının birliyi həm də o baxımdan vacibdir ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların sayı vətəndə yaşayanlardan (təxminən, 9 milyon nəfər) daha artıqdır. Dünyada belə göstəriciyə görə, Azərbaycanla müqayisə oluna biləcək az sayda ölkə var. İranda yaşayan 30 milyonadək azərbaycanlı, əsasən, Cənubi Azərbaycanda - öz doğma torpaqlarında yaşayırlar. Daha 12 milyon azərbaycanlı isə digər dövlətlərdə məskunlaşıblar. Məsələn, Türkiyədə, təxminən, 3 milyon, Rusiyada 2, ABŞ-da 1,5 milyon etnik azərbaycanlı yaşayır. Ukraynada onların sayı 500 min, Almaniyada 400 min, Fransada isə 350 minə çatır. Diaspora ilə İş üzrə Dövlət Komitəsinin məlumatına görə, ümumilikdə dünyanın 70-dən artıq ölkəsində, təxminən, 50 milyon azərbaycanlı yaşayır. Rəsmi qeydiyyatdan keçmiş Azərbaycan diaspor təşkilatlarının sayı 312-dir. Onlardan 110-u Avropa ölkələrində fəaliyyət göstərir. Rusiya Federasiyasının 73 subyektində Dünya Azərbaycanlıları Konqresinin regional şöbələri mövcuddur.

Bu şəraitdə ümummilli həmrəyliyə nail olunması həyati əhəmiyyət daşıyır, çünki xalqımızın milli xüsusiyyətlərinin qorunub-saxlanılması məhz bundan asılıdır. Bununla yanaşı, çətin və ziddiyyətli qloballaşma şəraitində əsas məqsəd dünyadakı iqtisadi və humanitar proseslərə uğurla inteqrasiya etmək, dünya ictimaiyyətinin nüfuzlu, hörmətli, inkişaf etmiş, rəqabətədavamlı üzvünə çevrilməkdir. Bu isə dünya ictimaiyyətinin gözündə Azərbaycanın ədalətli və müsbət imicinin yaradılması ilə bilavasitə əlaqəlidir. 

Eyni zamanda, nümayəndələri dünyanın bir çox ölkələrində yaşayan xalqın intellektual imkanlarının təmərküzləşməsi Azərbaycan üçün, deməli, həm də hər bir ayrıca azərbaycanlı üçün həyati əhəmiyyət daşıyan problemlərin həllinə yardım etməlidir. Güclü lobbinin yaradılmasının vacibliyi də buradan meydana gəlir. Məhz o, Azərbaycan dövləti ilə birgə bütün xalq üçün problem olan məsələləri həll edəcək. Bu gün üçün əsas problem, əlbəttə ki, Azərbaycanın suverenliyinin daha da möhkəmlənməsi və işğal altındakı torpaqların geri qaytarılmasıdır.

Dünya azərbaycanlılarının təşkilatlanmasında əsas təkan dünya azərbaycanlılarının iki qurultayının keçirilməsi olub. Onlardan birincisi 2001-ci il noyabrın 9-10-da Bakıda prezident Heydər Əliyevin sərəncamı ilə təşkil edilib. Xatırladaq ki, I qurultayda dünyanın 36 ölkəsindəki 200-dən artıq diaspor təşkilatından olan 400-dən çox nümayəndə heyəti iştirak edib. Məhz bu toplantı xaricdə yaşayan həmvətənlərlə müstəqil Azərbaycan arasında əlaqələrin möhkəmlənməsi üçün yaxşı şərait yaradıb, dünya azərbaycanlılarının birlik və həmrəyliyinə səbəb olub, həmçinin azərbaycanlı icmaları, təşkilatları və birlikləri arasında koordinasiyanı gücləndirib.

2006-cı ilin martında keçirilmiş II qurultayda isə dünya azərbaycanlılarının qarşısında tezliklə daha da sıx birləşmələri, xaricdə Azərbaycanın və onun siyasətinin təbliğatı üçün vahid mövqe nümayişi vəzifə kimi qoyulub. Azərbaycan prezidenti İlham Əliyev qurultaya müraciətində bildirib ki, Bakı diaspordan xaricdəki erməni lobbisinə qarşı mübarizə məqsədi ilə istifadə etmək niyyətindədir. Məhz II qurultayın gedişində İ.Əliyev bəyan edib ki, ona yalnız Azərbaycanda yaşayan 8,5 milyon əhali yox, bütünlükdə dünyada yaşayan 50 milyonluq azərbaycanlı etibar edə bilər. Bu bəyanat dünyanın bir sıra ölkələrində, xüsusilə İran və Ermənistanda böyük rezonansa səbəb olmuşdu. Bu ölkələrin məlum səbəblərdən Azərbaycan və dünya azərbaycanlıları ətrafında baş verənləri diqqətlə izlədikləri sirr deyil.

Azərbaycançılıq mövqeyinin möhkəmlənməsində dünyanın Azərbaycan və türk diaspor qurumları liderlərinin Bakıda keçirilmiş I forumu da az rol oynamayıb. 2007-ci il martın 3-də keçirilmiş forumda çıxış edən İlham Əliyev bildirib ki, "Belə tədbirlərin təşkili bizim birliyimizi, türk dünyasının həmrəyliyini daha da möhkəmləndirir". "Biz böyük qüvvəyik", - deyə dövlət başçısı həmin tədbirdə qeyd edib. O, Azərbaycan və türk diasporlarının səylərini birləşdirməsinin vacibliyini də qeyd edib. 

Bununla yanaşı, İ. Əliyev yaxşı təşkilatlanmış, maliyyə dəstəyinə malik erməni lobbisinin həm Azərbaycana, həm də Türkiyəyə qara yaxmaq üçün apardığı yalan və iftira kampaniyasına qarşı mübarizəni əsas məqsəd kimi ortaya qoyub. "Bəzən onların yalan təbliğatı nəticə verir. Ermənilərin pulla, rüşvətlə ələ aldıqları bəzi əcnəbi riyakar siyasətçilər onları  dəstəkləyir. Bu, ədalətsizliyin, əxlaqsızlığın son həddidir. Biz buna qarşı mübarizə aparmalı, aparmalı və aparmalıyıq!" - deyə İ.Əliyev bildirib.

Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlar prosesinin həlledici mərhələyə qədəm qoyması ilə əlaqədar son hadisələr Azərbaycan diasporunun Ermənistanın torpaqlarımızı işğal etməsi faktını dünyaya çatdırması üçün daha fəal olmasının vacibliyini bir daha təsdiqləyir. Bu işdə artıq müəyyən uğurların qazanıldığı da qeyd edilməlidir. Bu günlərdə "Yevronyus" telekanalında Qarabağ münaqişəsi, Ermənistan - Azərbaycan qarşıdurması ilə yalan və tam təhrif edilmiş fikirlərin yer aldığı reportajın yayımlanması ilə əlaqədar yaşananları xatırlamaq kifayətdir. Bu işdə xüsusilə Azərbaycan diasporunun etirazları nəticəsində telekanal rəhbərliyi yaxın zamanlarda münaqişənin səbəbləri və nəticələri, həmçinin onun mümkün olan həlli yolları ilə bağlı Azərbaycan tərəfinin mövqeyinin əks olunacağı reportaj hazırlamağa söz verib.

Həmrəylik günü münasibətilə Azərbaycan xalqını təbrik edən prezident İlham Əliyev tam əsaslı olaraq bildirib ki, "Diaspora quruculuğu sahəsində aparılan işlər artıq müsbət nəticələr verməkdədir///...". O deyib ki, "Dünyaya Azərbaycan reallıqlarının çatdırılmasında, zəngin və geniş mədəni irsimizin təbliğində, erməni millətçilərinin düşməncəsinə apardıqları ideoloji fəaliyyətin qarşısının alınmasında bizim diaspor təşkilatlarımızın rolu böyükdür". Prezident "ürəyi Vətənə məhəbbətlə döyünən" dünya azərbaycanlılarını "problemin mahiyyətini xarici ölkələrin hökumət və ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırmaq üçün məqsədyönlü fəaliyyət göstərməyə" çağırıb: "Diaspor təşkilatlarımız dünyadakı proseslərin nəbzini tutaraq, öz çevikliyini artırmalı, digər xalqların diaspor mərkəzləri ilə səmərəli əməkdaşlığın yeni formalarını tapmalı, ölkəmiz əleyhinə yönəlmiş təxribatlara qarşı operativ və adekvat addımlar atmalıdırlar".

İlham Əliyev təbrik müraciətində bir daha xatırladıb ki, "Müstəqil Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının doğma yurdu və etibarlı dayağıdır. Onu göz bəbəyi kimi qorumaq və gücləndirmək  hər birimizin ümdə vəzifəsidir".


MƏSLƏHƏT GÖR:

648