14 Mart 2025

Cümə, 18:55

FƏRİD MANSUROV, YOXSA MARİYA STADNİK?

Azərbaycanda ilin idmançısı kim olacaq?

Müəllif:

15.12.2009

2009-cu il başa çatır. Deməli, artıq cari ili təhlil etmək vaxtıdır. Azərbaycan idmanı üçün başa çatan mövsüm uğurlu oldu. Bir sıra mötəbər turnirlərdə idmançılarımız böyük qələbələr qazandılar. Təbii ki, uğursuzluqlar da oldu. Bəzi komandalar baş məşqçilərini dəyişdi. Bəziləri heyəti cavan nəsillə əvəzlədi. Ənənəyə uyğun olaraq hər ilin yekununda Gənclər və İdman Nazirliyi başa çatan mövsümün laureatlarını açıqlayır. Biz də 2009-cu ildə ölkə idmanında baş verən ən böyük qələbələri yada salmaq qərarına gəldik. Hadisələri qabaqlayaraq ilin idmançısı ola biləcək namizədləri sizə çatdırırıq. Beləliklə, 2009-cu ildə Azərbaycan idmanında parlayan isimlər.

 

Futbol 

Azərbaycanda ən sevilən idman növündə azarkeşləri klublar sevindirdi. Avrokuboklarda qələbələri sıralayan «Qarabağ» və «Bakı» klubları tarix yazmaqla yadda qaldı. Qurban Qurbanovun rəhbərlik etdiyi «Qarabağ» Avropa Liqasında əvvəljə Norveçin Rusenborq, ardınja isə Finlandiyanın «Honka» klublarını üstələdi. Tarixində ilk dəfə Avropa Liqasının (keçmiş UEFA Kuboku) pley-off mərhələsində adlayan ağdamlılar bu mərhələdə Hollandiyanın Tvente komandasına uduzdu. Amma heyətində jəmi bir legionerin olduğu «Qarabağ» tarixi yurdumuzun adını daşımağa layiq olduğunu sübut etdi. Azərbaycan çempionu «Bakı» isə Litvanın «Ekranas» klubunu məğlub etməklə ilk dəfə olaraq Çempionlar Liqasının 3-cü seçmə mərhələsinə vəsiqə aldı. Burada Bolqarıstanın «Levski»  klubuna uduzan paytaxt təmsilçisi Avropa Liqasının pley-off mərhələsində mübarizə aparmalı oldu. Hər iki görüşdə «Bakı»ya qalib gələn İsveçrənin «Bazel» klubu qrup mərhələsinə adladı. 

Futbol üzrə yığmamız seçmə mərhələnin son 2 görüşündə özünə gəldi. Lixtenşteynlə səfərdə 2:0 hesablı qələbənin ardınca Berti Foqtsun komandası doğma divarlar arasında Rusiya ilə 1:1 oynadı. İlin sonunda Berti Foqtsun işindən razı qaldığını açıqlayan AFFA alman məşqçiylə yeni ikiillik müqavilə imzaladı. Birləşmiş Ərəb Əmirliklərindəki turnirdə isə yığma 3-cü oldu. İraqa minimal hesabla uduzsaq da, Çexiyanın qapısından 2 cavabsız top keçirdik.

 

Güləş

Bu il Azərbaycanda Olimpiya idman növlərində ən böyük uğur məhz pəhləvanlarımızın adıyla bağlıdır. Litvanın paytaxtı Vilnüsdə təşkil edilən dünya çempionatında sərbəst güləşçilərimiz tufan qorapdı. Əli İsayev, Xetaq Qozyumov, Çamsulvara Çamsulvarayev, Zəlimxan Hüseynov qızıl medala layiq görüldülər. Cəbrayıl Həsənov yalnız finalda uduzmaqla gümüş medalla kifayətləndi. Novruz Temrezov isə bürünc qazandı. Yekunda sərbəst güləşçilərimiz tarixdə ilk dəfə komanda hesabında Avropa çempionatında birinci yeri tutdular. Qadın güləşində isə Mariya Stadnik Avropa çempionu titulunu əldə etdi. Zümrüd Qurbanhacıyevanın gücü isə gümüş medala çatdı. İlin sonunda isə pəhləvanlarımız Danimarkada təşkil edilən Dünya Çempionatında ölkəmizi layiqincə təmsil etdi. Sərbəst güləşçilərdən Xetaq Qozyumov, Çamsulvara Çamsulvarayev və Zəlimxan Hüseynov gümüş medal aldılar. Şərif Şərifov fəxri kürsünün 3-cü pilləsinə yüksəldi. Yunan-Roma güləşçilərinin uğuru daha böyük oldu. Pekin Yay Olimpiya Oyunlarında səhhətində yaranan problemə görə ümidləri doğrultmayan Fərid Mansurov Dünya Çempionatında sözünü dedi. Bütün rəqiblərinə qalib gələn Afina Olimpiadasının qalibi müstəqil Azərbaycan tarixində ilk ikiqat dünya çempionu oldu. Yığmanın digər üzvləri Vitali Rəhimovla Rövşən Bayramov 3-cü yeri tutdular. Komanda hesabında milli dünyada 3-cü yerdə qərarlaşdı. Qadın güləşində yenə Mariya rüzgarı əsdi. Ukraynalı xanım pəhləvan 48 kq-da planetin ən güclüsü oldugunu göstərdi. Yuliya Radkeviç də Bakıya dünya çempionu kimi qayıtdı. Karyerasına cüdoçu kimi başlayan Sona Əhmədli isə yalnız finalda uduzmaqla vitse-dünya çempionu oldu. 

İlin yekunlarında ən böyük mübarizənin Fərid Mansurovla Mariya Stadnikin arasında olacağı gözlənilir. Mansurov 2-ci dəfə dünya çempionluğunun sevinjini yaşadı. Stadnik isə 2009-cu ildə həm dünya, həm də Avropa çempionatlarının qalibi oldu. Maraqlı sualdır: ilin idmançısı kim olacaq?

 

Cüdo

Pekində Elnur Məmmədlinin möhtəşəm qələbəsindən sonra, idmanın bu növünə maraq daha da artdı. Təəssüf ki, Olimpiya çempionu özü zədəli olduğuna görə 2009-cu ili boşa verdi. Cərrahiyyə əməliyyatı keçirən Elnurun martda idmana qayıdajağı gözlənilir. Əvəzində gənccüdoçular bizləri sevindirdi. İrəvanda keçirilən Avropa çempionatında komandamız inamlı çıxışıyla alqışa layiq görüldü. 100 kq-da Elmar Qasımov bütün rəqiblərinə qalib gələrək, həm Avropa çempionu tituluna yiyələndi, həm də Dövlət Himnimizin İrəvanda səslənməsinə nail oldu. İlqar Müşkiyev finalın bir addımlığında büdrəməklə Avropa çempionatında 2-ci yeri tutdu. Daha 3 cüdoçumuz isə bürünc medala layiq görüldü. İrəvandakı möhtəşəm qələbənin ardınja Elxan Məmmədov Avropa çempionatında bürünc medal qazandı. Qadın cüdomuzun lideri Kifayət Qasımova isə 2009-da ən böyük uğurunu Dünya Çempionatında qazandı. Xanım cüdoçumuz mundialı 3-cü yerdə başa vurdu. İlin kəşflərindən biri Ramin Qurbanov oldu. Cüdoçu 81-kqda Universiadanın qalibi oldu, ardınca isə Dünya Çempionatında bürünc qazandı.

 

Yüngül atletika

Azərbaycanda çox populyar olmayan idmanın bu növü Dünya Çempionatından sonra böyük rəğbət qazandı. Həmyerlimiz Ramil Quliyev mundialın final mərhələsinə qədər irəlilədi. Finalda yeganə avropalı idmançı olan Ramil çempionatı 7-ci yerdə başa vurmaqla iddiasını nümayiş etdirdi. Universiadada birinji yeri tutan atletimizdən gələjəkdə daha böyük uğurlar gözləmək olar. Təsadüfi deyil ki, Dünya Çempionatından sonra Rusiya kimi komandalar onunla maraqlanmağa başladı. Qonşu ölkənin nümayəndələri, hətta Ramilə gələcək yarışlarda Rusiyanın adından çıxış etməyi təklif etdi. Amma həmyerlimiz vətəninin komandasını heç nəyə dəyişməyəcəyini açıqladı. 

 

Şahmat

İlin ən böyük qələbəsi Serbiyanın Novı-Sad şəhərində qazanıldı. Qrossmeysterlərimiz əzmkar mübarizə sayəsində komandalar arasında keçirilən Avropa çempionatında birinci yeri tutdular. Vüqar Həşimov, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Qədir Hüseynov və Rauf Məmmədovdan ibarət yığma qitənin ən güclüsü oldu. Bundan əlavə, Azərbaycan komandası mayda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan Prezident Kubokunda dünya yığmasıyla qarşılaşdı. Şahmatçılarımız məğlubiyyət acısı yaşasalar da, Bakıda dünya yığmasıyla mübarizə aparmaq böyük rezonansa səbəb oldu. Dünya mediası Bakıdakı oyunu diqqət mərkəzində saxladı. 

 

Voleybol

Yığma və klub səviyyəsində sevindirici uğurumuz olmadı. Yalnız 5 komandamızın avrokuboklara vəsiqə almasını fərəhlə söyləmək olar. Əvəzində millinin üzvləri Türkiyədə «Fənərbaxça»nın heyətində böyük qələbə qazandı. Oksana Parxomenko və Valeriya Korotenko «Fənərbaxça»nın heyətində Türkiyə çempionluğunun sevincini yaşadı. Ardınca Türkiyə kuboku uğrunda mübarizədə voleybolçularımız gümüş medal qazandılar. Bundan əlavə, Korotenkoyla Parxomenko CEV kubokunda bürüncə layiq görüldü. Valeriya Korotenko isə adıçəkilən turnirin ən yaxşı liberosu seçildi. 

 

Gimnastika

Bədii gimnastlarımız Yaponiyada təşkil edilən Dünya Çempionatında parladı. Aliyə Qarayeva gümüş medala sahib çıxdı. Aliyə Qarayeva, Anna Qurbanova, Zeynəb Cavadlı və Samirə Mustafayeva komanda hesabında 3-cü yeri tutdular. Çoxnövçülükdə Vəfa Hüseynova, Ceyla Quliyeva, Valeriya Yeqay, Dina Qorina, Anastasiya Prasolova və Stefani Trayanovadan ibarət qrup hərəkətləri üzrə yığmamız 4-cü yerlə kifayətləndi. Bakıdakı Avropa çempionatında Aliyə Qarayeva və Anna Qurbanova komanda hesabında 2-ci oldu. Anna Qurbanova topla hərəkətlərdə bürünc medal əldə etdi. Akrobatlarımız Avropa çempionatını fəth etdi. Portuqaliyadakı qitə birinciliyində qadın cütlüyümüz Ayla Əhmədova ilə Dilarə Sultanova fəxri kürsünün ən yüksək pilləsinə qalxdılar. Dünya oyunlarında isə Ayla və Dilarədən ibarət cütlüyümüz gümüş qazandı.  

 

Avarçəkmə

İdmanın bu növündə təmsilçilərimiz 2009-cu ildə müxtəlif turnirlərdə ölkəmizin şərəfini layiqincə qorudular. Dünya və Avropa çempionatlarında da avarçəkənlərimiz medalsız qalmadılar. Ən böyük uğur isə Valentin Demyanenkonun adıyla bağlıdır. Ukraynalı legioner kanoe üzrə həm Avropa, həm də Dünya Çempionatının qalibi oldu.

 

Kikboks

Olimpiya idman növlərinə daxil olmayan kikboksda il ərzində müxtəlif turnirlər, o cümlədən dünya və Avropa çempionatları keçirilir. 2009-cu ildə yaddaqalan qələbə Eduard Məmmədovla bağlı oldu. Kikboksçu 12-ci dəfə dünya çempionluğunun sevinjini yaşadı (kikboksda Dünya Çempionatı il ərzində 2-3 dəfə müxtəlif versiyalar üzrə keçirilir).

 

Ağırlıqqaldırma

2009-cu ildə səs-küylü qələbə, demək olar ki, olmadı. Elə buna görə də federasiya yığmanın baş məşqçi postunda dəyişiklik etdi. Bolqar Yanko Rusev millinin sükanı arxasına keçdi. İlin sonunda Dünya Çempionatında isə komandamız bir medal qazandı. Millinin lideri, ikiqat dünya çempionu Nizami Paşayev gümüş medala layiq görüldü. Paşayevin son 3 ildə cəzalı olması (dopinqə görə) və uzun müddət beynəlxalq arenadan kənarda qalmasını nəzərə alsaq, onun gümüşünü qızıla bərabər saymaq olar.

 

Taekvondo

Yığmanı fiaskodan Rəşad Əhmədov xilas etdi. Millinin lideri Dünya Çempionatının bürünc mükafatçısı oldu. Bundan əlavə, taekvondoçularımız müxtəlif turnirlərdə mükafatçılar sırasına düşdülər. 

 

Sambo

Komandamız ilin ən böyük yarışı - Dünya Çempionatında yalnız bir medal qazandı. Yunanıstanda keçirilən yarışda 57 kq çəki dərəcəsində İslam Qasımov finalda uduzmaqla gümüşə layiq görüldü. Gürcüstandakı Avropa çempionatından komandamız sambonun 2 növündə uğurlu çıxış etməklə (idman və döyüş) vətənə 11 medalla qayıtdı. Bütün medallar bürünc əyarlı oldu.

 

Futzal

Futbolun qardaşı sayılan futzalda uğurlarımız çox oldu. Yığma Avropa çempionatının seçmə mərhələsində inamlı çıxış etməklə finala adladı. Futzalçılarımız yanvarda medallar uğrunda mübarizə aparacaq. Ölkə çempionu Naxçıvanın «Araz» klubu isə UEFA Kubokunun elit-raundunda layiqli çıxış etdi. Bakıda təşkil edilən elit-raundda bütün görüşlərini qələbəylə başa vuran Araz həlledici mərhələyə adladı. 

 

Karate

Üçqat dünya və 9 qat Avropa çempionu Rəfael Ağayev 2009-da da qələbələri sıraladı. Qitə birinjiliyində qızıl medal qazanan karateçi dünyanın ən güclüləri sırasına daxil oldu. Beynəlxalq federasiyanın araşdırmasına əsasən, Rəfael Ağayev dünyanın ən reytinqli karateçilərindən biridir. 

 

Paralimpiya

Hindistanın Banqalor şəhərində keçirilən paralimpiyaçı atletlərin Dünya Çempionatında Azərbaycan idmançısı Oluxan Musayev qızıl medal qazandı. 2008-ci il Pekin Yay Paralimpiya Oyunlarının qalibi nüvəitələmə növündə 12,99 m nəticə göstərməklə hamını qabaqladı. 

Təbii ki, bəzi idman növlərində medal xəbəri eşidilmədi. Ardıcıl 3 olimpiadada medal qazandığımız boksda 2009-cu ili uğurlu adlandırmaq olmaz. Elə buna görə də yığmaya kubalı məşqçi gətirildi. 

2009-cu il başa çatır. Qarşıda idmanımızı daha çətin - 2010-cu il gözləyir. İlk növbədə ona görə ki, gələn ildən London Olimpiadasına vəsiqələr uğrunda mübarizəyə start verilir. Bundan başqa, yeni mövsümdə Bakı dünya və Avropa çempionatlarına ev sahibliyi edəcək. O cümlədən paytaxtımızda müxtəlif turnirlərin də təşkili planlaşdırılır. Ümid edirik, ən böyük qələbələrimiz hələ irəlidədir.


MƏSLƏHƏT GÖR:

585