25 Dekabr 2024

Çərşənbə, 21:26

GÜCLÜLƏR ARASINDA BİRİNCİ

Azərbaycanın yunan-Roma güləşçiləri turnirin favoritləri hesab olunan İran və Rusiya komandalarına qalib gələrək Dünya Kubokunu qazandılar

Müəllif:

03.03.2015

Azərbaycan güləşçilərinin növbəti qələbə sorağı Tehrandan gəldi. Pəhləvanlarımız İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilən Dünya Kubokunda fəxri mükafata sahib çıxmaqla ölkə idmanı tarixində yeni səhifə açdılar. 

Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, İsveç və Almaniya komandaları ilə A qrupunda mübarizə aparıb. B qrupunda isə, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan komandaları qüvvələrini sınayıb. 

Ötən il Dünya Kubokunda bürünc medallara sahib çıxan Cəmşid Xeyrabadinin yetirmələri İrana səfər ərəfəsində yalnız qələbə barədə düşündüklərini gizlətmirdilər. Hərçənd etiraf edək ki, mütəxəssislər güləşçilərimizin final şanslarını yüksək qiymətləndirmirdi. Çünki yığmamız meydan sahibi İranla eyni qrupda qərarlaşmaqla işini çətinə saldı. Bir qayda olaraq, İran pəhləvanlarının doğma divarlar arasında yaxşı nəticə qazanması heç kim üçün sirr deyil. Gözlənildiyi kimi, qələbədə həlledici məqam qrupda İran komandasıyla qələbəmiz oldu. 

İran idmançıları ilə qarşılaşan güləşçilərimiz gərgin keçən görüşü 6:2 hesablı qələbə ilə başa vurub. Ardınca Almaniya və İsveç komandalarını 7:1 məğlub edən yığmamız qrup görüşlərini lider tamamlayıb. Bu nəticə ilə Azərbaycanın idman tarixində ilk dəfə olaraq yunan-Roma komandamız Dünya Kubokunun finalına vəsiqə qazanıb.

Finala vəsiqə qazanandan sonra milli ötənilki uğuru yenilədi. Bununla belə, milli üzvləri gümüş medal deyil, İrandan məhz əsas mükafatla qayıtmaq istədiklərini bildirirdilər. Rusiya ilə həlledici görüş prinsipial olmaqla yanaşı, həm də dramatik anlarla yadda qaldı. İki il əvvəl Dünya Kubokunu qazanan Rusiya ötən il yalnız finalda məğlub olmuşdu. İrana əsas heyətlə gələn ruslar hətta olimpiya çempionu Roman Vlasovu da unutmamışdı. 8 görüşün baş tutduğu final bərabər hesabla yekunlaşdı - 4:4.

Elman Muxtarov (55 kq) Zaur Kabaloyevə uduzandan sonra Həsən Əliyev (66 kq) Artyom Surkova qalib gələrək məğlubiyyətin əvəzini çıxdı. Ardınca təmsilçimiz Rəsul Çunayev (71 kq) Çingiz Labazanovdan güclü oldu. 75 kq-da Roman Vlasov Elvin Mürsəliyevi məğlub edəndən sonra hesab yenidən bərabərləşdi. Bundan sonra millimiz ardıcıl iki görüşdə qələbəyə sevindi. Rafiq Hüseynov (80 kq) Yevgeni Saleyevi, İslam Abbasov isə David Çakvetanzenin kürəyini yerə vurdu.Təslim olmayan ruslar yekunda hesabda tarazlığı bərpa etməyi bacardı. Nikita Melnikov (98 kq) Orxan Nuriyevi, Sergey Semyenov (120 kq) isə Sabah Şəriətini üstələdi 4:4. Əlavə göstəricilərə görə daha çox xal toplayan Azərbaycan millisi (18:17) yekunda Dünya Kubokunun qalibi elan olundu. 

Yığmamızın heyətində ən yaxşı nəticə Rafiq Hüseynova məxsusdur. 80 kq-da çıxış edən pəhləvan həm bütün görüşlərdə iştirak etdi, həm də hamısında qələbə qazandı. Həsən Əliyev (66 kq) və Rəsul Çunayev də (71 kq) inamlı təsir bağışladı. Güləşçilər məşqçilərin etimad göstərdiyi 3 görüşdə məğlubiyyət acısı yaşamadı. İranda rəqib tanımayan yunan-Roma güləşi üzrə yığmanın gələcək yarışlara heyəti də Dünya Kubokunda təsdiqləndi. Baş məşqçi Cəmşid Xeyrəbadinin qalib heyəti növbəti turnirlərdə dəyişəcəyi inandırıcı görünmür. Ona görə də İranda uğur qazanan idmançıların Avropa Oyunlarında da iştirak edəcəyi gözlənilir.

Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Cəmşid Xeyrabadi "R+"a açıqlamasında görüşlərin gərgin idman mübarizəsi şəraitində keçdiyini bildirməklə yanaşı, komandamızın layiqli qələbə qazandığını deyib: "Sevinirəm ki, Azərbaycan kimi güclü komandanın baş məşqçisiyəm. Güləşçilərimiz bütün görüşlərini yüksək səviyyədə keçirdi. Güclü İran və Rusiya komandalarına qalib gəldik. Dünya Kubokunu qazanmağa layiq komanda olduğumuzu sübut etdik".

Milli komandamızın üzvü Rəsul Çunayev isə qələbənin güləşin inkişafına təkan olacağını dedi: "Bütün komanda yoldaşlarımızı, qələbədə əməyi olan hər kəsi təbrik edirəm. Çox çətin görüşlər keçirdik. Amma komanda yoldaşlarımla yüksək əzmkarlıq göstərərək, qızıl medalları qazandıq. Gələcəkdə də uğurlu çıxışlarımızı davam etdirmək niyyətindəyik. Bu uğur bizi daha böyük qələbələrə həvəsləndirəcək".

Komandamızın digər güləşçisi İslam Abbasov da fikirlərini jurnalistlərlə bölüşüb: "Bütün komanda yoldaşlarım kimi, mən də çox xoşbəxtəm. Ağır yarış oldu. İran və Rusiya kimi milliləri məğlub etməklə bütün dünyaya gücümüzü göstərdik. Əsasən də final görüşlərində hakimlərin haqsızlığı ilə üzləşsək də, sona qədər döyüşdük və qələbə qazandıq".

Vətənə qayıdan yunan-Roma güləşçilərimizi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul edib. Dövlət başçısı qazanılan yüksək qələbə münasibətilə idmançıları və Güləş Federasiyasının üzvlərini təbrik edib. Prezident İlham Əliyev əldə edilən bu uğurları milli güləş məktəbinin yüksək zirvədə olmasının və Azərbaycan Güləş Federasiyasında işlərin səmərəli təşkilinin nəticəsi kimi dəyərləndirib. Dövlət başçısı qeyd edib ki, dünya və Avropa çempionatlarında, həmçinin Olimpiya Oyunlarında güləşçilərimizin əldə etdikləri uğurlar uşaqların və gənclərin idmanın Azərbaycanda ən çox sevilən bu növünə olan marağının daha da artmasına stimul verir. Azərbaycanda idmanın inkişafına toxunan Prezident İlham Əliyev dünya idman ictimaiyyətinin də Azərbaycan idmanına verdiyi yüksək qiymətdən danışıb. Nüfuzlu beynəlxalq yarışlarda medalların sayının ildən-ilə artdığını vurğulayan dövlətimizin başçısı ölkədə mükəmməl idman infrastrukturunun yaradılmasının önəmini qeyd edib. 

Prezident İlham Əliyev millimizin dünyanın ən güclü güləşçilərinə qalib gələrək dünya kubokunu qazanmağımızı bütövlükdə idmançılarımızın komanda şəklində gücünün göstəricisi olduğunu vurğulayıb. Dövlət başçısı güləşçilərimizin İranda qazandıqları uğurları bu il Bakıda keçiriləcək Avropa Oyunlarında və gələn il Rio-de-Janeyroda baş tutacaq Olimpiya Oyunlarında da təkrar edəcəklərinə ümidvar olduğunu deyib.

 

 

SİTAT

"Azərbaycanda bütün dövrlərdə güclü idmançılar olmuşdur. Ancaq əgər sovet dövrünü yada salsaq, görərik ki, bizim o qədər də böyük idman uğurlarımız olmamışdır. Ancaq müstəqillik dövründə Azərbaycan dünya arenalarında ən yüksək nəticələrə çata bilmişdir. Ancaq müstəqillik dövründə bizim olimpiya çempionlarımız, dünya çempionlarımız, Avropa çempionlarımız özlərini göstərirlər və onların sayı getdikcə artır. Görün, indi bizim nə qədər olimpiya çempionlarımız vardır. Heç vaxt bu qədər olimpiya çempionlarımız olmamışdır".

İlham ƏLİYEV, Azərbaycan Prezidenti



MƏSLƏHƏT GÖR:

765